Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3191/2022 01.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Keşlə Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Keşlə Bələdiyyəsinə (bundan sonra Bələdiyyə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28 sentyabr 2021-ci il tarixli Bakı şəhəri Nizami rayonu Kəşlə bələdiyyəsinin iclasının 19 saylı protokolunun qərarı qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, ötən dövrlər üzrə hesablanmış və tələb olunan 3.172,26 manat vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə dəqiqləşmə təqdim edərək 28 sentyabr 2021-ci il tarixli Bakı şəhəri Nizami rayonu Keşlə bələdiyyəsinin iclasının 19 saylı protokolunun qərarının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, ötən dövrlər olan 2017-2020-ci illər üzrə hesablanmış və tələb olunan vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28 sentyabr 2021-ci il tarixli Bələdiyyə iclasının 19 saylı protokolunun qərarı ilə ondan, yəni vətəndaş İddiaçı Tofıq oğlundan 3172 manat 36 qəpik məbləğində vergi borcu tutulmuş, qərar icra olunması üçün Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərarlaşdırılmışdır. Həmin qərarın bir surəti xx.xx.2021-ci il tarixində poçt vasitəsi ilə rəsmi qeydiyyatda olduğu ünvava göndərilmişdir. Qərarda vergi borcunun hesablanmasının əsası kimi Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, keçmiş Dimitrov küçəsi 22, indiki Babək prospektində yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2011-ci il tarixdən onun mülkiyyətində olması göstərilmişdir. Qərara əsasən həmin qeyri-yaşayış sahəsindən əmlak və torpaq vergisi hesablanmışdır. Bələdiyyənin xx.xx.2021-ci il tarixli, **********6491 seriyalı tədiyyə bildirişi ilə 2021-ci il üçün 339.42 manat əmlak verigisi, 196 manat torpaq vergisi hesablandığı qeyd edilmişdir. 267.71 manat hissəsini xx.xx.2021-ci il tarixədək, 267.71 manat hissəsini xx.xx.2021-ci il tarixinədək ödənilmə müddəti qeyd edilmişdir. Ötən dövrlər üzrə 2409.39 manat vergi borcu, 762.97 manat faiz toplam 3440.07 manat ödəniləcək məbləğ hesablanmışdır. Deməli 28 sentyabr 2021-ci il tarixli Bələdiyyənin iclasının 19 saylı protokolunun qərarı ilə ondan 2409.39 manat ötən dövrlər üçün hesablanmış vergi borcu, 762.97 manat ötən dövrlər üçün hesablanmış vergi borcunun faizi (toplam 3172.36 manat) hissəsi tələb edilir. Hesab edir ki, ondan 3172 manat 36 qəpik məbləğində vergi borcu tutulmasına dair 28 sentyabr 2021-ci il tarixli Bələdiyyənin iclasının 19 saylı protokolunun qərarı qanunsuz və əsassız qərardır, qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Vergi Məcəlləsi, “Yerli (Bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunu, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə uyğunluq təşkil etmir, həmin qanunların tələblərinə zidd bir qərardır. Belə ki, qərarda ondan 3172 manat 36 qəpik məbləğində vergi borcu tutulması müəyyən edilsə də, müəyyən edilmir ki, vergi borcunun 2409.39 manat ötən dövrlər üçün hesablanmış hissəsi və 762.97 manat ötən dövrlər üçün hesablanmış vergi borcunun faiz hissəsi (toplam 3172.36 manat) hansı dövrləri əhatə edir, həmin keçən dövrlər üzrə hesablanmış vergi borcu ondan tələb edilə bilərdimi, hansı hissəsi əmlak, hansı hissəsi torpaq vergisidir, vergi borcunun hesablanma qaydası nədir. Bütün bunların səbəbi də, cavabdeh bələdiyyənin qanunvericiliyin tələblərinə əməl etməməsi olmuşdur. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir, yerli (bələdiyyə) vergilərin qanunvericiliklə müəyyən edilmiş qaydada düzgün hesablanması və vaxtında ödənilməsi, yığılması qaydası, tərəflərin hüquq və vəzifələri Qanunla təsdiq edilmiş Əsasnamə ilə müəyyən edilmişdir. Həmçinin, yerli vergilərin düzgün hesablanması, fəaliyyəti Əsasnamə ilə müəyyən edilən bələdiyyə vergi xidməti orqanları tərəfındən həyata keçirilir. Azərbaycan Respublikası 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Bələdiyyələrin vergi xidməti haqqında Əsasnamənin tələblərinə əsasən yerli vergilərin Vergi Məcəlləsinə uyğun hesablanması, vaxtında ödənilməsinin təmini və sanksiyaların tətbiqi Bələdiyyələrin vergi xidməti orqanının vəzifələri, fıziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək, yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, yerli (bələdiyyə) vergilər üzrə hesablanmış faizlərin alınması və yerli (bələdiyyə) vergilərin ödəyicilərinə maliyyə sanksiyalarının tətbiq olunması barədə məhkəmədə vəsatət qaldırılması üçün bələdiyyələrə miiraciət etmək Bələdiyyələrin vergi xidməti orqanının hüquqlarıdır. Həmçinin Əsasnamənin yuxarıda sadalanan bəndlərindən anlaşılır ki, yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfındən müvafıq akt tərtib edilir, tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir, ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta öz etirazını bildirir, 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır, yaxud belə qərarın çıxarılmasından imtina edir. Bu Əsasnamənin tələblərinin pozulması bələdiyyə qərarının ləğv olunması üçün əsasdır. Cavabdeh iddiaya etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanında ümumi sahəsi 893,2 kv.m qeyri-yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli, ******* seriyalı çıxarışına əsasən mülkiyyətində, 1960 kv.m torpaq sahəsi isə xx.xx.2011-ci il tarixli texniki pasporta əsasən istifadəsindədir. Buna görə də Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1 və 206.3-cı maddələrinə, o cümlədən “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən Quliyev X3 bələdiyyəsinin əmlak və torpaq vergisinin ödəyicisidir. Uçota götürüldüyü 2017-ci ildən İddiaçı şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq nəinki vergi ödənilməsi, hətta tədiyyə bildirişini qəbul etməkdən imtina etmişdir. İddia ərizəsində tədiyyə bildirişinin avqust ayında göndərildiyi bildirməklə vaxtında xəbərdarlıq edilmədiyini qeyd edir. Halbu ki, İddiaçı tədiyyə bildirişini qəbul etməkdən imtina etdiyi üçün bu barədə ona xx.xx.2021-ci il tarixdə xəbərdarlıq məktubu və tədıyyə bildirişi göndərilmişdir. Qeyd olunduğu kimi dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq İddiaçı əmlak və torpaq vergisi borcunu ödəməkdən imtina etmişdir. Bundan sonra ona sonuncu xəbərdarlıq edilmiş və bu barədə xx.xx.2021ci il tarixli məktub göndərilmişdir. İddiaçı Tofıq oğlu vergi borcunu ödəmədiyi üçün Keşlə bələdiyyəsi xx.xx.2021-ci il tarixdə borcun ödənilməsi barədə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qərar qəbul etmiş və icra olunması üçün müvafıq icra şöbəsinə göndərilmişdir. Göründüyü kimi İddiaçı müxtəlif bəhanələrlə vaxt uzatmaq, vergidən yayınmaq məqsədi güdür Hər bir fiziki şəxs mülkiyyətində və istifadəsindəki əmlaka görə əmlak və torpaq vergisinin ödəyicisidir. Bu Azərbaycan Respublikasının mövcud qanunvericiliyində öz əksini tapmışdır. Hesab edirlər ki, İddiaçı iddiası əsassızdır. Odur ki, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarından görünür ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* №-li xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 893,2 kvm. olan qeyriyaşayış binası xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Qeyri-yaşayış binasının yerləşdiyi 0,05107 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla İddiaçı istifadəsindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının texniki pasportunun surətindən görünür ki, qeyri-yaşayış binasının faktiki torpaq sahəsi 0,1960 ha-dır. - Bələdiyyə tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli **********6491 №-li tədiyyə bildirişinin surətindən görünür ki, vergi ödəyicisi İddiaçı 2021-ci il üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən əmlak vergisi 339,42 manat, 206.3-cü maddəsinə əsasən torpaq sahəsi 196 manat hesablanmışdır. Verginin ödənilmə müddəti xx.xx.2021-ci il tarixinədək 267,71 manat, xx.xx.2021-ci il tarixinədək 267,71 manat, ötən dövrlər üzrə vergi borcu 2141,68 manat, faiz məbləği 664,99 manat, ödəniləcək məbləğ 3342,09 manatdır. - Bələdiyyə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 15-k nömrəli məktubun surətindən görünür ki, məlumat üçün bildirilir ki, onun Bakı şəhəri, Keşlə qəsəbəsi, Dmitrov küç.22 (Babək pr-ti, 2222-ci məhəllə) ünvanında mülkiyyətindəki qeyriyaşayış sahəsinə görə xx.xx.2021-ci il tarixə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1 və 206.3-cü maddələrinə əsasən 2017-2018-2019-2020-ci illər üzrə müvafiq olaraq əmək və torpaq vergisindən 2141 manat 67 qəpik olmaqla əsas borc, həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən hesablanmış faiz məbləği 664 manat 99 qəpik nəzərə alınmaqla ümumilikdə 2806 manat 67 qəpik vergi borcu yaranmışdır. Bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməklə yanaş bu barədə olan tədiyyə bildirişlərini qəbul etməkdən imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq 2806 manat 67 qəpik vergi borcunu 10 gün ərzində tədiyyə bildirişində göstərilən kod vasitəsilə poçt və ya bank vasitəsi ilə Keşlə Bələdiyyəsinin büdcəsinə ödənilməsi tələb olunur. Əks təqdirdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq maddələrinə əsasən qərar qəbul edilib icra olunması üçün müvafiq icra və probasiya şöbəsinə göndəriləcəkdir. - Poçt qəbzinin surətindən görünür ki, qeyd olunan tədiyyə bildirişi və məktub xx.xx.2021-ci ildə İddiaçı Bakı şəhəri, Gəncə prospekti, ev 109, mənzil 55 ünvanına göndərilmiş və “anası” tərəfindən xx.xx.2021-ci il tarixində imza edilməklə qəbul edilmişdir. - Bələdiyyə tərəfindən İddiaçı barəsində mübahisəli qeyri-yaşayış sahəsi üzrə əmlak vergisinə dair xx.xx.2021-ci il tarixli **********6491 №-li tədiyyə bildirişi tərtib olunmuşdur. - Bələdiyyə tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli **********6491 №-li tədiyyə bildirişinin surətindən görünür ki, vergi ödəyicisi İddiaçı 2021-ci il üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən əmlak vergisi 339,42 manat, 206.3-cü maddəsinə əsasən torpaq sahəsi 196 manat hesablanmışdır. Verginin ödənilmə müddəti xx.xx.2021-ci il tarixinədək 267,71 manat, xx.xx.2021-ci il tarixinədək 267,71 manat, ötən dövrlər üzrə vergi borcu 2409,39 manat, faiz məbləği 762,97 manat, ödəniləcək məbləğ 3440,07 manatdır. - Bələdiyyə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 92-k nömrəli və xx.xx.2021-ci il tarixli, 108-k nömrəli məktubların surətlərindən görünür ki, Keşlə qəsəbəsi, Babək pr-ti, Dmitrov küçəsində mülkiyyətindəki qeyri-yaşayış sahəsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci və 206.3-cü maddəsinə əsasən ötən dövrlər üçün müvafiq olaraq əmlak və torpaq vergisindən, həmçinin həmin Məcəllənin 59.1-ci maddəsi nəzərə alınmaqla faiz məbləği ilə birlikdə xx.xx.2021-ci il tarixə 3172 manat 36 qəpik (üç min yüz yetmiş iki manat 36 qəpik) hesablanmış vergi borcu vardır (xx.xx.2021ci il tarixədək ödənilməli olan vergi istisna olmaqla). Qeyd olunan borcu 10 gün ərzində xəbərdarlıq məktubuna əlavə olunmuş bildirişdə göstərilən YVÖK-lə Keşlə Bələdiyyəsinin hesabına bank, poçt və ya X5 vasitəsilə ödəməyi xahiş olunur. Əks halda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq qərar qəbul ediləcək və icra olunması üçün müvafiq İcra və Probasiya Şöbəsinə göndəriləcək. - Poçt qəbzinin surətindən görünür ki, qeyd olunan tədiyyə bildirişi və məktub xx.xx.2021-ci ildə İddiaçı Bakı şəhəri, Gəncə prospekti, ev 109, mənzil 55 ünvanına göndərilmiş və sonuncu tərəfindən xx.xx.2021-ci il tarixində imza edilməklə qəbul edilmişdir. - Bələdiyyənin ümumi iclasının 19 saylı, 28 sentyabr 2021-ci il tarixli protokolunun lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, 28 sentyabr 2021-ci il tarixdə ümumi iclasının gündəliyində torpaq və əmlak vergisinin ödənilməsinin müzakirəsi aparılmış, hazırki İddiaçı münasibətdə Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1, 206.3 və 59.1-ci maddələrinə, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilərək ondan 3.172 manat 36 qəpik (üç min yüz yetmiş iki manat 36 qəpik) məbləğində vergi borcunun tutulması, qərarın icra olunması üçün hər birinə 1 (bir) nüsxə olmaqla Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə və vət. İddiaçı göndərilməsi qərara alınmışdır. - Bələdiyyənin iclasının 19 saylı, 28 sentyabr 2021-ci il tarixli protokolunun “Torpaq və əmlak vergisinin ödənilməsi haqqında” qərarının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, keçmiş Dmitrov küçəsi 22, indiki Babək prospektində yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2011-ci il tarixdən xx.xx.1977-ci ildə Azərbaycan Respublikası ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ******* seriyalı çıxarış verilmişdir. İddiaçı məxsus bu obyekt Keşlə bələdiyyəsinin inzibati ərazisində yerləşdiyindən və o, fiziki şəxs olduğundan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1 və 206.3-cü maddələrinə, o cümlədən “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq olaraq əmlak və torpaq vergisi Keşlə bələdiyyəsinin büdcəsinə ödənilməlidir. İddiaçı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 59.1-ci maddəsi nəzərə alınmaqla faiz məbləği ilə birlikdə ümumilikdə 3.172 manat 36 qəpik (üç min yüz yetmiş iki manat 36 qəpik) əmlak və torpaq vergi borcu hesablanmışdır. Bu barədə dəfələrlə xəbərlarlıq edilsə də İddiaçı borcu ödəməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1, 206.3 və 59.1-ci maddələrinə, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilərək İddiaçı 3.172 manat 36 qəpik (üç min yüz yetmiş iki manat 36 qəp.) məbləğində vergi borcunun tutulması qərara alınmışdır. - Bələdiyyə tərəfindən Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinə və iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 163-k nömrəli məktubun surətindən görünür ki, fiziki şəxs İddiaçı vergi borcunun tutulması barədə Keşlə bələdiyyəsinin 28 sentyabr 2021-ci ildə keçirilmiş iclasının qərarının icra olunması xahiş edilmişdir. - Poçt qəbzinin surətindən görünür ki, qeyd olunan məktub xx.xx.2021-ci ildə İddiaçı Bakı şəhəri, Gəncə prospekti, ev 109, mənzil 55 ünvanına göndərilmiş və sonuncu tərəfindən xx.xx.2021-ci il tarixində imza edilməklə qəbul edilmişdir. - Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Nizami rayon Keşlə Bələdiyyəsinin 19 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı 3172,36 manat məbləğində pul vəsaiti tutularaq tələbkar dövlətin xeyrinə ödənilməlidir. Həmin icra sənədi üzrə icraata başlanılması qərara alınmış, borclu İddiaçı 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Keşlə Bələdiyyəsinin ərazisində mülkiyyətçi kimi qeyri-yaşayış sahəsinə malikdir. Keşlə Bələdiyyəsi tərəfindən mülkiyyətçi vergi ödəyicisi kimi qeydiyyata alınaraq torpaq və əmlak vergisinə cəlb edilmişdir. xx.xx.2021-ci il tarixə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1 və 206.3-cü maddələrinə əsasən 2017-2018-2019-2020-ci illər üzrə müvafiq olaraq əmlak və torpaq vergisindən 2141 manat 67 qəpik olmaqla əsas borc, həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən hesablanmış faiz məbləği 664 manat 99 qəpik nəzərə alınmaqla ümumilikdə 2806 manat 67 qəpik vergi borcu yaranması ilə bağlı məktub xx.xx.2021-ci ildə İddiaçı Bakı şəhəri, Gəncə prospekti, ev 109, mənzil 55 ünvanına göndərilmiş və “anası” tərəfindən xx.xx.2021-ci il tarixində imza edilməklə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli **********6491 №-li tədiyyə bildirişinə əsasən 3342,09 manat, xx.xx.2021-ci il tarixli **********6491 №-li tədiyyə bildirişinə əsasən 3440,07 manat vergi borcunun olması müəyyən edilərək ödənilməsi tələb edilmişdir. Borc ödənilmədiyindən Nizami rayon Keşlə Bələdiyyəsinin 19 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı 3172,36 manat məbləğində vergi borcunun tutulması qərara alınmış və müvafiq icra sənədi icra qurumuna göndərilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş qərarı inzibati icraat qaydasında mübahisələndirərək 2017-2020-ci illər üzrə hesablanmış və tələb olunan vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2015-ci il tarixli **********655900 №-li Əmri ilə təsdiq edilmiş «Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti suybektlərinin uçota alınması ilə bağlı Metodiki Vəsait»in bələdiyyə ərazisində yerləşən əmlaka mülkiyyət, torpaq sahələrinə isə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri əldə etdikdən sonra fiziki şəxs 1 ay ərzində əmlakın (torpağın) yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında uçota durmalıdır. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanunun 7.1-ci maddəsinə əsasən yerli büdcənin gəlirlərinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; fiziki şəxslərdən əmlak vergisi; yerli (bələdiyyə) vergilər və ödənişlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış faiz və sanksiyalar aid edilir. Fiziki şəxslərə torpaq və əmlak vergisinin hesablanması isə bələdiyyələrin ərazi vahidlərinə uyğun olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir.Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. - 5.0.3-cü maddəsinə əsasən vergi məbləğləri bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi) tutulur. - 8.1.2-ci maddəsinə əsasən fiziki şəxslərin əmlak vergisi yerli vergilərə (bələdiyyə vergiləri) aiddir. - 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. - 196-ci maddəsinə əsasən, bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. - 197.1.1-ci maddəsinə əsasən, rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri vergitutma obyektləri sayılır. - 200.4-cü, 200.5-ci və 200.6-cı maddələrinə əsasən bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Vergi Məcəlləsinin müddəalarından göründüyü kimi əmlak vergisi-siyahısı vergi qanunvericiliyi ilə məyyən edilmiş daşınan və daşınmaz əmlaka görə fiziki şəxslər və balanslarında olan əsas vəsaitlərə görə, müəssisələr tərəfindən ödənilən birbaşa verginin bir növüdür. Fiziki şəxslərin əmlak vergisi yerli büdcələrə, müəssisələrin əmlak vergisi isə dövlət büdcəsinə ödənilir. Əmlak vergisinin ödəyiciləri, obyekti, dərəcələri, hesablanması, ödənilməsi qaydası, bu vergi ilə bağlı güzəştlər, hesabatın verilməsi və digər oxşar məsələlərlə əlaqədar münasibətləri tənzimləyən normalar VM-in Xİİİ fəslində cəmlənmişdir. Nəzərə alınmalıdır ki, bələdiyyələr tərəfindən fiziki şəxslərin əmlak və torpaq vergilərinin ödənilməsi tədiyyə bildirişləri təqdim olunduqdan sonra həyata keçirilir. Tədiyyə bildirişin anlayışı konkret olaraq vergi qanunvericiliyində təsvir olunmasa da, qeyd olunmalıdır ki, həmin anlayış vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləği özündə əks etdirən və verginin ödənilməsi üçün vergi ödəyicisinə təqdim edilən sənəd sayılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 51-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Bu Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir. Bildiriş işdə iştirak edən şəxsə və ya onun nümayəndəsinə, habelə vətəndaşın onunla birgə yaşayan yaxın qohumlarına verilir. İnzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır. - 81.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. - 81.5-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir. - 82-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. - 87-ci maddəsinə əsasən Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra məmurları tərəfindən həyata keçirilir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanuni ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə əsasən bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. - 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. - 5.4-cü bəndinə əsasən ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. - 5.6-cı bəndinə əsasən bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. - 5.7-ci bəndinə əsasən ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. - 5.10-cu bəndinin tələbinə görə Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. - 5.11-ci bəndinə əsasən yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. - 5.12-ci bəndinə əsasən məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırılması zamanı bələdiyyə tərəfindən iddiaçıya münasibətdə torpaq və əmlak vergisinin ödənilməsi ilə bağlı inzibati icraatın qanunvericiliyin tələblərinə uyğun aparılması müəyyən edilməmişdir. Belə ki, iddiaçıdan 2017-2020-ci illər də daxil olmaqla torpaq və əmlak vergisi üzrə borcların və həmin borcun vaxtında ödənilməməsi ilə bağlı faizlərin ödənilməsi tələb edilsə də cavabdeh orqan tərəfindən yalnız xx.xx.2021-ci il tarixli tədiyyə bildirişi iddiaçıya rəsmi qaydada göndərilmişdir. Həmin tədiyyə bildirişində isə ötən dövrləri əhatə edən vergi borcu və faiz məbləği ilə bağlı məlumat göstərilsə də, cavabdeh inzibati orqan 2017-2020-ci illəri əhatə edən borclar ilə bağlı tədiyyə bildirişini ümumiləşdirərək 2021-ci ildə göndərmişdir. Halbuki, qanunvericilik tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verilməsini, cari il üçün verginin məbləğinin bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilməsini təsbit etmişdir. Göründüyü kimi inzibati orqan hər cari il üçün ayrı-ayrılıqda əmlak və torpaq vergisi ilə bağlı borcun ödənilməsi barədə tədiyyə bildirişlərini göndərməmiş, bu təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə məhkəmə icraatı zamanı təqdim olunmuş tədiyyə bildirişləri ilə müəyyən edilir ki, iddiaçının xx.xx.2021-ci il tarixə 2.141,68 manat əsas, 664,99 manat faiz borcu (cəmi 2806,67 manat), xx.xx.2021-ci il tarixə 2.409,39 manat əsas, 762,97 manat faiz borcu (cəmi 3172,36 manat) yaranmışdır. Nəzərə alınmalıdır ki, hər iki tədiyyə bildirişində 2021-ci il üçün ödənilməli olan vergi borcunun ümumilikdə 535,42 manat (339,42 əmlak + 196 torpaq) olduğu, xx.xx.2021-ci il tarixə və xx.xx.2021-ci il tarixlərə ödənilməli vergi borcunun mütənasib olaraq 267,71 manat olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, illik müəyyən olunan torpaq (196 manat) və əmlak (339,42 manat) vergisinin cəmi 535,42 manat təşkil etdiyindən, 2017, 2018, 2019 və 2020-ci illər üçün bu məbləğ ümumilikdə 2.141,68 manat təşkil edir və iddiaçı da 2017-2020-ci illər üçün hesablanmış vergi borcunu mübahisələndirir. xx.xx.2021-ci il tarixli tədiyyə bildirişində də ötən dövrlər üçün göstərilən 2.141,68 manat əsas vergi borcu 2017-2020-ci illəri əhatə edir. Həmin dövr üzrə hesablanmış 664,99 manat faiz borcuna gəldikdə isə nəzərə alınmalıdır ki, ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş vergilər üzrə faizlər vergi qanunvericiliyin tələblərinə əsasən müəyyən edilir. Göründüyü kimi cavabdeh inzibati orqanın iddiaçıdan 2017-2020-ci illər üzrə tələb etdiyi torpaq və əmlak verigisi üzrə vergi öhdəliyi 2806,67 manatdır. Bələdiyyə tərəfindən isə iddiaçı barəsində 2017-2020-ci illər üzrə vergi öhdəliklərinin tələb edilməsi ilə bağlı inzibati icraatın qanunvericiliyin tələblərinə uyğun aparılması, iddiaçıya tədiyyə bildirişlərinin göndərilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bələdiyyə tərəfindən iddiaçı barəsində 2017-2020-ci illər üzrə vergi öhdəliklərinin tələb edilməsi ilə bağlı inzibati icraat düzgün aparılmadığından, mübahisələndirilən qərarın qəbul edilməsi zamanı isə yuxarıda qeyd olunun qanunvericiliyin normaları kobud şəkildə pozulduğundan, qəbul edilmiş mübahisələndirilən qərar iddiaçının hüquqlarının pozulması ilə nəticələndiyindən iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Keşlə Bələdiyyəsinin iclasının 19 saylı protokolunun 28 sentyabr 2021-ci il tarixli qərarı İddiaçı 2806,67 manat məbləğində vergi borcunun tutulması hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Keşlə Bələdiyyəsinin iclasının 19 saylı protokolunun 28 sentyabr 2021-ci il tarixli qərarı İddiaçı 2806,67 (iki min səkkiz yüz altı manat altmış yeddi qəpik) manat məbləğində vergi borcunun tutulması hissəsində ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №e-2-1(112)-3191/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3191/2022
01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver