Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3191/2024 22.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 22 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 185 saylı bağ evinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən Çıxarışa (Daşınmaz əmlakın reyestr nömrəsi **********91-11301) düzəliş edilərək, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 185 saylı bağ evinin torpaq sahəsinin ölçüsü faktiki 0,228 hektar olan bağ evinə dair daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 185 saylı bağ evi xx.xx.2001-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmış və hal-hazrıda onun mülkiyyətindədir. Belə ki, Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş BM seriyalı 000302 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 185 saylı bağ evi xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirmiş və bu barədə 06 reyestr kitabında 785 səhifədə 30851 nömrəli, xx.xx.2001-ci il tarixində qeydiyyat aparılmışdır. Həmin bağ sahəsinə çıxarış alınması ilə bağlı cavabdehə müraciət etmiş və ona təqdim edilən 30 sentyabr 2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən Çıxarışda (Daşınmaz əmlakın reyestr nömrəsi **********91-11301) Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 185 saylı bağ evinin torpaq sahəsinin olçüsü 0,18 hektar kimi qeyd edilmişdir. Lakin Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 185 saylı bağ sahəsinin tikili ilə icarəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə bağlanmış 1997-ci il tarixli, 1388 nömrəli müqavilənin texniki pasportunda, həmçinin 28 iyul 2001-ci il tarixdə adına qeydiyyatdan keçirilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin BM seriyalı 000302 nömrəli qeydiyyat vəsiqəsində Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 185 saylı bağ evinin torpaq sahəsinin 2280 kvadratmetr (0,228 hektar) olaraq qeyd edilmişdir. Qeyd olunan yanlışlıqla bağlı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 185 saylı bağ evinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən Çıxarışa (Daşınmaz əmlakın reyestr nömrəsi **********91-11301) Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 185 saylı bağ evinin torpaq sahəsinin olçüsünun 0,18 hektar əvəzinə 0,228 hektar düzəliş edilməsinə dair müvafiq qərar qəbul edilməsi barədə cavabdehə müraciət etmiş, lakin imtina olunmuşdur. Cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ********** nömrəli ərizə ilə torpaq sahəsinin mülkiyyət formasının dəyişdirilməsi və daşınmaz əmlakın texniki pasportunun verilməsi ilə bağlı İdarəyə müraciət etmişdir. Müraciət ilkin hüquqmüəyyənedici sənəd olan 185 saylı bağın icarəyə verilməsi haqqında 7388 nömrəli müqaviləyə uyğun olaraq qanunamüvafiq icra edilmişdir. Belə ki sözügedən müqavilədə torpaq sahəsinin ölçüsü 0,18 ha olaraq qeyd olunmuşdur. İddiaçının iddia etdiyi əlavə 428 kv.m torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 185 ünvanında 0,18 ha torpaq sahəsi və 228,19 kv.m. bağ evi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin 0,18 ha sahəsi olan bağ sahəsi üzərində olan tikili ilə icarəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə X2 arasında 1997-ci il tarixli 7388 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında 185 saylı bağ evi xx.xx.1997-ci il tarixdə onun adına ilkin qeydiyyata alınmışdır. İddiaçı hazırda adıan olan qeydiyyat vəsiqəsinə istinad edərək, torpaq sahəsinin 0,2280 ha əvəzinə 0,18 ha ölçüdə qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi mübahisələndirir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. İş materiallarında görünür ki, ilkin hüquqmüəyyənedici sənəd olan 185 saylı bağın icarəyə verilməsi haqqında 7388 nömrəli müqaviləyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Belə ki sözügedən müqavilədə torpaq sahəsinin ölçüsü 0,18 ha olaraq qeyd olunmuşdur. Belə olan halda, yəni ilkin hüquqmüəyyənedici sənəddə 0,18 ha qeyd edildiyi halda, iddiaçıının istinad etdiyi qeydiyyat vəsiqəsi daşınmaz əmlakın dövlət reyestrində dəyişikliyin aparılmasına əsas vermir. İddiaçının iddia etdiyi əlavə 428 kv.m torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №e-2-1(112)-3191/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3191/2024
22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver