Məhkəmə qərarları › İş №e-2-1(112)-3195/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3195/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3195/2024 14.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “pensiya təyin edilməsindən imtina edilməsi barədə qərarın ləğv edilməsi, yaşa görə pensiyanın təyin edilməsi və ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə Yaşarovanın iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “pensiya təyin edilməsindən imtina edilməsi barədə qərarın ləğv edilməsi, yaşa görə pensiyanın təyin edilməsi və ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1958-ci il təvəllüdlüdür. ЛВ № 021810 nömrəli diploma əsasəsn iddiaçı 1980-ci ildən 19 iyun 1984-cü ilədək X1 İnstitutunda təhsil almışdır. НЗ № ******* nömrəli hərbi biletə əsasən iddiaçı 29 aprel 1977-ci il tarixdən 19 aprel 1978-ci il tarixədək orduda xidmət etmişdir. Əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1974-cü il tarixdə “Xəzərbalıq” Təmir-tikinti sahəsinə ştat üzrə birinci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1974-cü il tarixdə ikinci dərəcə verilmiş, xx.xx.1975-ci il tarixdə üçüncü dərəcə verilmiş və xx.xx.1976-cı il tarixdə işdən azad edilmişdir; xx.xx.1979-cu il tarixdə Lampa yığım sexinə 2 (ikinci) dərəcəli daşıyıcı vəzifəsinə qəbul edilmiş və xx.xx.1980-ci il tarixdə hazırlıq şöbəsinə qəbul olunduğu üçün öz xahişi ilə işdən azad edilmişdir; xx.xx.1979-cu il tarixdə hazırlıq şöbəsinə tələbə kimi daxil edilmiş, xx.xx.1980-ci il tarixdə pedaqoji fakültəsinin birinci kursuna daxil edilmiş və xx.xx.1984-cü il tarixdə ali təhsil müəssisəsinin bitirməsi ilə əlaqədar tələbə sıralarından çıxarılmışdır. xx.xx.1984-cü il tarixdən Uşaq və gənclər olimpiya idman məktəbi müəssisəsinə müəllim trener vəzifəsinə qəbul edilmiş və xx.xx.1989-cu il tarixdə işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixdə “Avtomobilçi” idman klubu Klassik döyüş üzrə trener-müəllim vəzifəsinə qəbul olunmuş və xx.xx.2005-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 67 №-li TİM-nin “Avtomobilçi” idman klubu üzrə 9 №-li 27 oktyabr 1992-ci il tarixli əmri ilə İddiaçı “Yunan-Roma” güləş üzrə məşqçi müəllim rəhbərliyi ilə “Avtompbilçi” idman klubunun yığma komandası 14 nəfərdən ibarət olan 12 iştirakçı, 1 hakim, 1 nümayəndə ilə birlikdə noyabrın 1-dən 6-na kimi Respublika birinciliyində iştirak etmək üçün Gəncə şəhərinə ezamiyyətə göndərilmişlər. İddiaçı xx.xx.2021-ci il tarixdə və xx.xx.2023-cü il tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh müraciət əsasında iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...təqdim etdiyiniz əmək kitabçanıza və digər sənədlərin surətlərinə, eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemındə olan məlumatlara əsasən sığorta stajınız (xx.xx.1877-ci il tarixindən xx.xx.1979-cu il tarıxınədək hərbi xidmətdə olduğunuz müddət, o cümlədən xx.xx.1980-cı il tarixindən: xx.xx.1984-cü il tarixinədək təhsil aldığınız illər də nəzərə alınmaqla) 13 il, 5 ay, 15 gün təşkil edir. Eyni zamanda ferdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 12 il, 10 ay, 15 gun sığorta sfaliniza uyğun olaraq 11924,31 manat, 01 03.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 19.46 manat olmaqla. ümumilikdə 12063,77 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınız tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manaf) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Aərbaycan Respublikası Nazirlər Kabinetinin 26 12 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızda qeyd edilmiş xx.xx.1979-cu il tarixindən 15.01 1980-ci il larxinədək olan dövrün (qaralama olduğuna görə), həmçinin xx.xx.1989-cu İl tarixindən 20 09.1989-cu il tarixinədək Avtomobilçi idman klubunda olan dövrlərin doldurulma qaydası pozulduğu uçun (işə daxilolma əmri qeyd olunmayıb) sözügedən dövrlərin sığorta stajınıza daxıl edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq. ümumi sığorla stalınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və adınızda aktiv VÖEN hesabı (**********) olduğu üçün məşğul şəxs hesab edildiyinizdən yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmayıb”. “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” xx.xx.2024-ci il tarixli qərar ilə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İmtina səbəbi kimi isə vətəndaşın xx.xx.2006-cı ilədək 13 il 6 ay sığorta stajı, xx.xx.2006-cı il tarixdən sonra 3 il 01 ay sığorta stajı olduğuna, eyni zamanda xx.xx.1989-xx.xx.2005-ci illər ilə bağlı əmək kitabçasının doldurulma qaydasına riayət olunmadığına və həmin dövrün araşdırılmasının mümkün olmadığına istinad etmişdir. İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək ona 01 iyul 2023-cü il tarixdə, yəni 65 yaşı tamam olduğu vaxtdan əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 oktyabr 1974-cü il tarixdən 05 may 1976cı il tarixə kimi “Xəzərbalıq" Təmir Tikinti sahəsində fəhlə və betonçu (1 il 06 ay 25), 04 iyul 1979-cu il tarixdən 14 yanvar 1980-cı il tarixə kimi “Azərelektrosovet" BİB-də lampa yığım sexinə daşıyıcı (11 ay 10 gün), 17 dekabr 1979-cu il tarixdən 25 iyun 1984-cü il tarixə kimi S.M.Kirov adına Universitetdə Ali təhsil almış, (04 il 06 ay 08 gün), 11 sentyabr 1984-cü il tarixdən 15 sentyabr 1989 cu il tarixə kimi “Əmək Resursları" Azərbaycan Şürası Uşaq X2 və Gənc ər olimpiya idman məktəbinə müəllim trener (05 il 05 gün), 16 oktyabr 1989-cu il tarixdən 20 sentyabr 2005-ci il tarixə kimi “Avtomobilçi" İdman Klubunda trener-müəllim (15 il, 11 ay, 04 gün) vəzifələrində işləmişdir. O, 10 oktyabr 1974-cü il tarixdən 20 sentyabr 2005-ci il tarixədək işləmiş və əmək stajı vardır. 2001-ci il tarixədək 27 il 10 ay 22 gün əmək stajı vardır. 13 oktyabr 2008-ci il tarixdən rəsmi qaydada sahibkarlıqla məşğul olaraq işləmişdir. İddiaçıya əmək pensiyası təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət olunmuşdur. Müraciətə cavab olaraq bildirildi ki, əmək stajı 25 ildən az olduğudan əmək pensiyası təyin edilməsindən imtina verilmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək məhkəmədən cavabdehin 16 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur.. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İddiaçı 65 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun iş stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir ki, sözügedən qərar hazırki iddiaçı tərəfindən mübahisələndirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1- dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçının cavabdeh tərəfindən mübahisə edilməyən, əmək kitabçasında qeyd olunan iş stajı (hərbi xidmət və təhsil müddəti daxil olmaqla) 13 il 05 ay 15 gündür. Cavabdeh iddiaçının xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək olan dövrü, həmçinin onun “Avtomobilçi” idman klubunda işlədiyi dövrləri sosial sığorta stajına daxil etməkdən imtina edərkən o hala istinad edir ki, əmək kitabçasının doldurulma qaydası pozularaq iddiaçının həmin müəssisəyə işə qəbul olunma barədə əmrin nömrəsi göstərilməmiş, xx.xx.1979-xx.xx.1980 dövrlər ilə bağlı isə əmək kitabçasında qaralama aşkar olunmuşdur. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin istinad etdiyi dəlilləri əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmə cavabdehin imtinası və etirazının əsası kimi istinad etdiyi bu halı əsaslı saymayaraq qeyd edir ki, iddiaçı 1974-cü il tarixdən bir sıra müəsisələrdə işləyərək əmək fəaliyyəti ilə məşğul olmuş, əmək kitabçasında işə qəbul və işdən azad edilmə tarixləri və əmrləri göstərilmişdir. Əmək kitabçasından iddiaçının xx.xx.1989-cu il tarixli əmrlə “Avtomobilçi” idman klubuna trenet-müəllim işinə qəbul edilməsi işin mübahisələndirilməyən halıdır. Eyni zamanda əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.2005-ci ildə həmin işdən öz xahişi ilə azad edilmişdir. Məhkəmə qeyd edir ki, əmək kitabçasının doldurulmasına cavab verməli olan şəxs iddiaçı deyil, işəgötürəndir. İddiaçının həmin müəssisəyə işə qəbul olması barədə tarix (il, ay, gün) dəqiq göstərilmişdir. Əmək kitabçasında onun həmin işə qəbul edilməsi barədə əmrin nömrəsinin göstərilməməsi iddiaçının məsuliyyət dairəsinə aid edilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 3.11-ci maddəsinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Qüvvədə olan normativ hüquqi aktın tələblərini hazırki iddianın halları ilə müqayisəli şəkildə təhlil etdikdə məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, əmək kitabçasının doldurulmasında iddiaçının hər hansı məsuliyyəti olmamış, iddiaçının əmək kitabçasında işə qəbul edilməsi barədə əmrin nömrəsinin qeyd edilməməsi iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun məsuliyyət sferasını əhatə etmir. Əmək kitabçasında olan bu növ qeyri-müəyyənlik və iddiaçının əmək kitabçasına müdaxiləsi nəticəsində də (tarixlərdə, vəzifədə və ya əmrdə dəyişiklik, düzəliş, qaralama və s.) baş verməmişdir. Belə olanda halda məhkəmə hesab edir ki, əmək kitabçasında aşkar olunan müdaxilə (qaralama) və işə daxil olma barədə əmrin nömrəsinin qeyd edilməməsi iddiaçının məsuliyyət sferasına aid olmadığından, bu hal üzrə məsuliyyətli şəxs qismində məhz onun işlədiyi müəssisələrin məsul şəxsləri olduğundan, cavabdehin mübahisələndirdiyi dövrlər iddiaçının sığorta stajına daxil edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, iddiaçının “Avtomobilçi” idman klubunda işləməsi əmək kitabçasından savayi həmçinin müvafiq sənədlər ilə də təsdiq olunur. Məhkəmə icraatı zamanı təqdim olunmuş arayışların və əmrlərin surətindən görünür ki, “Avtomobilçi” idman klubu iddiaçının işlədiyi dövrlərdə fəaliyyətdə olmuş, iddiaçı həmin klubun trener-müəllimi olmuş və bu istiqamətdə əmək funksiyasalarını icra etmişdir. Məhkəmə yuxarıda göstərilən hallara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçının ümumi iş stajı 25 ildən çox olduğundan, bununlada onun yaşa görə əmək pensiyası almaq hüququ yarandığından, cavabdeh əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Odur ki, cavabdehin 16 aprel 2024-cü il tarixli qərarı ləğv edilməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Əmək Pensiyaları haqqında Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının 16 aprel 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı 65 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar