Məhkəmə qərarları › İş №e-2-1(112)-3195/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3195/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3195/2025 02.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 02 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15-də yerləşən 51 saylı mənzillə bağlı tərtib olunmuş sənədlərdəki yanlışlığın aradan qaldırıması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ipoteka yolu ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15-də yerləşən 51 saylı mənzili faktiki olaraq 2 otaqlı görərək bəyənib almışdır. Aldığı mənzillə bağlı bir müddət sonra ona dövlət reyestrindən çıxarış və texniki pasport veriləndə görmüşdür ki, aldığı mənzil faktiki olaraq 2 otaqlı olmasına baxmayaraq ona təqdim olunan sənədlərdə 1 otaqlı kimi göstərilmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, İdarənin arxiv məlumatlarına əsasən ünvan 1 ünvanında olan 51 saylı mənzilin ilkin mülkiyyətçisi X1 adına "xxxx" MTK tərəfindən tərtib olunan üzvlərinin iclasının protokoldan çıxarış və maliyyə arayışında mənzilin 1 otaqlı olmaqla ümumi sahəsi 55,39 kv.m, yaşayış sahəsi 20,66 kv.m kimi qeyd olunmuş və buna uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış tərtib edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15-də yerləşən 51 saylı mənzil onun ilkin mülkiyyətçisi X1 adına "xxxx" MTK tərəfindən tərtib olunan üzvlərinin iclasının protokoldan çıxarış və maliyyə arayışı əsasında 1 otaqlı olmaqla ümumi sahəsi 50,90 kv.m kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Daha sonra alqı-satqı və ipoteka müqaviləsinin əsasında həmin mənzilə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı hazırda həmin mənzilin faktiki olaraq 2 otaqlı olmasını bildirərək, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi mübahisələndirmiş və bu barədə sənədlərə düzəliş edilməsi tələbini irəli sürmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); … Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15-də yerləşən 51 saylı mənzil onun ilkin mülkiyyətçisi X1 adına "xxxx" MTK tərəfindən tərtib olunan üzvlərinin iclasının protokoldan çıxarış və maliyyə arayışı əsasında 1 otaqlı olmaqla ümumi sahəsi 50,90 kv.m kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Daha sonra alqı-satqı və ipoteka müqaviləsinin əsasında həmin mənzilə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı hazırda həmin mənzilin faktiki olaraq 2 otaqlı olmasını bildirərək, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi mübahisələndirmiş və bu barədə sənədlərə düzəliş edilməsi tələbini irəli sürmüşdür. İş materiallarında görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15-də yerləşən 51 saylı mənzil ilkin hüquqmüəyyənedici sənəd olan ilkin mülkiyyətçisi X1 adına "xxxx" MTK tərəfindən tərtib olunan üzvlərinin iclasının protokoldan çıxarış və maliyyə arayışı əsasında olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Belə ki sözügedən protokoldan çıxarış və maliyyə arayışında mənzilin 1 otaqlı olmaqla ümumi sahəsi 55,39 kv.m, yaşayış sahəsi 20,66 kv.m kimi qeyd olunmuş və buna uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış tərtib edilmişdir. Belə olan halda, hər hansı sənədə istinad edilmədən, iddiaçının qeyd etdiyi faktiki vəziyyət (mənzilin 2 otaqlı olması) daşınmaz əmlakın dövlət reyestrində dəyişikliyin aparılmasına əsas vermir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar