Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-3198/2025 09.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 7-ci binasında, 7-ci blok, 5-ci mərtəbə, 2 nömrəli, 3 otaqlı mənzilə görə ödənilən 171.993 manat məbləğin iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankı) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 26 may 2023-cü il tarixində qəbul edilmiş **********175700 saylı imtina qərarın ləğv edilməsi” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 7-ci binasında, 7-ci blok, 5-ci mərtəbə, 2 nömrəli, 3 otaqlı mənzilə görə ödənilən 171.993 manat məbləğin iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bank) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 26 may 2023cü il tarixində qəbul edilmiş **********175700 saylı imtina qərarın ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, xx.xx.2022-ci il tarixində "xxxx" MTK (bundan sonra “MTK”) ilə 0604 saylı payçı müqaviləsi bağlanılmışdır. Həmin payçı müqaviləsinə əsasən ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK” yaşayış kompleksinin 7-ci binasında, 7-ci blok, 5-ci mərtəbə, 2 nömrəli, 3 otaqlı olan mənzili almış və bu mənzilə görə ƏDV daxil 171993 (bir yüz yetmiş bir min doqquz yüz doxsan üç) manat məbləğində pul vəsaiti MTKnın hesablarına mədaxil edilmişdir. Daha sonra "xxxx" MTK ilə bağlanmış payçı müqaviləsi və mədaxil qəbzlərinin surətləri əlavə edilməklə, fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin güzəşt edilmiş məbləği barədə məlumatların ötürülməsinə dair müraciətlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. Cavabdeh 26 may 2023-cü il tarixli **********175700 saylı qərarı ilə yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. Cavabdeh öz imtinasını onunla əlaqələndirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı tərəfindən təqdim edilmiş sənədlərin araşdırması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmin qərarda cavabdeh özü də təsdiq etmişdir ki, alıcı tərəfindən ƏDV ödənilmiş, lakin Qaydanın 5.1.2-ci bəndinə uyğun ödəniş edilməmişdir. Hesab edir ki, bu tamamilə əsassız qərardır. Çünki tərəfindən yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanıb, MTK-ya ödəniş etsə də, müvafiq qaydada MTK tərəfindən ƏDV məbləği ödənilib, vergiyə hesabat təqdim etmişdir. Bununla əlaqədar MTK-ya ərizə ilə müraciət etdiyi zaman onun tərəfindən ödənilmiş ƏDV məbləğinin ƏDV depozit hesabına köçürülməsi və müvafiq qaydada vergiyə hesabat verilməsi barədə MTK tərəfindən ərizəsi cavablandırılmışdır. Bununla da tam təsdiq olunur ki, iddiaçının MTK-nın cari hesabına ödədiyi ƏDV məbləği MTK tərəfindən müvafiq qaydada ƏDV depozit hesabına köçürülmüşdür. Cavabdeh formal tələblərə əsaslanaraq imtina etmişdir. Belə ki, tərəfindən ödənilmiş ƏDV məbləği hazırda dövlət büdcəsinə ödənilib. Hesab edir ki, iki hesaba deyil, bir hesaba ödənilməsi səbəbi imtina üçün heç bir halda əsas ola bilməz. Əlavə olaraq bildirilir ki, cavabdeh qaydadan əvvəlki dövrdə həmin MTK üzrə mənzilləri alan alıcılara güzəşt tətbiq olunan ƏDV-nin 30%-nin ödənilməsi üçün təxmini 25-30 nəfərə ƏDV-nin yekun məbləği barədə məlumatları müvəkkil banklara ötürmüşdür. Eyni zamanda Bakı İnzibati Məhkəməsində hazırda onun tələbinə uyğun bir neçə məhkəmə qərarı olmuşdur. Anoloji tələb üzrə xx.xx.2024-cü il tarixində qəbul edilmiş, 2-1(112)-3100/2024 saylı qərar vardır və həmin qərar üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyi qoyulmuşdur. Bütün qeyd olunan normativ-hüquqi normalar ilə tam ƏDV məbləğinin 30% güzəşti iddiaçıya geri ödənilməli olduğu halda, Qaydada “Operator” kimi tanınan cavabdeh Qaydanın 5.5-ci bəndini pozmuşdur. Belə ki, Qaydanın 5.5-ci bəndinə əsasən “elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd edilmiş sənədlərdə göstərilən məlumatlar Operator tərəfindən yoxlandıqdan sonra, dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında təqdim edilmiş sənədlər bu Qayda, ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operataor alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir.” Tərəfindən ödənişlər müvəkkil bank olan Azərbaycan Beynəlxalq Bank ASC-nin Baş ofisində Müştəri Xidməti Departamenti tərəfindən həyata keçirildiyi üçün hesab edir ki, cavabdeh ƏDV-nin güzəşt məbləği barədə məlumatları müvəkkil bank Azərbaycan Beynəlxaq Bank ASC-nin baş ofisinə (Müştəri Xidmətləri Departamentinə) ötürülməlidir. Cavabdeh tərəfindən 26 may 2023-cü il tarixində qəbul edilmiş, **********175700 saylı imtina qərarının əsası olmadığı üçün ləğv edilməlidir. Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il 3-21-2-3/2-B-17xx-xx/2024 nömrəli vəsatətdə qeyd edilmişdir ki, müvafiq iddia tələbi ilə İddiaçı artıq Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1969/2024 saylı qərarı ilə iddiaçının iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 01,10.2024-cü il tarixli, 2-1(103)-2353/2024 saylı qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçının iddia tələbi ilə əlaqədar məhkəmə mübahisəsi tərəflər arasında davam edir. Belə ki, iddiaçının apelyasiya şikayəti üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-2353/2024 saylı qərarı qanuni qüvvəsini almamışdır. Belə olduğu təqdirdə isə qanunvericiliyin yuxarıda sadalanan hallarına əsasən iddia ərizəsinin icraata qəbul edilməsi yolverilməz hal xarakteri daşıyır. İddiaçıya xx.xx.2024-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə müəyyən olunur ki, iddiaçı analoji iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-1969/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “pul vəsaitinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddia tələbinə məhkəmə tərəfindən artıq hüquqi qiymət verildiyindən eyni tələbə yenidən baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Məhkəmənin yardım məktubunda qeyd olunanlara iddiaçı tərəfindən yazılı münasibət bildirməsi təklif olunmuş, yardım məktubu Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən xx.xx.2024-cü il tarixində iddiaçının şəxsi kabinetinə yerləşdirilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş və iddiaçının vəkili elektron kabinet üzərindən ərizə təqdim edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı vəsatətin məzmununa uyğun izahat vermiş və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə müəyyən olunur ki, iddiaçı eyni məzmunlu iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(112)-1969/2024 nömrəli qərarı (sədrlik edən hakim A.Əhədova) ilə iddiası təmin edilməmişdir. Sözügedən məhkəmə qərarından iddiaçı tərəfindən apellyasiya şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2353/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1969/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının tələbi xx.xx.2022-ci il tarixli 0604 nömrəli payçı müqaviləsinə əsasən "xxxx" MTK-dan ünvan 1 ünvanında yerləşən 7 saylı binanın 7-ci blok, 5-ci mərtəbə, 2 nömrəli mənzilin alınması üçün ödənilən 171.993 manat məbləğində pul vəsaitinin ƏDV-sinin geri qaytarılması üçün ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsi və həmin vəsaitin iddiaçıya ödnilməsi ilə bağlı olmuşdur. Hazırda isə iddiaçı ünvan 1 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 7-ci binasında, 7-ci blok, 5-ci mərtəbə, 2 nömrəli, 3 otaqlı mənzilə görə ödənilən 171.993 manat məbləğin iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bank) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 26 may 2023-cü il tarixində qəbul edilmiş **********175700 saylı imtina qərarın ləğv edilməsini tələb etməkdədir. Məhkəmə hesab edir ki, məhkəmənin icraatında artıq eyni iddia tələbinə dair iş olduğu və inzibati məhkəmə icraatı qaydasında həmin tələbə hüquqi qiymət verildiyi üçün eyni tələbə yenidən baxılması yolverilməz olduğundan iddia mümkün sayılmamalıdır. İddia tələbinin fərqli şəkildə təqdim edilməsi isə, həmin tələbin başqa tələb olması anlamına gəlmir və iddianın mümkünlüyünü istisna edən şərtlərin aradan qaldırılmasına əsas qismində çıxış edə bilməz. Məhkəmə tərəfindən iddiaçıya yazılı şəkildə hüquqi yardım məktubu göndərilməklə onun dinlənilmə hüquqi təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbinə artıq inzibati mühakimə icraatı qaydasında hüquqi qiymət verildiyi üçün eyni tələbə yenidən baxılması yolverilməz olduğundan iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 7-ci binasında, 7-ci blok, 5-ci mərtəbə, 2 nömrəli, 3 otaqlı mənzilə görə ödənilən 171.993 manat məbləğin iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankı) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 26 may 2023-cü il tarixində qəbul edilmiş **********175700 saylı imtina qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X3.
Məhkəmə qərarları › İş №e-2-1(112)-3198/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-3198/2025
09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver