Məhkəmə qərarları › İş №e-2-1(112)-3206/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3206/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3206/2025 26.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 26 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X6 və İstismarı Birliyi ilə X5 arasında bağlanmış 2 mart 1995-ci il tarixli, “Bağın icarəyə verilməsi haqqında” 17126 №-li müqaviləyə əsasən Ləhiş qəsəbəsində 0,25 hektarlıq 2530 saylı bağ sahəsini X1 istifadəsinə verilmişdir. X5 xx.xx.1999-cu ildə ölmüşdür. ünvan 1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Mirasqoyanın miras əmlakına ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha torpaq sahəsinin yerdə qalan hissəsindən ibarət daşınmaz əmlak daxildir. Göstərilənlərə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci və 8-ci, “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərinə uyğun olaraq X3 məxsus göstərilən əmlaka çıxarış (arayış) verilməsi xahiş edilmişdir. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakının dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, “...X6 və İstismarı Birliyinin 3.1 maddəsində göstərildiyi kimi bağın torpaq sahəsinin ölçüsü 0,12 hektardan artıq olmamalıdır (Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 6/333 nömrəli Qərarına əsasən). Bu səbəbdən X1 istifadəsinə verilmiş 0,25 hektar torpaq sahəsinin 0,12 hektar hissəsi X4 adına, yerdə qalan hissəsi isə Birliyin boş bağlar balansına keçirilmişdir. Həmçinin sözügedən bağ sahəsinin yerdə qalan 0,13 hektar hissəsinin X1 adına rəsmiləşdirilməsi barədə məlumat və sənəd arxiv qovluğunda aşkar edilməmişdir”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2530 saylı, sahəsi 0,25 ha olan bağ sahəsinin qalan faktiki 0,12 ha hissəsinin mərhum X2 məxsus olması haqqında arayışın (forma 37) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən bağ sahəsi 0,25 ha olmuş və mərhum həyat yoldaşının adına rəsmiləşdirilmiş (istifadəsinə verilmiş) və 50-60 ildən artıqdır ki istifadələrindədir. Daha əvvəl mərhum həyat yoldaşının valideynlərinin istifadəsində olmuşdur. Həmin bağ sahəsinin 0,12 ha yoldaşı vəfat etdikdən sonra onların ailəsinin bütün üzvlərinin razılıq ərizələri əsasında X4 adına rəsmiləşdirilmiş, yerdə qalan hissəsi isə onların istifadəsində qalmışdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdı ki, İdarənin arxiv məlumatlarına əsasən xx.xx.1995-ci il tarixli, 2530 №-li müqavilə əsasında 0.25 ha torpaq sahəsi X1 istifadəsinə verilmiş, onun vəfatından sonra sahənin 0.12 ha hissəsi ailə üzvlərinin notariat qaydasında təsdiq olunmuş razılıq ərizələri əsasında xx.xx.2003-cü il tarixli, 17126 №-li müqavilə ilə X4 adına keçirilmiş və onun adına qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Yerdə qalan 0.13 ha torpaq sahəsinin Birliyin boş bağlar balansına keçirilməsi barədə İdarənin arxivində qeyd mövcuddur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, X6 və İstismarı Birliyi ilə X5 arasında bağlanmış 2 mart 1995-ci il tarixli, “Bağın icarəyə verilməsi haqqında” 17126 №-li müqaviləyə əsasən Ləhiş qəsəbəsində 0,25 hektarlıq 2530 saylı bağ sahəsini X1 istifadəsinə verilmişdir. Onun vəfatından sonra sahənin 0.12 ha hissəsi ailə üzvlərinin notariat qaydasında təsdiq olunmuş razılıq ərizələri əsasında xx.xx.2003-cü il tarixli, 17126 №-li müqavilə ilə X4 adına keçirilmiş və onun adına qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Sonuncu bağın qalan sahəsinin, yəni 0,13 ha hissəsinə dair mülkiyyət hüququnu qeydə aldırmadan ölmüşdür. İddiaçı həmin bağ sahəsinin mərhum ərinə məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Belə ki, öhdəliyin icrası haqqında iddialarda ilk növbədə iddia tələbinin qanuni əsası müəyyən edilməli və tələbin qanuni əsasının dispozisiya şərtlərinin yerinə yetirilibyetirilməməsi yoxlanılmalıdır. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi mərhum ərinin adına olan müqaviləni təqdim edir. Sadalanan normaların məzmununa əsasən, mərhum S.Yaminov mübahisələndirilən bağ sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) X6 və İstismarı Birliyinin 3.1 maddəsində göstərildiyi kimi bağın torpaq sahəsinin ölçüsü 0,12 hektardan artıq olmamalıdır (Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 6/333 nömrəli Qərarına əsasən). Bu səbəbdən X1 istifadəsinə verilmiş 0,25 hektar torpaq sahəsinin 0,12 hektar hissəsi X4 adına, yerdə qalan hissəsi isə Birliyin boş bağlar balansına keçirilmişdir. 2) Sözügedən bağ sahəsinin yerdə qalan 0,13 hektar hissəsinin X1 adına rəsmiləşdirilməsi barədə məlumat və sənəd arxiv qovluğunda aşkar edilməmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı qeyd edilən normalarda sadalanmış hüquqmüəyyənedici sənəd kimi müqaviləni təqdim edir. Cavabdeh müqavilənin 3.1-ci bəndinə istinad edərək bildirir ki, ayrılmış torpaq sahəsi 0,12 ha-dan artıq olmadığında görə, ayrılmış 0,25 ha torpaq sahəsinin 0,12 hissəsi özəlləşdirilmiş, yerdə qalan hissəsi isə Birliyin boş bağlar balansına keçirilmişdir. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, Müqavilənin 3.1ci bəndində belə məhdudiyyət nəzərdə tutulsa da, Müqavilənin 3.2-ci bəndində isə qeyd edilmişdir ki, 1988-ci ildək istifadəsinə bağ götürmüş vətəndaşlar üçün isə bu ölçü 0,25 hektardan artıq olmamalıdır. İş materiallarında olan torpaq sahəsinin arxiv sənədlərindən müəyyən edilir ki, həmin bağ sahəsi ilkin olaraq Yaminova Şəmsuranın xx.xx.1981-ci il tarixli ərizəsinə əsasən, xx.xx.1981-ci il tarixli, 171126 № li müqaviləyə əsasın ayrılmışdır. Torpaq sahəsi ayrılarkən sahəsi 0,25 ha olmuşdur. Sonradan həmin bağ sahəsi iddiaçının mərhum ərinin və ailə üzvlərinin xx.xx.1995-ci il tarixli ərizələrinə əsasən xx.xx.1995-ci il tarixli bağın icarə müqaviləsinə əsasən iddiaçının ərinin adına keçirilmişdir. Göründüyü kimi, torpaq sahəsi 1981-ci ildən iddiaçının mərhum ərinin ailə üzvlərinə ayrılmış və həmin dövrün qanunvericiliyinə və iddiaçının təqdim etdiyi Müqavilənin 3.2-ci bəndinin tələblərinə əsasən 0,25 ha torpaq sahəsinin ayrılmasına yol verilirdi. Odur ki, cavabdehin bu imtina dəlili əsassızdır. Məhkəmə cavabdehin ikinci imtina dəlilini də əsassız hesab edir və qeyd edir ki, iddiaçının hazırkı tələbi bağ sahəsinin qalan hissəsinə hüququnun ölmüş ərinə məxsus olmasına dair arayışın verilməsi ilə bağlıdır. Bağ sahəsinin mərhum X1 adına rəsmiləşdirilməməsi işin mübahisələndirilməyən halıdır. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2530 saylı, sahəsi 0,25 ha olan bağ sahəsinin qalan faktiki 0,12 ha hissəsinin mərhum X2 məxsus olması haqqında arayışın (forma 37) verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar