Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-3219/2025 17.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC xx.xx.2020-ci il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçı fəaliyyətə başladığı vaxtdan hal-hazıradək olan dövr ərzində vergi və digər icbari ödənişlərə dair qanunvericiliyin tələblərinə dönmədən əməl etmiş, vergi və digər icbari ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********245900 saylı qanunsuz bir qərar qəbul edilmiş və həmin qərara əsasən iddiaçıya 16.830,00 manat əlavə vergi hesablanmışdır. Səbəb kimi "xxxx" MMC-nin riskli vergi ödəyicilərinin siyahısına düşməsi bildirilir. Həmin müəssisə ilə 2023-cü ildə əməliyyat aparan zaman "xxxx" MMC-nin riskli vergi ödəyicilərinin siyahısına daxil olması haqqında taxes.gov.az saytında araşdırma aparılmış, lakin heç bir məlumat aşkar edilməmişdir. Vergi orqanının göndərdiyi xəbərdarlıq məktubundan sonra "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixdən riskli vergi ödəyicilərinin siyahısına daxiledildiyiməlum olmuşdur. Ona görə də cavabdeh tərəfindən 2023-ci il iyun-iyul aylarında aparılmış əvəzləşdirmələrin ləğv edilməsi və həmin əvəzləşdirmə üzrə olan ƏDV məbləğinin iddiaçının şəxsi hesab vərəqəsinə işlənməsi ilə bağlı hərəkətləri qanunsuz və əsassız olmuşdur. Həmçinin, iddiaçının verdiyişikayətə də bügünədək baxılıb müvafiq qərar qəbuledilməmişdir. Bundan əlavə, iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq hazırkı mübahisənin predmetini təşkil edən əməliyyatlar üzrə əlavə dəyər vergisini ƏDV subhesabına ödəmiş və məhz bu əsasla da ödəmiş olduğu vergi məbləğinə uyğun olaraq satıcı təşkilatdan iddiaçının onlayn kargüzarlığına EBDJ seriyalı 785255 nömrəli və EBDİ seriyalı 015102 nömrəli elektron qaimə-faktura göndərilmişdir. Sözügedən əməliyyatlar Azərbaycan Respublikası Vergilər Məcəlləsinin, o cümlədən Məcəllənin 175.1-ci maddəsinin tələblərinə uyğun olaraq aparılmış və bu əməliyyat barədə məlumatlar əməliyyatın aparıldığıay üzrə vergi orqanına təqdim olunmuş əlavə dəyər vergisi bəyannaməsində qeyd edilmişdir. Bundan başqa, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Bunun davamı olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturanı ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən heç bir riskliəməliyyət aparılmamışdır. Aparılan əməliyyat zamanı qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl edilmişdir. "xxxx" MMC-nin isə iddiaçı ilə əməliyyat apardıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2024-cü il tarixli, **********245900 nömrəli qərar qəbuledilmişdir. Hesab olunur ki, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********102200 saylı qərarı qanunsuzdur və ləğv edilməlidir. Cavabdeh tərəfindən verilmiş vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********245900 nömrəli nömrəli qərarı qəbul edilmişdir. Məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş son gün xx.xx.2024-cü il tarix olduğu halda iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş və iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflər fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddianın mümkün sayılmamasını xahiş etmişdirlər. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1- ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Qeyd olunur ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014- cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İş materiallarından da müəyyən edilir ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik hesablanması” barədə qərar mübahisələndirilmişdir. Göründüyü kimi iddianı predmetini xx.xx.2024-cü il tarixli qərar təşkil edir. Məhkəmə hesab edir ki, iddianın mahiyyətinə baxılmazdan əvvəl mübahisələndirmə növündə iddianın mümkünlüyü əsaslarının yoxlanılması ilə əlaqədar iddia müddətinin ötürülüb-ötürülməməsinin qiymətləndirilməsi ilə bağlı iddiaçının hüququnun pozulduğu gün müəyyən edilməlidir. Məhkəmə də həmin günün müəyyən edilməsi ilə bağlı aparılmış araşdırma zamanı müəyyən etmişdir ki, mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik hesablanması” xx.xx.2024-cü il tarixli, **********245900 nömrəli qərar xx.xx.2024-cü il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 09:44-də oxunmuşdur. İddiaçı həmin qərarın mübahisələndirilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə isə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı ən azından xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli qərar barədə artıq məlumatlı olmuş, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək xx.xx.2024-ci il tarixli qərarın ləğv edilməsini xahiş edərkən həmin qərarın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Eyni zamanda o da nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən vergi orqanına müvafiq müraciətlər olunmuş, son olaraq onun müraciətlərinə 05 avqust 2024-cü il tarixdə cavab verilmiş və onun elektron kabinetinə göndərilmiş, iddiaçı cavabı xx.xx.2024-cü il tarixdə oxumuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-1-ci maddəsində qeyd olunmuşdur ki, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: ... 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Beləliklə yuxarıda qeyd olunan maddi normaya əsasən sənədlər vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Başqa sözlə desək, mübahisələndirilən qərarın onun tərəfindən xx.xx.2024-cü il tarixdə oxunması onu deməyə əsas verir ki, iddiaçının həmin qərarı 30 gün müddətində mübahisələndirmək hüququ olmuş, lakin o həmin prosessual müddəti ötürərək 4 aya yaxın müddət keçməsinə baxmayaraq həmin qərarı mübahisələndirmək üçün məhkəməyə müraciət etmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 145/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “iddiaçının mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********0074 nömrəli qərar xx.xx.2021- ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2021- ci il tarixdə, saat 13:22-də oxunmuşdur. İddiaçı həmin qərarın mübahisələndirilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə isə 02.06.22-ci il tarixdə müraciət etmişdir. Hazırkı qərarın 15-ci bəndində qeyd olunan maddi normaya əsasən sənədlər vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır” Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-997/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İddiaçı tərəfindən mübahisələndirilən 23 noyabr 2018-ci il tarixli qərarın onun tərəfindən 4 dekabr 2018-ci il tarixdə oxunması onu deməyə əsas verir ki, iddiaçının həmin qərarı 30 gün müddətində mübahisələndirmək hüququ olmuşdur. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı hazırkı iddia ilə məhkəməyə ən azı 29 iyul 2019-cu il tarixdə müraciət edərkən də həmin qərarın mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.” Analoji mövqe 2-1(102)-1036/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında, 2-1(102)-433/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında da təkrarlanmışdır. Yuxarıda göstərilən məhkəmə qərarlarından da göründüyü kimi kassasiya instansiya məhkəməsi eyni mövqeyidən çıxış edərək mübahisələndirmə haqqında iddia növündə iddiaçının mübahisələndirilən qərarın mövcudluğundan xəbərdar tutduğu müddəti vergi ödəyicisinin həmin qərarı oxuduğu müddətdən müəyyən etmişdir. Göründüyü kimi istər vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan, istərsə də məhkəmə araşdırmasından aydın olur ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə “Vergilərin, sosial sığorta və işsizlik hesablanması” xx.xx.2024-cü il tarixli, **********245900 nömrəli qərarın mübahisələndirilməsi ilə bağlı müddəti ötürmüşdür ki, bu hal da hazırki iddianın müddət ilə bağlı mümkünlük şərtlərinə cavab vermədiyini göstərir. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki,iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan
Məhkəmə qərarları › İş №e-2-1(112)-3219/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-3219/2025
17.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver