Məhkəmə qərarları › İş №e-2-1(112)-3234/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3234/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3234/2023 11.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkilinin Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sərəncamın etibarsız hesab edilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X9 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə 02 aprel 2007-ci il tarixdə bağlanmış Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 4975 nömrəli icarə müqaviləsinin atasının xx.xx.2014-cü il tarixdə vəfat etməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli, 351 nömrəli sərancamı etibarsız nesab edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 14,4 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi 26 il müddətində valideynlərinin icarəsində olaraq “Günel” xüsusi firması kimi-dükan təyinatı ilə fəaliyyət göstərərək daima onların istifadəsində olmuşdur. İcarə haqlarını da valideynləri vaxtı-vaxtında aidiyyəti üzrə Dövlət Orqanlarına ödəmişdirlər. Valideynləri dünyasını dəyişdikdən sonra da və hal-hazırda da qeyri-yaşayış sahəsi onun faktiki sahibliyində və idarəçiliyindədir. 26 il həmin qeyri-yaşayış sahəsinə görə dövlətə həm kommunal xərcər həm də vergi ödənişləri həyata keçirmişdir. Oranı özəşdirməkdə üstünlük hüququ olub. İcarə müqaviləsi qüvvədə olmuş cavabdeh orqan atasının vəfatından sonra 2014-cü ildə Rüstəm Gözəlovla icarə müqaviləsinə onun vəfat etməsi ilə əlaqədar xitam verdikdən sonra qanunvericiliyin tələblərinə əsasən onlarla icarə müqaviləsinin bağlanmasına heç bir təşəbbüs göstərməmiş və onlara hər hansı bir məktub göndərməklə məlumatlandırmamışdır. Obyekt isə bugünədək onların sahibiyində və istifadəsindədir. Cavabdeh onlara qarşı bu ötən müddətdə hər hansı tələb irəli sürməmiş, icarə obyektinin boşaldılması, təhvil verilməsi və sair tədbirlərin həyata keçirilməsi ilə bağlı hər hansı bir addım atmamışdır. Bununla yanaşı birinci cavabdeh icarə müqaviləsinə qanunun tələblərinə uyğun xitam verməmiş, icarə münasibətlərinin icarəçinin ailə üzvləri ilə (vərəsələri) ilə davam etdirmək barədə hər hansı tədbir görməmiş və onların belə bir niyyətinin olmaması ilə bağlı da hər hansı sübutu indiyədək keçirilən məhkəmə prosesslərinə təqdim etməmişdir. Heç bir hərrac təşkilatına da rəsmi dəvət olunmamışdır. Başqa şəxsin adına özəlləşdirilərkən də onların imtinası alınmamışdır. Həmin qeyri-yaşayış sahəsinin alınmasında və özəlləşdirilməsində də üstünlük hüququ olduğu kimi eyni zamanda da qeyri-yaşayış sahəsinə istifadə hüququ var. Vəkil sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin **********36 saylı 24 may 2019-cu il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X10 arasında bağlanmış 4291 nömrəli xx.xx.2019-cu il tarixli müəssisənin alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən sahəsi 14.4 kv.m. olan qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə Sultan-X6 adına ilkin qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. Sonradan isə məlum olmuşdur ki, 19 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən tərtib edilmiş hərrac protokoluna əsasən istifadəsində olan ünvan 1 ünvanda yerləşən sahəsi 14.4 kv.m olan qeyri-yaşayış sahəsi hərracdan 7500 manata üçünca şəxs Sultan-Əhmədi Fariz oğluna satılmışdır və bunun əsasında xx.xx.2019-cu il tarixdə onunla 4291 nömrəli müəssisənin (obyektin) alqı-satqısı müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixdə Sultan-X6 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda da onun mülkiyyətindədir.

3. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65-ci maddəsi ilə inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmiş və yalnız həmin əsaslardan ən azı biri mövcud olduğu halda inzibati akt etibarsız sayıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsızdır: -hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; -müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; -qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; -maraqlı şəxsin inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt: -faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; -kimə ünvanlandığı aydın olmayan inzibati akt. İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli, 351 nömrəli sərəncamının etibarsız hesab edilməsini xahiş etsə də, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsi ilə müəyyən edilmiş hallardan hər hansı birinin mövcud olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi 3 ünvanında yerləşən, sahəsi 14,4 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının mərhum atası X5 müddətli icarəsinə verilmişdir. İddiaçının atası icarəçi Rüstəm Gözəlovun vəfatından sonra tərəflər arasında bağlanmış icarə müqaviləsinə Əmlak Məsələləri Dövlət Komitəsinin 20 noyabr 2014-cü il tarixli, 351 nömrəli sərəncamı ilə xitam verilmişdir. Rüstəm Gözəlovun vəfatından sonra nə iddiaçı, nə də onun vərəsələrindən hər hansı biri tərəfindən icarə hüquq münasibətlərinin davam etdirilməsi ilə bağlı Komitəyə hər hansı müraciət olunmamış, mərhumun vərəsələrindən hər hansı biri ilə icarə müqaviləsi bağlanılmamışdır. Daha sonra qeyd edilən qeyri-yaşayış obyektinin özəlləşdirilməsi həyata keçirilmiş və həmin əmlak xx.xx.2019-cu il tarixində keçirilmiş hərrac protokoluna, hərracın yekunlarına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə X7 oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4291 saylı alqı-satqı müqaviləsinə əsasən onun tərəfindən özəlləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İddiaçı həmin qeyri-yaşayış obyektinə dair mərhum atası ilə bağlanılmış icarə müqaviləsi üzrə münasibətlərin hazırda onunla davam etdirilməsi üçün atası ilə bağlanılmış icarə müqaviləsinə xitam verilməsi barədə sərəncamın etibarsız hesab edilməsini xahiş edir. Halbuki, qeyd edilən sərəncamın etibarsız hesab edilməsinin və ya ləğv edilməsinin hüquqi nəticəsi iddiaçının atası ilə bağlanılmış icarə müqaviləsinin bərpa edilməsi olacaq ki, bu da həm iddiaçının atası hazırda vəfat etdiyindən, həm də qeyd edilən qeyri-yaşayış obyekti artıq özəlləşdirilərək xüsusi mülkiyyətə keçdiyindən mümkün olmayacaq. Beləliklə, qeyd edilən səbəblərdən iddiaçının mərhum atası ilə bağlanılmış icarə müqaviləsinin bərpa edilməsi məqsədilə həmin müqavilənin ləğv edilməsinə dair sərəncam etibarsız hesab edilə bilməz. Qeyd edilənlər əlavə bildirilmişdir ki, “inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin maddənin 2-ci hissəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İddiaçı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 65-ci və 67-ci maddələrinin tələblərini nəzərə alaraq Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli, 351 nömrəli sərəncamının etibarsız hesab edilməsini deyil, ləğv edilməsi formal olaraq məhkəmədən xahiş etmək hüququna malikdir. Lakin tələb bu formada irəli sürüləcəyi təqdirdə də, həm yuxarıda qeyd edilən hallara görə, həm də iddia müddəti ötürüldüyünə görə təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə icarə müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən sərəncamdan xəbərsiz olması qeyd edilsə də, bu əsassızdır. Belə ki, iddiaçı mübahisə predmeti olan əmlakın özəlləşdirilməsinin nəticələrinin ləğvi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edən zaman qeyd olunan sərəncam məhkəməyə təqdim olunmuşdur. Həmin iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ikinci səhifəsinin üçüncü abzasından görünür ki, məhkəmə tərəfindən mübahisələndirilən sərəncama istinad olunmuşdur. Qeyd olunan iddia üzrə inzibati iş hazırda Bakı İnzibati Məhkəməsinin (İş № 2-1(112)- 2120/2022) icraatındadır və hazırkı iddiaya baxılması ilə əlaqədar məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. Göründüyü kimi, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti də ötürmüşdür. Yuxarıda şərh edilənlərdən göründüyü kimi həm Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli, 351 nömrəli sərəncamının etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud olmadığından, həm də iddiaçı hazırkı iddiası ilə artıq özəlləşdirilərək xüsusi mülkiyyətə keçmiş qeyri-yaşayış obyekti üzərində icarə hüququnun yaranmasını tələb etdiyindən iddia təmin edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh orqan iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X7 oğlu inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

5. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi əsasında iddia tələbi “X5 xx.xx.2014-cii il tarixdə vəfat etməsi ilə bağlı onunla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında 02 aprel 2007-ci il tarixdə bağlanmış Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 4975 nömrəli icarə müqaviləsinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 351 nömrəli sərancamın qanunsuzluğunun tanınması” kimi dəyişdirilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin 20 may 2019-cu il tarixli 1376 nömrəli arayışında bildirilmişdir ki, İddiaçı həqiqətən də, onun xx.xx.2018-ci il tarixdə vəfat etmiş anası - X3 miras qalmış əmlaka dair Bakı şəhəri 2 saylı “ASAN Xidmət" mərkəzində notariat kontorunda xx.xx.2019-cu il tarixində vərəsəlik isi açılmışdır. X1 vərəsələrindən biri kimi qızı -İddiaçı müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, digər vərəsələr də mövcuddur.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanladığı ərizədə bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi 3 ünvanında yerləşən, sahəsi 14,4 kv.m olan qeyri-yaşayış sahəsinə dair X9 ilə bağlanılmış xx.xx.2007-ci il tarixli, 4975 nömrəli icarə müqaviləsinə icarəçinin xx.xx.2014cü il tarixində vəfat etməsi ilə əlaqədar Komitənin xx.xx.2014-cü il tarixli 351 nömrəli Sərəncamı ilə xitam verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında həmin qeyri-yaşayış sahəsinə dair hər hansı icarə müqaviləsi bağlanılmış və iddiaçı qeyri-yaşayış sahəsindən qanunsuz olaraq istifadə etməklə hazırki iddianı qaldırmağa subyektiv hüquqa da malik deyildir.

8. Vəkil sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 29 yanvar 2020-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi 3 ünvanında yerləşən, sahəsi 14,4 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2007-ci il tarixli, 4975 nömrəli icarə müqaviləsinə əsasən X5 icarəsinə verilmişdir. xx.xx.2014-cü il tarixində icarəçinin vəfat etməsi səbəbindən həmin müqaviləyə xitam verilmişdir.

9. Vəkil sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 24 may 2019-cu il tarixli məktubunda bildirilmişdir ki, X7 oğlu arasında bağlanmış 4291 nömrəli xx.xx.2019-cu il tarixli müəssisənin alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən sahəsi 14,4 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2019cu il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi iddianın dəyişdirilməsinə etiraz etmədən iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi.

12. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən üçüncü şəxs bildirdi ki, xx.xx.2019-cu il tarixli müəssisənin alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən sahəsi 14,4 kv.m olan qeyri-yaşayış sahəsini satın almışdır. İddia tələbi qanunsuz və əsassızdır.

II. İddianın növü

13. İPM-dən: 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır.

14. Məhkəmə hesab edir ki, hazırkı iddia müəyyən etmə haqqında iddiadır, hazırkı iddianın qaldırlmasında iddiaçının iqtisadi marağı var və Bakı İnzibati Məhkəməsinin icraatında olan “19 fevral 2019-cu il tarixli 06/01 saylı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən tərtib edilmiş hərrac protokolunun, ünvan 5 ünvanda yeləşən 14,4 kv.m. olan qeyri-yaşayış sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X7 oğlu arasında bağlanmış 4291 nömrəli xx.xx.2019-cu il tarixli Müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Sultan-X6 adına ünvan 5 ünvanda yerləşən sahəsi 14,4 kv.m. olan qeyri-yaşayış sahəsi ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bunun nəticəsində verilmiş çıxarışın ləğvi” iddia tələbinə (2-1(112)-400/2023 sədrlik edən hakim Həmid Ağalarov) münasibətdə subsidiar xarakter daşıyır və həmin işin icraatı hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır.

15. Hazırkı iş üzrə iddia müddəti məsələsinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən iddia növü üzrə iddia müddəti müəyyən edilməyib, lakin eyni zamanda nəzərə alınmalıdır ki, iş materiallarında olan məhkəmə aktlarına əsasən qeyd edilən müddətdə iddiaçı hərracın nəticələrini mübahisələndirmiş, şikayətinin dəlilləri əmlakın onun istifadəsində olması ilə bağlı olmuşdur. Yəni iddiaçı qeyd edilən müddətdə hərəkətsiz qalmamış, əmlak üzərində hüquqlarının tanınması məqsədilə məhkəmə müdaifəsi hüququndan istifadə etmiş, lakin seçdiyi hüquq müdafiə vasitəsi səmərəli olmamışdır. Odur ki, hazırda mübahisələndirilən sərəncamın qanunsuzluğunun tanınmasına dair hüquqi marağına uyğun iddia tələbi ilə məhkəməyə vaxtında müraciət etməməsi yükünün iddiaçının üzərinə qoyulması işin hallarına uyğun olaraq onun vəziyyətinə mütənasib hesab edilə bilməz.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. “İcarə haqqında” Qanunun 13-cü maddəsinin (icarə müqaviləsinin dəyişdirilməsi, pozulması, xitamı və uzadılması) 6-cı hissəsinə əsasən, icarəçi vətəndaş ilə müqaviləyə xitam verilərkən onunla birlikdə yaşamış və işləmiş ailə üzvləri icarə müqaviləsi bağlamaqda üstün hüquqa malikdirlər. İcarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. Müqavilənin bağlanmasının icarəçinin şəxsi keyfiyyətləri ilə şərtləndirildiyi hallar istisna edilməklə, icarəçinin ixtiyarı yoxdur ki, həmin şəxsin qüvvədə olan müqavilə üzrə qalan müddət üçün müqaviləyə daxil olmasına razılıq verməsin.

18. Məhkəmə vaxtilə mərhum Rüstəm Gözəlovla bağlanmış icarə müqaviləsinin onun şəxsi keyfiyyətləri ilə şərtləndirildiyini müəyyən etmir. Bununla bağlı cavabdehin hər hansı dəlili yoxdur. Əksinə iş materiallarında olan çoxsaylı qəbzlərdən, əmlakdan istifadəyə dair müqavilələrdən görünür ki, icarə obyekti mərhum Rüstəm Gözəlovun ailəsinin istifadəsində olmuş, 2014-cü ildə Rüstəm Gözəlovla icarə müqaviləsinə xitam verəndən sonra cavabdeh qurum iddiaçıya qarşı hər hansı tələb irəli sürməmiş, icarə obyektinin boşaldılması, təhvil verilməsi və sair tədbirlərin həyata keçirilməsi ilə bağlı hər hansı addım atmamışdır.

19. İddiaçının icarə obyektindən istifadəyə dair qanuni gözləntisi, yəni əmlak marağı olmuşdur. Həmin maddi maraq AİHK-in 1 saylı Protokolunun 1-ci maddəsi çərçivəsində iddiaçının mülkiyyətini, aktivini təşkil edir. Cavabdeh qurum icarə müqaviləsini ləğv etməklə iddiaçını mülkiyyətindən (maddi marağından) məhrum etmişdir. Odur ki, məhkəmə həmin məhrumetmənin qanuniliyinə qiymət verməlidir.

20. AİHM presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

21. X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

22. İş materiallarından və tərəflərin izahatından görünür ki, icarəyə verilən qeyri-yaşayış sahəsi bugünə qədər təyinatı üzrə iddiaçı tərəfindən istifadə edilir və iddiaçı tərəfindən obyektin istifadəsi ilə bağlı xərclər ödənilir.

23. Odur ki, cavabdeh icarə müqaviləsinə qanunun tələblərinə uyğun xitam verməmiş, icarə münasibətlərinin icarəçinin ailə üzvləri (vərəsələri) ilə davam etdirmək barədə hər hansı tədbir görməmiş və onların belə bir niyyətinin olmaması ilə bağlı da hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

24. Odur ki, məhkəmə hesab edir ki, vaxtilə Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkətləri qanuna zidd olmuşdur və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçıların X12 Konvensiyasının 1 saylı Protokolun 1ci maddəsində nəzərdə tutulan mülkiyyətdən məhrum etmə (ikinci qayda) pozulması hesab oluna bilər.

25. İcarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqlarının onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçməsi qanunda (“İcarə haqqında” Qanun) qəti olaraq müəyyən edildiyindən və mərhumun ailəsi həmin əmlaka sahibliyi şəksiz nümayiş etdirdiyindən həmin icarə obyekti qanunun mənasına görə iddiaçının hüquqları ilə həm faktiki, həm də hüquqi olaraq yüklü olmuşdur. Odur ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi 3 ünvanında yerləşən sahəsi 14,4 kv.m. qeyri-yaşayış sahəsinə dair X9 ilə bağlanmış xx.xx.2007-ci il tarixli 4975 nömrəli icarə müqaviləsinə icarəçinin xx.xx.2014cü il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq xitam verilməsinə dair Komitənin xx.xx.2014cü il tarixli 351 nömrəli Sərəncamı qanunsuz əlverişsiz inzibati aktdır. Belə ki, həmin sərəncamla siyahısı həmin sərəncama əlavədə göstərilən daşınmaz dövlət əmlak obyektlərinə dair icarə müqavilələri ləğv edilmiş, həmin əlavədə digərləri ilə yanaşı, qeyd edilən daşınmaz əmlak obyekti barədə də məlumat vardır.

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

27. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Komitənin xx.xx.2014-cü il tarixli 351 nömrəli Sərəncamı qeyd edilən icarə obyektinin ləğvi hissəsində qanunsuz sayılmalıdır (Belə ki, həmin Sərəncamda hazırki işə aidiyyəi olmayan digər icarə müqavilələrinin də ləğv edildiyi müəyyən edilir).

28. Belə ki, iddiaçını məhrum icarəçinin ailə üzvü kimi əmlak marağından məhrum etmə qanuni olmamış və hər hansı kompensasiya məbləğinin ödənilməsi ilə şərtlənməmişdir.

29. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

30. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli 351 nömrəli Sərəncamı Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi 3 ünvanında yerləşən sahəsi 14,4 kv.m. qeyri-yaşayış sahəsinə dair X9 ilə bağlanmış xx.xx.2007-ci il tarixli 4975 nömrəli icarə müqaviləsinə icarəçinin xx.xx.2014-cü il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq xitam verilməsi hissəsində qanunsuz sayılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar