Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3238/2025 27.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi və sair” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********497100 nömrəli qərarının ləğv edilməsi və 44677,22 manat təsdiqlənməmiş azalma məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı 2022-ci ildə rəsmi qaydada elektron qaimə-faktura ilə rəsmiləşdirilməklə 136264,24 manat dəyərində mal satmışdır. Lakin həmin malların elektron qaimə-faktura ilə alınması imkan xaricində olmuşdur. Bundan sonra, vergi orqanı şəxsi riskli vergi ödəyicisi qrupuna salmaqla gəlir vergisi bəyannaməsindən malın dəyərinə dair xərcləri silmiş və bütün gəliri xalis gəlir kimi qəbul edərək şəxs barəsində qanunsuz vergi hesablamışdır. Nazirlər Kabinetinin müvafiq qərarında bu formada həyata keçirilən əməliyyata görə riskli vergi ödəyicisi hesab olunma nəzərdə tutulmamışdır. Belə ki, şəxs müxtəlif çeşidli malar alıb satmamış, sadəcə satılan maların alış sənədi olmamışdır ki, buna görə də riskli qrupa salınma Meyarlarda nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən sonuncu təqdim olunmuş gəlir vergisi bəyannaməsi üzrə xərclər qəbul edilməmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla 19817,05 manat əlavə vergi məbləği hesablanmışdır. Halbuki, iddiaçı tərəfindən 20 faiz ticarət əlavəsi ilə sonuncu təqdim olunmuş bəyannamə ilə 4542,15 manat məbləğində vergilər dövlət büdcəsinə bəyan olunmuşdur. Vergi orqan niyə vergi ödəyicisi üçün xərc müəyyən etmədiyini əsaslandıra bilmir. Belə ki, həm vergi ödəyicisinin riskli vergi ödəyicisi olduğunu qeyd edir, halbuki, nə Vergi Məcəlləsində, nə də Riskli vergi ödəyicisinin Meyarlarında riskli vergi ödəyicisində xərcin nəzərə alınmaması ilə bağlı heç bir müddəa mövcud deyil. Həm də, vergi ödəyicisinin xərc sənədlərinin olmadığına istinad edir. Belə olan halda niyə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etmədiyini sual etdikdə isə, bunun vergi orqanının hüququ olduğunu bildirirlər. Amma bu hüququnu nə zaman tətbiq etməli olduğunu vergi orqanı əsaslandıra bilmir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, uçotbaza məlumatlarına əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün "təsərrüfat mallarının topdan satışı” olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-cı il tarixdən xx.xx.2022-ci illər ərzində elektron qaimə-faktura əsasında 136264.24 manat dəyərində "süngü və çalov kürəkləri” təsərrüfat malları təqdim etməsinə baxmayaraq, bu malların sadəcə 10322.16 manat olan hissəsi vergi ödəyicisinin elektron qaimə-faktura əsasında alındığı müəyyən edilmişdir ki, bu hal vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il üzrə dəqiqləşmiş gəlir vergisi bəyannaməsi ilə 99085.26 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********043000 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il Gəlir vergisi bəyannaməsi üzrə 19817,05 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********497100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə iddiaçıya **********649400 nömrəli "Riskli əməliyyatların araşdırılması barədə” məktub göndərilmiş, 5 iş günü ərzində təsdiqedici sənədlərin (malların təhvil-qəbul aktları, kassa mədaxil-məxaric orderləri, alış aktları (tarix,seriya və nömrələri ilə birlikdə), əldə edilmiş invoys, elektron qaimə-fakturalar (tarix,seriya və nömrələri ilə birlikdə)) qeydiyyatda olduğu vergi orqanına təqdim etməli olduğu bildirilsə də, vergi ödəyicisi tərəfindən təqdim edilməmişdir. İddiaçı (VÖEN:**********) vergi orqanının xx.xx.2023-cü il tarixli **********428700 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmiş, qərarın surəti vergi ödəyicisinə göndərilmişdir. Araşdırma zamanı vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2022-ci ilin gəlir vergisi üzrə hesablanmış məbləğlərin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə ləğv edilməsi nəticəsində şəxsi hesab vərəqəsinin kameral yoxlanılmalı məbləğ sətrində 44677,22 manat məbləğin əks olunduğu müəyyən edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2023 tarixli **********428700 nömrəli qərarı ilə İddiaçı riskli vergi ödəyiciləri siyahısına əlavə olunduğundan kameral yoxlanılmalı məbləği təsdiqlənməmişdir. Belə ki, İddiaçı tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə cəmi 72,1 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "bolt 8x65, fəhlə əlcəyi, kağız (rəngsaz üçün) çəkmə və s.” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə- faktura üzrə iddiaçının alışında, idxalında qeyd olunan mallar müəyyən edilməmişdir. İddia ərizəsində iddiaçı tərəfindən xərclərə dair təsdiqedici sənədləri olmadığından ödənilməli gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasına əsasən hesablanmalı olduğu qeyd edilmişdir. "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********497100 nömrəli qərar ilə hesablanmış əlavə vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmiş, cavabdeh həmin qərarın iddiaçıya daha əvvəl təqdim edilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsini məhkəməyə təqdim etməklə qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmişdir (İPM, maddə 38). İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, işdə olan xx.xx.2023-cü il tarixli **********28700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarından görünür ki, vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 iyul 2024-cü il tarixli **********497100 nömrəli qərarından görünür ki, cavabdeh 2022-ci il vergi dövrü üzrə iddiaçıya 19817,05 manat məbləğində əlavə gəlir vergisi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, təqdim edilən bəyannamənin “Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7-ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11-ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (1230-cu), "Nəqliyyat xərcləri" (1233-cü), “Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (109407.40 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0 manat) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (rislki e-qaimə-fakturaların məbləği (0.00) istisna olmaqla) və alış aktlarının məbləği (10322.14 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0.00 manat) cəmi məbləğindən (10322.14 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0.00 manat) çıxılması nəticəsində yaranan (10322.14 manat) məbləğin müqayisəsi nəticəsində 99085.26 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. İddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixə onun 44677,22 manat məbləğində təsdiqlənməmiş azalması mövcuddur. İddiaçı hazırda xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və təsdiqlənməmiş azalmanın silinməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən: -Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. -Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. -Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. -Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -Maddə 67.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -Maddə 67.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. -Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. -Maddə 67.14 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. -Maddə 83.9 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən: 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdeh tərəfindən barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********497100 nömrəli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə qeyd edir ki, mübahisəyə dair iş üzrə materiallardan görünür ki, cavabdeh 99085,2 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərc müəyyən edərək, xx.xx.2024-cü il tarixli qərarla iddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə 19817,05 manat əlavə vergi məbləği hesablamışdır. Bu zaman cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, yuxarı instansiyası məhkəmələri tərəfindən analoji faktlara əsaslanan oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi və hüquqi mövqe ondan ibarətdir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini malın dəyərini, yəni gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan birbaşa gəlir əsasında hesablamışdır. Lakin hesablamanın bu qaydada tətbiqi yolverilməz sayılmalıdır. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə (xx.xx.2024-cü il tarixədək olan vergi dövrləri üzrə) hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir. Başqa sözlə, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Yəni vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz. Çünki “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməli olan cavabdeh bundan imtina etmişdir. Həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir. Cavabdeh etirazında iddiaçıya vergi hesablanarkən Vergi Məcəlləsinin 67.1.2-ci maddəsinə istinad olunduğunu qeyd etsə də, onun tərəfindən verginin həmin maddənin tələbləri qaydasında hesablandığına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar üzrə iddiaçı tərəfindən təqdim olunmuş bəyannamələrə əsasən verginin hesablandığını qeyd edən cavabdeh, həmin bəyannamələri də məhkəməyə təqdim etməmişdir. Bu hesablama ilə cavabdeh gəlirin əldə edilməsi ilə bağlı rəsmi sənədlərlə təsdiqini tapan xərcləri qəbul etməklə kifayətlənmiş, Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunan imkanlardan istifadə edərək, iddiaçı üçün əlverişli halları nəzərə almamış və verginin düzgün hesablanmasını təmin etməmişdir. Əslində cavabdeh müvafiq əlaqəli məlumatlar əsasında iddiaçının mövcud xərclərini və bunun üzərindən mənfəətini (gəlirini) müəyyən edə bilərdi. Həmçinin, analoji vergi ödəyicisinə aid məlumatların araşdırılması istiqamətində də cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Hətta son zərurət olaraq şərti rentabellik normasının tətbiqi istiqamətində də inzibati araşdırma aparılmamışdır. Odur ki, cavabdeh tərəfindən aparılmış hesablama əsassız sayılmalıdır (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2643/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı). İddiaçının şəxsi hesab vərəqəsinə daxil edilmiş təsdiqlənməmiş azalmaya gəldikdə, işdən qeyd edilən məbləğin hansı vergi yoxlaması nəticəsində müəyyən edildiyi və bu barədə vergi orqanının müvafiq qərarının qəbul edildiyi müəyyən olunmur. İş üzrə yekunlaşmış kameral vergi yoxlaması və yoxlamanın nəticəsi kimi vergi borcunun hesablanması barədə inzibati orqan inzibati aktında əlavə vergi məbləği kimi 19817,05 manat göstərilmiş, 44677,22 manat ilə bağlı hər hansı bir məlumat olmamışdır. Cavabdehin istinad etdiyi iddiaçının riskli vergi ödəyicisi siyahısına daxil edildiyindən şəxsi hesab vərəqəsində qeyd edilən 44677,22 manat təsdiqlənməmiş azalmanın göstərilməsinin əsaslı olması ilə bağlı dəlili ilə məhkəmə razılaşmır. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Qeyd edilməlidir ki, vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda Vergi Məcəlləsində vergi orqanına növbədənkənar vergi yoxlaması keçirmək (VM maddə 38.3.8- 1); operativ vergi nəzarəti keçirmək (VM maddə 50.2.5); vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq (VM maddə 83.7); vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb etmək (VM maddə 89.3) kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə vergi orqanının vergi ödəyicisinin şəxsi hesab vərəqəsində təsdiqlənməmiş azalma adı altında 44677,22 manat məbləği göstərməsi vergi orqanının riskli vergi ödəyicisinə münasibətdə tətbiq edə biləcəyi qanunla nəzərdə tutulmuş səlahiyyətlərinə uyğun deyildir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsində təsdiqlənməmiş azalma kimi qeyd edilən məbləğin göstərilməsi iddiaçıda vergi öhdəliyi barədə qeyri-müəyyənlik yaradır. Halbuki, vergi ödəyicisinin vergi məbləğini hesablamaq, ödəmək vəzifəsi olduğu kimi nə qədər və hansı əsasla vergi borcunun olub-olmamasını müəyyən etmək və ona uyğun fəaliyyətini təşkil etmək kimi hüququ da vardır. Beləlikə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********497100 saylı qərarı ləğv edilsin və 44677,22 manat təsdiqlənməmiş azalma məbləğinin İddiaçı şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-3238/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3238/2025
27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver