Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3240/2025 02.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “qərarın ləğv edilməsi və ona ünvanlı dövlət sosial yardımının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə **********8422-1 nömrəli ərizəsi üzrə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərarın ləğv edilməsi və cavabdehin üzərinə xx.xx.2024-cü il tarixindən başlayaraq ona ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona ünvanlı sosial yardım təyin edilməsindən imtinanın qanunsuz və əsassız hesab edilərək ona müraciət etdiyi xx.xx.2024-cü il tarixindən ünvanlı sosial yardım təyin edilməsi öhdəliyinin cababdeh Azərbaycan Respubliakı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün **********8422-1 nömrəli ərizə ilə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Cavabdeh tərəfindən cavab olaraq xx.xx.2024-cü il tarixli ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı qanunsuz hesab edir. Cavabdeh ilk olaraq hərəkətsizlik edərək yaşadığı ünvana qanunvericiliklə 15 gün müddətində baxış keçirməli olduğuna baxmayaraq bunu etməmişdir. Ünvana 2 ay 18 gündən sonra baxış keçirmiş və əsassız imtina qərarı qəbul etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçı ünvanlı dövlət sosial yardımın (bundan sonra sosial yardım) təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, **********8422-197 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən imtina edilmişdir. Belə ki, iş üzrə maddi-məişət şəraitinin yoxlanılması zamanı təmsilçi tərəfindən rəsmi nikahda olub ayrıldığı və 250 manat məbləğində aliment qət olunduğu bildirilsə də, məhkəmə qətnaməsi təqdim olunmamışdır. Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi təmsilçi tərəfindən aliment məbləğinin qeyd edilməsi, lakin məlumatın doğruluğunu təsdiq edən sənədin təqdim edilməməsi ilə bağlı olmuşdur. Təmsilçinin hansı məbləğdə aliment alması ilə bağlı məlumatın dəqiqləşdirilməsi üçün təqdim edilməli olan məhkəmə qətnaməsi müayinə zamanı təqdim edilməmiş, belə olan təqdirdə təmsilçinin daxil etdiyi məlumatın doğruluğunu müəyyən etmək mümkün olmadığından ona müvafiq imtina cavabı verilmişdir. “VEMTAS” heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdırılaraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür. Qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona və aztəminatlı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin, imtina cavabdehin inzibati orqan olaraq qüdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini və məhkəmədən təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1990-cı ildə anadan olmuşdur. O, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31 iyul 2017-ci il tarixli, 2(004)-5582/2017 saylı qətnaməsi ilə iddiaçı ilə X7 arasında Sabunçu rayon Qeydiyyat şöbəsində 20 dekabr 2006-cı il tarixdə, 1796 akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 iddiaçının yanında qalması qət edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçı 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinə Notariat Ofisinin 8İ-40183 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən X3 4 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay son 1 ildə cəmi 250 manat sabit pul məbləğində alimenti Bakı şəhəri Yasamal rayon icra şöbəsi vasitəsi ilə alır. "xxxx" MTK-nın 163 nömrəli, 26 aprel 2024-cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçı həqiqətən ünvan 3 ünvanındakı yüksəkmərtəbəli yaşayış binasının 10-cu giriş, 13cü mərtəbəsində olan, 1 otaqlı, 1179 saylı mənzildə ailə üzvləri ilə birgə qeydiyyatsız yaşayır (özü, qızı xx.xx.2007-ci il təvəllüdlü X6, oğlu xx.xx.2012-ci il təvəllüdlü X9, oğlu xx.xx.2016-cı il təvəllüdlü X8 və oğlu xx.xx.2016-cı il təvəllüdlü X10). Cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı ilə Rəhbərlik arasında müddətsiz əmək müqaviləsi bağlanmış, iddiaçının vəzifəsi kargüzar, aylıq əmək haqqı məbləği 175 manat göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçının və ailə üzvlərinin adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universitetinin xx.xx.2025-ci il tarixli, 711 nömrəli arayışına əsasən X6 həqiqətən “Tikintiiqtisad” fakültəsinin 1 kurs 744a2 qrupunun tələbəsidir. “İqtisadiyyat” ixtisası üzrə əyani şöbəsində ödənişli əsaslarla təhsil alır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində qərarın ləğv edilməsi və ona ünvanlı dövlət sosial yardımının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd; ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi; aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır (1.0.). Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər (3). Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır (7.1. ). Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır: tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər); müddətli həqiqi hərbi xidmətdə olan şəxslər; cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; axtarışda olan şəxslər; Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları; əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla) (9.0.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda göstərilmişdir ki, bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir (1.1.). Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: ailə üzvünün əmək qabiliyyətini itirməsi; əmək qabiliyyətli olan ailə üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi; ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; ailə üzvünün vəfat etməsi; ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; ailə üzvünün azadlıqdan məhrum edilməsi; ailə üzvünün olduğu yerin məlum olmaması (1.2.). Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir (2.1.). Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur (3.5.). Sosial yardım təyin edilərkən, ailənin tərkibində aşağıda göstərilən ailə üzvləri nəzərə alınmır: tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər); müddətli həqiqi hərbi xidmətdə olan şəxslər; cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; axtarışda olan şəxslər; Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları; əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla) (3.6.). Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X2 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda (3.7.). Yuxarıda qeyd edilən normativ aktların tələblərindən görünür ki, ailənin ümumi gəlirinin hər bir ailə üzvünə düşən hissəsinin məbləği ölkə üzrə ehtiyac meyarından aşağı olduqda, ailəyə həmin hissənin ehtiyac meyarından aşağı olan hissəsi məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilir. Ünvanlı sosial yardımın təyin edilməsi zamanı ailə üzvləri sırasında əcnəbilər (Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər istisna olmaqla) və cəzaçəkmə müəssisəsində olan şəxslər nəzərə alınmırlar. “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının aiə tərkibi özündən və övladları xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X4 ibarətdir. İddiaçının övladlarından yalnız X6 yetkinlik yaşına çatmışdır ki, o Ali Məktəb tələbəsidir və bu səbəbdən ailənin gəlir gətirməl olan üzvü kimi nəzərə alına bilməz. İddiaçının isə əmək müqaviləsinə əsasən əmək haqqı 175 manat təşkil edir. Eyni zamanda iddiaçı övladlarına görə 250 manat aliment alır. Beləliklə ailənin cəmi gəliri 425 manat təşkil edir ki, həmin rəqəmi beş ailə üzvünün sayına böldükdə hər bir ailə üzvünə cəmi 85 manat düşür. Bu isə ölkə üzrə ehtiyac meyarından azdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixindən ona ünvanlı sosial yardım təyin edilməsi, ötən dövr üzrə ödənilməli olan məbləğlərin hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixindən ünvanlı sosial yardım təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-3240/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3240/2025
02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver