Məhkəmə qərarları › İş №e-2-1(112)-3297/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3297/2023

04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3297/2023 04.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi ilə, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (bundan sonra – cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 23 sentyabr 2022-ci il tarixli **********614200 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixdə ********** saylı VÖEN və AZ-1033, ünvan 1 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. İddiaçının nizamnamə üzrə əsas fəaliyyəti tikinti işlərinin aparılmasından ibarətdir. Cavabdeh MMC-də kameral vergi yoxlaması keçirmişdir. Bütün tələb olunan sənədlər təqdim edilsə də, vergi orqanı vergi ödəyicisinə **********045100 qeydiyyat nömrəli 21 sentyabr 2022-ci il tarixli **********9 saylı vergi borcunun ödənilməsinə dair bildiriş göndərmişdir. Daha sonra cavabdeh xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Cavabdeh bu borcu tam qanuna zidd olaraq hesablamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Bu maddələr onu nəzərdə tutur ki, ƏDV bəyannaməsinin təqdim edilməsindən 30 iş günü keçibsə və vergi orqanı uyğunsuzluq aşkar edibsə bildiriş göndərir. Riskli vergi ödəyicisi barədə əməlliyat apardıqda sistem qırmızı göstərir. Əməliyyat aparmaq mümkünsüz olur. İddiaçı tərəfindən fəaliyyətinin dayandırılması barədə xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edilmişdir və müraciətin təmin edildiyi barədə məktub gəlmişdir. Göründüyü kimi iddiaçının fəaliyyəti olmadığı bir halda cavabdeh vergi orqanı tərəfindən belə bir qərar qəbul edilmişdir. Bundan əlavə iddiaçı tərəfindən ilin əvvəlində əldə edilmiş elektron qaimə-fakturaların ilin 3-cü rübündə vergi orqanının uçot baza məlumatlara əsasən riskli (və ya əmtəəsiz) hesab edilməsi və buna görədə fəaliyyəti dayandırılmış şirkətə kameral qaydada vergi hesablanması tamamilə qanunsuzdur. Belə ki, iddiaçı qanuna müvafiq şəkildə alış və satış qaimələri ilə işləmiş, bəyannamə vermiş və vergisini ödəmişdir. İddiaçı öncədən bilsəydi ki, elektron qaimə-fakturaların sonradan vergi orqanının uçot baza məlumatlarına əsasən riskli (və ya əmtəəsiz) olması müəyyən ediləcək o zaman təbiidir ki, həmin şirkətlət ilə alış-veriş etməzdi. Bütün lazımı məlumatlar və cavabdehə təqdim olunmasına baxmayaraq əsassız və qanunsuz olaraq vergi qanunvericiliyinin tələbləri kobud şəkildə pozularaq mənfəət vergisi hesablanmışdır. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş və göstərmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021-xx.xx.2022-ci illər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bir sıra vergi ödəyicilərindən əldə edilərək əvəzləşdirilmiş elektron qaimə-fakturaların vergi orqanının uçot baza məlumatlara əsasən riskli (və ya əmtəəsiz) olması müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, 2022-ci ilin iyul ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 634714,86 manat vergi məbləği hesablanaraq, xx.xx.2022-ci il tarixli Qərar vergi ödəyicisinə göndərilmişdir. Bundan başqa, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin fəaliyyətinin dayandırılması üçün vergi orqanına müraciət edilmişdir. Lakin uçot baza məlumatlarına əsasən vergi ödəyicisinin fəaliyyəti hal-hazırda dayandırılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2022-ci il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2022-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh tərəfindən iddiaçıya ünlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Bildiririk ki, tərəfinizdən xx.xx.2021-xx.xx.2022-ci illər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bir sıra vergi ödəyicilərdən əldə edilərək əvəzləşdirilmiş elektron qaimə- fakturaların vergi orqanının uçot baza məlumatlara əsasən (məktubunuza əlavə edilir) riskli (və ya əmtəəsiz) olması müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində vergi bəyannamələrini əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri vergi orqanına təqdim etməyiniz tələb olunur. Bildiririk ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının Sizin vergi öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır. Əlavə olaraq bildiririk ki, təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannamələrində əvvəlki vergi bəyannamələri üzrə yaranmış uyğunsuzluqlar aradan qaldırılmadıqda, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq qanunamüvafiq tədbirlər görülə bilər.”. xx.xx.2022-ci il tarixli **********9 № li “vergi borcunun ödənilməsinə dair” bildirişdən görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə 212825,32 manat vergilər üzrə, 5960,38 manat faizlər üzrə, ümumilikdə 218,785.70 manat dövlət büdcəsinə borcu vardır; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********614200 № li qərara əsasən iddiaçının xx.xx.2021xx.xx.2022-ci illər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bir sıra vergi ödəyicilərindən əldə edilərək əvəzləşdirimiş elektron qaimə-fakturaların vergi orqanının uçot baza məlumatlarına əsasən riskli (və ya əmtəəsiz) olması müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Nəticədə aparılmış kameral yoxlama nəticəsində təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 953,12 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və sığorta haqqı 953,12 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 634.714,86 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 633.761,74 manat müəyyən edilmişdir; Vergi ödəyicisinin fəaliyyətinin online dayandırılması barədə arayışından görünür ki, cavabdehin fəaliyyətinin və əməliyyatlarının xx.xx.2022-ci il tarixdən xx.xx.2097-ci il tarixədək dayandırılması qeyd edimişdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli **********457200 № li qərardan müəyyən edilir ki, vergi ödəyicisi “CİKO” LTD (VÖEN: **********) ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxalixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. “CİKO” LTD tərəfindən təqdim edilən e_vhf-ə əsasən 1 176 737 manat (ƏDV daxill) dəyərdə “Qara metal” tullantıları və qırıntıları; yenidən əridilmək üçün qara metalların küçələri, komputer dəsti stolüstü, jalüz, portretlər və dövlət atributları və s. təqdim edilmişdir. Təqdim edilmiş mallar alış və idxalında müəyyən edilmədiyi üçün əhəmiyyətli riskli hesab edilir. Qeyd edilənlərə əsasən vergi ödəyicisi “CİKO” LTD riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir; Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli **********507400 № li qərardan müəyyən edilir ki, vergi ödəyicisi "xxxx" MMC (VÖEN: **********) ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxalixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. "xxxx" MMC tərəfindən 3 036 347 manat dəyərində 5795 ton “metal qırıntısı” və 76865 manat dəyərində “təkər” təqdim edilmişdir. Vergi ödəyicisinin təqdim etdiyi mallardan yalnız 1642 ton “metal-qırıntısının” alınması barədə e-qaimənin olması riskli hesab edilir. Qeyd edilənlərə əsasən vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir; Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli **********546500 № li qərardan müəyyən edilir ki, vergi ödəyicisi "xxxx" MMC (VÖEN: **********) ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxalixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-xx.xx.2021 tarixlərdə 2 904 966 manat dəyərində 6482,52 ton “metal” təqdim edilmişdir. Vergi ödəyicisinin təqdim etdiyi malın yalnız 314,72 tonun alışı barədə e-qaimənin olması riskli hesab edilir. Qeyd edilənlərə əsasən vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir; Həmin qərarlara iddiaçı ilə göstərilən vergi ödəyiciləri arasında əməliyatların edilməsinə dair çıxarışın surəti əlavə edilmişdir. İddiaçı MMC həmin riskli hesab edilmiş vergi ödəyiciləri ilə əməliyyatlar apardığından cavabdeh tərəfindən hazırda mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və hesab edir ki, qərar qəbul edilərkən vergi qanunvericliyin tələbləri pozulmuş, kameral vergi yoxlaması üçün nəzərdə tutulmuş 30 gün müddətə əməl edilməmişdir. Həmçinin iddiaçının həmin vergi ödəyicililərinin riskli vergi ödəyicisi olmasından məlumatlı olmamışdır. - Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). - bənd 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. - bənd 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Baxılan işin mübahisələndirilməyən hallarıdır ki, iddiaçının 2021-ci ilin may-oktyabr ayları ərzində əməliyyat apardığı “Çiko” LTD "xxxx" MMC və "xxxx" MMC cavabdeh orqanın xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli qərarları ilə riskli vergi ödəyicisi hesab edilmişdir. İddiaçı ilə həmin vergi ödəyiciləri arasında əməliyyatlar isə həmin vergi ödəyicilərin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarlar qəbul edilikdən həm əvvəl, həm də sonrakı dövrlərdə olmuşdur. Bu halı iddiaçı da inkar etmir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında və iddia tələbində həmin vergi ödəyicilərin riskli vergi ödəyiciləri olmasının iddiaçıya məlum olmadığını qeyd etmişdir. Lakin məhkəmə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi bu halı inandırıcı hesab etmir. Belə ki, yuxarıda istinad edilən qaydaların tələblərinə görə vergi ödəyicisi riskli hesab edilikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. https://www.e-taxes.gov.az/ebyn/risk/ internet portalında hər üç vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə məlumatın əks olunması iddiaçının bu dəlilini təkzib edir. Bundan başqa məhkəməyə təqdim edilən malların (işlərin, xidmətlərin) təqdim edilməsi barədə cədvəldən görünür ki, qeyd olunan vergi ödəyicilərinin xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə riskli vergi ödəyicisi olması barədə qərarlar qəbul edildikdən 2-3 ay sonra, yəni 08-21 oktyabr tarixlərində iddiaçı ilə həmin vergi ödəyiciləri arasında əməliyyatlar aparılmışdır. Məhkəmə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi digər hal, yəni kameral vergi yoxlamasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə aparılmaması ilə bağlı aşağıdakıları qeyd edir: Mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. - 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. - 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Göründüyü kimi, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Qanunvericiliyin tələblərində göründüyü kimi, kameral vergi yoxlamasının keçirilməsi bəyannamənin təqdim edildiyi müddətdən 30 iş günü müddətində keçirilir. Baxılan işdə isə iddiaçı tələbində 30 gün müddətə əməl edilmədiyi qeyd etmiş, lakin bəyannaməni vergi orqanına hansı vaxt təqdim etdiyini göstərməmişdir. İş materiallarında müəyyən edilir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021-xx.xx.2022ci illər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bir sıra vergi ödəyicilərindən əldə edilərək əvəzləşdirilmiş elektron qaimə-fakturaların vergi orqanının uçot baza məlumatlarına əsasən riskli (və ya əmtəəsiz) olması müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, 2022-ci ilin iyul ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 634714,86 manat vergi məbləği hesablanaraq, xx.xx.2022-ci il tarixli Qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin: - 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır; - 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; - 67.1.2 vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; - 67.1.3 vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; - 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; - 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; - 67.1.6 vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar: - 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; - 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; - 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar