Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3316/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilərək ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1980-1985-ci illərdə (5 il) X1 evində musiqi təhsili almış, xx.xx.1982-xx.xx.1985-ci illərdə (2 il 10 ay 9 gün) 177 nömrəli Bakı Texniki Peşə Məktəbinin “Elektrik qaz qaynaqçısı” ixtisası üzrə əyani təhsil almış, xx.xx.1985-xx.xx.1987-ci illərdə (2 il 1 ay) hərbi xidmətdə olmuş, xx.xx.1988-xx.xx.1990-cı illərdə (2 il 3 ay 12 gün) qaz qaynaqçısı, xx.xx.1990-cı il tarixdən də bugünə kimi (34 ildən artıq) Nəriman Nərimanov adına Neft və Qazçıxarma idarəsinin 4 saylı Neft və qazçıxarma və istismar avadanlıqları sahələrində və “Bulla-dəniz” Neft və qazçıxarma idarəsinin 1 saylı Neft və qazçıxarma sexində elektrik qaz qaynaqçısı vəzifəsində işləmiş və hazırda da işləyir. Belə olan halda iddiaçının ümumi stajı aldığı təhsillərlə birlikdə bügünə kimi 45 ildən artıq, xx.xx.2006-cı il tarixə isə 25 il 10 ay 5 gün edir. Bu isə onun 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almağı üçün əsasdır. Bu səbəbdən də o, 57 yaşı tamam olanda güzəştli şərtlərlə əmək pensiyası almağı üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iş stajının təqdim edilən əmək kitabçasına və təhsil sənədlərinə əsasən yoxlanılması zamanı az hesablayaraq 01 yanvar 2006-cı il tarixinə ümumi olaraq 22 il 05 ay 03 gün hesablamış və bu səbəbdən də güzəştli əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirərək ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılaraq, ümumi iş stajı 25 ildən az oluğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilən imtina qanuni və əsaslı olmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının ümumi iş stajı 25 ildən az (22 il 5 ay 3 gün (xx.xx.1982-xx.xx.1985-ci il, xx.xx.1985xx.xx.1987-ci il və xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1993-cü il və xx.xx.1993xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Belə ki, 2006-cı ilin 1 yanvar tarixinədək bitmiş əyani təhsil müddəti həmin tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə uyğun olaraq sığorta stajına daxil edilir. İddiaçı tərəfindən təqdim edilmiş 594989 nömrəli diploma (Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən iddiaçının 177 nömrəli Bakı Texniki Peşə Məktəbinin “elektrik qaz qaynaqçısı" ixtisasını əyani formada bitirdiyi təsdiqlənmişdir) əsasən iddiaçının xx.xx.1982-xx.xx.1985-ci il tarixlərində əyani təhsil müddəti sığorta stajına daxil edilmişdir. Lakin, Qobustan qəsəbəsi mədəniyyət evinin şəhadətnaməsinə əsasən iddiaçının 1980- 1985-ci illərdə keçdiyi kurs “Vətəndaşların pensiya təminatı” haqqında qanunun 67-ci maddəsinin ğ bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti hesab olunmadığından iddiaçının ümumi iş stajına daxil edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, həmin müddətin əyani olub-olmaması barədə məlumat yoxdur. Göründüyü kimi, 1980-1985-ci illərə dair həmin müddət iddiaçının 177 nömrəli Bakı Texniki Peşə Məktəbində olan xx.xx.1982-xx.xx.1985-ci ildə olan təhsil dövrü ilə üst-üstə düşür. Həmçinin, həmin müddət iddiaçının ümumi iş stajına daxil edilsə belə, qanunvericiliklə nəzərdə tutulmuş azı 25 illik staj tamamlanmır, belə ki, şəhadətnamədə konkret dövr göstərilməsə də, bir qayda olaraq təhsil sentyabr ayında başlanır. Bu baxımdan xx.xx.1982-ci ilə qədər 2 il müddət (xx.xx.1980-xx.xx.1982) staja daxil edilsə belə, 25 illik ümumi iş stajı tamamlanmır (22 il 5 ay 3 gün + 2 il = 24 il 5 ay 3 gün). Beləliklə, iddiaçının güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilməsi üçün 25 il ümumi iş stajı yoxdur. Məhkəmə iclasında iştirak edən iddiçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun çıxış edərək iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1967-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. X1 evi tərəfindən verilmiş şəhadətnaməyə əsasən iddiaçı 1980-cı ildə gitara ixtisasına qəbul olmuş, 1985-ci ildə gitara ifaçısı ixtisası üzrə tam kursu bitirmişdir. НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1985-ci il tarixdən 09 dekabr 1987-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Azərbaycan SSR X4 Təhsili Komitəsinin 594989 nömrəli diplomun surətinə əsasən iddiaçı 01 sentyabr 1982-ci ildə 177 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 19 iyul 1985-ci ildə elektrik qaz qaynaqçısı peşəsi üzrə orta texniki peşə məktəbinin tam kurusunu bitirərək orta təhsil almışdır. Ona 4-cü dərəcəli elektrik qaz qaynaqçısı ixtisası verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 04 iyul 2024-cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçı həqiqətən xx.xx.1982-ci il tarixdə 177 nömrəli Bakı Texniki Peşə Məktəbinin “Elektrik qaz qaynaqçısı” ixtisasına qəbul olmuş və xx.xx.1985-ci il tarixdə həmin ixtisası əyani formada bitirmişdir. ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1988-ci il tarixdə Qaz sənayesi Nazirliyi Bakı dərin özüllər zavodu Tikinti-quraşdırma idarəsində (xx.xx.1988-ci il tarixdə Bakı dərin özüllər zavodu “Şelfpromstroy” Təmir Tikinti İstehsalat Birliyinin 1 saylı Tikinti-quraşdırma idarəsi adlandırılmışdır) 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı il tarixdə işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək N.Nərimanov ad. NQÇİ-4 saylı NQÇSdə elektrik qaz qaynaqçısı, xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “Bulla-dəniz” Neft və qazçıxarma idarəsinin 1 saylı Neft və qazçıxarma sexində elektrik qaz qaynaqçısı, xx.xx.2006-cı il tarixdən bugünə kimi Nəriman Nərimanov adına Neft və Qazçıxarma idarəsində elektrik qaz qaynaqçısı vəzifəsində işləyir. SOCAR “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 4 saylı Neft və qazçıxarma və İstismar avadanlıqları sahələrində və “Bulladəniz” Neft və Qazçıxarma İdarəsinin 1 saylı Neft və qazçıxarma sexində elektrik qaz qaynaqçısı peşəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 33 il 06 ay 23 gün təşkil edir. İddiaçı xx.xx.1990-xx.xx.1993-cü il tarixlərində (əmr 931/bl xx.xx.1990) N.Nərimanov ad. NQÇİ-4 saylı NQÇS-də elektrik qaz qaynaqçısı (02 il, 05 ay, 05 gün); xx.xx.1993-xx.xx.2006-cı il tarixlərində (əmr 02/k xx.xx.1993) “Bulla-dəniz” NQÇİ-1 saylı NQÇS-də elektrik qaz qaynaqçısı (13 il, 05 ay); xx.xx.2006-xx.xx.2015-ci il tarixlərində (əmr N 402/k xx.xx.2006) N.Nərimanov ad. NQÇİ-4 saylı NQÇS-də elektrik qaz qaynaqçısı (08 il, 09 ay, 17 gün); xx.xx.2015-ci il tarixdən hal hazırkı dövrə (xx.xx.2024-cü il tarixinə) qədər (əmr N 131/k xx.xx.2015-ci il) İstismar avadanlıqları sahəsində elektrik qaz qaynaqçısı (08 il, 11 ay, 01 gün) işləmişdir. Qızdırılmış metalın oksigen vasitəsi ilə təyinatı üzrə kəsilməsi. Seçilmiş elektroda uyğun cərəyan şiddətinin seçilməsi. Elektrod tutucusuna taxılmış elektrodun metala toxunduraraq təyinatı üzrə qaynaq edilməsi. Aşağı, tavan, üfüqi və şaquli vəziyyətlərdə qaynağın edilməsi. Qaynaq metalının qaynaq keyfiyyətinin nəzəri yoxlanması və qüsurların aradan qaldırılması. Bucurqad mexanizminin təyin edilmiş yerdə quraşdırılması üçün qaynaq işlərinin yerinə yetirilməsi. Bucurqad burazının buraxılması üçün dəliklərin açılması. Bucurqad burazının zədələnməməsi üçün dəlik ətrafına istiqamətləndirici detalların qaynaq edilməsi. Ölçülərə uyğun kəsmə və qaynaq işlərinin icra edilməsi. Qaynaqdan sonra qaynaq birləşmələrin qaz olduğunda istiliklə emalı. Xüsusən mürəkkəb qaynaq metal konstruksiyaların çertyojlarının oxunması. Bu və digər vəzifə xüsusiyyətlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə uyğundur. SOCAR “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, X2 N.Nərimanov adına Neft və Qazçıxarma idarəsinin 4 və 3 saylı Neft və qazçıxarma sexlərində xx.xx.1990-cı il tarixindən xx.xx.1993-cü il tarixinədək elektrik qaz qaynaqçısı peşəsində işləmişdir. xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək “Bulla-dəniz” Neft və Qazçıxarma idarəsinin 1 saylı Neft və qazçıxarma sexində qaz qaynaqçısı peşəsində işləmişdir. xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək N.Nərimanov adına Neft və Qazçıxarma idarəsinin 4 saylı Neft və qazçıxarma sexində, xx.xx.2015-ci il tarixindən hal hazırkı dövrə qədər İstismar avadanlıqları sahəsində elektrik qaz qaynaqçısı peşəsində işləyir. İşlədiyi elektrik qaz qaynaqçısı və qazqaynaqçısı peşəsi üzrə yerinə yetirilən işin xüsusiyyətlərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci bölməsində nəzərdə tutulan “qaz qaynaqçıları” və “kəsməklə və əl ilə qaynaq işlərində məşğul olan elektrik qaz qaynaqçıları” peşəsinə uyğundur. Nəzərdə tutulan peşə üzrə iş stajı 34 il 01 ay 27 gün təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 13 dekabr 2024-cü il tarixli məktubu ilə məhkəmə sorğusuna əsasən iddiaçının fərdi şəxsi hesabı ilə bağlı məlumatları (2006-cı il tarixdən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) təqdim edilmişdir. Cavabdehin 13 avqust 2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1). Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir (9.8). Göründüyü kimi iddiaçı onun 57 yaşının tamam olduğu xx.xx.2015-ci ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Cavabdehin etirazının əsası ondan ibarət olmuşdur ki, iddiaçının xx.xx.2006-cı ilədək güzəştli iş stajı 12 il 6 aydan az (11 il 2 ay 21 gün (xx.xx.1982-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1991 -xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən ona 57 yaşdan əmək pensiyası təyin etmək mümkün deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasında kişilər üçün güzəştli şərtlərlə pensiya yaşı 57 yaş müəyyən edilmişdir. Belə olan halda iddiaçıya xx.xx.2015-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün o, həmin tarixədək 25 il ümumi, 12 il 06 ay güzəştli stajı toplamalıdır. Yəni, xx.xx.2017-ci ilə qədər 25 il ümumi, 12 il 06 ay güzəştli iş stajı olduğu təqdirdə, ona 57 yaşının tamam olduğu vaxtdan vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər. Çünki, bu halda artıq iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müəyyən edilmiş yaş həddinin qanunla qüvvədə olduğu dövrdə güzəştli şərtlərlə pensiya hüququ verən ümumi və güzəştli əmək stajını toplamış olur. İşdən göründüyü kimi iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Qaz sənayesi Nazirliyi Bakı dərin özüllər zavodu Tikinti-quraşdırma idarəsində 3-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək N.Nərimanov adına NQÇİ-4 saylı NQÇS-də elektrik qaz qaynaqçısı, xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “Bulla-dəniz” Neft və qazçıxarma idarəsinin 1 saylı Neft və qazçıxarma sexində elektrik qaz qaynaqçısı, xx.xx.2006-cı il tarixdən bugünə kimi Nəriman Nərimanov adına Neft və Qazçıxarma idarəsində elektrik qaz qaynaqçısı vəzifəsində işləyir. SOCAR “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin xx.xx.2024-cü il tarixli arayışında iddiaçının güzəştli pensiyası hüququ verən peşədə (vəzifədə) N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 4 saylı Neft və qazçıxarma və İstismar avadanlıqları sahələrində və “Bulla-dəniz” Neft və Qazçıxarma İdarəsinin 1 saylı Neft və qazçıxarma sexində elektrik qaz qaynaqçısı peşəsində işlədiyi, işlədiyi vəzifə üzrə sosial sığorta stajının 33 il 06 ay 23 gün təşkil etdiyi göstərilmişdir. Həmçinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə göndərilmiş sığortaolunan haqqında məlumatdan da görünür ki, 2006-2024-cü illərdə iddiaçının əmək haqqından məcburi dövlər sosial sığorta haqqı ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nda göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən (4.1.1.); 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən (4.1.2.) müəyyən edilir. Göründüyü kimi iddiaçı xx.xx.2017-ci ilə qədər 25 il ümumi və 12 il 06 ay güzəştli əmək stajını toplamışdır. Bu səbəbdən ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün hr hansı maneə yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-3316/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3316/2025
23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver