Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3329/2025 25.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və sair” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 7 sentyabr 2024-cü il tarixli 554-k nömrəli əmrinin ləğv edilməsi və öz ərizəsi ilə işdən xaric olunmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı Ədliyyə nazirinin müavini Abidin Hüseynovun 7 sentyabr 2024-cü il tarixli №-554-k nömrəli əmri ilə əsassız yerə ədliyyə orqanlarından xaric edilmişdir. 2016-ci ilin sentyabr ayında Ədliyyə Nazirliyinə işə qəbul olunmuş və həmin nazirliyin Penitensiar Xidmətində bir il müddətində baş inspektor, beş il Daxili Tədqiqat şöbəsinin rəisi, 2022-ci iyul ayından isə AR Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinin məsləhətçisi vəzifəsində işləmişdir. 2023-ci ilin mart ayından Bakı Şəhər Probasiya İdarəsinin rəis müvaini və rəis vəzifəsinin icra etmişdir. Xidmət illəri dövründə qüsursuz xidmətinə görə rəhbərlik tərəfindən bir sıra mükafatlar və medallara layiq görülmüşdür. 2024-cü ilin iyul ayında AR Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi Vüqar Ağayevin adına Tural Rüstəmov adlı məhkum tərəfindən tabeçiliyində olan icra məmuru ilə xidmətdən kənar münasibətdə olması haqqında şikayət ərizəsi daxil olmuşdur. Həmin ərizədə guya iddiaçının da məhkumla xidmətdən kənar münasibətdə olduğu qeyd olunmuşdur. Sonradan həmin ərizə ilə müraciət edən X11 “Tiktok’' sosial şəbəkələr vasitəsi ilə AR Prezidenti cənab İlham Əliyevə, AR Baş prokuroru cənab Kamran Əliyevə və AR Ədliyyə naziri cənab Fərdi Əhmədova müraciət edərək, həmin ərizəni təzyiq altında yazmasını göstərmişdir. Barəsində aparılmış xidməti araşdırma zamanı, həmin X11u, ümumiyyətlə tanımadığını və nə onunla, nə də tabeçiliyində olan icra məmuru ilə hər hansı xidmətdən kənar və qanunsuz əlaqəyə girmədiyini birdirsə də, bütün bunlar nəzərə alınmamış və AR Ədliyyə nazirinin müavini Abidin Hüseynovun 7 sentyabr 2024-cü il tarixli 554-k nömrəli əmri ilə ədliyyə orqanlarından xaric edilmişdir. Edilmiş haqsızlıq səbəbindən artıq ədliyyə orqanlarında xidmət etmək niyyəti yoxdur. Lakin, bu tərzdə xaric edilməsi iddiaçının şərəf və ləyaqətinin alçaldılmasına və mənəvi olaraq sarılmasına səbəb olmuşdur. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Probasiya xidmətinin Ədliyyə nazirinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhər probasiya idarəsinin rəis müavini, rəis vəzifəsini icra edən Elşad Əbülrəhimzadə və böyük icra məmuru Nəsimi Abuşov tərəfindən həmin idarənin qeydiyyatında olan, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (elektron nəzarət vasitəsi tətbiq edilmiş) Tural Rüstəmovdan pul müqabilində həmin nəzarət vasitəsinin onun üzərindən çıxarılması, uzun müddət nəzarətsiz saxlanılması və bundan əlavə bir sıra digər qanun pozuntuları ilə bağlı xidmətə məlumat daxil olmuşdur. Bununla əlaqədar Bakı şəhər probasiya idarəsinə xidməti yoxlamanın təyin edilməsi məsələsinə baxılması xahiş olunmuşdur. 26 avqust 2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhər probasiya idarəsində başlanılmış icraat üzrə oğurluq və dələduzluq etdiyinə görə 1 il 9 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Tural Rüstəmovun üzərinə yaşadığı ünvanı saat 00:00-06:00 aralığında, habelə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək və s. vəzifələr qoyulmuşdur (icra məmuru Aynur Yadigarova). xx.xx.2023-cü il tarixdə məhkumun məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, o, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə ona elektron nəzarət vasitəsi tətbiq edilərək vaxt məhdudiyyətlərini pozması ilə bağlı 5 və 17 noyabr 2023-cü il tarixlərdə töhmət verilmiş (məhkum ilkin tənbehdən xəbərsiz olduğunu və müvafiq qərardakı imzanın ona məxsus olmadığını deyir), bununla belə şəxsi iş idarənin rəisi vəzifəsini icra edən İddiaçı tərəfindən nöqsanların aşkar edilməsi bəhanəsi ilə (məhkumun qeydiyyata alındıqdan sonra ENV tətbiq edilənədək keçən 3 həftə ərzində müvafiq göstərişin tələblərinə riayət olunmaması, onun əl-barmaq izlərinin götürülməməsi və s.) xx.xx.2023-cü il tarixdə məqsədli olaraq böyük icra məmuru Rövşən İbrahimova həvalə edilmişdir (bundan sonra da həmin nöqsanlar aradan qaldırılmayıb, iş uzun müddət hərəkətsiz saxlanılıb və ciddi pozuntulara münasibət bildirilməyib). Elektron monitorinq idarəsi cari ilin yanvar ayından iyun ayınadək məhkumun hərəkət trayektoriyasının müəyyən olunmaması barədə dəfələrlə icra məmuruna məlumat vermiş və səbəbinin həmin idarəyə bildirilməsini tapşırmış, bununla belə məlumatlar araşdırılmamış, Elektron monitorinq idarəsi də nəticə ilə maraqlanmamış, Bakı şəhər probasiya idarəsinin rəisi vəzifəsini icra edən İddiaçı isə hökmün icrasının düzgün həyata keçirilməsi üçün şəxsi işi digər icra məmuruna həvalə etsə də, məsələni nəzarətdə saxlamamışdır. Probasiya xidmətinin müdaxiləsi ilə məhkumun məcburi gətirilməsi xx.xx.2024-cü il tarixdə qərara alınmış, xx.xx.2024-cü il tarixdə o, axtarışa verilmiş, lakin xx.xx.2024-cü il tarixdən onun başqa cinayət işi üzrə - dələduzluq əməlinə görə tutulduğu müəyyən olunmuşdur. X11 izahatlarında göstərmişdir ki, A.Yadigarova ona bahalı geyimdə və avtomobildə idarəyə gəlməməsini, əks halda idarənin rəisi vəzifəsini icra edən İddiaçı ondan pul istəyəcəyini bildirmiş, o, xx.xx.2023-cü il tarixdə peşə bayramı münasibəti ilə icra məmuru A.Yadigarovaya ətir hədiyyə etmiş (A.Yadigarova hədiyyəni icra məmuru R.İbrahimov vasitəsilə qaytardığını bildirir, sonuncu bunu təsdiq etmişdir), sonradan icra məmuru ona zəng vuraraq hədiyyəyə görə incidildiyini və işin əsassız olaraq ondan alındığını söyləmişdir. Bundan sonra icra məmuru Nəsimi Abuşov ona vuraraq idarəyə dəvət etmiş, 2023-cü ilin dekabr ayının əvvəlində onu şöbənin rəisi vəzifəsini icra edən İddiaçı qəbul etmiş və pozuntulara yol verdiyi üçün hədə-qorxu gəlmiş, icra məmuru Rövşən İbrahimovu dəvət edərək şəxsi işin həmin icra məmurunda olacağını, lakin bütün məsələləri icra məmuru Nəsimi Abuşova bildirməsini söyləmiş, bundan sonra onlar xidməti otaqdan çıxdıqda Rövşən İbrahimov getmiş, o icra məmuru Nəsimi Abuşovla təklikdə söhbət etmişdir. Əldə edilmiş razılığa əsasən 2023-cü ilin sonunda ENV-nin açılması üçün icra məmuru N.Abuşova təklikdə 3.000 manat pul vermiş (icra məmuru həmin puldan 500 manatının ona çatdığını, qalan 2.500 manatı İddiaçı verdiyini bildirmişdir), N.Abuşovun tapşırığı ilə mobil qurğunu evində qoyaraq Nərimanov rayonu ərazisində “KapitalBank" ASC-nin filialının yaxınlığında maşında gözləmiş, N.Abuşovun ona verdiyi tanımadığı şəxsə zəng vurmuş və sonuncu onun avtomobilində əyləşərək ENV-ni ayağından açmış (bu zaman cihaz səs edib, lakin həmin şəxs əlindəki qurğunu ENV-yə yaxınlaşdırdıqda səs dayanmış, ENV-nin açılması müqabilində ona 100 manat verib) və hərəkət trayektoriyasının dəyişməsi üçün mobil qurğunun daşınması ona tapşırılmışdır. Bundan sonra hər ay 500 manat, bir dəfə isə əlavə 200 manat olmaqla 6 ay ərzində icra məmuru N.Abuşova cəmi 3.200 manat pul vermiş (bəzən pulları ENV-ni açan şəxsin bank kartına köçürmüş), habelə icra məmuru N.Abuşov və idarənin rəhbərliyinə bahalı ətir hədiyyə etmiş, həbs edildikdən sonra isə qaynı Amin Muradlı və həyat yoldaşı Bahar Muradlı vasitəsilə 4.500 manat pulu N.Abuşovdan geri götürmüş (1.500 manat ödənişi təsdiq edən qəbz təqdim olunub), icra məmuru bu məlumatları təkzib etməsini müxtəlif vasitələrlə ondan xahiş etmiş, hətta təqsirləndirildiyi yeni cinayət işi üzrə ona vəkil də tutmuşdur. Məhkum T.Rüstəmov görüşlərin birinə icra məmuru Nəsimi Abuşovun 3 xanımla gəldiyini, onların da üzərindən ENV-nin açıldığını və hər ay onlardan 300 manat götürüldüyünü qeyd etmişdir (yalnız adlarını deyir, bununla əlaqədar hazırkı araşdırma çərçivəsində onların şəxsiyyətini müəyyən etmək mümkün olmadı). İcra məmuru Aynur Yadigarova və məhkumun qaynı Amin Muradlı izahatlarında aidiyyəti hissələrdə məhkumun dediklərini təsdiq etmişlər. Əldə edilmiş səs yazılarından məlum olur ki, məhkumun həyat yoldaşı Bahar Muradlı N.Abuşova zəng vuraraq pulun qismən ödənildiyini söyləyir, N.Abuşov bu məsələyə münasibət bildirmir (inkar da etmir), məhkuma köməklik etmək istədiyini deyir, lakin bunun qarşılığında ondan şikayət olunmasına etiraz edir, qardaşı ilə rəhbərliyi tərəfindən başqa icra məmuruna həvalə edildikdən sonra yol verilmiş çoxsaylı ciddi pozuntular işə əlavə edilməmiş və bununla bağlı tədbirlər görülməmiş, idarə rəhbərliyi tərəfindən öz göstərişinə əməl edilməsi vəziyyəti nəzarətdə saxlanılmamış, nəticədə məhkumun islah edilməsinə nail olunmamış və o, yeni cinayət törətməkdə təqsirli bilinib həbs olunmuş, icra məmuru A.Yadigarova məhkumla xidmətdənkənar lüzumsuz danışıqlara yol vermiş, həmçinin məhkum həbs olunandan sonra əvvəlcədən onun üzərindən açılmış ENV qaynı tərəfindən N.Abuşova təhvil verilsə də, xx.xx.2024-cü il tarixli formal akt tərtib olunaraq ENV-nin böyük icra məmuru R.İbrahimov və Elektron monitorinq idarəsinin məsləhətçisi Amil Məlikov tərəfindən məhkumun üzərindən açılaraq təhvil alınması qeyd olunmuşdur. Göstərilənlərə əsasən aşkar olunmuş pozuntulara görə (məhkum T.Rüstəmovun şəxsi işi və Bakı şəhər probasiya idarəsinin fəaliyyətinin yoxlanılması üzrə) böyük icra məmuru Nəsimi Abuşov və idarənin rəisi vəzifəsini icra edən İddiaçı ciddi intizam məsuliyyətinə cəlb olunmaları, toplanmış materialların onlara aid hissədə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilməsi, bununla yanaşı fəaliyyətində yol verdikləri nöqsanlara görə icra məmuru Aynur Yadigarovanın, böyük icra məmurları Rövşən İbrahimov və Məmməd Sərdarovun, Elektron monitorinq idarəsinin məsləhətçisi Amil Məlikovun intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması, Bakı şəhər probasiya idarəsinin fəaliyyətinin yoxlanılması üzrə verilmiş təkliflər üzrə tədbirlər görülməsi və məhkum T.Rüstəmov üzərində lazımi probasiya nəzarətinin və qanunauyğun tədbirlərin həyata keçirilməsinin Probasiya xidmətinin rəhbərliyinə tapşırılması məqsədəuyğundur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 554-K nömrəli əmrindən çıxarışdan görünür ki, Probasiya xidmətinin məlumatı əsasında məhkumun şəxsi işi üzrə aparılmış araşdırma ilə Bakı şəhər probasiya idarəsinin rəisi vəzifəsini icra edən, rəis müavini Elşad Əbdüirəhimzadə tərəfindən qanunazidd hərəkətlərə, çoxsaylı pozuntulara və nöqsanlara yol verildiyi aşkar edilmişdir. Belə ki, İdarə rəisi vəzifəsini icra edən E.Əbdüirəhimzadə nöqsanların aşkar edilməsi bəhanəsi ilə məhkumun şəxsi işini icra məmuru Aynur Yadigarovanın icraatından götürərək böyük icra məmuru Rövşən İbrahimova həvalə etmiş, bundan sonra da işdə olan çoxsaylı ciddi pozuntular aradan qaldırılmamış, iş uzun müddət hərəkətsiz saxlanılmış və o, öz göstərişinə əməl edilməsi vəziyyətini yoxlamamışdır. Araşdırma zamanı həmçinin İddiaçı verdiyi izahatında qeyrisəmimilik göstərmişdir. Göstərilənlərə əsasən, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu, 11-ci, 31.1.8-ci, 31.5-ci, 32.1-ci və 40.1.11-ci maddələrini, Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 16.5-ci bəndini və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın 3.1 -ci və 3.3-cü bəndlərini rəhbər tutularaq “Xidməti vəzifələrinin icrası zamanı kobud qanun pozuntularına yol verdiyinə görə Bakı şəhər probasiya idarəsinin rəisi vəzifəsini icra edən, idarənin rəis müavini baş ədliyyə müşaviri İddiaçı ədliyyə orqanlarından xaric edilmişdir. İddiaçı hazırda bu əmri mübahisələndirərək, hər hansı pozuntuya yol vermədiyindən onun ləğv edilməsini, öz arzusu ilə xidmətdən xaric edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununa əsasən: - Maddə 3.1. Bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. - Maddə 10.0. Ədliyyə orqanları işçiləri vəzifədə olaraq aşağıdakıları etməlidirlər: ...10.0.3. başqa ədliyyə işçilərinin işini çətinləşdirən, yaxud ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 10.0.4. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli;... 10.0.7. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; ...10.0.11. etik davranış və intizam qaydalarına əməl etməlidirlər. -maddə 11.2. Ədliyyə orqanları işçisinin aşağıdakılara ixtiyarı yoxdur: 11.2.1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmalar törətməyə; - maddə 31.1. Ədliyyə orqanlarının işçisi bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: ... 31.1.8. ədliyyə orqanlarından xaric etmə; - maddə 31.2. Ədliyyə orqanlarının işçisi intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır. -maddə 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş qulluqla bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. - maddə 32.3. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda ədliyyə orqanının rəhbəri tərəfindən araşdırma aparılır, işçidən yazılı izahat alınır. Zərurət olduqda ədliyyə orqanının rəhbəri xidməti yoxlama təyin edir. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - maddə 32.9. İntizam tənbehinin verilməsi və vaxtından əvvəl götürülməsi əmrlə rəsmiləşdirilir və ədliyyə orqanları işçisinin şəxsi işinə əlavə olunur (penitensiar və tibb xidmətlərinin əməkdaşları üçün intizam tənbehinin tətbiqi barədə qeydlər onların şəxsi işlərinin xidməti vərəqələrinə yazılır). Verilmiş əmr üç gün ərzində işçiyə elan olunur və əmrin surəti imza etdirilməklə ona təqdim edilir. - maddə 40.1. Aşağıdakı əsaslar olduqda ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilir: 40.1.1. öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdikdə;... 40.1.11. ədliyyə orqanlarından xaric edildikdə; - maddə 40.3. Bu Qanunun 40.1.2-40.1.11-ci maddələrində göstərilən əsaslara görə ədliyyə orqanları işçilərinin qulluq keçməsinə xitam verilməsi ədliyyə orqanı rəhbərinin təşəbbüsü ilə həyata keçirilir. İstinad olunan normalardan görünür ki, ədliyyə işçisi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntuya yol verdikdə, həmçinin qulluqla bir araya sığmayan hərəkətlər etdikdə o, ədliyyə orqanlarından xaric edilməklə qulluq keçməsinə xitam verilir. İşdən görünür ki, Bakı şəhər probasiya idarəsinin rəis müavini, rəis vəzifəsini icra edən Elşad Əbülrəhimzadə və böyük icra məmuru Nəsimi Abuşov tərəfindən həmin idarənin qeydiyyatında olan, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (elektron nəzarət vasitəsi tətbiq edilmiş) Tural Rüstəmovdan pul müqabilində həmin nəzarət vasitəsinin onun üzərindən çıxarılması, uzun müddət nəzarətsiz saxlanılması və bundan əlavə bir sıra digər qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında xidməti yoxlama aparılmış, yoxlama çərçivəsində X11, iddiaçı və digər şəxslərin izahatları alınmışdır. Belə ki, işdə olan X6in izahatından görünür ki, o, verilən suallara cavab olaraq bildirmişdir ki: “xx.xx.2023-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinin hökmünə əsasən barəmdə seçilmiş həbsdə olma müddətini çıxdıqdan sonra 1 il 9 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olundum. Təxminən bir ay ərzində məni axtaran olmadı, ona görə narahat oldum, dedim elə başa düşülər ki, cəzanın icrasından yayınıram və məhkəmədə hakimin köməkçisinə zəng vurdum (məhkəmə nəzarətçilərindən aldım) və mənim işimin Aynur adlı icra məmurunda olduğunu öyrəndim. Təxminən may 2023-cü ildə Probasiya idarəsinin əlaqə nömrəsini əldə etdim (nəzarətçilərdənn almışdım), ora zəng vuraraq işimin Aynur xanımda olduğunu bildirdim və əlaqə nömrəmi verdim (55-399-00-01), mənimlə əlaqə saxlanılacağını bildirdilər. Sonra Aynur xanım mənimlə əlaqə saxladı və xatırladığıma görə may ayının 20-25-i aralığında Aynur xanımla idarədə onunla (içəri daxil olarkən düz gedəndə sondakı otaqda) görüşdük, ilkin tanışlıq oldu, özünü təqdim etdi və cəzanın icrasına onun nəzarət edəcəyini bildirdi və əlaqə nömrələrimi götürdü, hazırda qolbağın olmadığını, qolbağ olanda xəbər edəcəyini bildirdi. Təxminən 10-15 gün sonra məni idarəyə dəvət etdi və yanında olan kapitan rütbəli şəxs qolbağı ayağıma bağladı, sonra cihazı götürdüm, bir müddət çöldə gəzdim, cihazın işlək vəziyyətdə olduğunu dəqiqləşdirdilər. Yaşadığım ünvana getdim (Pirşağı), olduğum yerin məkan bildirişini (zaldan atmışdım) Aynur xanıma göndərdim. Mən həyət evində yaşadığım üçün zaldan digər otağa keçərkən cihaz siqnal verirdi. Digər otağa keçə bilmirdim.Sonra müvafiq video çəkiliş edib Aynur xanıma göndərdim ki, həyət daxilində radiusu artırsınlar. Bundan sonra həyət daxilində gəzməkdə çətinlik olmadı. Qolbağ tətbiq olunandan noyabr ayınadək mənimlə bağlı cəzanın icrasına Aynur xanım nəzarət edib. İş Aynur xanımın icraatında olduğu müddətdə təxminən noyabr ayının 15-də saat 24 radələrində bir dəfə cəzanın icrası qaydasını pozmuşam, təxminən yarım saat gecikdim (mənə müddət 06-dan 24-dək müəyyən olunub) (avto qəza etmişdim, xəsarət almamışdım), gecə vaxtı olduğu üçün hadisə ilə bağlı votsap vasitəsilə Aynur xanıma məlumat verdim, o, xx.xx.2023-cü il tarixdə məni idarəyə dəvət etdi, izahatımı aldı və şifahi xəbərdarlıq etdi. Bundan sonra Aynur xanım məni hər 10 gündən bir idarəyə dəvət edib cəzanın icrası vəziyyətinə nəzarət edirdi. xx.xx.2023- cü il tarixdə bayram münasibətilə Aynur xanıma bir ədəd ətir (120 manata), və 12-13 manatlıq tort aldım və aprıb idarədə Aynur xanıma verdim. Təxminən 15 gün sonra bir nömrədən mənə zəng gəldi (55 555-05-25) özünü Nəsimi adlı şəxs kimi təqdim edərək bildirdi ki, rəhbərlik mənimlə görüşmək istəyir idarəyə gəlməlisən. Həmin vaxt Aynur xanımla əlaqə saxladım, Nəsimi adlı əməkdaşın olmasını soruşdum, təsdiq etdi və maraqlanıb mənə geri dönüş edəcəyini bildirdi. Sonra mənə zəng vuraraq dedi ki, sənə bildirmişdim ki, bura bahalı maşınla, bahalı geyimlərlə gəlmə (əvvəllər bu barədə mənə bildirmişdi), burdakılar imkanlı olan məhkumlardan müxtəlif vasitələrlə pul, aylıq haqq alırlar. Həmin vaxt Aynur xanım ətir və torta görə onu incitdiklərini, bu məsələni mənim bildirdiyimi deyərək sonradan bununla bağlı mənə SMS yazmışdı. Telefon danışığı zamanı o, həmçinin bildirdi ki, əvvəlki tarixə mənə töhmət verməyə onu məcbur etdiklərini bildirərək idarəyə gəlməyimi dedi (hazırkı araşdırma zamanı- Probasiya idarəsinin əməkdaşı izahatımı alarkən daha bir töhmətim olduğunu bildim, orda mənim adımdan izahat yazılıb). Dekabr ayının əvvəllərində təxminən ayın 1-2-si olardı. Getdim probasiya idarəsinə, Nəsimi məni qarşılayıb, özünü təqdim elədi və onunla birlikdə Elşad adlı şəxsin yanına qalxdıq (əvvəllər izahat verməyə gələndə Elşad məni görmüşdü). O, qaydanı pozduğun üçün sənə hədə-qorxu gəldi və nəzarət edən icra məmurunu dəyişdiyini bildirərək, Rövşən adlı şəxsi çağırdı və bundan sonra icra məmurunun Rövşən olacağını bildirdi. Ondan sonra Rövşən və Nəsimi ilə birlikdə binanın birinci mərtəbəsinə düşdük, Rövşən bizdən ayrıldı, otağına getdi, Nəsimi ilə tək qaldıq. Binadan çıxarkən solda “Siqaret çəkmək üçün yer” var, ora keçdik. Nəsimi mənə “əgər istəsən ayağındakını çıxararıq” dedi, bunun nücə olacağını soruşdum. O, mənə əl barmaqları ilə 3 rəqəminə işarə etdi. Mən 3 000 olduğunu dəqiqləşdirdim. Qolbağın açılmasına 3 min, hər ay isə 500 manat verəcəyimlə bağlı razılaşdıq. Mən ona xəbər edəcəyimi bildirdim. 2 gün əlaqə saxlaya bilmədin, bundan sonra mənə Rövşən vasitəsilə təzyiq göstərməyə başladılar. Nəsimiyə zəng vurub gedəcəyimi bildirdim. Təxminən dekabr ayının 5-də (dəqiq vaxt telefonda var) Probasiya idarəsinə getdim, idarənin yanında, binanın çölündə qarşıdan baxanda sağ tərəfdə siqaret çəkmək üçün olan yerin yanında 3000 mantı Nəsimiyə verdim (Bu hadisəni kənardan mənimlə gələn dostum (adını demək istəmədi) telefon vasitəsilə qeydə alıb. Həmin vaxt Nəsimi mənə şəxsi avtomobilimi idarənin yanında saxlayıb taksi vasitəsilə evə getməyimi, cihazı evə qoyub geri qayıtmağımı və Nərimanov metrosunun yanında mənə zəng vurmağımı bildirdi. Cihazı evə qoyub geri qayıtdım, avtomobilimi götürdüm, metronun yanında ona zəng vurdum, bir qədər gözləməyimi və mənə zəng vurulacağını bildirdi. Tanımadığım (alçaq boylu, orta çəkili) şəxs mənə zəng vurdu, uyğun yerdə maşını saxlamağımı bildirdi. KapitalBankın qarşısında Keçmiş Çudo- Peçkaya çatmamış, Poçtun yanında maşını saxladım və maşının qabaq oturacaqda sürücü yerində oturdum, həmin şəxs qabaqda sərnişin yerində oturdu. Ayağımı qaldırıb maşının ön şüşəsinə tərəf şitin üzərinə qoydum. Həmin şəxsdə vint açan və digər cihaz var idi (xüsusi olaraq qolbaq açmaq üçün), həmin alətlərlə qolbağı açdı, qolbağ səs etdi, xüsusi cihazla səsi kəsdi. Həmin vaxt Nəsimi telefon vasitəsilə həmin şəxsə 50-100 manat verməyimi bildirdi. Sevindiyimdən həmin şəxsin kartına tətbiq vasitəsilə 100 AZN göndərdim (müvafiq təsdiqedici sənədləri təqdim edə biləcəyini bildirir). Qolbağı özümlə aparıb evə qoydum, evdə olan şəxslər (qulluqçu,bağban) cihazı işlək vəziyyətdə saxlamaq üçün onu vaxt-aşırı olaraq enerji yığmaq üçün cərəyana qoşurdular. Bundan sonra Nəsimiyə yanvar ayında 500 manat nəğd (GREEN Kafe adlı yerdə-Keçmiş Mərakeş adlanan kafedə qonaqlıq verirdim, 3 nəfər iş yol daşları (video yazı var) ilə gəlmişdi, 300 AZN hesab verdim, Həmin vaxt nəsimi nəzarət vasitəsinə “Pişik” kod adını verdiyini və arada onu gəzdirməyimi bildirdi), fevral ayında 500 manat nəğd, mart ayında qolbağı açan şəxsin kartına (albalı kart) 700 manat (500 aylıq, 200 bayramlıq), aprel ayında 500 manat nəğd Nəsimiyə, may-iyun ayında hər ay 500 manat qolbağı açan uşağın kartına göndərmişəm (cəmi 3200 aylıq üçün). Sual: pulu nə üçün Nəsiminin öz kartına göndərmirdiniz? Cavab: Nəsimidən kart tələb etdikdə o, qolbağı açan şəxsə yönləndirirdi. Pulu köçürdükdən sonra qəbzləri həmin şəxsin telefonuna göndərirdim (təqdim edə biləcəyini deyir). Sual: Nəğd şəkildə verdiyiniz məbləğlərin verilməsini təsdiq edən sübutlarınız varmı? Cavab: Bəli var. Həmin vaxt görüş vaxtı müvafiq danışıqlarımızı yazmışam (səs yazılarının evdə olan ipone 14 Pro Max markalı telefonda olduğunu bildiri(seyfdə saxlayırlar)). Nəsimi pulları rəhbərlik adlandırdığı Elşad adlı şəxsə verdiyini bildirirdi. Həmçinin bildirmişdi ki, əvvəl verdiyim 3000 manatın 2500-ü Elşadın 500 -ü isə onundur. Sual: Bu məsələ ilə bağlı başqa nə deyə bilərsiniz? Cavab: xx.xx.20224-cü il tarixdə tutulandan sonra qaynım Nəsimiyə zəng vuraraq qolbağın ona qaytarılmalı olduğunu bildirib və onunla görüşüb qolbağı Nəsimiyə verib. Məsələnin üstü açılandan sonara, probasiya xidmətinin əməkdaşlarının məndən ifadə alacaqlarını öyrənən Nəsimi mənim mobil nömrənə (055 399-00-01) zəng vurub, telefonu yoldaşım açıb, danışıq zamanı “ona kart göndərməyini bildirərək, güya mənə kömək etmək üçün pul göndərəcəyini bildirib” və ifadə verdiyim gün 1500 manat, səhəri isə 3000 azn olmaqla cəmi 4500 manat pulu ona göndərilən plastik karta (**********162153 seriyalı Plastik kart, Kapital Banka), göndərib (tutulandan sonar yoldaşımla danışanda Nəsimidən pulun bir hissəsinin geri qaytarmağı ona bildirməyi demişdim. Yoldaşım pulu istəyəndə, o, imtina edərək bu məsələ ilə bağlı onun izahatının alındığını, mənim onu "işə saldığımı” deyərək pulu qaytarmaqdan imtina etmişdi). Əlavə olaraq qeyd edirəm ki, Nəsimi ilə görüşlərimizin birində (arada görüşürdük, qonaqlıq verirdim) özü ilə 3 nəfər "qız” gətirmişdi, onlara da məni kimi kömək göstərib qolbağlarını açmışdı, məndə olan məlumata görə onlar aylıq 300 AZN verirdilər (ikisinin adını deyir Natəvan və Şəbinə)(Bu görüşün də video yazısının olduğunu qeyd edir). Həmçinin bidirirəm ki, əlavə olaraq Nəsimiyə və Elşada müvafiq olaraq 370 ABŞ dolları və 322 Avro dəyərində ətir alıb vermişəm (təsdiqedici subutları var). Onu da qeyd etmək istəyirəm ki, qolbağın açılması münasibətilə qonaqlıq söz vermişdim. Təxminən dekabr ayının əvvəli Nəsimiyə zəng vurub söz verdiyim qonaqlığı 24 dekabrda vermək istədiyimi bildirdim. xx.xx.2023cü il tarixdə onların seçdiyi-"Green Kafe” adlanan yerdə görüşdük. Nəsimi ilə birlikdə Elşad və daha iki nəfər adlarını xatırlamadığım Ədliyyə Nazirliyinin əməkdaşları gəlmişdi. Bundan başqa Nəsimi iki dəfə (bir dəfə yuxarıda qeyd etdiyim qızlarla, bir dəfə isə oğlu ilə gəlib) mənim Pirşağıda yerləşən bağıma gəlib, orda ona qonaqlıq vermişəm. Bir daha qeyd edirəm ki, bütün bu hadisələrin hər birinin səs və video yazıları var və qeydlərin hamısı "İpone 13 Pro Max” markalı telefondadır, telefon Pirşağıda yerləşən bağ evində olan seyfdə saxlanılır, təqdim oluna bilər.”. X1 əlavə izahat verərək qeyd etmişdir ki: “xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Ramin Vəliyev mənimlə görüşə gəldi. Hazırda təqsirləndirildiyim işlə bağlı bəzi sənədlərə qol çəkdirdi. Sonra mənə dedi ki, Elşad ona zəng vurub bildirib ki, "Turalı necə sıxa bilərik ki, şikayətini geri götürsün”, o isə Elşada “məni bu işə qatmayın” deyib. Bunun mənə məlumat üçün bildirdi. xx.xx.2024-cü il tarixdə isə ailə üzvlərim tərəfindən tutulmuş vəkil X2 (18 saylı vəkil bürosu) mənimlə görüşə gəldi. Görüş zamanı vəkil mənə dedi ki, Nəsimi və Elşadın tanışları ona zəng vurub bildirib ki, “onunla danışa bilərsən ki, bizdən şikayət eləməsin, nə lazımdırsa ona kömək etərik”, təki bizdən şikayət eləməsin. Vəkilim isə sözlərini mənə çatdıracağını, lakin şikayətlə bağlı məsələnin mənim şəxsi işim olduğunu deyib.”. Göründüyü kimi, iddiaçı iddia ərizəsində Tural Rüstəmovu tanımadığını, onunla görüşmədiyini bildirsə də, T.Rüstəmov izahatında bu halı təkzib etmiş, iddiaçı ilə onun iş yerində və daha sonra “Green Kafe” adlanan yerdə görüşdüyünü bildirmişdir. Bu hallar Bakışəhər probasiya idarəsinin icra məmuru X3 izahatında da öz əksini tapmışdır. Belə ki, işdə olan Bakı şəhər probasiya idarəsinin İcra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X8 tərəfindən verilmiş izahatda göstərmişdir ki: “2018-ci ilin marta ayından ədliyyə orqanlarında, 2021-ci ilin fevral ayından isə Bakı şəhər probasiya idarəsində işləyirəm. Bildirirəm ki, məhkum X5 azadlıqlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi ilə bağlı iş 2023-cü ilin may ayında icraatıma daxil olmuş, xx.xx.2023-cü il tarixdə qeydiyyata götürülərək qanunamüvafiq tədbirlər görülərək, elektron Nəzarət Vasitəsi tətbiq edilərək bununla bağlı hüquq və vəzifələri ona izah olunmuşdur. Bundan sonra hər ay məhkum idarəyə dəvət olunaraq ENV-yə baxış keçirilmiş, daha sonra noyabr ayınadək cəzanın icrasına tərəfimdən nəzarət olunmuş və barəsində 2 dəfə tənbeh edilərək ona töhmət verilmişdir. Bildirirəm ki, birinci dəfə noyabr 2023-cü il tarixdə vaxt pozuntusu olduğundan onu idarəyə dəvət edərək izahatını alaraq, məhkuma yenidən üzərinə düşən vəzifələri izah edərək ona töhmət elan etdim. İkinci dəfə isə xx.xx.2023-cü il tarixdə monitorinq idarəsindən daxil olmuş pozuntulara əsasən onu idarəyə dəvət edib sonuncu xəbərdarlıq etməklə barəsində töhmət növündə tənbeh elan etdim. Sonradan xx.xx.2023-cü il tarixdə Bakı şəhər probasiya idarəsinin rəisi vəzifəsini icra edən Elşad Əbdürəhimzadə tərəfindən iş materialı məndən istənildi və tərəfimdən materiallar ona təqdim olundu. Bundan sonra sözügedən iş materialları mənə qaytarılmadı. Sonradan öyrəndim ki, həmin iş digər əməkdaş Rövşən İbrahimova E.Əbdürəhimzadənin göstərişinə əsasən verilmişdir. Bununla bağlı müvafiq təsdiqedici sənəd tərtib olunmadı. Səbəbini E.Əbdürəhimzadədən soruşduqda o, belə bir rəsmiləşdirilməyə ehtiyacın olmadığını idarənin rəhbərinin o, olduğunu bildirərək, istədiyi işi istədiyi şəxsdən alıb digər şəxsə verə biləcəyini dedi. Sual: İşin sizdən alınmasına nə üçün etiraz edirdiniz? Bunu necə izah edə bilərsiniz? Cavab: Bildirirəm ki, iş üzrə bütün qanuni tədbirləri görmüşdüm, məhkuma 2 dəfə töhmət elan etmişdim, artıq 3-cü qayda pozuntusunda onun barəsində cəzanın dəyişdirilməsi üçün təqdimatla məhkəməyə müraciət edəcəkdim ki, bu da mənim iş fəaliyyətim üçün müsbət hesab olunacaqdı. Sual: T.Rüstəmovun sizinlə bağlı bildirdiklərinə (sizin ona idarəyə bahalı geyimdə, bahalı maşında gəlməməsini bildirməyinizi, əgər onu belə görərlərsə, qeyri-prosesual hərəkətlərə cəlb ediləcəyi) dair nə deyə bilərsiniz? Cavab: Bəli, demişəm. Dəfələrlə məhkumla bu barədə aramızda söhbət olub. Ona bildirmişəm ki, idarənin rəis müvaini E.Əbdürəhimzadə kameradan gələn məhkumları izləyir, imkanlı görünən şəxsləri otağına dəvət edib onlarla qeyri-prosessual əlaqəyə girir, işi məndən alaraq başqa şəxsə verəcək, sonra səni incidərək pul verməyə məcbur edəcəklər. Bildirirəm ki, işlədiyim dövrdə E.Əbdürəhimzadənin imkanlı məhkumları otağına dəvət edərək onlarla söhbət edirdi. Bu halların qeyri-şəffaf olduğunu düşündüyümdən T.Rüstəmzadəyə də bu barədə bildirmişdim. Həmçinin bildirirəm ki, təxminən noyabr ayının əvvəllərində T.Rüstəmov telefon vasitəsilə mənə bildirdi ki, Nəsimi adlı icra məmuru onu idarəyə dəvət edir. Mən ona getməməsini bildirdim. Daha sonra xx.xx.2023-cü il tarixdə T.Rüstəmov bir daha votsap vasitəsilə mənə SMS yazaraq bildirdi ki, işi Rövşən İbrahimova verilib, o həmçinin işin nə üçün məndən alındığını soruşdu. Ona bildirdim ki, axı sənə dəfələrlə bildirmişdim ki, bahalı geyimdə idarəyə gəlib özünü imkanlı şəxs kimi göstərmə. Həmçinin bildirdim ki, “Rövşən müəllim sakit və yaxşı insandır. Get gör nə deyir”. Həmin vaxt yuxarıda qeyd etdiyim kimi E.Əbdürəhimzadən işi hansı səbəbdən məndən aldığını soruşduqda o, yuxarıda qeyd etdiyim cavabı mənə bildirdi. Əlavə olaraq bildirirəm ki, sonuncu dəfə məhkumun izahatını alanda yəni, xx.xx.2024-cü il tarixdə mənə bildirmişdir ki, ondan 2000 manat pul istədiklərini və hazırda məbləği özü ilə gətirdiyini mənə bildimişdi. Lakin pulu mənə göstərmədi. Maşında olduğunu bildirdi. Bundan sonra T.Rüstəmovla əlaqəm olmayıb. Həmin işin o vaxtdan hərəkətsiz qaldığını Probasiya Xidmətinin əməkdaşları məndən izahat aldıqda bilmişəm. Həmçinin qeyd edirəm ki, E.Əbdürəhimzadə barəmdə şayiə yaymışdı ki, guya mən Turaldan pul almışam və o, mənə 1000 manatlıq ətir hədiyyə edib. Bunu Turaldan soruşmaq üçün ona zəng vursam da, o telefon zənglərimə cavab vermədi. Belə olan halda mən bununla bağlı ona SMS yazmışdım. Sual: T.Rüstəmzadənin Sizə tort və ətir verməsi ilə bağlı nə deyə bilərsiniz? Cavab: Tortu xatırlamıram. Ətiri Turalın adından mənə mühafizə təqdim etmişdi. Həmin ərəfədə ətiri ona qaytarmaq üçün zəng vursam da, telefona cavab vermədi, bu vaxt idi ki, iş Rövşən İbrahimovda idi. Mənim zənglərimə cavab vermədiyi üçün ətiri R.İbrahimov vasitəsilə ona qaytarmışam. Sual: T.Rüstəmovunun ona əvvəlki tarixə töhmət verməklə bağlı Sizin məcbur edildiyinizi deməsi ilə bağlı nə deyə bilərsiniz? Cavab: Bunlar həqiqətə uyğun deyil belə bir hal baş verməyib. Bildirirəm ki, Turalın ilk pozuntusu zamanı o, pozuntu ilə bağlı üzürlü səbəbinin olmasına dair sənəd təqdim edəcəyini bildirdiyindən, ona töhmətin yazıldığını, lakin bir ay ərzində sənəd təqdim edərsə, pozuntunun üzürlü sayılacağını bildirmişəm. Əlavə olaraq bildirirəm ki, E.Əbdürəhimzadə məhkəmələrlə əlaqəyə girib işlərin vəziyyəti, yəni məhkumların maddi durumu barədə maraqlanırdı. Bunu onunla izah edə bilərəm ki, o, işləri özü istədiyi kimi bölürdü, yəni pullu hesab etdiyi işləri etibar etdiyi icra məmurlarına verirdi, təsadüfi olaraq T.Rüstəmov kimi şəxslərin işi başqa icra məmuruna düşdükdə, sonradan həmin şəxslərin maddi vəziyyətinin yaxşı olmasını biləndə o işləri alıb etibar etdiyi icra məmurlarına verirdi. İşlədiyi dövrdə mənə məlum olan bir halı qeyd etmək istəyirəm, Belə ki, icra məmuru Tamella Rüstəmova E.Əbdürrəhimzadənin icraatında olan işlərlə bağlı daim pul istədiyi və artıq təngə gəldiyini bildirirdi. Ona görə də səhhətini bəhanə edərək iş yerinin dəyişdirilməsi ilə bağlı müraciət etmişdi və hazırda Sabunçu rayon icra şöbəsində işləyir.” Azərbaycan Respublikası ədliyyə nazirinin 29 noyabr 2007-ci il tarixli 41-T nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”na əsasən: -bənd 3. Ədliyyə işçilərinin korrupsiyaya qarşı davranışı -3.1. Ədliyyə işçisi tərəfindən qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etmək və ya qərarlar qəbul etmək qadağandır. Ədliyyə işçisi onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyrimaddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. Qanunvericiliklə müəyyən olunmuş ödəniş məbləğləri istisna olmaqla, şəxslərə xidmət (xidmətlər) göstərən ədliyyə işçisi buna görə hər hansı haqq tələb edə bilməz. - 3.2. Ədliyyə işçisi qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər ədliyyə işçisinə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun qulluq keçdiyi ədliyyə orqanına akt üzrə təhvil verilməlidir. Tərəflərdən biri ədliyyə orqanı olan əqdlərdə bu orqanlarda qulluq keçən ədliyyə işçisi digər tərəf ola bilməz. - 3.3. Ədliyyə işçisi xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir. Ədliyyə işçisi hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir. -3.4. Ədliyyə işçisi qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməli və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. Ədliyyə işçisi xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda o, qanunvericiliyə müvafiq olaraq ədliyyə orqanlarına qulluğa qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə ədliyyə orqanının rəhbərinə məlumat verməyə borcludur. Ədliyyə işçisinə başqa vəzifəyə keçmə ilə əlaqədar edilən təkliflər maraqların toqquşmasına səbəb ola bilərsə, o, bu barədə ədliyyə orqanının rəhbərinə əvvəlcədən məlumat verməlidir. Bütün hallarda maraqların toqquşmasına səbəb ola bilən məsələlər, vəzifəyə namizəd barəsində müvafiq təyinat aparılanadək aradan qaldırılmalıdır. Ədliyyə orqanlarında qulluq keçməsinə xitam verildikdən sonra ədliyyə işçisi qanunvericiliklə müəyyən edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə işə qəbul edilə bilməz. Ədliyyə işçisi maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir. Ədliyyə işçisi qulluğa qəbul edilərkən və bundan sonrakı müddətdə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə əlaqədar normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdır. Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını və maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, T.Rüstəmova dair işin icra məmuru A.Yadigarovadan alınıb digər şəxsə verilməsi, T.Rüstəmovun və iddiaçının tabeliyində işləyən işçilərin izahatları, T.Rüstəmova münasibətdə normal praktikadan fərqli rəftarın edilməsi iddiaçı tərəfindən xidməti mövqeyindən şəxsi mənafe üçün istifadə etdiyi qənaətinə gəlməyə əsas verir. Bu isə onun ximdəti vəzifələrinin icrası zamanı kobud pozuntuya yol verməsi, həmçinin qulluqla bir araya sığmayan hərəkətlər etməsi deməkdir. Məhkəmə bu zaman onu nəzərə alır ki, iddiaçının xidməti mövqeyindən şəxsi mənafe üçün istifadə etməsi təkcə şəxsi qazancın əldə edilməsini deyil, həmçinin hərəkətin bu məqsədlə edilməsini də ehtiva edir, hansı ki, bununla səlahiyyətli şəxs dövlət orqanı və cəmiyyət qarşısında hörmət və etimadını itirir. Hazırkı halda məhz bunun baş verməsini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının xidmətdən xaric edilməsi onun hərəkətlərinə adekvat olmuşdur. İddiaçı məhkəmədə T.Rüstəmovun izahatı digər şəxslərin təzyiqi ilə verildiyini və bununla bağlı cinayət işinin başlanıldığını bildirmişdir. Məsələ ilə bağlı məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılarkən həmin Təcridxananın rəhbərliyi və digər əməkdaşları tərəfindən işgəncəyə, fiziki zorakılığa və qeyri-insani davranışa məruz qalması barədə X4 müraciəti əsasında Xidməti araşdırmalar idarəsində toplanmış 1747-C-24 nömrəli material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alan məhkəmə hesab edir ki, hazırkı halda inzibati aktın qanunsuz olması müəyyən edilmədiyindən onun ləğv edilməsi üçün əsas yoxdur. Buna görə də iddiaçının Ədliyyə Nazirliyinin 7 sentyabr 2024-cü il tarixli 554k nömrəli əmrinin ləğv edilməsi barədə tələbi və həmin tələbin həllindən asılı olan öz ərizəsi ilə işdən xaric olunmağı barədə qərar qəbul edilməsi barədə tələbi təmin olunmamalıdır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №e-2-1(112)-3329/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3329/2025
25.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver