Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3336/2022 24.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli **********300800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçı "xxxx" MMC barəsində xx.xx.2021-ci il tarixli **********300800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar tərtib etmiş, və cəmiyyətə 1244726,24 manat dəyərində əlavə vergi məbləği hesablamışdır. Aşağıda göstərilənlərə əsasən iddiaçı hesab edir ki, barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********300800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar tamamilə əsassız və qanunsuzdur. Cavabdeh vergi orqanı tərəfindən keçirilən kameral vergi yoxlaması nəticəsində adıçəkilən qərar qəbul edilmiş və cəmiyyətə 1244726,24 manat mənfəət vergisi hesablanmışdır. Qeyd etmişdir ki, cavabdeh vergi orqanı ənənəsinə sadiq qalaraq özünə əziyyət verməmiş, kameral vergi yoxlamasını obyektiv, tam və hərtərəfli həyata keçirməmiş və bununla da əsassız şəkildə və yalnız fərziyyə və ehtimallara əsaslanan əlavə vergi məbləği hesablamışdır. "xxxx" MMC aiddiyyəti dövlət orqanlarına vergi bəyannamələrini vaxtlı-vaxtında və düzgün təqdim edir. Cavabdeh vergi orqanının hansı əsasları rəhbər tutaraq cəmiyyətə əlavə vergi məbləği hesablanmağı bizə məlum deyildir.İddiaçı MMC aiddiyyəti dövlət orqanlarına vergi bəyannamələrini vaxtlı- vaxtında və düzgün təqdim edir. Cavabdeh vergi orqanının hansı əsasları rəhbər tutaraq cəmiyyətə əlavə vergi məbləği hesablanmağı bizə məlum deyildir. Bakı İnzibati Məhkəmənin 2-1(112)-3336/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş “xx.xx.2022-ci il tarixli **********3491000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarın ləğv edilməsi barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddianı qəbul etməyərək iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək inzibati iş üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********300800 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.Sonradan iddia tələbi dəqiqləşdirilmiş və xx.xx.2022-ci il tarixli **********491000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə dair qərar çıxarılması məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədilə ağlabatan müddət təyin edir. Həmin Məcəllənin 48.2ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, İzahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. İddia ərizəsində qeyd edilənlərə İnzibati Prosessual Məcəllənin 1.2-ci, 47-48-ci maddələrinə və Mülki-Prosessual Məcəllənin 47-ci maddəsinə əsasən etiraz edirik.Aparılmış araşdırma zamanı vergi ödəyicisinin 2020-ci il üzrə gəlirinin 19334476,16 manat (2020-ci ilin ƏDV bəyannamələri üzrə cəmi dövriyyə), xərclərinin isə ümumilikdə 13110845,0 manat (ə/h xərci, sosial sığorta və işsizlikdən sığorta haqları, ÖMV bəyannamələrinə əsasən royaltilərdən gəlir üzrə və fiziki şəxslər üzrə icarə xərci, əldə edilmiş e-qaimə, idxal, 2019-cu ilin sonuna mal qalığı) müəyyən edilməsinə baxmayaraq, həmin dövr üzrə mənfəət vergisi bəyannaməsinin vergi orqanına təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunan kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********965300 nömrəli "2020-ci il üçün təqdim edilməmiş mənfəət (gəlir) vergisi bəyannaməsi barədə "uyğunsuzluq məktubu göndərilmiş və müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci il MV bəyannaməsi üzrə ümumilikdə 1244726,24 manat ((19334476,16-13110845,0)*20%) əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********300800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2020-ci il üçün cari mənfəət vergisi bəyannaməsi təqdim edilməsinə baxmayaraq, yaranmış kənarlaşma tam aradan qaldırılmadığı və müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləği bərpa edilərək, bu barədə vergi ödəyicisinə 17,06.2022-ci il tarixli **********491000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar göndərilmişdir. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - xx.xx.2021-ci il tarixli **********300800 nömrəli “Vergilərin, sosial sığorta va işsizlik siğortasi haqlarının hesablanması barədə” Qərarın surəri; - xx.xx.2022-ci il tarixli **********491000 nömrəli “Vergilərin, sosial sığorta va işsizlik siğortasi haqlarının hesablanması barədə” Qərarın surəri; - Cavabdeh ininzibati orqanın xx.xx.2022-ci il tarixli tarixli etiraz məktubu; - Cavabdeh ininzibati orqanın xx.xx.2022-ci il tarixli etiraz məktubu; - xx.xx.2022-ci il tarixli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub;
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı iddiadır, təmin edilməlidir. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli **********491000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən İddiaçı MMC-yə 2020-ci ilin Mənfəət vergisi üzrə 1 244 726.23 manat dəyərində əlavə vergi məbləği hesablanmışdır. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilmiş 2020-ci il Mənfəət vergisi bəyannaməsinə əsasən cəmiyyətin il ərzində ümumi gəlirləri (sətir 220) 14 604 767.21 manat, gəlirdən çıxılan xərcləri (sətir 236) 14 083 647.81 manat (o cümlədən əmək haqqı 15 266.0 manat, sosial sığorta haqları 3 016.70 manat, icarə haqqı 19 950.0 manat, malın dəyəri 13 730 446.31 manat, bank xidməti üzrə xərclər 27 830.0 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 103 762.0 manat, nəqliyyat xərci 183 376.80 manat), vergitutma məqsədləri üçün mənfəəti (sətir 237) 521 119.40 manat, ödənilməli mənfəət vergisi (sətir 245) isə 104 223.88 manat bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 2020-ci il Mənfəət vergisi üzrə kameral vergi yoxlamasının nəticəsinə dair vergi bəyannaməsinə əsasən cəmiyyətin il ərzində ümumi gəlirləri (sətir 220) 19 334 476.20 manat, gəlirdən çıxılan xərcləri (sətir 236) 13 110 845.0 manat (o cümlədən bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 13 110 845.0 manat), vergitutma məqsədləri üçün mənfəəti (sətir 237) 6 223 631.20 manat, ödənilməli mənfəət vergisi (sətir 245) isə 1 244 726.24 manat müəyyən edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə qarşı etirazda qeyd edilir ki, “aparılmış araşdırma zamanı vergi ödəyicisinin 2020-ci il üzrə gəlirinin 19 334 476.16 manat (2020-ci ilin ƏDV bəyannamələri üzrə cəmi dövriyyə), xərclərinin isə ümumilikdə 13 110 845.0 manat (əmək haqqı xərci, sosial sığorta və işsizlikdən sığorta haqları, ÖMV bəyannamələrinə əsasən royaltidən gəlir üzrə fizki şəxslər üzrə icarə xərci, əldə edilmiş e-qaimə, idxal, 2019-cu ilin sonuna mal qalığı) müəyyən edilməsinə baxmayaraq, həmin dövr üzrə mənfəət vergisi bəyannaməsinin vergi orqanına təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunan kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********965300 nömrəli 2020-ci il üçün təqdim edilməmiş mənfəət vergisi bəyannaməsi barədə uyğunsuzluq məktubu göndərilmiş və müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari vergi bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2020-ci il MV bəyannaməsi üzrə ümumilikdə 1 244 726.24 manat ((19 334 476.16 – 13 110 845.0) * 20%) əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********300800 nömrəli qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2020-ci il üçün cari mənfəət vergisi bəyannaməsi təqdim edilməsinə baxmayaraq, yaranmış kənarlaşma tam aradan qaldırılmadığı və müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyi üçün VM-nin 37, 67 və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləği bərpa edilərək, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********49100 nömrəli qərar göndərilmişdir.” Yuxarıda qeyd olunanlardan belə aydın olur ki, iddiaçı tərəfindən 2020-ci il üçün Mənfəət vergisi bəyannaməsi təqdim edilərək, ümumi gəlirlər 14 604 767.21 manat, xərclər isə 14 083 647.81 manat bəyan edildiyi halda, cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı əlaqəli məlumatlar nəticəsində iddiaçının həmin hesabat ili üzrə ümumi gəlirini 19 334 476.16 manat, xərclərini isə 13 110 845.0 manat müəyyən etmişdir. Belə ki, cavabdeh vergi orqanı hesab etmişdir ki, iddiaçının 2020-ci il ƏDV bəyannamələri üzrə ümumi dövriyyəsi, dolayısı ilə ümumi gəliri 19 334 476.16 manat olmuş və mənfəət vergisi bəyannaməsində öz əksini tapmış xərclərin 972 802.81 manat hissəsi öz təsdiqini tapmamışdır. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı iddiaçının 2020-ci il üzrə gəlir və xərclərini düzgün müəyyən etməmiş və nəticədə əsassız əlavə vergi məbləği hesablamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş nəzarət kassa-aparatı çeklərinə əsasən İddiaçı MMC tərəfindən 2020-ci il ərzində pərakəndə qaydada ümumilikdə 13 657 661.48 manat dəyərində mallar təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş elektron qaimə-fakturalar barədə məlumata əsasən İddiaçı MMC tərəfindən 2020-ci il ərzində topdan qaydada ümumilikdə 947 105.73 manat dəyərində mallar təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı pərakəndə və topdansatış qaydasında 2020-ci il ərzində ümumilikdə 14 604 767.21 manat (947 105.73 + 13 657 661.45) məbləğində malların təqdim edilməsini həyata keçirmiş və satışdan əldə edilmiş gəlir məbləğini həmin hesabat ili üçün təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində “Ümumi gəlirlər” sətrində bəyan etmişdir. Lakin vergi orqanı ƏDV bəyannamələri üzrə ümumi dövriyyənin ümumilikdə 19 334 476.16 manat olduğunu əsas götürərək, iddiaçı tərəfindən bəyan edilmiş 14 604 767.21 gəlir məbləği ilə razılaşmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı iddiaçı tərəfindən bəyan edilmiş ümumi gəlir məbləği ilə o, halda razılaşmaya bilərdi ki, iş materiallarına əlavə edilmiş malların təqdim edilməsinə dair nəzarət kassa-aparatı çeklərinin və elektron qaimə-fakturaların mötəbərliyini təkzib edə biləcək sübutlara malik olardı. Lakin cavabdeh vergi orqanı məhkəməyə buna dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əsasən kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Eyni zamanda, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən iddiaçı sahibkarlıq fəaliyyətini xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müvəqqəti olaraq dayandırmış və bu barədə məlumatı (arayışı) vergi orqanına təqdim etmişdir ki, bu da iddiaçıya əlaqəli məlumatlar əsasında vergi hesablanmasını istisna edir. Belə ki, Vergi Məcəlləsinin 67.8-ci maddəsinin tələbinə əsasən sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə münasibətdə əlaqəli məlumatlar əsasında vergilər hesablana bilməz. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının ƏDV bəyannamələri üzrə ümumi dövriyyəsinin ümumilikdə 19 334 476.16 manat olduğunu qeyd etsə də, bu hal iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ƏDV bəyannamələri ilə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənfəət vergisi bəyannaməsində öz əksini tapmış ümumi gəlirə dair təsdiqedici sənədlər mövcud olduğu və həmin sənədlərin doğruluğunu təkzib edə biləcək hər hansı mötəbər sübut olmadığı, eləcə də iddiaçının sahibkarlıq fəaliyyətinin olmadığına dair arayış vergi orqanına təqdim edildiyi halda, cavabdeh vergi orqanının kameral vergi yoxlaması nəticəsində iddiaçıya Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən əlaqəli məlumatlar əsasında əlavə vergi məbləği hesablaması vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur. İddiaçı tərəfindən 2020-ci ilin Mənfəət vergisi bəyannaməsində öz əksini tapmış xərcin 972 802.81 manat hissəsinin öz təsdiqini tapmaması barədə vergi orqanının dəlilinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilmiş 2020-ci il Mənfəət vergisi bəyannaməsində cəmiyyətin il ərzində gəlirdən çıxılan ümumi xərcləri (sətir 236) 14 083 647.81 manat (o cümlədən əmək haqqı 15 266.0 manat, sosial sığorta haqları 3 016.70 manat, icarə haqqı 19 950.0 manat, malın dəyəri 13 730 446.31 manat, bank xidməti üzrə xərclər 27 830.0 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 103 762.0 manat, nəqliyyat xərci 183 376.80 manat) bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 2020-ci il ərzində idxal edilmiş mallar barədə məlumata əsasən iddiaçı tərəfindən il ərzində ümumilikdə 10 255 219.746 manat dəyərində mallar idxal edilmişdir. İş materiallarına əlavə edilmiş 2020-ci il Mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinə əsasən 2020-ci ilin əvvəlinə müəssisənin mal qalığı 3 475 226.56 manat olmuşdur. İş materiallarına əlavə edilmiş 2020-ci il üzrə əldə edilmiş elektron qaimə-fakturalar barədə məlumatlara əsasən cəmiyyətin 2020-ci il üzrə ümumi xərci 304,344.36 manat, o cümlədən nəqliyyat (daşımalar üzrə) xərci 183 376.8 manat, icarə haqqı xərci 19950,0 manat, digər xərcləri isə 103 762,0 manat olmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş 2020-ci il Mənfəət vergisi bəyannaməsini bəyan edilmiş xərc məbləğləri yük gömrük bəyannamələri, elektron qaiməfaktura və digər sənədlərlə təsdiqini tapdığı halda, cavabdeh vergi orqanı əsassız olaraq həmin xərclərin 972 802.81 manat hissəsini nəzərə almamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş 2020-ci mənfəət vergisi bəyannaməsində öz əksini tapmış ümumi gəlir və xərc məbləğləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından və vergi orqanı həmin göstəricilərin və həmin göstəriciləri təsdiq edən sənədlərin doğruluğunu təkzib edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********491000 nömrəli Qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, vergi orqanı tərəfindən qəbul edilmiş 1 244 726.24 manat əlavə vergi məbləğinin hesablanmasına dair “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********491000 nömrəli Qərar ləğv edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən inzibati orqan inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Lakin, cavabdeh tərəf şifahi məhkəmə baxışında qeyd edilən hallarla bağlı sübutetmə vəzifəsini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı barəsində qəbul edilmiş cavabdeh vergi orqanın dair xx.xx.2022-ci il tarixli **********491000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar ləğv edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********491000 nömrəli “Vergilərin, sosial sığorta va işsizlik siğortasi haqlarının hesablanması barədə”Qərarı ləğv edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev