Məhkəmə qərarları › İş №e-2-1(112)-3337/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3337/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3337/2022 16.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xalıq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri 15 saylı Vəkil Bürosunda vəkil işləyir), cavabdehin nümayəndəsi X1 (Qazax rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna (Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialına) qarşı “iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixinə qədər işlədiyi dövrü ümumi iş stajına daxil edilməklə 57 yaşı olduğu 25 mart 2014-cü il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixinə qədər işlədiyi dövrü ümumi iş stajına daxil edilməklə 57 yaşı olduğu 25 mart 2014-cü il tarixdən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1957-ci ildə doğulmuşdur. Əmək fəaliyyətinə 1978-ci ildən Azərbaycan Respublikası Sənaye-Tikinti Nazirliyinin 8 nömrəli təsərrüfathesablı mexaniki-montaj sahəsində rəngsaz vəzifəsində başlamışdır. Sonradan Bakı baş tikinti idarəsində müxtəlif peşələrdə 01 dekabr 2005-ci il tarixinə qədər işləmişdir. Yaşı 60 çatdıqdan sonra dəfələrlə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, hal-hazıradək ona əmək pensiyası təyin edilməmişdir. Cavabdeh tərəfindən ona əmək pensiyasının təyin edilməməsinə dair inzibati aktda onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmamışdır. Belə ki, cavabdeh onun xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixinə qədər işlədiyi müddəti ümumi iş stajına daxil etməyib. O, cavabdehə müraciət edərək həmin müddətin ümumi iş stajına daxil edilməsini xahiş etmiş, 27 may 2021-ci il tarixdə cavabdeh isə imtina edici inzibati akt qəbul etmişdir. Cavabdeh imtinaedici aktını onunla əsaslandırmışdır ki, əmək kitabçasında qeyd edilən xx.xx.1993cü il tarixdən xx.xx.2005-ci il tarixinə qədər işlədiyi müddət arxiv arayışları əsasında təsdiq olunaraq Mərkəzi Filiala təqdim edilməlidir. Cavabdehin ona ünvanlanmış cavabından görünür ki, onlar əmək kitabçasında qeyd edilən xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixinə qədər işlədiyi dövrü əmək stajına daxil etmirlər. Halbuki, həmin aralıqda əmək stajını 11 dekabr 1978-ci il tarixli MT ******* nömrəli əmək kitabçasındakı qeydlər təsdiq edir. Tərəfindən iş yerindən arayışın və yaxud arxiv arayışının cavabdehə təqdim edilməsi mümkün olmamışdır. Belə ki, axırıncı iş yeri olan "Tamamlama Tikinti" tresti idarəsi ləğv edilmiş, arxiv sənədlərini isə Dövlət arxivinin Bakı Filialına təhvil verməmişdir. Lakin bu müddətdə dövlət mənafeləri üçün işləməyinə baxmayaraq bu müddəti cavabdeh onun pensiya stajına daxil edərək əmək pensiyası təyin etməkdən imtina etmişdir. Hesab edir ki, bu qanunsuzdur və onun üzərinə pensiyanın yenidən hesablanması öhdəliyi qoyulmalıdır. Belə ki, onun əmək stajı qanuni sənədlər əsasında təsdiq edilir və həmin sənədlərin mötəbərliyi mübahisəsizdir (Əmək pensiyaları haqqında Qanun, maddə 31.2 və İnzibati icraat haqqında Qanun, maddə 19). Cavabdeh əmək pensiyasının təyin edilməsi üzrə səlahiyyətli dövlət orqanıdır və o, Əmək pensiyaları haqqında Qanuna uyğun olaraq pensiyanı təyin etməli və yenidən hesablamalıdır (Əmək pensiyaları haqqında Qanun, maddə 30.1). Yaşa görə əmək pensiyasının hesablanması zamanı bütün əmək stajı və ona uyğun olaraq bütün sosial sığorta stajı nəzərə alınmalıdır (Əmək pensiyaları haqqında Qanun, maddə 1.0.2 və 7). Bunlara baxmayaraq cavabdeh iddiaçının qanuni tələbini icra etməkdən imtina etmiş və onun mənafeyinə uyğun olaraq əlverişli inzibati akt qəbul etməkdən imtina etmişdir. Bununla da cavabdeh onun sosial təminat və mülkiyyət hüququnu pozmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 11 dekabr 1978-ci il tarixli HT-Q433098 nömrəli əmək kitabçasında xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Tamamlama Tikinti” idarə trestində işlədiyinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunaraq Mərkəzi Filiala təqdim olunduqdan sonra baxılacağı qeyd edilmişdir. Həmçinin iddiaçının əmək kitabçasında bir sıra ziddiyyətli məqamlar mövcuddur. Eyni zamanda, iddiaçının əmək kitabçasının 42-43-cü səhifələrində olan həmin qeydlər kiril əlifbası ilə yazılmış, istifadə olunmuş möhürdəki qeydlər isə latın əlifbası ilə yazılmışdır. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olmuşdur. İstinad olunan qərara əsasən, 1992-ci il tarixdən etibarən möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə başlanılmalı olduğu qeyd olunurdu. Bu da onu göstərir ki, latın qrafikalı əlifbanın bərpa olunmasına 1992-ci il tarixdən başlanılmışdır. Lakin, xx.xx.1993-cü il tarixdən xx.xx.2005ci il tarixədək iddiaçının işlədiyini iddia etdiyi dövrlərlə bağlı mübahisəli məsələlər ondan ibarətdir ki, həmin dövrlər iddiaçının əmək kitabçasında kiril qrafikalı əlifba ilə qeyd olunmasına baxmayaraq, möhürlərdə latın qrafikalı əlifbadan istifadə olunmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2.2-ci mаddəsinə əsаsən inzibаti оrqаnın üzərinə inzibаti аktın qəbul еdilməsi ilə bаğlı öhdəliyin qоyulmаsınа dаir iddiаlаrа və yа inzibаti оrqаnın hərəkətsizliyindən müdаfiəyə dаir iddiаlаrа (məcburеtmə hаqqındа iddiа) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etirazda göstərilən məzmunda izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının vəkilinin və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə alaraq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddia tələbi qismən təmin edilməlidir İş materiallarına əlavə edilmiş: AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı xx.xx.1957-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. İT ******* nömrəli hərbi biletə əsasən, İddiaçı 14 may 1971-ci il tarixdən 12 iyun 1973-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatının təxirə salınması haqqında məktubunda bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdə müraciət etmiş iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə 11 dekabr 1978ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Tamamlama Tikinti” idarə trestində işlədiyinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunaraq Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli BA-04474-2021 nömrəli arxiv arayışına əsasən Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTİ 6 iyli Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında 1957-ci il təvəllüdlü vət. İddiaçı xx.xx.1979-cu il tarixli, 19 saylı əmrlə xx.xx.1979-cu il tarixdən 3-cü dərəcəli rəngsaz vəzifəsinə işə qəbul olunması barədə məlumatlar vardır. BBTİ 6 saylı Tikinti İdarəsinin 1995-ci ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Fililalına təhvil verilməmişdir. Əsas: fond-BBTİ 6 saylı Tikinti İdarəsi, siy.1,iş.14. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina olunması haqqında məktubunda bildirilmişdir ki, təqdim edilən 11 dekabr 1978-cı il tarixli HT-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçasının 42-43-cü səhifələrinin 13-14-cü qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur. qeyd edilənlərə əsasən əmək kitabçasına və oradakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hüsab edilmir. İZ ******* nömrəli hərbi biletin surətinə əsasən, iddiaçı 02 may 1975-ci il tarixdən 13 may 1977-ci il tarixə qədər hərbi xidmətdə olmuşdur. İT-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı əmək fəaliyyətinə xx.xx.1978-ci ildə başlamış, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək anbar müdiri, xx.xx.1989-cu ildən anbardar, xx.xx.1990-cı ildən 4-cü dərəcəli dülgər, xx.xx.1993-cü ildən xx.xx.2005-cı ilə qədər “Tamamlama Tikinti” İdarə trestində tikinti ustası kimi işləmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2022-ci il tarixli **********101400 nömrəli məlumatın verilməsi barədə məktubuna əsasən dövlət reyestrində “Tamamlama Tikinti” İdarə Trestinin 01.091994-cü il tarixdə 159/58 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin hüquqi şəxs 2004-cü ildən hal-hazıradək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2022-ci il tarixli 7- 1674/17 nömrəli məlumatın verilməsi arxiv arayışına məktubuna əsasən İddiaçı 1993- 2005-ci illərdə işlədiyi “Tamamlama Tikinti” İdarə Trestinin sənədləri BŞİH-nin arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2022-ci il tarixli **********38 nömrəli məlumatın verilməsi barədə məktubuna əsasən “Tamamlama Tikinti” İdarə Tresti barədə Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində hər hansı məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2022-ci il tarixli BA-01758-2022 nömrəli arxiv arayışına əsasən“Tamamlama Tikinti” Trestinin 1993- 2005-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Məhkəmənin sorğusuna əsasən, Bakı şəhər İcra Hakimiyyəti xx.xx.2022-ci il tarixdə 7-1926/17 nömrəli məktubu ilə bildirmişdir ki, “Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi” haqqında Azərbaycan Respublikası Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin 2-ci Dövlət proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Nazirliyinin müvafiq əmrləri ilə Bakı Şəhər İcra Hakimiyyətinin özəlləşdirilməyə açıq elan edilmiş struktur bölmələrinin tabeliyində olan bütün podrat idarə və təşkilatlar (o cümlədən, “Tamamlamatikinti” tresti) həmin Nazirliyin (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) sərəncamına götürülmüşdür. Yuxarıda göstərilən Dövlət Proqramına əsasən, müəssisələrin özəlləşdirilməsi barədə qərar qəbul edildiyi andan etibarən, müvafiq yerli icra hakimiyyətləri orqanlarının həmin müəssisələr üzərində səlahiyyətləri (kadr, maliyyə və digər məsələlərə dair) öz qüvvəsini itirmişdir. Bununla əlaqədar sorğuda göstərilən idarə hal-hazırda BŞİH-nin struktur tabeliyində olmadığından, onun haqqında hər hansı bir məlumatın məhkəməyə təqdim edilməsi imkanı xaricindədir. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası "xxxx" ASC xx.xx.2022-ci il tarixdə 05-İM məktubu ilə bildirmişdir ki, İddiaçı əmək kitabçasına əsasən (İT-İ № 0433098№-li əmək kitabçası) onun xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək və xx.xx.1993cü ildən xx.xx.2005-ci il tarixədək “Tamamlama Tikinti” İdarəsində işlədiyi tikinti ustası peşəsi Azərbaycan Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li qərarına (bölmə XXVİİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri, b) Y/bəndi. kod: 2290000b- 23419.. “Yeni tikinti və quraşdırma işlərinin ustaları”) və xx.xx.2007-ci il tarixli 12 №-li Qərar (29-cü bölmə. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri, b) bəndi, tikinti və quraşdırma işləri üzrə ustalar) əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na daxildir. Həmin dövrlər üzrə onun ümumi güzəştli stajı - 13 il 10 ay 8 gün təşkil edir. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1957-ci il təvəllüdlüdür, xx.xx.2014-cü il tarixində onun 57 yaşı tamam olmuşdur, onun həmin tarixə 30 ildən çox əmək stajı vardır, iddiaçı həmin iş müddətinin 13 il 10 aydan çox hissəsini güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşədə işləməsi əsası ilə ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək dövrlər kiril qrafikalı əlifba ilə qeyd olunmuş, möhürlərdə isə latın qrafikasından sitifadə olunmuşdur. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İnzibati iş materiallarından göründüyü kimi iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan şərtlərinə cavab verir. İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında nəzərdə tutulan peşələrdə (tikinti ustası) güzəştli iş stajı xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək və xx.xx.1993-cü ildən xx.xx.2005ci ilədək “Tamamlama Tikinti” İdarəsində işlədiyi müddət daxil olmaqla 13 il 10 aydan çox, ümumi iş stajı isə 25 ildən çox olduğu üçün onun 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1.-ci il bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; Göründüyü kimi, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006-ci il yanvarın 1-dək olan dövr üzrə şəxsin iş müddəti əmək fəaliyyəti barədə sənəd əmək kitabçası əsasında müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Cavabdehin imtinasından göründüyü kimi cavabdeh iddiaçının xx.xx.1993-cü ildən xx.xx.2005-ci ilə qədər arasındakı dövrdə güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işləməsini mübahisələndirmir, qanunvericiliklə 1992-ci il tarixdən etibarən möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə başlanılması, latın qrafikalı əlifbanın bərpa olunmasına baxmayaraq əmək kitabçasında münahisəli dövrlərin kiril qrafikalı əlifba ilə qeyd olunmasını bildirir, məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Vətəndaşların pensiya təminat məsələlərin həlli sahəsində cavabdeh öz fəaliyyətində əmək pensiyaları haqqında qanunvericiliklə yanaşı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu rəhbər tutmalıdır. Belə ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10-cu maddəsinə görə Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İddiaçının əmək kitabçasınında 42-43-cü səhifələrində olan qeydlərin kiril əlifbası ilə yazılması, istifadə olunmuş möhürdəki qeydlərin isə latın əlifbası ilə yazılması, iddiaçının həmin iş stajının nəzərə alınmasından imtina üçün əsas ola bilməz. Belə ki, cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçaçında göstərilən xx.xx.1993-cü ildən xx.xx.2005-cı ilədək müddətdə işləməməsi, iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququnun olması, həmin hüququn xx.xx.2014-cü ildə yaranması barədə iddiaçının tələbi hissəsində haqlı hesab edir. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçı isə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə 11 mart 2021-ci ildə müraciət etdiyi üçün ona güzəştli şərtlərlə pensiya təyinatı 3 il əvvəlki 11 mart 2018-ci il tarixdən təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixinə qədər işlədiyi dövrü ümumi iş stajına daxil edilməklə 11 mart 2018-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, iddia tələbi qalan hissədə (pensiyanın xx.xx.2014-cü ildən təyin edilməsi) rədd edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixinə qədər işlədiyi dövrü ümumi iş stajına daxil edilməklə 11 mart 2018-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar