Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3369/2025 25.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin torpaq sahəsinə çıxarış verilməsini AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 000141 nömrəli qeydiyyat vəsiqəsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə çıxarış əldə etməyi üçün müraciət etsə də xx.xx.2024-cü il tarixli məktubla hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan ölçüsündən görünür ki, həmin torpaq sahəsi ona fərdi yaşayış evinin tikintisi üçün verilmişdir və hazırda həmin torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilməsi əsası ilə hüququnun qeydiyyata alınmasından imtina edilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı ona məxsus ünvan 1 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin torpaq sahəsinə çıxarış verilməsini AR İN yanından Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin 1 Saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik kimi qoyulması barədə iddiası etirazla qarşılanır. İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 ünvan 1 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********40 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) göndərilmiş sorğuya cavab olaraq 14-2/2-4286/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Həmçinin müəyyən olunmuşdur ki, tərəfinizdən təqdim edilmiş koordinatlarda yerləşən torpaq sahəsində inşa olunmuş tikilinin 1,80 metr məsafəsindən (bir hissəsi həyətə giriş qapısının üstü ilə) yanmayan materialdan olan dayaqlar (polad) üzərində çəkilmiş SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyinin istismarında olan d-57 mm-lik (istismara verildiyi tarix: 2017-ci il) yerüstü orta təzyiqli qaz kəməri keçir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına etiraz edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-14402/2024 nömrəli qərardadı ilə Azərbaycan Dövlət Neft Şirkəti üçüncü şəxs qismində məhkəmə icraatına qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-3369/2025 nömrəli qərardadı ilə X11 üçüncü şəxs qismində məhkəmə icraatına qəbul edilmişdir. Üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti xx.xx.2024-cü il tarixdə iddia tələbinə dair yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı iddia etdiyi torpaq sahəsinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) daimi istifadəsində olan ərazilərin hüdudları daxilində olub-olmadığına dair məlumat verilməsi barədə Elektron Məhkəmə Sistemində (elektron kabinet) olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş A-247587 nömrəli, xx.xx.2009-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində (kadastr kitabındakı uçot nömrəsi: 18641) göstərilən koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Həmin koordinatların WGS 84/UTM zona 39N koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, koordinatlarında olan sözügedən 938 m² torpaq sahesi neft-qaz əməliyyatlaının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayılmış sənaye təyinatı ərazilərin hüdudları daxilində yerləşir. Sözügedən ərazilər Bakı şəhər X12 İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli 27/919 nömrəli Qeran ila neft-qaz əməliyyatlarının aparılması üçün "Bibiheybətneft" NQÇİ-yə ayrılmış və sonuncu dəfə təkmilləşdirmələr aparılaraq 2009-cu ildə ərazinin xəritəsi təsdiq olunmuşdur. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə esasen, elecə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması üçün istifadə oluna bilər. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən "senaye, nəqliyyat, rabite, müdafiə və digər təyinatlı torpaqlarda sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş "Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, "Dövlət obyektlərinin dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar, dövlət müəssisə olunduqda, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Qeyd olunanlara, həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15-ci (Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri) və 28-ci (Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması) maddələrinin tələblərinə uyğun olaraq "Azneft" İstehsalat Birliyinin (AZ 1000, Bakı şəhəri, Neftçilər pr., 73) iş üzrə Üçüncü şəxs qismində cəlb olunması, istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə iddia tələbinin rədd olunması xahiş edilmişdir. İddiaçının nümayəndəsi(vəkili) Vəkil1 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı məxsus ünvan 1 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi 936.6 kv.m torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin torpaq sahəsinə çıxarış verilməsini AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-3369/2025 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun olaraq izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı 000141 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən, ünvan 2 ünvanında yerləşən 4 otaqlı ümumi sahəsi 361.8, yaşayış sahəsi 167.4, 1-ci massiv torpaq sahəsindən ibarət 29 saylı fərdi yaşayış evi X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 243 saylı reyestr kitabında 16660 səhifəsində 30/13643 nömrəsi ilə xx.xx.1999-cu il tarixində qeydiyyat aparılmışdır. -Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A№247587 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən İddiaçı məxsus Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1999-cu il tarixli FM seriyalı 000141saylı Qeydiyyat Vəsiqəsi ilə ayrılmış 936.6 kv.m olan torpaq sahəsində 29 saylı fərdi yaşayış evinin tikintisi üçün tərtib edilmişdir. Həmin plan və ölçüyə əsasən torpaq sahəsinin ölçüsü 935.87 kv.m, torpaq sahəsinin normativ qiyməti 22086.53 manat qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü tarixli 3-21-3-30/2-51234/2024 nömrəli məktubu ilə təqdim edilmiş ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü tarixli müayinə aktında göstərilmişdir ki, fərdi yaşayış evinin hüquqmüəyyənedici sənəd üzrə ümumi sahəsi 361.8 kv.m, faktiki sahəsi 361.8 kv.m-dən 96.4 kv.m artıqdır(əlavə mansard inşa edilmişdir); torpaq sahəsinin texniki pasporta əsasən ümumi sahəsi 936.6 kv.m, faktiki olaraq da 936.6 kv.m-dir. Torpaq sahəsində 2 ədəd köməkçi tikili inşa edilmiş, həyətdə talvar quraşdırılmışdır. Fərdi yaşayış evinin mövcud vəziyyəti (ara divarları, ölçüləri) arxiv texniki pasportuna uyğundur, lakin evin üstündə 96.4kv.m mansard inşa edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-2924/2025 nömrəli məktubu ilə təqdim edilmiş FM seriyalı 00041 nömrəli qeydiyyat vərəqəsinin və onun tərtib edilməsinə əsas olan sənədlərin surətlərindən görünür ki: -Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 982 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində X9 600 kv.m olmaqla fərdi evin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 824 nömrəli Sərəncamında göstərilmişdir ki, RİHB-nın xx.xx.1997-ci il tarixli 193 nömrəli sərıncamı ilə Ə.M.Hüseynovun adına badamdar qəsəbəsi İ massiv ƏşNəzərov küçısi 3-cü döngədə 29 nömrəli ünvanda yerləşən fərdi ev tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi X2 adına sənədləşdirilsin. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1034 nömrəli Sərəncamında göstərilmişdir ki, vətəndaş N.Muradova Səbail rayon İHB-nın xx.xx.1995-ci il tarixli 982 nömrəli və xx.xx.1998-ci il tarixli 824 nömrəli sərəncamı əsasında Badamdar qəsəbəsi, İ massivdə ayrılmış torpaq sahəsində inşaat işlərinin başa çatması ilə əlaqədar onlara şəxsi mülkiyyət üçün qeydiyyat vəsiqəsi verilməsini xahiş edir. Səbail RİHB-nın mənzil məsələlərinə dair komissiyasının 24 iyun 1998-ci il tarixli 18 nömrəli rəyi təsdiq edilsin və Badamdar qəsəbəsi Ə.Nəzərov küçəsi 3-cü döngə İ massivdə tikilmiş Bakı şəhəri Tİ və MQİ tərəfindən 11.06.98-ci il tarixdə tərtib edilmiş 30/768 nömrəli texniki pasporta əsasən 4 otaqlı y/sahəsi167.4, köməkçi sahəsi 194.4, ümumi sahəsi 361.8 ,açıq sahə 36.3, qaraj 32.4, torpaq sahəsi 936.6 kv.m olan 29 nömrəli fərdi ev TH və Q müvafiq gəldiyi üçün X3 və X9 şəxsi mülkiyyət kimi verilsin. xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 və X13 ünvan 2 ünvanında yerləşən 4 otaqlı ümumi sahəsi yaşayış sahəsi 167.4kv.m –dən ibarət 29 saylı fərdi yaşayış evi X1 Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il **********40 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İstifadəsinə verilmiş ərazidə yerləşir. Bu səbəbdən yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə xx.xx.2024-cü il tarixdə sorğu ünvanlanmış, lakin sorğuya cavab idarəyə daxil olmamışdır. Elektron kadastr məlumatlarına əsasən idarənin arxivində mövcud olan texniki pasportun baş planı ilə təqdim edilmiş kadastr planı və torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi mövcuddur. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsi və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiy torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında' Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlə qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı tərəf ünvan 1 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmişdir. Cavabdehin müraciətin təminindən imtina üçün əsasları aşağıdakılardan ibarət olmuşdur: - fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. - Texniki pasportun baş planı ilə təqdim edilmiş kadastr planı və torpaq sahəsinin faktiki vəziyəti arasında perimetrik ölçü fərqi mövcuddur. Məhkəmə göstərilən hər iki dəlilin hazırkı iddia tələbinin təmin edilməsinə mane olmadığı qənətinə gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: -2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi yuxarıda adıçəkilən Siyahıda yaşayış və bağ evlərinin altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər sadalanmışdır ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair həmin sənədlərdən ilkini- X7 adına verilmiş xx.xx.1995-ci il tarixli səcərncam və X2 adına verilmiş xx.xx.1998-ci il tarixli sərəncamlardır ki, həmin torpaqayırma sənədi ilə ilkin mülkiyyətçilərə fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamlar Qanunun 8.0.1-ci maddəsinə əsasən iddia olunan torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Bundan əlavə qeyd edilməlidir ki, sözügedən torpaq sahəsində fərdi ev tikmiş, bu zaman həmin evin yerləşdiyi torpaq sahəsi 936.6 kv.m göstərilməklə Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 1034 nömrəli sərəncamı əsasında fərdi yaşayış evinin Muradova Növrəstə və X7 adına qeydiyyata alınması qərara alınmışdır. Sözügedən fərdi ev xx.xx.1998-ci ildə X2 və X7 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmiş, xx.xx.1998-ci ildə fərdi yaşayış evinə texniki pasportu verilmiş, texniki pasportda torpağın həqiqi-faktiki ölçüsü 936.6 kv.m olaraq göstərilmişdir. Qeyd edilməlidir ki, yuxarıda adıçəkilən Siyahının 2.4-cü bəndində torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyatı üçün hüquqmüəyyənedici sənəd kimi xx.xx.2001-ci il tarixədək tərtib edilmiş o texniki pasportlar nəzərə alınır ki, həmin tarixədək texniki pasportu tərtib edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış olsun. Hazırkı iş üzrə isə sözügedən ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları ilkin olaraq xx.xx.1998-ci il tarixində qeydiyyata alınmış, fərdi evə dair qeydiyyat vəsiqəsi ilə yanaşı eyni zamanda xx.xx.1998-ci il tarixdə fərdi yaşayış evinin texniki pasportu tərtib edilmiş və texniki pasportda torpaq sahəsinin, üzərində fərdi evin yerləşmə vəziyyəti əks olunmuş və torpaq sahəsinin faktiki ölçüsü 936.6 kv.m olaraq göstərilmişdir. Beləliklə, üzərində mülkiyyət hüququ xx.xx.1998-ci il tarixində qeydiyyata alınmış fərdi evə dair 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportda iddia olunan fərdi evin yerləşdiyi torpaq sahəsinin ölçüsü öz əksini tapmışdır. Belə olan halda təqdim edilən xx.xx.1998-ci il tarixli texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən tərtib edilmiş texniki pasport Siyahının 2.4-cü bəndində nəzərdə tutulmuş 936.6 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatına əsas verən hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Bundan əlavə sözügedən fərdi ev İddiaçı mülkiyyətinə verildikdən sonra onun adna xx.xx.1999-cu ildə qeydiyyat vəsiqəsi verilmiş, eyni zamanda həmin qeydiyyat vəsiqəsində göstərilən əmlakın yerləşdiyi torpaq sahəsinə dair xx.xx.2009-cu ildə torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş, həmin sənədddə də torpaq sahəsinin 936.6 kv.m olduğu öz əksini tapmışdır. Cavabdeh texniki pasportun baş planı ilə təqdim edilmiş kadastr planı və torpaq sahəsinin faktiki vəziyəti arasında perimetrik ölçü fərqi mövcud olduğunu qeyd etsə də fərqin nədən ibarət olduğu və bunun sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinaya əsas verəcək uyğunsuzluq olduğunu sübut edən dəlillər irəli sürməmişdir. Əksinə, cavabdeh orqanın mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinə əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli müayinə aktında göstərilmişdir ki, torpaq sahəsinin texniki pasportuna əsasən olan ölçüsü ilə faktiki ölçüsü eyniyyət təşkil etməklə 936.6 kv.m-dir. Fərdi yaşayış evinin mövcud vəziyyəti isə arxiv texniki pasportuna uyğundur. Bundan əlavə qeyd edilməlidir ki, “Torpaq islahatı haqqında” Qanunun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. -10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi qanunverici vətəndaşların qanuni istifadəsində olan o torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyatını nəzərdə tutur ki, torpaq sahələri ilkin torpaqayırma sənədləri əsasında istifadəyə verilmiş olsun və həmin torpaq sahələrinin istifadəyə götürüldüyü ölçü bəlli olmuş olsun. Hazırkı iş üzrə yuxarıda da qeyd edildiyi kimi iddiaçının iddia etdiyi fərdi yaşayış evinin tikintisi üçün torpaqayırma sənədi var, torpaq sahəsinin istifadəyə verilərkən hansı ölçüdə verildiyi barədə ilkin sənədlərdə qeydlər mövcuddur. İddia olunan əmlakın yerləşdiyi torpaq sahəsi ilə bağlı sənəd yerli icra hakimiyyətinin xx.xx.2001-ci ilədək verilmiş sərəncamları və texniki pasportları mübahisəli 936.6 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatına əsas verir. Cavabdehin imtina dəlili olan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşməsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Cavabdehin mövqeyinə görə elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və faktiki göstərilən torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayan dövlət mülkiyyətində olan torpaq sahəsidir. Eyni zamanda SOCAR-ın məhkəmə sorğusuna cavabında SOCAR-ın daimi istifadəsinə aynlmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşən torpaq sahəsinin istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması üçün istifadə oluna biləcəyi qeyd edilmişdir. Məhkəmə o halı da nəzərə alır ki, iddia olunan torpaq sahəsi hüququn yarandığı vaxtdan DNŞ-nin daimi istifadəsinə verilmiş torpaq sahəsi olduğu güman edilmiş olsa, o zaman bu hal torpaq sahələrinin kadastrını həyata keçirən inzibati orqana da bəlli olmuş olmalı və qeydiyyat orqanı sözügedən torpaq sahəsinə hələ ilkin olaraq xx.xx.1998-ci il tarixdə, daha sonra iddiaçının adına xx.xx.1999-cu ildə mülkiyyət hüququnun qeydiyyatına dair qeydiyyat vəsiqəsi verərkən bu barədə etirazını bildirmiş olmalıydı. Lakin məhkəmə sorğusu ilə təqdim edilmiş həmin əmlaka qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş icraat materialları arasında torpaq sahəsinin sənaye təyinatlı torpaq olub DNŞ-nin daimi istifadəsində olması ilə bağlı inzibati orqanın hər hansı araşdırma apardığı, aidiyyatı qurumdan müvafiq məlumat, sənəd əldə etdiyi, müvafiq etiraz bildirdiyi və s. aşkar olunmamışdır. Eyni zamanda iddia olunan torpaq qonşuluğunda yerləşən digər torpaq sahələrini (**********19 və **********50 reyestr nömrəli) xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alarkən həmin torpaq sahələrinin DNŞ-nə aid əraziyə aid olması ilə bağlı dəlil irəli sürməmişdir. Belə olan halda cavabdehin DNŞ-nə aid torpaq sahələrində yerləşmə ilə bağlı imtina dəlili iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi 936.6 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi 936.6 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-3369/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3369/2025
25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver