Məhkəmə qərarları › İş №e-2-1(112)-3370/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3370/2025

28.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3370/2025 28.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin BakıƏrazi İdarəsindən verilmiş Seriya RX № ******* saylı, ********** Qeydiyyat nömrəli, xx.xx.2014-cü il Qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 565, ev 5 ünvanında 34 nömrəli, 3 otaqlı, ümumi sahəsi 72,3 kv.m olan mənzil iddiaçının mülkiyyətindədir. Mülkiyyətində olan həmin mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müraciətinə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının nəzdində daimi fəaliyyət göstərən Mənzil məişət məsələləri üzrə idarələrarası Komissiya tərəfindən qeyriyaşayış sahəsinə keçiriləcək mənzilə baxış keçirilərək 09 dekabr 2021-ci il tarixli Texniki Rəy verilmişdir. Həmin Rəydə göstərilir ki, müvafiq çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 565, ev 5 ünvandakı yaşayış binasının ikinci mərtəbəsində yerləşən 34 nömrəli mənzilin mülkiyyətçisi İddiaçı müraciətinə əsasən mənzilə yerində baxış keçirilərək müəyyən edildi ki, mənzildə yenidənqurma və yenidənplanlaşdırma işləri aparılmış, mənzil qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün uyğunlaşdırılmışdır. Mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının nəzdində daimi fəaliyyət göstərən Mənzil-məişət məsələləri üzrə idarələrarası Komissiyanın xx.xx.2021-ci il tarixli Qəbul Aktında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20, 21 və 27-ci maddələrini rəhbər tutaraq komissiya hesab edir ki, vətəndaş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 565, ev 5 ünvandakı yaşayış binasının ikinci mərtəbəsində yerləşən 34 nömrəli mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı işlər başa çatdırılmışdır və mənzil qeyri-yaşayış sahəsi kimi istismara hazırdır. Mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edildiyindən iddiaçı faktiki olaraq istifadəsində olan qeyri-yaşayış sahəsi üzərində hüquqlarının qeydiyyatını həyata keçirmək istəyir. O, bununla bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunan məsələ ilə bağlı xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə idarəyə müraciət etmiş və müvafiq olaraq xx.xx.2022-ci il tarixli, **********51 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı qeyri-yaşayış binasında yenidənqurma işləri aparılaraq binanın konturundan kənarda inşa edilmiş pilləkən sahəsinin təqdim edilmiş layihədə qeyd edilən mövqeyi ilə uyğunsuzluq təşkil etdiyi məlum olmuşdur. Həmçinin sənədlərə əsasən sahə 73, 5 kv.m, faktiki isə 71,6 kv.m təşkil edir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 72,3 kv.m olan mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin ümumi sahəsi 72,3 kv.m təşkil edir. xx.xx.2021-ci il tarixli texniki rəydən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışına əsasən qeyd olunan ünvanda yerləşən 34 nömrəli mənzil vətəndaş İddiaçı məxsusdur. İkinci mərtəbədə yerləşən mənzildə yenidənqurma və yenidənplanlaşdırma işləri aparılmış, mənzil qeyriyaşayış sahəsi kimi istifadə etmək üçün uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20, 21 və 27-ci maddələrini rəhbər tutaraq, komissiya hesab edir ki, İddiaçı mülkiyyətində olan, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 565, ev 5 ünvanındakı yaşayış binasının ikinci mərtəbəsində yerləşən 34 nömrəli mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi mümkündür. Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının nəzdində daimi fəaliyyət göstərən Mənzil-məişət məsələləri üzrə idarələrarası komissiyanın xx.xx.2021-ci il tarixli aktından görünür ki, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 565, ev 5 ünvanındakı yaşayış binasının ikinci mərtəbəsində yerləşən 34 nömrəli mənzilin mövcud vəziyyətdə ümumi sahəsi 73.5 m2 təşkil edir, mənzilin qonşu yaşayış sahələrindən təcrid olunmuş giriş-çıxışı mövcuddur və həmin sahədən qeyri-yaşayış sahəsi kimi istifadə olunmasına şərait vardır. Bakı Şəhər icra Hakimiyyəti başçısı Aparatının nəzdində daimi fəaliyyət göstərən Mənzil-məişət məsələləri üzrə idarələrarası komissiya vətəndaş İddiaçı xüsusi mülkiyyətində olan, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 565, ev 5 ünvanındakı yaşayış binasının ikinci mərtəbəsində yerləşən 34 nömrəli mənzilin qeyriyaşayış sahəsinə keçirilməsini qanunauyğun hesab etmişdir. Mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə xx.xx.2021-ci il tarixli qəbul aktından görünür ki, vətəndaş İddiaçı mülkiyyətində olan, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 565, ev 5 ünvanındakı yaşayış binasının ikinci mərtəbəsində yerləşən 34 nömrəli mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı işlər başa çatdırılmışdır və mənzil qeyri-yaşayış sahəsi kimi istismara hazırdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının "Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının nəzdində daimi fəaliyyət göstərən Mənzil-məişət məsələləri üzrə idarələrarası komissiyanın Aktının təsdiq edilməsi haqqında” 328 nömrəliı, xx.xx.2021 -ci il tarixli sərəncamından çıxarışın 1-ci və 3-cü bəndlərinə əsasən vətəndaş İddiaçı müraciəti ilə əlaqədar xx.xx.2021-ci il tarixli, A-34-21 nömrəli Aktın təsdiq edilməsi, onun xüsusi mülkiyyətində olan, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 565, ev 5 ünvanındakı yaşayış binasının ikinci mərtəbəsində yerləşən 34 nömrəli mənzil qeyriyaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinə keçirilməsi nəzərdə tutulan mənzil yaşayış binasının 2-ci mərtəbəsində yerləşir və 1-ci mərtəbədə olan mənzil qeyri-yaşayış sahəsinə keçirilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 25.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 25.1.1. bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 24.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); [12] 25.1.2. sənədlər müvafiq orqana deyil, digər orqana təqdim edildikdə; 25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); 25.1.5. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa; 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda. 25.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina haqqında qərar bu Məcəllənin 25.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad etməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. 26.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. 26.2. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə əhatə olunur. İşin faktiki hallarından görünür ki, hazırki iddia qeyri-yaşayış sahəsi kimi istifadə edilən əmlaka dair iddiaçının mülkiyyət hüququnun tanınmasından imtina ilə bağlıdır. Qeyd olunur ki, cavabdeh mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair yerli icra hakimiyyəti orqanının sərəncamını nəzərə almamış, imtina əsası qismində sahədə yenidənqurma işləri aparılaraq binanın konturundan kənarda inşa edilmiş pilləkən sahəsinin təqdim edilmiş layihədə qeyd edilən mövqeyi ilə uyğunsuzluq təşkil etdiyini, həmçinin əmlakın ölçülərinin az olmasına istinad etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia tələbi ilə məhkəmə iddiaçının konturdan kənarda inşa edilmiş sahəyə deyil, məhz sərəncam əsasında tanınmış sahəyə hüquqlarının qeydiyyatını həyata keçirir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, yerli icra hakimiyyəti orqanının texniki rəy və qəbul komissiyasının aktına əsasən qəbul etdiyi sərəncam əsasında yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilmiş, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 565, ev 5 ünvanındakı yaşayış binasının ikinci mərtəbəsində yerləşən 34 nömrəli mənzilin qeyri-yaşayış sahəsi kimi istismara hazır olduğu müəyyən olunmuşdur. Göründüyü kimi yenidənqurma və rekonstruksiya işlərinin aparılmasına səlahiyyətli qurum tərəfindən həmin hərəkətlərin qanuniliyi tanınmışdır ki, məhkəmə hesab edir ki, cavabdeh, adıçəkilən sərəncamın icrası ilə əlaqədar qeydiyyat hərəkətlərinin edilməsi öhdəliyi daşımaqdadır. Nəzərə alınmalıdır ki, inzibati orqanın adıçəkilən sərəncamı qüvvədədir, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Bundan başqa mübahisə predmetini təşkil edən əmlaka baxış keçirilmiş və yerində müayinə zamanı qeyri-yaşayış sahəsinə keçirilməsi barədə iddia verilmiş sahənin binanın 2-ci mərtəbəsində yerləşdiyi, faktiki olaraq yaşayış məqsədləri üçün istifadə edilmədiyi, altında-1-ci mərtəbədə yerləşən sahənin başqa şəxslər tərəfindən faktiki qeyri-yaşayış sahəsi kimi istifadə edildiyi, 2-ci mərtəbədə yerləşən sahəyə əlavə giriş-çıxışın olduğu, iş materiallarında olan sahənin planını əks etdirən sənədlərin real vəziyyətlə uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Miratayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı adıçəkilən sərəncamı, aidiyyəti komissiyanın aktı və texniki rəyi nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmişdir. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Yuxarı instansiya məhkəməsinin təcrübə müəyyən edən qərarlarının tələbləri ilə də müəyyən edilir ki, cavabdeh keçirilmə haqqında səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərara bağlıdır və həmin qərarın məzmununa uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin qərar məzmun baxımından təftiş edilə və onun qüvvədə olduğu müddətdə həmin qərarın icrasından imtina oluna bilməz. Cavabdeh səlahiyyətli orqanlar tərəfindən verilmiş sənədlərə bağlıdır və həmin sənədlərin məzmununa uyğun davranmağa borcludur. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. (2-1(102)- 1202/2024 saylı iş üzrə xx.xx.2024 tarixli, 2-1(102)- 1485/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli, 2-1(102)-2104/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1485/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-242/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-1(102)- 57/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(102)-1263/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il il tarixli, 2-1(102)-843/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il il il tarixli qərarlarındakı oxşar hüquqi mövqeyə uyğun olaraq) Məhkəmə, əmlakın faktiki ölçülərinin hüquqmüəyyənedici sənəddə göstərilən ölçülər az olmasına münasibətdə qeyd edir ki, bu əsas hazırki iddianın təminin istisna etmir. Belə ki, iddiaçı hər hansı əlavə sahəyə yox qanuni əsaslarla onun istifadəsində olan qeyriyaşayış sahəsi üzərində hüquqlarının qeydiyyatını reallaşdırmağa nail olmaq istəyir ki, göstərilən əsas onun gözlənilən hüquqlarının qeydiyyatını istisna edə bilməz. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 328 nömrəli Sərəncamı əsasında iddiaçının mülkiyyətdə olan Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 565, ev 5 ünvandakı yaşayış binasının ikinci mərtəbəsində yerləşən, 72,3 kv.m sahəsi olan 34 nömrəli mənzilin qeyri-yaşayış sahəsinə keçirilərək İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar