Məhkəmə qərarları › İş №e-2-1(112)-3389/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3389/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3389/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçı, İddiaçının nümayəndələri X1 və Nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ezamiyyə pulunun ödənilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) qapalı şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azəbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ayrılmış ezamiyyə pulunun hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 2020-ci ilin mart ayından müddətdən artıq həqiqi hərbi xidmətdə N nömrəli hərbi hissənin məxfi hissəsinin çavuş hərbi rütbəsində, kargüzar-operatoru vəzifəsində çalışır. Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərmiş, döyüş və ictimai-siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olmuş, nümunəvi xidmət göstərmiş və hazırda da hərbi xidmət vəzifələrini layiqincə yerinə yetirir. Dəfələrlə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Nazirliyin Maliyyə İdarəsinə müraciət edərək ezamiyyə pulunun hesablanaraq ödənilməsini xahiş etmiş, lakin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ezamiyyə pulunun hesablanaraq ödənilməsindən imtina etmişdir. Cavabdeh təşkilat ezamiyyə pulunun ödənilməmə səbəbini əsaslandırmayıb və bununla əlaqədar hər-hansı müqavilə və hesablama təqdim olunmayaraq açıqlama verilməmişdir. Sözügedən məsələ ilə əlaqədar cavabdehə sorğu göndərilərək müvafiq əmr, ödənişin hesablanması barədə ezamiyyə vərəqəsi tələb edilməli və iddiaçının adına “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi həcmində vəsaitin ödənilməsi” barədə sənədlər tələb olunmalı araşdırılmalıdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 474 nömrəli “Müdafiə Nazirliyinin nümayəndələrinin Pakistan İslam Respublikasına ezamiyyətə göndərilməsi haqqında Əmrdən çıxarışa əsasən, “xx.xx.2021ci il tarixli 1/944 nömrəli Telefonoqramı ilə “Xanım kadetlər kursu”nda iştirak etmək üçün 6 (altı) qız 2021-ci ilin noyabr ayının 24-dən 2022-ci il mayın 1-dək Pakistan İslam Respublikasının “Kakul” şəhərinə ezamiyyətə göndərilmişdir. Telefonoqram əsasında (xx.xx.2021-ci il tarixli 474 nömrəli Əmrdən çıxarış) altı aylıq kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçu İddiaçı qayıtdıqdan sonra ezamiyyə pulu hesablanıb ödənilməmişdir. Sözügedən “Xanım kadetlər kursu” kifayət qədər çətin və ağır sınaqlarla keçmişdir. Altı aylıq kursda ezamiyyətdə olduğu dövrdə cavabdeh təşkilat tərəfindən ona heç bir ödəniş olunmamışdır. Pakistan İslam Respublikasında Kakul şəhərində ezamiyyətdə olduğu müddətdə ailəsi tərəfindən bir sıra xərclər ödənilmişdir. Çəkilən xərclər barədə (təqribən 6000 (altı min) manat) ölkəyə qayıtdıqdan sonra Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisinə xx.xx.2022-ci il tarixində raport verilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında qeyd edilmişdir ki, işçilərin ezamiyyətə göndərilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ezamiyyə xərclərinin normaları haqqında" 25.01,2008-ci il tarixli 14 nömrəli Qərarı ilə tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 №li “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarının 8-ci bəndinə əsasən, “X3”nın hazırlanması və təsdiq edilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə "X3" təsdiq edilmişdir. Qeyd edilən Qaydaların 5-ci bəndində göstərilmişdir ki: “Ezamiyyət xərclərinin 1 günlük normasına - gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xərclərlə bağlı xərclər daxildir”. Həmin Qaydaların “Xarici ölkələrə ezamiyyələr” hissəsinin 4-cü bəndində “Bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda işçiyə ezamiyyə xərci ödənilmir” qeyd edilmişdir. İşin materiallarından göründüyü kimi, N nömrəli hərbi hissənin hərbi qulluqçusu Rəsulova X2 İslam Respublikasının Kakul şəhərində “Xanım kadetlər kursu”nda iştirak etmək üçün ezam edilmişdir. “Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında müdafiə və hərbi əməkdaşlıq haqqında Saziş” imzalanmış və həmin sazişin maliyyə şərtlərinə uyğun olaraq ezamiyyət xərcləri (yol xərci və sığorta xərci istisna olmaqla (Müdafiə Nazirliyi tərəfindən qarşılanmışdır) qəbul edən tərəfindən ödənilir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndələri iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 22 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 4 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədə keçiriləcək “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul edilmiş İddiaçı xx.xx.2020-ci il tarixdən hərbi hissənin dəyişən heyətinin siyahısına və bütün növ təminatlara daxil edilməklə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı bölüyündə kursant vəzifəsinə təyin edilməsi və xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissədə qazan təminatına qoyulması barədə əmr verilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 76 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 4 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədə keçirilmiş “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nu bitirmiş kursant İddiaçı 16 mart 2020-ci il tarixdən hərbi hissənin dəyişən heyətinin siyahısından, bütün növ təminatlardan və N nömrəli hərbi hissənin qazan təminatından çıxarılması barədə əmr verilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 100 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər İddiaçı, Azərbaycan Respublikası Müafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 19 mart 2020-ci il tarixli 028 əç nömrəli əmrinə əsasən, “əsgər” hərbi rütbəsi verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilərək N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin (Q4) kargüzar - operatoru vəzifəsinə təyin edilmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsindən gəlmiş hesab edilmiş, 13 aprel 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin qəbuluna və icrasına başlanılmış, vəzifə maaşı ştata əsasən təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 114 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, maddi-texniki təminat bölməsinin (Q4) kargüzar - operatoru, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 24 aprel 2020ci il tarixli 040əç nömrəli əmri ilə hərbi hissənin məxfi hissənin kargüzar - operatoru vəzifəsinə təyin edilmiş hesab edilməsi, vəzifəsini təhvil verməsi, təyin olunduğu vəzifənin qəbuluna və icrasına başlaması barədə əmr verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 474 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər İddiaçı “Xanım kadetlər kursu”nda iştirak etmək üçün 2021-ci il noyabrın 24-dən 2022-ci il mayın 1-dək Pakistan İslam Respublikasının Kakul şəhərinə ezamiyyətə göndərilməsi qərara alınmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 207 nömrəli əmrindən çıxarışdan görünür ki, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqəqadar, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq məxfi hissənin kargüzar-operator vəzifəsinə təyin edilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İddiaçı iş və vəzifələrinin təhvil verilməsi, təyin olunduğu vəzifələrin icrasına başlanılması barədə əmr verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 69 nömrəli arayışından görünür ki, N nömrəli hərbi hissənin qadın hərbi qulluqçusu, çavuş İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xarici ezamiyyətdə olması ilə əlaqədar pul təminatının ödənilməsinə dair hərbi hissəyə heç bir əmr daxil olmadığı üçün, həmin şəxsə xarici ezamiyyətlə bağlı pul təminatı ödənilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 908 nömrəli məktubundan görünür ki, hərbi hissənin qadın hərbi qulluqçusu çavuş İddiaçı Azərbaycan Respublikasının Müdafiə nazirinin 23 noyabr 2021-ci il tarixli 474 nömrəli əmrinə əsasən 24 noyabr 2021-ci il tarixdən Pakistan İslam Respublikasının Kakul şəhərinə “Xanım kadetlər kursu”nda iştirak etmək üçün ezam olunmuş və kursu bitirdikdən sonra 22 aprel 2022-ci il tarixdə xidmət yerinə qayıtmışdır. Hərbi qulluqçunun kursu bitirməsi ilə əlaqədar təqdim etdiyi sertifikatda müvəffəqiyyətlə bitirdiyi qeyd edilmişdir. Kursu bitirdikdən sonra zabit hərbi rütbəsinin verilib-verilməməsi barədə hərbi hissənin uçot sənədlərində heçbir məlumat və təsdiqedici sənəd qeydə alınmamışdır. Zabit hərbi rütbəsinin verilməsi yuxarı Komandanlığın səlahiyyətində olduğu üçün “leytenant” hərbi rütbəsinin verilməsi barədə yuxarı Komandanlıqdan heç bir əmr, göstəriş və sərəncam daxil olmadığından təqdimat göndərilməmişdir. Ezamiyyətdə olduğuna görə, ezamiyyət xərclərinin ödənilməsi barədə hərbi hissəyə göstəriş daxil olmadığından ezamiyyət xərclərinin ödənilməsi mümkün olmamışdır. Hərbi hissənin qadın hərbi qulluqçusu çavuş İddiaçı 44 günlük Vətən Müharibəsi zamanı, hərbi hissənin X4, məxfi hissənin tərkibində məxfi sənədlərin işlənilməsi, məxfi hissənin kargüzarlıq fəaliyyətinin və uçotunun aparılması kimi fəaliyyət göstərmiş, döyüş əməliyyatları aparılan ərazilərə ezam edilməmiş, medallarla təltif olunmamışdır. Müharibə veteranları üçün təyin edilmiş pul vəsaitinin ödənilməsi hərbi hissənin öhdəliyində və cavabdehliyində olmadığı üçün bu barədə sorğunun aidiyyəti üzrə qurumlara göndərilməsi məqsədəuyğundur. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Pakistan İslam Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında 27 noyabr 2021 - 30 mart 2022-ci il tarixləri arasında təşkil olunmuş “Xanım Kadetlər kursu"nda (LCC-19) Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı üçün maliyyə şərtləri aşağıda qeyd olunan sənədlərdə öz əksini tapmışdır: Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında xx.xx.2002-ci il tarixdə imzalanmış “Müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında Saziş” (10-cu maddə - Maliyyə şərtləri); Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşelik Aparatının O/735/LCC/Azb nömrəli xx.xx.2021-ci il tarixli “Xanım Kadetlər kursu” (LCC-19) üçün dəvət məktubu. Əlavə olaraq qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissənin hərbi qulluqçusu MAHHXHQ əsgər İddiaçı ezamiyyətdən qayıtması barədə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisinə raportla müraciət etmiş və həmin raportda kursun təminat məsələləri barədə məlumatları qeyd etmişdir. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3- 25-4/2-5422/24 nömrəli məktubundan görünür ki, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin müvafiq məktubunda İddiaçı 2021-ci il noyabrın 24-dən 2022-ci il mayın 1-dək Pakistan İslam Respublikasının Kakul şəhərində keçdiyi “Xanım kadetlər kursu”nda ezamiyyət xərclərinin ailəsi tərəfindən qarşılanması barədə heç bir maliyyə aktının hazırlanmadığı qeyd edilmişdir. Bununla da, müvafiq aktın göndərilməsi mümkün olmamışdır. İddiaçı hazırda 2021-ci il noyabrın 24-dən 2022-ci il mayın 1-dək Pakistan İslam Respublikasının Kakul şəhərində “Xanım kadetlər kursu”nda iştirakına görə ona eamiyyə xərclərinin verilmədiyini iddia edərək, həmin vəsaitin ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin 2-ci hissəsinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 14 nömrəli Qərarının 2-ci hissəsi ilə “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları” təsdiq edilmişdir. Həmin qərarın 4-cü hissəsinə əsasən müəyyən edilmişdir ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir. Qərarın 5-ci hissəsinə əsasən nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”na əsasən: İ. Ümumi müddəalar -bənd 1. Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. -Daimi işi yolda keçən və gediş - gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır. -bənd 2. Təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Dəvət edən tərəf ezamiyyə xərclərinin ödənilməsini öz üzərinə götürdüyü hallarda, ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı müddəalar əmrdə öz əksini tapmalıdır. -bənd 4. İşçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz (Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və digər təşkilatların nümayəndələri istisna olmaqla). -bənd 6. İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir. - bənd 7. Xarici ölkələrə xidməti ezamiyyətlər zamanı ezamiyyətə getmək barəsində verilmiş rəsmi əmr və ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeyd ezamiyyət müddəti üçün əsas götürülür. Dövlətlərarası razılaşmaya əsasən ölkədən çıxdıqda və ölkəyə qayıtdıqda pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqan tərəfindən müvafiq qeyd aparılmayan hallarda bu Qaydaların əlavəsinə uyğun olaraq «Ezamiyyə vəsiqəsi» verilir. (İngilis dilində tərtib edilmiş variant) İİİ. Xarici ölkələrə ezamiyyələr - bənd 4.Bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda işçiyə ezamiyyə xərci ödənilmir. Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi həcmində, işçini yalnız yemək xərci ilə təmin etdiyi hallarda isə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizi həcmində vəsait ödənilir. Dəvət edən tərəf işçiyə yaşayış yeri və yemək xərcini nağd pulla ödədiyi halda, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasından az olarsa, həmin fərq işçiyə ödənilir. Dəvət edən tərəf işçini yeməklə təmin edərək yaşayış yeri üçün nağd pul verdiyi halda, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizindən az olarsa, həmin fərq işçiyə ödənilir. Dəvət edən tərəf işçini yaşayış yeri ilə təmin edərək yemək üçün nağd pul verdiyi halda, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizindən az olarsa həmin fərq işçiyə ödənilir. Dəvət edən tərəfin xərcləri tam və ya qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilir. İstinad olunan normalardan görünür ki, əgər şəxs rəhbərinin sərəncamı (əmri) ilə müəyyən müddətə daimi iş yerindən başqa yerə, xidməti tapşırığı yerinə yetirmək üçün gedirsə, bu xidməti ezamiyyət sayılır. Şəxsin ezamiyyətə göndərilməsi zamanı:

1. həmin təşkilatın rəhbəri ezamiyyətə gediləcək yeri və müddəti müəyyən edir;

2. bununla bağlı müvafiq əmr verir;

3. rəsmi əmr və ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqanlar tərəfindən edilən qeyd, yaxud «Ezamiyyə vəsiqəsi» ezamiyyət müddəti üçün əsas götürülür. Qanunverici bu zaman şəxsin daimi iş yerindən başqa yerə getməsinin xidməti tapşırıq ilə bağlı olduğunu nəzərə alaraq, şəxsin həmin müddətdə gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və bu kimi digər xidmətlərlə bağlı xərclərinin qarşılanmasını təmin etmək məqsədilə işçinin ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitin ödənilməsini təsbit etmişdir, bu vəsaitin ödənilməsini müddətlə məhdudlaşdırmışdır. Belə ki, şəxsin ezamiyyə müddəti 40 gündən artıq ola bilməz. Lakin işdən görünür ki, iddiaçı 40 gündən artıq, 2021-ci il noyabrın 24-dən 2022-ci il mayın 1-dək Pakistan İslam Respublikasının Kakul şəhərində “Xanım kadetlər kursu”nda iştirak etmişdir. Bundan əlavə, Qaydalara əsasən bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda işçiyə ezamiyyə xərci ödənilmir. İşdə olan Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında Sazişdən görünür ki: 10.1.Tərəflər bu Sazişə əsasən əməkdaşlıq üzrə tədbirlərin həyata keçirilməsi üçün məsrəfləri qarşılılıq prinsipləri əsasında ödəyəcəklər. 10.2.Göndərən Tərəf öz şəxsi heyətinin yol xərclərini və bədbəxt hadisələrdən sığortalanma xərclərini ödəyəcəkdir. 10.3. Qəbul edən Tərəf yerli nəqliyyat, yaşayış və yemək xərclərini ödəyəcəkdir. Göründüyü kimi, iddiaçının kurs keçmək üçün getdiyi ölkə iddiaçının yerli nəqliyyat, yaşayış və yemək xərclərini öz üzərinə götürmüş, yol xərci isə Azərbaycan Respublikası tərəfindən verilmiş, bununla da iddiaçının xarici ölkəyə səfəri ilə bağlı çəkməsi zəruri olan xərclər ödənilmişdir. İddiaçı məhkəmə iclasında tədbirlərdə iştirak üçün əlavə geyimlərin tikilməsinə və bu kimi sair xərclər çəkdiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, ezamiyyə xərcləri şəxsin həmin müddətdə gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və bu kimi digər xidmətlərlə bağlı xərclərinin qarşılanmasını təmin etmək məqsədilə verilir, hansı ki, iddiaçıya münasibətdə həmin xərclər qarşılanmış, iddiaçı yol, yemək, mehmanxana xərcləri ödəməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının bildirdiyi xərcləri çəkməsi güman olunsa belə, onlar ezamiyyə xərci sayıla və ödənilə bilməz. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar