Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3392/2022 25.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kişik Sahibkarlıqla iş üzrə Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması üçün müvafiq rəyin tərtib edilərək maliyyə orqanına göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kişik Sahibkarlıqla iş üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə iddiaçının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizəsinin təmin edilməsi və həmin ərizə üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 48 №-li qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 4-cü bəndinə uyğun olaraq müvafiq rəyin tərtib edilərək maliyyə orqanlarına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı vergi ödəyicisi fiziki şəxs kimi Vergilər Nazirliyində qeydiyyata alınaraq ona ********** №-li VÖEN şəhadətnamə verilmişdir. Vergi orqanı tərəfindən aparılan və xx.xx.2015-ci il tarixdə tərtib edilmiş **********815309 №-li səyyar vergi yoxlamasının nəticələri ilə, eləcə də, həmin akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2015-ci il tarixli, **********904478 saylı qərarla razılaşmayaraq adıçəkilən qərarın ləğv edilməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iddia tələbi təmin edilmiş və Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı ilə qanuni qüvvəsini almışdır. Qərar icra edildikdən sonra iddiaçıya məxsus şəxsi hesab vərəqəsində xx.xx.2016-cı il tarixdən azalma verildikdən sonra 2144 manat 50 qəpik məbləğində artıq ödəmə yaranmışdır. Daha sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyətində olmadığından sonuncu dəfə xx.xx.2020-ci ildə cavabdeh inzibati orqana müraciət edərək artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılmasını xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının ərizəsinə xx.xx.2020-ci il tarixli cavabla imtina edilmişdir. İmtinanın səbəbi kimi mübahisə predmeti olan artıq ödəmənin ödəniş tarixindən 5 ildən artıq müddət keçməsi göstərilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, şəxsi hesab vərəqəsinə nəzər yetirdikdə müəyyən olunur ki, mübahisə predmeti olan artıq ödəmə şəxsi hesab vərəqəsinə xx.xx.2016-cı il tarixdə işlənilmişdir. Yəni vergi orqanı 5 illik müddəti həmin tarixdən nəzərə almalı idi. Bundan əlavə iddiaçı xx.xx.2017-ci il tarixdə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə Bakı şəhəri Lokal Gəlirlər Departamentinə ərizə ilə müraciət etmiş, lakin onun ərizəsi təmin olunmamışdır. Adıçəkilən imtinadan iddiaçı tərəfindən məhkəməyə iddia verilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(820-346/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarla iddia rədd edilmişdir. İddianın rəddi üçün səbəb kimi mübahisə predmeti olan ərizənin imzalanmaması qeyd olunmuşdur. Görünüdyü kimi məhkəmə yalnız prosessual tərəfdən mübahisəyə yanaşmış və işin mahiyyətinə faktiki olaraq toxunmamışdır. Həmçinin qeyd olunmalıdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində cavabdeh inzibati orqan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi olsa da, hazırkı iş üzrə cavabdeh fərqlidir. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinə xx.xx.2020-ci il tarixdə hazırkı tələblə bağlı iddia ərizəsi ilə müraciət edilmiş, lakin iddiaçı məhkəmədə iştirak edə bilmədiyindən adıçəkilən iddia üzrə iş geri götürülmüş sayılmışdır. Hesab edir ki, yuxarıda göstərdiyi əsaslardan müəyyən olunur ki, iddiaçı tərəfindən artıq ödənilmiş məbləğin geri qaytarılması barədə müəyyən edilmiş müddət ötürülməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları Vergi Məcəlləsinin 87.4-cü maddəsinin tələbinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Araşdırma nəticəsində vergi ödəyicisinin xx.xx.2020-ci il tarixli **********915600 nömrəli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması barədə” ərizəsində 2144,49 manat artıq ödəmə məbləği ödəniş tarixindən 5 il keçməsi səbəbindən qeyd olunan artıq ödəmənin qaytarılması məqsədəmüvafiq hesab edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək iddia ərizəsinə yazılı etiraza uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Vergi Məcəlləsinin 62.2-ci maddəsinə görə vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə doğulmuşdur. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** №-li VÖEN-Şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən fərdi sahibkar kimi Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 Departamentində qeydiyyatdan keçmişdir. Vergi orqanı tərəfindən aparılan və xx.xx.2015-ci il tarixdə tərtib edilmiş **********815309 №-li səyyar vergi yoxlamasının nəticələri ilə eləcə də, həmin akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2015-ci il tarixli, **********904478 saylı Qərar əsasında iddiaçıya əlavə vergi məbləği hesablanmış və iddiaçı adıçəkilən qərarla razılaşmayaraq qərarın ləğv edilməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3428/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Adıçəkilən qərar Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1819/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-981/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin adıçəkilən qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra vergi orqanı tərəfindən qərar icra edilmiş və iddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2016-cı il tarixdə 2144,50 manat artıq ödəmə kimi öz əksini tapmışdır. Daha sonra iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyətində olmadığından sonuncu dəfə xx.xx.2020-ci ildə cavabdeh inzibati orqana müraciət edərək artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılmasını xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının ərizəsinə xx.xx.2020-ci il tarixli **********915600 nömrəli imtina cavabı verilmiş və imtinanın səbəbi kimi mübahisə predmeti olan artıq ödəmənin ödəniş tarixindən 5 ildən artıq müddət keçməsi göstərilmişdir. Həmin imtina cavabı əsasında iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, lakin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddia geri götürülmüş sayılmaqla iş üzrə icraata xitam verilmişdir. Son olaraq iddiaçı xx.xx.2021-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Beləliklə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən hazırkı iddia predmetini təşkil edən artıq ödəmə məbləği iddiaçının şəxsi hesab vərəqəsinə xx.xx.2016-cı il tarixdən işlənilmişdir. Yəni həmin artıq ödənilmiş məbləğin geri tələb edilməsi üçün iddia müddətinin axımı həmin tarixdən başlanmış hesab olunur. İddiaçı tərəfindən həmin məbləğin geri qaytarılması ilə bağlı 2017-ci ilin dekabrında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia verilmişdir. Adıçəkilən iddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixdə baxılaraq iddia tələbi rədd edilmişdir. İddia tələbinin rədd edilməsinin əsasları hazırkı iddianın predmeti və əsasından fərqli olmuşdur. Göründüyü kimi iddiaçının şəxsi hesab vərəqəsinə işlənilmiş artıq ödəmə məbləğinin tarixindən iddianın irəli sürülməsinədək 1 il 2 ay zaman keçmişdir. (xx.xx.2017-xx.xx.2016= 1 il 2 ay) Daha sonra iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə yenidən iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi qərardan Bakı İnzibati Məhkəməsində iddianın qaldırılmasınadək keçən müddət hesablandıqda iddia müddətinin 3 il, 11 ay 3 gün olduğu müəyyən edilir. (xx.xx.2020-xx.xx.2018+1 il 2 ay=3 il 11 ay 3 gün). Bakı İnzibati Məhkəməsində irəli sürülmüş iddia ərizəsinə məhkəmə tərəfindən baxılmış və məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia geri götürülmüş hesab edilməklə iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardadın qəbulundan sonra xx.xx.2021-ci il tarixdə yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin müddətləri ümumi şəkildə cəmlədikdə Mülki Məcəllənin 380-ci maddəsi nəzərə alınmaqla mübahisə predmeti olan iddia tələbindən məhkəməyə sonuncu müraciətə qədər 3 il 11 ay 18 gün keçməsi müəyyən olunur. (xx.xx.2021-xx.xx.2021+3 il 11 ay 3 gün=3 il 11 ay 18 gün) Göründüyü kimi hazırkı iş üzrə artıq ödənilmiş vergi borcunun tələb edilməsi üçün 5 illik iddia müddəti ötürülməmişdir. Beləliklə işin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən «İnzibati icraat haqqında» Qanunun 28.1-ci maddəsinə müvafiq olaraq artıq ödənilmiş verginin qaytarılması ilə bağlı cavabdehə yazılı müraciət edilmiş və sonuncunun işdə olan cavab məktubundan göründüyü kimi, son nəticədə iddiaçının artıq ödənilmiş pul vəsaiti qaytarılmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin qeyd olunan əsasla vəsaitin qaytarılmasından imtina etməsi işin hallarına və qanunvericilyin tələblərinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15.1.-15.1.4.-cü maddəsinə əsasən vergi ödəyicisinin artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.-ci maddəsinə əsasən vergi orqanları: 24.0.4-1. vergi ödəyicisinin müraciəti əsasında hesablanmış, yenidən hesablanmış, ödənilmiş və artıq ödənilmiş vergilərə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına, fаizlərə, maliyyə sanksiyalarına və inzibati cərimələrə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada üzləşmə aktını “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə təqdim etməyə; 24.0.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə;(...) vəzifələri həyata keçirməyə borcludur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5.-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-2.-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli Fərmanının 1.2-ci bəndinə əsasən 87.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın 1.1-ci bəndinə əsasən həmin Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 4.1 və 4.1.3-cü bəndlərinə əsasən 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. Həmin Qaydaların 4.10-ci bəndinə əsasən vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Həmin Qaydaların 4.11-ci bəndinə əsasən məcburi dövlət sosial və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin qaytarılması barədə vergi orqanları tərəfindən tərtib olunmuş rəyin (5 nömrəli əlavə) 1 (bir) nüsxəsi və ərizənin surəti sığortaedənin ərizəsi daxil olduğu tarixdən 20 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq sosial təminatı və müdafiəni həyata keçirən orqana, 1 (bir) nüsxəsi bu Qaydaların 4.10-cu bəndində nəzərdə tutulan qaydada müvafiq maliyyə orqanına və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan sığortaedənə göndərilir, 1 (bir) nüsxəsi isə vergi orqanında qalmalıdır. Həmin Qaydaların 4.12-ci bəndinə əsasən tərtib olunmuş rəy nəticəsində büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləğləri vergilərin, hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə maliyyə orqanlarının, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə isə sosial təminatı və müdafiəni həyata keçirən orqanların rəsmi məlumatına əsasən vergi ödəyicisinin və ya sığortaedənin şəxsi hesab vərəqəsində əks etdirilir və büdcəyə daxilolmalar barədə hesabatlarda nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizəsinin təmin edilməsi və həmin ərizə üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 48 №-li Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 4-cü bəndinə uyğun olaraq müvafiq rəyin tərtib edilərək maliyyə orqanlarına göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizəsinin təmin edilməsi və həmin ərizə üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 48 №-li Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 4-cü bəndinə uyğun olaraq müvafiq rəyin tərtib edilərək maliyyə orqanlarına göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kişik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin üzərinə qoyulmalıdır. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №e-2-1(112)-3392/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3392/2022
25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver