Məhkəmə qərarları › İş №e-2-1(112)-3394/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3394/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3394/2022 20.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergilərin, sosial sığorta və işsizlik söğortası haqlarının hesablanması barədə 18 fevral 2021-ci il tarixli **********181400 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 izahatında bildirdi ki, cavabdeh tərəfindən Vergilərin, sosial sığorta və işsizlik söğortası haqlarının hesablanmasına dair 18 fevral 2021-ci il tarixli **********312600 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar bəyannamə və hesabat dövrü 2018-ci ilin iyun ayına aid edilmişdir. Daha sonra cavabdeh tərəfindən Vergilərin, sosial sığorta və işsizlik söğortası haqlarının hesablanmasına dair 18 fevral 2021-ci il tarixli **********181400 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən qəbul edilən həmin qərar bəyannamə və hesabat dövrü 2014-cü ilin aprel ayına aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan inzibati iş üzrə 14 sentyabr 2021-ci il tarixə təyin olunmuş iclas zamanı onlara məlum olmuşdur ki, həmin iş üzrə şikayət verilmiş qərarı ləğv etmişlər, bu səbəbdən də cavabdeh xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına vəsatət təqdim edərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət verilən qərarı ləğv edib, eyni məbləğə yenidən digər dövrə hesablama aparmışlar. Vəsatətin verilməsinə səbəb cavabdeh tərəfindən mübahisəli xx.xx.2018-ci il tarixli **********716700 saylı “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası müşavirəyə çıxaraq, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul etdi. Həmin gün Ali Məhkəmənin iclasından çıxandan sonra İddiaçı MMC-nin şəxsi vərəqəsinə baxan zaman məlum olmuşdur ki, cavabdeh mübahisəli xx.xx.2018-ci il tarixli **********716700 saylı “Vergilərin hesablanması barədə” Qərarı ləğv etmiş və xx.xx.2021-ci il tarixli **********312600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə hesablanmış məbləğ azaldılaraq İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində müvafiq düzəliş etmişdir. Lakin cavabdeh tərəfindən mübahisəli xx.xx.2018-ci il tarixli **********716700 saylı "Vergilərin hesablanması barədə” Qərar ləğv edilməklə, xx.xx.2021-ci il tarixli **********312600 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə hesablanmış məbləğ azaldılsa da, elə həmin gün digər bir qərarla, yəni 18 fevral 2021-ci il tarixli **********18400 nömrəli qərarla 2014-cü ilin aprel ayına, yəni yeddi il geriyə bəyannamə və hesabat dövrü üçün hesablama aparmaqla ******* (bir milyon beş yüz otuz min) manat MMC-nin şəxsi vərəqəsinə yenidən qanunsuz hesablama aparmışdır. Elə həmin gün xx.xx.2021-ci il taixdə cavabdeh tərəfindən Vergilərin, sosial sığorta və işsizlik söğortası haqlarının hesablanmasına dair 18 fevral 2021-ci il tarixli **********312600 nömrəli və 18 fevral 2021ci il tarixli **********181400 nömrəli qərarların rəsmi qaydada təqdim olunması barədə cavabdehə müraciət etmişlər. Yuxarıda göstərilən hallar Ali Məhkəmənin İnzibati Kollegiyasına vəsatət verən zaman cavabdeh tərəfindən bilərəkdən gizlədilmişdir. Belə olan halda cavabdeh tərəfindən qəbul edilən 18 fevral 2021-ci il tarixdə **********181400 nömrəli qərar əsassız və qeyri-qanuni olduğundan ləğv edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, xx.xx.2017-ci il tarixdə 2014-cü ilin aprel ayı üçün iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş 546224 nömrəli GD serialı elektron vergi hesab fakturasına əsasən 1.530.000,00 manat dəyərində əvəzləşdirmə aparılmışdır. Lakin uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən qeyd olunan elektron vergi hesab fakturasının əldə edilmədiyi müəyyən edilmiş, bu da vergi orqanı tərəfindən vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********643800 nömrəli uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin vergi ödəyicisi tərəfindən müvafiq sənədlər vergi orqanına təqdim edilmədiyindən xx.xx.2018-ci il tarixdə 2018-ci ilin iyun ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 1.530.000,0 manat əlavə vergi məbləği hesablanmış və hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********217400 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən mal alınmadan, iş və yaxud xidmət göstərilmədən ümumiyyətlə aparılmamış əməliyyatlara və alınmamış elektron vergi hesab fakturasına görə ƏDV-nin əvəzləşdirilməsi yolverilməzdir. Halbuki, iddiaçı tərəfindən vergi qanunvericiliyinin tələblərinə zidd olaraq "xxxx" MMC-dən (VÖEN: **********) 546224 nömrəli GD serialı elektron vergi hesab fakturası əldə edilmədiyi halda həmin faktura üzrə 1.530.000,00 manat dəyərində əvəzləşdirmə aparılmışdır. Yəni iddiaçı vergi qanunvericiliyinə zidd olaraq, elektron vergi hesab faktura almadan və mal təqdim etmədən ƏDV üzrə əvəzləşmə almışdır. İddiaçıya hesablanmış 2018-ci ilin iyun ayı üzrə 1416173,57 manat əlavə dəyər vergisi, 2019-cu il üzrə 585,55 manat mənfəət vergisi və cari bəyannamə ilə hesablanmış 2014-cü ilin 1-ci rübü üzrə 150,0 manat məcburi dövlət sosial sığorta haqqı olmaqla ümumilikdə 1416909,12 manat məbləğində vergilər və məcburi dövlət sosial sığorta haqqları ödənilməkdən yayındırılması ilə bağlı toplanmış material Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinə göndərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, daha əvvəl istintaq idarəsinin icraatında olmuş ********* nömrəli cinayət işinin istintaqı zamanı "xxxx" MMC-də yanvar 2007-ci il - dekabr 2013-cü il dövrü üzrə səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2014-cü il tarixli aktla rəsmiləşdirilmişdir. Akta baxılmanın nəticəsi üzrə çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2014-cü il tarixli **********773759 saylı qərarla Cəmiyyətə 2010- 2013-cü illər üzrə ümumilikdə 1254126,87 manat əlavə vergilər hesablanmış və 210042,18 manat maliyyə sanksiyası tətbiq edilmişdir. ********* nömrəli cinayət işinin istintaqı xx.xx.2014-cü il tarixdə yekunlaşmış və Cəmiyyətin rəhbəri X5 Azərbaycan Respublikası CM-nin 213.2.2-ci və 192.2.2-ci maddələri ilə təqsirli bilinmiş və barəsində tərtib edilmiş ittiham aktı baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 1(004)-3/2020 saylı qərarı ilə vergi orqanı tərəfindən verilmiş mülki iddia tam təmin edilmişdir. Odur ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin qərarı ilə iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə təqdim edilmiş 2014-cü ilin aprel ayına görə dəqiqləşdirilmiş bəyannamə ilə əvəzləşdirilmiş 1.530.000,00 manat əlavə dəyər vergisi bərpa edilməli, eləcə də vergi ödəyicisinə 2018-ci ilin iyun ayı üzrə kameral qaydada 1.530.000,00 manat məbləğində əlavə dəyər vergisinin hesablanmasına dair Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********217400 saylı “Vergilərin hesablanması barədə” qərarı ləğv edilməlidir. Qeyd olunan Qərara əsasən 2014-cü ilin aprel ayı üzrə əvəzləşdirilmiş 546224 nömrəli, GD seriyalı vergi hesab faktura silinmiş, həmçinin 2018-ci ilin iyun ayı üzrə hesablanmış vergi məbləği azaldılmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********181400 nömrəli və xx.xx.2021-ci il tarixli **********312600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Qeyd olunanlara əsasən vergi orqanı tərəfindən əlavə vergi məbləği vergi qanunvericiliyinin tələblərinə uyğun hesablandığından iddiaçının xx.xx.2021-ci il tarixli **********181400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə dair iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********181400 nömrəli qərarından görünür ki, vergi ödəyicisi İddiaçı MMC, VÖEN **********, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 1.530.000,00 manat, Bəyannamə və hesabat növü – əlavə dəyər vergisi, bəyannamə və hesabat dövrü – aprel 2014-cü il. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq; 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. 177.1-ci maddəsinə əsasən vergi ödəyicisi borcludur: 177.1.2. vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə; 177.1.3. bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə. Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2017-ci il tarixdə 2014-cü ilin aprel ayı üçün iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş 546224 nömrəli GD serialı elektron vergi hesab fakturasına əsasən 1530000,00 manat dəyərində əvəzləşdirmə aparılmışdır, lakin vergi ödəyicisi tərəfindən qeyd olunan elektron vergi hesab fakturasının əldə edilmədiyi müəyyən edilmişdir. Vergi orqanı tərəfindən xx.xx.2018-ci il tarixdə 2018-ci ilin iyun ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 1.530.000,0 manat əlavə vergi məbləği hesablanmış və hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********217400 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Daha sonra isə 2014-cü ilin aprel ayı üzrə əvəzləşdirilmiş 546224 nömrəli, GD seriyalı vergi hesab faktura silinmiş, həmçinin 2018-ci ilin iyun ayı üzrə hesablanmış vergi məbləği azaldılmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********181400 nömrəli və xx.xx.2021-ci il tarixli **********312600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********181400 nömrəli qərarına əsasən İddiaçı MMC-yə kameral vergi yoxlaması ilə 1.530.000,00 manat əlavə dəyər vergisi məbləği hesablanmışdır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əlavə vergi məbləği vergi qanunvericiliyinin tələblərinə uyğun hesablanmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar