Məhkəmə qərarları › İş №e-2-1(112)-3394/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3394/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3394/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə inzibati işə 20 may 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 3-21-3-30/2-B-0338-8/2024 **********0 nömrəli, xx.xx.2024-ci il tarixli imtinanın əsassız hesab edilməsi, Bakı şəhəri İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən gələcəkdə “Birlik” adlanacaq X1 və istismarı birliyi ilə bağlanmış 10 aprel 2002-ci il tarixli, 30789 nömrəli müqavilə əsasında 0,12 ha sahənin bir hissəsindən ərizə ilə imtina etdiyi, dəmir yolu xəttinin mühafizə zolağına düşdüyünə görə qeydiyyata alınmayan sahənin ona qaytarılaraq qeydiyyata alınmış sahə ilə birlikdə, ümumilikdə 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüquqularını təsdiq edən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 3-21-3-30/2-B-0338-8/2024 **********0 nömrəli, xx.xx.2024-ci il tarixli imtinanın əsassız hesab edilməsi, iddiaçının “Birlik” X1 və istismarı birliyi ilə bağlanmış 10 aprel 2002-ci il tarixli, 30789 nömrəli müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 164q nömrəli, 0,12 ha sahənin bir hissəsinin vaxtilə dəmir yolu xəttinin mühafizə zolağına düşdüyünə görə, lakin hazırda həmin dəmir yolu söküldüyü üçün qeydiyyata alınmayan sahənin iddiaçıya qaytarılaraq qeydiyyata alınmış sahə ilə birlikdə, ümumilikdə istifadəsində olan 0,0905 ha torpaq sahəsinə dair mülkiyyət hüquqularını təsdiq edən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən bağ evi üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyat aparılarkən Bakı şəhəri İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən gələcəkdə “Birlik” adlanacaq X1 və istismarı birliyi ilə bağlanmış 10 aprel 2002-ci il tarixli, 30789 nömrəli müqavilə əsasında 0,12 ha torpaq sahəsi dəmir yolu mühafizə zolağına düşdüyündən 0,06732 ha torpaq sahəsi üzərində qeydiyyat aparılmışdır. Hazırda sözügedən ərazidə dəmir yolu sökulüb (demontaj olunub). Bundan sonra Bakı şəhəri İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən gələcəkdə “Birlik” adlanacaq X1 və istismarı birliyi ilə bağlanmış 10 aprel 2002-ci il tarixli, 30789 nömrəli müqavilə əsasında sözügedən ünvanda 0,12 ha torpaq sahəsi üzərində hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ilkin qeydiyyatınada dəyişiklik edilərək tam olaraq qeydə alımnması, torpaq sahəsinə dair çıxarışın və plan sxemin verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh qurumun 3-21-3-30/2-B-0338-8/2024 **********0 nömrəli, xx.xx.2024-ci il tarixli bildirişi ilə ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair çıxarışın və plan sxemin verilməsindən imtina edilmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “164q” saylı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı xx.xx.2012-ci il tarixdə İdarəyə müraciət daxil olmuşdur. Aparılan araşdırma zamanı, torpaq sahəsinin bir hissəsinin dəmir yolu xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmiş və buna dair təqdim edilmiş notariat qaydasında təsdiq edilən ərizəsi əsasında (0,12 ha torpaq sahəsindən 0,06793 ha sahənin özəlləşməsinə etiraz edilməməsi barədə) 0,12 ha torpaq sahəsinin 0,06793 ha hissəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Birlik” X1 və İstismar birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2002-ci il tarixli, 30789 nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən, 0,12 ha olan, 164q nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir; xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən, sahəsi 0,067932 ha olan, 164q nömrəli bağ sahəsi İddiaçı mülkiyyətindədir; Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, İddiaçı adına Mərdəkan bağ massivində yerləşən 679,35 kv.m, 164q saylı bağ sahəsi ilə bağlı tərtib edilmiş və X2 kitabında xx.xx.2011-ci il tarixdə, 27414 nömrə ilə uçota alınmışdır; xx.xx.2024-cü il tarixdə tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, faktiki olaraq dəmiryolu xətti mövcud deyil. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. İddiaçının istinad etdiyi “Birlik” X1 və İstismar birliyi ilə bağlanan xx.xx.2002-ci il tarixli, 30789 nömrəli müqavilədir. Həmin müqavilə əsasında 0,12 ha sahəyə malik 164q nömrəli bağın verilməsi nəzərdə tutulmuşdur. Hazırda həmin bağ sahəsinin 0,067932 ha hissəsi iddiaçının mülkiyyətindədir. İddiaçı tələbini belə əsaslandırır ki, ilkin qeydiyyat zamanı ona sahənin müəyyən hissəsinin dəmir yolu mühafizə zolağına düşməsi bildirilmiş və o, mühafizə zolağına düşməyən hissəsinin qeydiyyata alınmasına razılıq vermişdir. Hazırda sözügedən ərazidə dəmir yolu demontaj olunub və iddiaçı bağ sahəsinin bütövlükdə, lakin faktiki olaraq istifadəsində olan hissəsinə (0,0905 ha) dair adına qeydiyyatın aparılmasını xahiş edir. Cavabdehin imtinasının (etirazının) əsasını xx.xx.2012-ci il tarixdə daxil olmuş müraciət əsasında torpağın bir hissəsinin dəmir yolu mühafizə zolağına düşməsi təşkil edir. Məhkəmə cavabdeh orqanın imtinasının dəlillərini iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir. Cavabdeh tərəfindən birbaşa olaraq iddiaçının torpaq sahəsinin qalan hissəsindən imtina etməsi və ya onun başqa formada mülkiyyət hüququnun itirilməsinə istinad edilməsə də, məhkəmə sözügedən məsələyə münasibət bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin məcəllənin 203.5-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Həmin məcəllənin 204.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır. Yuxarıdakı müddəalarda mülkiyyət hüququnun itirilməsi əsasları və mülkiyyət hüququndan imtina edilməsinin şərti göstərilmişdir. İddiaçının mülkiyyət hüququnun itirilməsi ilə bağlı hər hansı əsas mövcud deyildir. Eləcə də cavabdeh iddiaçının daşınmaz əmlaka mülkiyyət hüququndan imtina etməsi barədə ərizə verməsinə də istinad etməmişdir. Beləliklə, hazırkı iddia tələbinin araşdırılması zamanı iddiaçının daha əvvəlki qeydiyyat zamanı torpaq sahəsinin bir hissəsinin qeydiyyata alınmasına razılıq verməsi qalan hissədən imtina etməsi və ya artıq onun mülkiyyət hüququnu itirmiş olması kimi təfsir edilə bilməz. Cavabdehin etirazına gəldikdə məhkəmə qeyd edir ki, cavabdeh etirazda yeni araşdırılma aparılmasına istinad etməmişdir, ilkin qeydiyyat zamanı torpağın bir hissəsinin dəmir yolu mühafizə zolağına düşməsinin aşkar edildiyini göstərmişdir. Cavabdehin etirazında sahənin hal-hazırda da dəmir yolu mühafizə zolağına düşməsi ilə bağlı heç bir qeyd yoxdur. Eyni zamanda cavabdeh tərəfindən sahənin dəmir yolu mühafizə zolağında yerləşməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə cavabdehin özü tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, faktiki olaraq dəmiryolu xətti mövcud deyil. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, qeyd edilən bağ sahəsinin 0,0905 ha hissəsi iddiaçının faktiki istifadəsindədir. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 164q bağ sahəsinə aid 0,022568 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, ona ümumilikdə sahəsi 0,0905 ha olan, 164q nömrəli bağ sahəsinə İddiaçı hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 164q bağ sahəsinə aid 0,022568 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, ona ümumilikdə sahəsi 0,0905 ha olan, 164q nömrəli bağ sahəsinə İddiaçı hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar