Məhkəmə qərarları › İş №e-2-1(112)-3412/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3412/2024

06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3412/2024 06.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “faiz məbləğinin qaytarılması barədə müvafiq rəyin verilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2023-cü il tarixli **********135800 saylı ərizədə göstərilən 135113 manat 33 qəpik penya məbləğinin ödənilməsi üçün rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “iddiaçı "xxxx" MMC-nin artıq ödəmə məbləğinin qaytarılması üçün rəyin verilməsinin gecikdirilməsi ilə əlaqədar qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi vaxtdan həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) müvafiq məbləğin 0,1 faizinin, yəni 135.113,33 manat məbləğin ödənilməsi barədə rəyin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı artıq ödəmələrin geri qaytarılması üçün ərizə ilə vergi orqanına müraciət etmiş, lakin vergi orqanı həmin məbləği geri qaytarmamışdır, ona görə də məhkəməyə müraciət etdi və iddiası təmin edildi. Ərizədə göstərilən məbləğ məhkəmə qərarı ilə qaytarıldı, lakin 805 gün gecikdirilmə ilə qaytarıldı. Belə ki, ərizənin təqdim edildiyi gündən artıq ödəmə məbləğinin hesaba ödəndiyi gün də daxil edilməklə gecikdirilmiş gün sayı 805 təşkil etmişdir. Vergi Məcəlləsinin 59.3-cü maddəsinə əsasən artıq ödəmə qanunda nəzərdə tutulan müddətdə geri qaytarılmadıqda hər gecikdirilmiş gün üçün 0,1% olmaqla penya da, yəni 135113 manat 33 qəpik (167842,65*0.1%*805) də ödənməli idi, lakin həmin məbləğ bu günədək ödənilməmişdir. Həmin məbləğin ödənilməsi üçün qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə ərizəni imzalayan şəxs haqqında məlumat: xx.xx.2023-cü il tarixli **********135800 saylı ərizə ilə və Maliyyə Nazirliyinə ərizə ilə müraciət etməyinə baxmayaraq, bu günədək həmin məbləğin ödənilməsi üçün adıçəkilən orqanlar hər hansı bir tədbir görməmişdir. Yalnız Maliyyə Nazirliyi cavab məktubunda bu barədə vergi orqanının rəyinin olmasının vacibliyini göstərmişdir. Göründüyü kimi cavabdeh üzərinə düşən vəzifəni yerinə yetirməmiş, Maliyyə Nazirliyinə rəyi göndərməmişdir. Bununla da qanunla qorunan hüquqlarını pozmuşdur. Penya məbləğinin ödənilməsinin təmin ediləsi üçün cavabdehin üzərinə rəy verilməsi öhdəliyin qoyulmalıdır.

4. Maliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanlanan məktubunda qeyd edilmişdir ki, “faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87, 179.1 və 179.2-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2019-cu il tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları" ilə tənzimlənir. Həmin Qaydalara əsasən büdcəyə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması vergilərin büdcəyə daxil olmasını təmin edən orqanın rəyi əsasında maliyyə orqanları tərəfindən həyata keçirilir. Göstərilənləri nəzərə alaraq bildiririk ki, vergilərin büdcəyə daxil olmasını təmin edən orqan tərəfindən artıq ödənilmiş vəsaitin qaytarılmasına dair rəy müvafiq maliyyə orqanına təqdim olunduqdan sonra vəsaitin qaytarılması məsələsinə baxılacaqdır.”

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçıya ünvanlanan məktubunda qeyd edilmişdir ki, “artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması" Qaydaları ilə tənzimlənir. Sizin müraciətiniz Baş İdarə tərəfindən araşdırılır və nəticəsi barədə tədbirlər görüləcəkdir.”

6. Cavabdehin vəsatəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli **********920200 nömrəli cavab məktubu ilə qeyd olunan müraciət üzrə Baş idarə tərəfindən araşdırma aparıldığı və nəticəsi üzrə tədbirlər görüləcəyi barədə "xxxx" MMC-yə rəsmi məlumat verilmişdir. Eyni zamanda vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumata ehtiyacı olacağı təqdirdə İqtisadiyyat Nazirliyi yanında “195” nömrəli Çağrı Mərkəzinə və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməsi də vergi ödəyicisinə təklif edilmişdir. Qeyd olunanlara əsasən vergi orqanı imtina etməmiş, araşdırma aparıldığı və nəticəsi üzrə tədbirlər görüləcəyi barədə vergi ödəyicisinə məlumat verilmişdir. Lakin, iddiaçı nəticəni gözləmədən və inzibati orqanın imtinası olmadan birbaşa məhkəmədə iddia tələbi irəli sürmüşdür. Hesab edilir ki, inzibati orqanın imtinasının olamaması iddianın mümkün sayılmaması üçün əsas hallardan biridir.

7. İddiaçının cavabdehin vəsatətinə dair etirazında qeyd etmişdir ki, Vergi Məcəlləsinin 24.1.10. və 59.1. maddələrində göstərilən vəzifə və öhdəliklərini yerinə yetirməmişdir. Vəsatətdə imtina etmədiklərini göstərmişlər, amma 30 iş günü ərzində tədbir də göstərməməklə artıq imtina etmişdir. Demək cavabdeh hesab edir ki, cavabla özünü ərizəyə cavab vermiş sayır, lakin cavabdeh qanunda nəzərdə tutulan müddətdə müvafiq rəyi maliyyə orqanına təqdim etməli olduğu halda etməmişdir. Cavabdehin məntiqinə əsasən araşdırma davamlı olaraq sonsuz müddətdə aparılmalıdır. Halbuki, qanunvericilikdə bu müddətlər sonsuz deyil, müəyyən müddətlərdə nəzərdə tutulmuşdur. Vəsatətdə cavabdeh penyanın ona ödənilməli olduğunu rəsmən etiraf etmiş olmuşdur. Bunu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə etməli idi, lakin etmədiyini də rəsmən etiraf etmişdir. Odur ki, vəsatət təmin edilməməlidir.

8. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılır ki, iddiaçı "xxxx" MMC-nin rəhbəri X3 135.113,33 manat məbləğin artıq ödəmələrin qaytarılması barədə xx.xx.2021-ci il tarixli ərizədə göstərilən hesaba ödənilməsi barədə xx.xx.2023-cü il tarixdə ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli **********920200 nömrəli cavab məktubu ilə qeyd olunan müraciət üzrə Baş idarə tərəfindən araşdırma aparıldığı və nəticəsi üzrə tədbirlər görüləcəyi barədə "xxxx" MMC-yə rəsmi məlumat verilmişdir. Eyni zamanda vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumata ehtiyacı olacağı təqdirdə İqtisadiyyat Nazirliyi yanında “195” nömrəli Çağrı Mərkəzinə və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməsi də vergi ödəyicisinə təklif edilmişdir. Qeyd olunanlara əsasən vergi orqanı imtina etməmiş, araşdırma aparıldığı və nəticəsi üzrə tədbirlər görüləcəyi barədə vergi ödəyicisinə məlumat verilmişdir. Lakin iddiaçı nəticəni gözləmədən və inzibati orqanın imtinası olmadan birbaşa məhkəmədə iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” təsdiq edilmişdir. Bundan sonra həmin qərarda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” yeni redaksiyada təsdiq edilmişdir. Qaydaların tələbinə görə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların, o cümlədən vergi orqanlarının yalnız rəy vermək səlahiyyətinin olduğu müəyyən edilmişdir. Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması və qaytarılmanın kecikdirilməsinə görə hesablanmış faizlərin ödənilməsi isə Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Vergi orqanlarının yalnız rəy vermək səlahiyyətinin olduğunu nəzərə alsaq, iddiaçının qeyd olunan hissə üzrə, 135.113,33 manat faiz məbləğinin artıq ödəmələrin qaytarılması barədə xx.xx.2021-ci il tarixli ərizədə göstərilən hesaba ödənilməsi formasında ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etməsi yuxarıda qeyd olunan Qaydaların tələbərinə ziddir.

9. İddiaçının cavabdehin etirazına dair etirazında qeyd etmişdir ki, Vergi Məcəlləsinin 59.3. maddəsinin 1-ci abzasında deyilir: "Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir." Göründüyü kimi cavabdehin sadaladığı qanunlar və maddələrinin bu penyanın ödənilməsi üçün birbaşa aidiyyatı yoxdur. Birbaşa aidiyyatı olan maddə Vergi Məcəlləsinin 59.3. maddəsidir. Həmin maddə üzrə də cavabdeh onun müraciəti olmadan belə vəzifəsini yerinə yetirməli idi, yəni həmin penya məbləğinin ödənilməsi üçün üzərinə düşən vəzifələri icra etməli idi. Cavabdeh təqdim etdiyi etirazla Vergi Məcəlləsi ilə üzərinə qoyulmuş vəzifələri icra etməkdən imtina etdiyini bir daha göstərmişdir. Odur ki, cavabdehin bu etirazının nəzərə alınmamasını məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı müdafiə edərək iddianın təmin olunmamasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

12. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

14. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır.

15. Hazırki iddia məcburetməyə dair iddiadır. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

16. İddiaçının tələbi 167.842,65 manat artıq ödəmə məbləğinin qaytarılması üçün rəyin verilməsinin gecikdirilməsi ilə əlaqədar qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi vaxtdan həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) müvafiq məbləğin 0,1 faizinin, yəni 135.113,33 manat məbləğin ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır.

17. İddiaçının tələbinin artıq ödənilmiş vergilərin qaytarılmasının gecikdirilməsinə görə ödəyicinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir:

18. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 59.3. Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. 19.“Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 yul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.8. Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır. 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. 6.1. Vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir.

20. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.2021-ci il tarixli **********593000 saylı artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə cavabdehə müraciət etmişdir. Cavabdeh müfaviq rəyin verilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, **********593000 saylı “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədə göstərilən 168136,41 manat artıq ödəmə məbləğinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsiin qərarı qüvvədə saxlanılmışdır. Qərar xx.xx.2023-cü il tarixdə, yəni 805 gün gecikdirilərək icra edilmişdir. Bununla da iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş artıq ödənilmiş vergilərin qaytarılmasının gecikdirilməsinə görə ödəyicinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi tələb etməklə haqlı olmuşdur.

21. Cavabdehin iddiaya qarşı etirazında, həmçinin məhkəməyə təqdim etdiyi vəsatətində qeyd edilmişdir ki, vergi orqanı imtina etməmiş, araşdırma aparıldığı və nəticəsi üzrə tədbirlər görüləcəyi barədə vergi ödəyicisinə məlumat verilmişdir. Həmçinin ərizənin forması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”na uyğun deyil.

22. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh formal mülahizələrə istinad etməklə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir.

23. Normanın məzmunundan aydın olur ki, iddiaçının cavabdehə müraciəti olmadan müvafiq məbləğlərin 0,1 faizi məbləğində faizin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək vergi orqanlarının vəzifəsidir.

24. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin artıq ödəmə məbləğinin qaytarılması üçün rəyin verilməsinin gecikdirilməsi ilə əlaqədar qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi vaxtdan həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) müvafiq məbləğin 0,1 faizinin, yəni 135.113,33 manat məbləğin ödənilməsi barədə rəyin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalıdır.

25. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı "xxxx" MMC-nin artıq ödəmə məbləğinin qaytarılması üçün rəyin verilməsinin gecikdirilməsi ilə əlaqədar qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi vaxtdan həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) müvafiq məbləğin 0,1 faizinin, yəni 135.113,33 manat məbləğin ödənilməsi barədə rəyin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar