Məhkəmə qərarları › İş №e-2-1(112)-3433/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3433/2023

16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3433/2023 16.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X9 və X13) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 13 ünvanında yerləşən 2 saylı mənzil İddiaçı (bundan sonra – İddiaçı) mülkiyyətindədir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, X9 və X13 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 13 ünvanında yerləşən 2 saylı mənzildə qeydiyyatdadırlar. İddiaçı ərizə ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək mülkiyyətindəki mənzildən orada qeydiyyatda olan X4 və X7 qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 101-31670H saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edəcəyi halda müraciətinin müsbət həll olunacağını bildirmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 sentyabr 2015-ci il təvəllüdlü X9 və 28 may 2017-ci il təvəllüdlü X7 ona məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanlı mənzilindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 və X13 (bundan sonra - üçüncü şəxslər) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 2 onun xüsusi mülkiyyətindədir. Həmin mənzildə oğlu X10, onun keçmiş arvadı X5 və onların 2 övladları 12 sentyabr 2015-ci il təvəllüdlü X9 və 28 may 2017-ci il təvəllüdlü X13 qeydiyyatda olmuşlar. Sabirabad Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(056)- 147/2022 saylı qətnaməsi ilə oğlu X10 ilə onun keçmiş arvadı X5 arasında olan 02 may 2015-ci il tarixli nikah pozulmuş, uşaqlar ananın himayəsində saxlanılmışdır. X5 ona məxsus olan Bakı şəhəri, Xətai rayonu ünvan 2 ünvanından qeydiyyatdan çıxsa da, uşaqların qeydiyyatı qalmışdır. O və uşaqları həmin mənzildə yaşamırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, işdə olan xx.xx.2016-cı il tarixli, ******* nömrəli alqısatqı müqaviləsindən görünür ki, satıcı X3 ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 31.55 kv.m, yaşayış sahəsi 13.55 kv.m, yardımçı sahəsi 18 kv.m olan 1 otaqlı mənzili alıcı İddiaçı satmışdır. RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 13 ünvanında yerləşən 2 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. Sabirabad Rayon Məhkəməsinin 2(056)-147/2022 saylı, xx.xx.2022-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh X6 qarşı “nikahın pozulması və aliment tələbi” barədə iddiası təmin edilmiş, X10 ilə X5 arasında xx.xx.2015-ci il tarixdə Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsində bağlanmış və 211 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017 X7 anaları X2 yanında qalması qət edilmişdir. Bakı şəhər Xətai Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X9 və X13 Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdırlar. Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 29 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 452 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında İddiaçı nəvələri X11 və X13 qeydiyyatdadırlar, lakin yaşamırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X4 və X7 adlarına Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 13, 2 saylı mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Beləliklə, istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, üçüncü şəxslər iddiaçının yetkinlik yaşına çatmayan nəvələridir və iddiaçının razılığı ilə mübahisəli ünvana qeydiyyata alınmışlar. İddiaçı hazırda üçüncü şəxslərin mübahisəli mənzilə hüquqlarının olmaması əsası ilə onların mənzildən qeydiyyatdan çıxarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Həmin Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məcəllənin 33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Həmin Məcəllənin 35.6-cı madəsinə əsasən yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. Himayəçi ilə on altı yaşına çatmış himayədə olanın ayrılıqda yaşamasına qəyyumluq və himayəçilik orqanının razılığı ilə bu şərtlə yol verilir ki, ayrı yaşama himayədə olanın tərbiyəsinə, hüquq və mənafelərinin müdafiəsinə mənfi təsir göstərməsin. Qəyyumlar və himayəçilər yaşayış yerinin dəyişməsi barədə qəyyumluq və himayəçilik orqanlarına məlumat verməyə borcludurlar. Məhkəmə qeyd edir ki, üçüncü şəxslər yetkinlik yaşına çatmayan şəxslər olduğundan onların yaşayış yeri valideynlərinin yaşayış yeridir. İşdən görünür ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-147/2022 saylı, xx.xx.2022-cı il tarixli qətnaməsinə əsasən üçüncü şəxslər xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017 X7 anaları X2 yanında qalması qərara alınmışdır. Deməli, onların yaşayış yeri elə anaları Q.Hüseynovanın yaşayış yeri olmalıdır. X1 Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında qeydiyyatda olması müəyyən edilmir. Belə olan halda aydındır ki, üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda qalmaları üçün əsas mövcud deyil. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Üçüncü şəxslər xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X7 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 13 ünvanında yerləşən 2 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar