Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3443/2025 19.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, İddiaçının və üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxslər X4 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 500 kv.m olan 48 nömrəli torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, 3-21/3-1-F- 110/2025 nömrəli əmri ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin fəaliyyətinə xitam verilməsini və funksiyalarının onun hüquq varisi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə verilməsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 500 kv.m olan 48 nömrəli torpaq sahəsi iddiaçıya məxsusdur. Belə ki, həmin torpaq sahəsinə dair xx.xx.1991-ci il tarixdə 48 nömrəli order təqdim edilmişdir. Göründüyü kimi, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 500 kv.m olan 48 nömrəli torpaq sahəsi qanuni əsaslarla təqdim edilmiş və onun istifadəsinə verilmişdir. Həmin vaxtdan etibarən, 20 ildən artıqdır ki, iddiaçı ailə üzvlərilə birlikdə sözügedən torpaq sahəsindən istifadə edir. Ona məxsus əmlak üzərində sənədləşmə işlərinin aparılması, sərəncam hüquqlarının həyata keçirilməsi üçün həmin əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına zərurət yaranmışdır. İddiaçı tərəfindən hazırkı tələb ilə bağlı cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada müraciət edilmişdir. Həmin İdarə tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-M-1346-8/2024 **********77 saylı məktubla müraciətinin müsbət həll edilməsindən, yəni Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 500 kv.m olan 48 nömrəli torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna müvafiq çıxarışın verilməsindən imtina olunmuşdur. Belə ki, imtina məktubunda İdarənin arxiv məlumatlarında bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmadığı qeyd edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmənin müvafiq qərardadı ilə X8, X11 və X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlarla bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********77 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən İddiaçı adı bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında aşkar olunmamışdır. Bundan başqa, qeyd olunan torpaq sahəsi fərqli bağçılıq-yoldaşlıq ayrıc aktı daxilində yerləşir və bağçılıq-yoldaşlığın ayrıc aktı olmadığından hansı bağ sahəsinin ərazisi olduğunu müəyyən etmək mümkün olmamışdır. Həmçinin əraziyə digər fiziki şəxs X6 müraciəti olmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər ayrı-ayrılıqda iddia tələbinin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. İddianın əsaslılığı: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -”Safalı” bağçılıq yoldaşlığı tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, 48 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Dübədi qəsəbəsində yerləşən sahəsi 500 kv.m olan 48 nömrəli torpaq sahəsi İddiaçı ayrılmışdır. Orderin verilməsinə əsas: ”Safalı” bağçılıq yoldaşlığın xx.xx.1989-cu il tarixli qərarı və XDS İK-nin xx.xx.1988-ci il tarixli, 6/330 nömrəli qərarıdır. -Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış məktubla Bakı şəhər XDS İK-nin (indiki Bakı Şəhər İH) arxiv fondu üzrə xx.xx.1988-ci il tarixli, 6/330 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubu ilə Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 48 nömrəli torpaq sahəsinə dair üçüncü şəxs X6 müraciəti üçün əsas olmuş sənədlərin surəti məhkəyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş: ”Safalı” bağçılıq yoldaşlığı tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 17 nömrəli orderin surətindən görünür ki, Dübədi qəsəbəsində yerləşən sahəsi 500 kv.m olan 17 nömrəli torpaq sahəsi X2 ayrılmışdır. Orderin verilməsinə əsas: ”Safalı” bağçılıq yoldaşlığın xx.xx.1989-cu il tarixli qərarı və XDS İK-nin xx.xx.1988-ci il tarixli, 6/330 nömrəli qərarıdır. X1 nümayəndəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 17 saylı bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və imtina cavabı verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə “Səfalı” bağçılıq-yoldaşlığa dair ayrıc aktının və üzvlərin siyahısının təsdiq edilmiş surəti təqdim edilmişdir. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, göstərilən torpaq sahəsi hasar daxilindədir. Faktiki sahəsi 1216.0 kv.m təşkil edir. Üzərində tikili yoxdur. Bağçılıq yoldaşlığın bölgü sxemi olmadığından sahənin yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. Həmçinin sahənin cənub-qərb tərəfindən, hasardan isə 1.1-25.3 metr məsafədən 6kV-luq elektrik xətti keçir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Beləliklə, işin faktiki hallarından görünən odur ki, iddiaçının hazırkı məqsədi ”Safalı” bağçılıq-yoldaşlığı tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli order əsasında Dübəndi bağ massivində yerləşən, ümumi sahəsi 500 kv.m olan 48 saylı torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsindən ibarətdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Cavabdehin imtina dəlilləri belə olmuşdur ki:
1. İdarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır.
2. Torpaq sahəsi fərqli bağçılıq-yoldaşlıq ayrıc aktı daxilində yerləşir və bağçılıqyoldaşlığın ayrıc aktı olmadığından hansı bağ sahəsinin ərazisi olduğunu müəyyən etmək mümkün olmamışdır.
3. Əraziyə digər fiziki şəxs X6 müraciəti olmuşdur. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Torpaq islahatı haqqında” AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. İddiaçı “Safalı” bağçılıq-yoldaşlığı tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli orderi və həmin orderin verilməsinə əsas olan XDS İK-nin xx.xx.1988-ci il tarixli, 6/330 nömrəli qərarını əsas gətirərək 48 nömrəli bağ sahəsinin ona ayrıldığını bildirmişdir. Cavabdeh tərəfindən qeyd olunan sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının həmin bağ sahəsinə dair hüquqmüəyyənedici sənədləri istinad olunan Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Məhkəmə cavabdehin imtina dəlillərini əsaslı saymayaraq qeyd edir ki, İdarənin arxivində olan siyahıda İddiaçı adının aşkar olunmaması təbii hal kimi qiymətləndirilməlidir. Belə ki, təqdim edilən siyahı bağçılığın ilkin siyahısı olub 1990-cı illərdən əvvəl (1988-ci ildə) təsdiq edilmişdir. İş materialları ilə də bağ sahəsinin xx.xx.1991-ci il tarixli orderə əsasən iddiaçıya ayrıldığı müəyyən olunur. Bu baxımdan, sözügedən bağçılıq-yoldaşlığa sonrakı illərdə üzvlüyə qəbul edilmiş şəxslərin siyahısının cavabdehin arxivində aşkar edilməməsi iddiaçının məsuliyyət dairəsinə aid olmadığından, onun ziyanına şərh edilə bilməz. Məhkəmə əlavə olaraq diqqətə çatdırır ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1035/2024 nömrəli, xx.xx.2024-cü il tarixli oxşar iş üzrə qərarında apellyasiya instansiya məhkəməsi həm torpaq sahəsinin baxımsız qalması səbəbi ilə torpağın sonuncu sahibinin, həm də bağ sahəsinin ilkin sahibinin bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında qeyd olunmamasını iddiaçı şəxsin ziyanına şərh etməmişdir. Məhkəmə “Zərgərsənaye” İctimai Birliyi tərəfindən təqdim edilmiş protokoldan çıxarışı və üzvlük kitabçasını əsas götürərək, iddianı vətəndaşın lehinə dəyərləndirmişdir. Cavabdeh bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxeminin idarənin arxiv qovluğunda aşkar olunmadığına istinad etsə də, məhkəmə icraatı zamanı müvafiq sorğu əsasında “Səfalı” bağçılıq-yoldaşlığına aid olan ayrıc aktı təqdim edilmişdir. İddia olunan torpaq sahəsinin hər hansı digər torpaq sahəsi ilə üst-üstə düşdüyü və ya “Səfalı” bağçılıqyoldaşlığının ayrıc aktından kənarda yerləşməsi ilə bağlı heç bir sübut cavabdeh tərəfindən təqdim olunmamışdır. Bu səbəbdən, bölgü sxeminin təqdim olunmaması, hazırki iddianın təminini istisna etmir. Cavabdeh iddiaya qarşı etirazında həmçinin ərazi üzrə digər fiziki şəxsin müraciətinin olduğunu bildirsə də, buna dair hər hansı əsas təqdim edə bilməmiş, torpaq sahəsinə baxış keçirilməsi barədə müayinə aktında da bu barədə qeyd aparılmamışdır. İş materialları və məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İ.Əliyevin cavabdeh orqana müraciəti mübahisəli sahəyə deyil, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 17 saylı bağ sahəsinə aid olmuşdur. Bu hal üçüncü şəxs tərəfindən məhkəmə iclasında verdiyi izahatla da təsdiq edilmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan dəlillər qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 500 kv.m olan 48 nömrəli torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov