Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3451/2025 16.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə edərək Maştağa qəsəbəsi üzrə nümayəndəliyin aparatının 3 nömrəli, 17 mart 1998-ci il tarixli qərarını və digər hüquqmüəyyənedici sənədləri rəhbər tutmaqla Bakı ş, Sabunçu r, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 1200 kv.m torpaq sahəsinə hüququn X1 məxsus olması haqqında arayışın verilməsinin cavabdehə həvalə edilməsi xahiş edilmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Maştağa qəsəbəsi üzrə nümayəndəliyin qərarına əsasən X1 torpaq sahəsi ayrılmışdır. Cavabdehə mülkiyyət hüququna dair müraciət edilmiş, lakin müraciətin təminindən əsassız olaraq imtina edilmişdir. İddia ərizəsinə etiraz: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, təqdim edilən sənədlər surətdir, qanunvericiliyin tələblərinə uyğun olaraq yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunduqdan sonra ərizəyə müvafiq olaraq baxılacaqdır. Torpaq sahəsi Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun ərazisində yerləşir, 7 metrlik məsafəsində ləğv olunmuş neft quyusunun olması barədə məlumat mövcuddur. Torpaq sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmamış, torpaq sahəsi şərti göstərilmişdir. Müayinə aktından görünür ki, sahədə tikili mövcud deyildir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmtina məktubunda qeyd edilmişdir ki, təqdim edilən sənədlər surətdir, qanunvericiliyin tələblərinə uyğun olaraq yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunduqdan sonra ərizəyə müvafiq olaraq baxılacaqdır. Maştağa qəsəbəsi üzrə nümayəndəliyin aparatının qərarından çıxarışda qeyd edilmişdir ki, F.Hüseynova 1200 kv.m ölçüdə torpaq sahəsi ayrılır. Həmin qərarda Nazirlər Kabinetinin 02 sentyabr 1991-ci il tarixli və 07 may 1991-ci il tarixli qərarlarına istinad edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin məktubundan görünür ki, Nümayəndəliyin sənədləri arxivdə aşkar edilməmişdir. Maştağa qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin məktubundan görünür ki, 17 mart 1998-ci il tarixli 3 nömrəli iddiaçı tərəfindən istinad edilən qərar aşkar edilməmişdir. Dövlət Arxivinin Bakı Filialının məktubundan görünür ki, Nümayəndəliyin arxiv sənədləri Filiala təhvil verilməmişdir. Sabunçu Rayon İcra Hakimiyyətinin məktubundan görünür ki, Nümayəndəliyin torpaq sahəsi ayrılma səlahiyyəti olmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: - 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2022-ci il tarixli 1655 Fərmanının:
3. Yerli icra hakimiyyəti orqanları üç ay müddətində: 3.1. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etsinlər; Bəhs edilən qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Hazırkı iş üzrə torpaq sahəsi üzərində mülkiyyət hüququna dair məxsus olma barədə arayışın verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəbəsi üzrə nümayəndəliyi aparatının 17 mart 1998-ci il tarixli qərarından çıxarışa və təsdiq olunmuş yerləşmə sxeminin mövcudluğuna əsaslanaraq torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının yarandığını iddia edir. Doğrudur ki, yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas qismində çıxış edir. Lakin hazırki mübahisə üzrə iddiaçının təqdim etdiyi həmin qərar iddianın təmini üçün kifayət etmir. Belə ki, məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəbəsi üzrə nümayəndəliyi aparatının 17 mart 1998-ci il tarixli qərarın və həmin qərarın, eyni zamanda yerləşmə sxeminin verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi məqsədi ilə aidiyyəti üzrə sorğular verilmiş, lakin nə adı çəkilən sənədlərin, nədəki həmin sənədlərin verilməsinə əsas olan hər hansı sənədin mövcudluğu Nümayəndəliyin özündə, yerli icra hakimiyyəti orqanında, eləcə də arxiv idarəsində aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən verilmiş qərar yalnız o zaman mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas qismində çıxış edə bilərdir ki, əgər həmin qərar 2001-ci il yanvarın 1-dək verilmiş olsun və qərarın verilməsinin əsasında yerli icra hakimiyyətinin qərarı (yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması və ya torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi) olsun. Hazırki iş üzrə isə iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən nə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, nədəki yerli icra hakimiyyətinin qərarı aşkar olunmamışdır. Əksinə, məhkəmə sorğusuna yerli icra hakimiyyəti orqanının məktubunda göstərilir ki, həmin nümayəndəliyin ümumiyyətlə torpaq ayırma səlahiyyəti mövcud olmamışdır. Halbuki, qanunvericiliyin tələbləri ilə də konkret müəyyən edilir ki, müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar hüququn qeydiyyatı və ya məxsus olma haqqında arayışın verilməsi üçün əsasdır. Torpaq ayırmanı həyata keçirən nümayəndəliyin tabe olduğu yerli icra hakimiyyəti orqanının məktubundan isə müəyyən edilir ki, torpaq sahəsinin bölüşdürülməsi barədə qərar mövcud olmamış, yerli icra hakimiyyəti orqanı məhkəməyə məktubunda həmin nümayəndəliyin torpaq ayırmasının səlahiyyətinin olmadığını da bildirmişdir ki, həmin qərarın arxiv, yerli icra hakimiyyəti orqanı, hətta nümayəndəliyin özündə də aşkar edilməməsi, məhkəmə hesab edir ki, iddianın təminini istisna edən faktiki şərtlər kimi qəbul edilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-1693/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-cü il tarixli qərarından görünür ki, Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən torpaq sahəsinin ayrılmasına dair qərara istinadla çıxarışın verilməsindən imtinaya dair cavabdehin mövqeyi qanuni və əsaslı hesab edilmişdir. Eləcə də, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-130/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarında da oxşar mövqedən çıxış edilmiş, məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli torpaq sahəsini iddiaçıya ayıran orqan Sabunçu RİH başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi olmuş, lakin həmin nümayəndəliyə Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən belə bir səlahiyyətin verilməsinə dair sərəncam (qərar) müəyyən edilməmişdir. Sabunçu RİH başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyin qərarında müvafiq icra hakimiyyətinin sərəncamına (qərarına) istinad edilməməsi də belə bir səlahiyyətin nümayəndəliyə verilməməsinə dəlalət edir. Halbuki, yuxarda qeyd olunan normalardan görünür ki, inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən torpaq sahəsinin ayrılması, səlahiyyəti yerli icra hakimiyyəti başçısının qərarının verilməsi ilə şərtləndirilmişdir. Digər tərəfdən Ali Məhkəmənin 2-1(102)-2912/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı da hazırkı iddianın təmin edilməməsinə dair məhkəmə hesab edir ki, dolayı mövqe ifadə edir. Həmin qərardan görünür ki, mülkiyyyət hüququna dair Maştağa qəsəbə XDS İK-nin 19 noyabr 1993-cü il tarixli qərarından çıxarışa dair müraciət üzrə iddianın təmin edilməli olması qənaətinə gəlinərkən məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın 2.2-ci bəndinə görə də rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Bu səbəbdən cavabdeh iddiaçının tələbini yuxarıda qeyd edilən “Siyahının” 2.7-ci bəndinə istinad edərək imtina etməkdə haqlı sayıla bilməz. Göründüyü kimi, “Siyahı”nın 2.7-ci bəndində söhbət yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən ayrılmış torpaq sahəsindən gedir. Lakin üzərində hüququn qeydə alınmasının tələb edildiyi torpaq sahəsi (bundan sonra torpaq sahəsi) yerli icra hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən deyil, Maştağa qəsəbəsi XDS İcraiyyə Komitəsinin 19 noyabr 1993-cü il tarixli, 46 saylı qərarı ilə ayrılmışdır. Məhkəmə də hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən qərar Maştağa qəsəbə XDS İK-nin qərarı olduğu halda müraciətin təminindən söhbət gedə bilərdi. Nəzərə alınmalıdır ki, Nazirlər Kabinetinin yuxarıda istinad edilən qərarları da, məhz Maştağa qəsəbə XDS İK-nin qərar qəbul etmək səlahiyyəti ilə əlaqədardır. Lakin, iddiaçı tərəfindən təqdim edilən qərar Maştağa qəsəbə XDS İK-nin qərarı yox, Nümayəndəliyin qərarıdır ki, Nümayəndəliyin də qərar qəbul etməkdə hansı halda səlahiyyətli olması yuxarıda aydın şəkildə müəyyən edilmişdir. Digər tərəfdən iddiaçı inzibati orqan tərəfindən bərabər rəftara məruz qalmamasına, inzibati praktikada fərqli davranmağa istinad edir ki, məhkəmə bununla bağlı xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, oxşar bir-neçə sənədlə cavabdehin mülkiyyət hüququnu dövlət qeydiyyatına alınması, hər bir halda həmin hərəkətlərin onun daimi praktikasına keçirməsi anlamına gəlməməkdədir. Digər tərəfdən hər bir halda qonşu və ətraf ərazidə mülkiyyət hüququnun oxşar sənədlə qeydiyyata alması məhkəmənin hazırkı iddianı da işin yuxarıda göstərilən mühim hallarını nəzərə almadan təmin etməsi anlamına gəlməməkdədir. Belə ki, qanunsuz inzibati praktika, həmin praktikanın məhkəmə qaydasında da davam etməsi üçün əsas deyildir. Məhkəmə qeyd edir ki, hüquqmüəyyənedici sənədin mövcud olmaması müəyyən edildiyindən imtinanın digər əsaslarının araşdırılması zərurətini aradan qaldırmışdır. Nəzərə alınmalıdır ki, torpaq sahəsinə hər hansı hüquq mövcud deyildirsə, onun hasarlanması, sovxoz və ya başqa ərazidə yerləşməsi, neft quyusunu yanında, üstündə ətrafında və s olması hər hansı əhəmiyyət daşımır. Hər bir halda torpaq sahəsinə hüququn mövcudluğundan söhbət gedə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov