Məhkəmə qərarları › İş №e-2-1(112)-3459/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3459/2021

28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3459/2021 28.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvan: Bakı şəhəri, 7-ci mikrorayon, ev 11a, mənzil 6; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: AR Vəkillər Kollegiyasının üzvü), cavabdehin nümayəndəsi X1 (Ünvan: Bakı şəhəri, Səbail rayonu, 1128-cu keçid, ev 25, mənzil 19; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin hüquq idarəsinin cavabdeh qismində məhkəmə işlərinin təşkili şöbəsinin baş hüquqşünası) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “vergi uçotundan çıxarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iddiaçının vergi uçotuna alınaraq adına VÖEN ********** verilməsinin qanunsuz və əsassız hesab edilərək, vergi uçotundan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçının xeyrinə mənəvi ziyana görə kompensasiya olaraq 30.000 (otuz min) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı etirazı xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbi “iddiaçının xeyrinə mənəvi ziyana görə kompensasiya olaraq 30.000 (otuz min) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı 2007-ci il tarixindən hal-hazıra qədər Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. Peşə fəaliyyətini Bakı şəhəri 3 saylı Vəkil Bürosunda icra edir. Vəkillik fəaliyyətinə qədər “Aztelekom” İstehsalat Birliyində, bir müddət də özəl sektorda hüquqşünas işləmişdir. Heç bir zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. 06 yanvar 2021-ci il tarixində yaşadığı ünvana, onun adına İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsindən məktub gəlmişdir. Zərfin içərisindəki, təqdim edilmiş bəyənnamələr barədə № **********295000, xx.xx.2010 Bildiriş idi. Bildiriş ilə 2020-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş verginin bəyənnaməsi vergi orqanına təqdim etməli oladuğu, həmçinin 3cü rüb üzrə də bəyənnaməni təqdim etmədiyi qeyd edilmişdir. Həmçinin bunu etmədiyi zaman üzləşəcəyi sanksiyalardan da bəhs edilirdi. Əvvəl bir yalnışlığın olduğunu düşündü. Vergi Xidmətinin 195 qaynar xəttinə zəng etdi ki, yalnışlıq aradan qalxsın, bildirişi səhv ünvana göndərdiklərini bilsinlər. Lakin qaynar xəttən onun vergi uçotunda olduğu, adıma VÖEN verildiyini, VÖEN nömrənin də ********** olduğunu bildirdilər. Ətraflı məlumat almaq istəsə də kommersiya sirri adı ilə demədilər. İddiaçının belə bir müraciətinin olmadığını, ərizə vermədiyini, sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını bildirsə də heç bir məlumat vermədilər. Ona onlayn növbə alıb Bakı şəhəri X2 üzrə Baş İdarəsinə yaxınlaşmağı təklif olundu. Onlayn növbə almaq istəsə də növbəti günlərə dolu olduğu yazıldı. Təkrar 195 qaynar xəttinə zəng etdi. Ordakı başqa bir əməkdaşa durumu təkrar izah etdi, növbənin irəliki tarixlərə dolu yazıldığını bildirdi. Vəziyyəti öyrəndikdən sonra ilk sualı “nə vaxtsa dollar almamısınız” oldu. Cavabında bəli 2020-ci ilin mart ayında “Beynəlxalq Bank” da manatı dollara çevirdiyini bildirdi. Həmin əməkdaş cavabında bildirdi ki, ola bilsin həmin dollar əməliyyatına görə vergi uçotuna alındığını bildirdi. 2020-ci ilin mart ayında ailəsinin birikdirdiyi təqribən 40-45 min manatı dollara çevirmişdi və bir neçə gün sonra ona vergilər nazirliyinin əməkdaşı zəng edib həmin pulun mənbəyini sormuşdu. O vaxt həmin əməkdaşa vəkil olduğunu, 20 ilə qədər əmək stajının olduğunu, ailədə 5 nəfər olduğunu, anasının himayəsində olduğunu, anasının 30 il əməkdar müəllimə olduğunu indi təqaüddə olduğunu, bu illər ərzində ailədə 3 nəfərin işlədiyi bir durumda ayda 100-150 manat kimi bir məbləği kənara qoysan belə 40-45 min etdiyini demişdir. Hətta həmin əməkdaşa onun, ailə üzvlərinin bu illər ərzində maaşı, təqaüdü haqqında hansısa sənədlər verməli olduğunu soruşduqda “yox buna ehtiyac yoxdur” demişdi. Həmin əməkdaşa qanun pozuntusunun nə olduğunu, həmin vaxt bankların gündəlik 8 min dollara qədər pulu çevirməyə icazə verdiyini, eyni bankda, eyni filialda ayrı-ayrı günlərdə 40 min manat qədər pulu dollara çevirdiyini, yalnış bir şey etmiş olsaydı bankın ona imtina etməli olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində vergi uçotuna alınması üçün heç bir əsasın olmadığını qeyd etmişdir. Maliyyə Monitorinqi Xidməti tərəfindən 20 000 (iyirmi min) manat və ya daha yuxarı məbləğdə nağd şəkildə xarici valyuta alışları barədə, yəni Bakı şəhərində qeydiyyatda olan vergi ödəyiciləri və vətəndaşlar tərəfindən xarici valyuta sərvətlərinin alınması barədə məlumatlar daxil olan məlumatların ilkin təhlilləri aparılaraq siyahılar aidiyyəti üzrə yerli vergi orqanlarına təqdim edilir. Bununla əlaqədar olaraq, valyuta mübadiləsi əməliyyatı aparmış şəxslərin vergi orqanında uçotda olub-olmaması, vergi orqanında qeydiyyatda olan şəxslərin 2019-cu il üzrə dövriyyə, hesablama və ödəmələri, təsərrüfat subyektləri, riskli vergi ödəyicisi olub-olmaması, əmək müqaviləsi bildiriş bazası üzrə çalışdıqları iş yerləri və əmək haqqı məbləğləri, rəhbəri və təsisçisi olduğu müəssisələr, alınan dividendlər barədə məlumatlar təhlil olunmuşdur. Baş İdarə tərəfindən təqdim edilmiş məlumatlar, o cümlədən İddiaçı barədə məlumatlar təhlil edilmiş və iddiaçı tərəfindən 44422,2 manat ekvivalentində 26100,0 ABŞ dollarının mübadiləsinin müəyyən edilməsinə baxmayaraq, həmin gəlirin yaranma mənbələri barədə təsdiqedici sənədlərin, həmçinin vergi orqanında vergi ödəyicisi kimi uçota alınmamaqla müvafiq dövr üzrə vergi bəyannaməsinin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar olaraq və Vergi Məcəlləsinin 33-cü maddədinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən məcburi qaydada vergi uçotuna alınması təmin edilmişdir. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub- olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin məcəllənin 33.5-ci maddəsinə əsasən isə bu halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Vergi uçotuna alındıqdan sonra fiziki şəxs İddiaçı "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********347800 nömrəli məktub göndərilərək müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və müvafiq dövr üzrə vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı 44422,2 manat ekvivalentində 26100,0 ABŞ dolları aldığından, xx.xx.2020-ci il tarixdən məcburi qaydada vergi uçotuna (VÖEN **********) alınmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər... Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (34.1-ci maddə). Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır...(34.2-ci maddə). Bəhs olunan normalara görə vergi ödəyicisinin vergi orqanında uçota alınması onun tərəfindən forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən ərizə verilməsi və ərizəyə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməsi ilə şərtləndirilmişdir. Cavabdeh iddiaçının ona vergi ödəyicisi kimi uçota alınmasına dair ərizə verməsi barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh iddiaçının belə ərizə verməsi barədə də mübahisə açmamışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 3 may 2019-cu il tarixli **********006200 nömrəli qərarı ilə “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 2.3-cü bəndinin tələbinə görə vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” verilir. Fiziki şəxsi uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma məsələlərində etibarnamə əsasında səlahiyyət verilmiş şəxs təmsil edə bilər. Bu Qaydaların məqsədləri üçün təqdim edilən ərizələr yalnız fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalana bilər. Ərizəni qəbul edən vergi orqanı əməkdaşı onun yalnız buna səlahiyyəti olan şəxs tərəfindən təqdim olunduğunu müəyyən etdikdən sonra bu Qaydalarda göstərilən tədbirlərin yerinə yetirilməsini təmin etməlidir. Ərizələrin səlahiyyətli olmayan şəxslərdən, yaxud uçota dayanmaq istəyən şəxsin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir. Ərizədə göstərilənlərin düzgünlüyünə fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi cavabdehdir. Eyni tələblərə vergi orqanı tərəfindən hazırlanmış sənədlərin forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən jurnalda imza edilməklə verilməsi zamanı da əməl edilməlidir.(2.4-cü bənd) Həmçinin, məhkəmə qeyd edir ki, vergi qanunvericiliyinin tələbinə görə vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə fərdi sahibkar vergi orqanında uçot alınır. İddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair cavabdeh inzibati orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı 2007-ci il tarixdən vəkillik fəaliyyəti ilə məşğuldur. “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nın 4.1-ci bəndinə əsasən fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür: 4.1.1. Vergi Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxslərin fəaliyyətinə xitam verildikdə; 4.1.2.Ailə kəndli təsərrüfatının statusu itirildikdə, ləğv edildikdə və ya ailə kəndli təsərrüfatının başçısı dəyişdikdə; 4.1.3.Torpağa mülkiyyət hüququ özgəninkiləşdirildikdə; 4.1.4.Fiziki şəxs məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda; 4.1.5. Fiziki şəxs vəfat etdikdə. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması, həmçinin iddiaçı tərəfindən vergi orqanında uçota alınmasına dair müvafiq ərizə ilə vergi oranına müraciət etməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən iddiaçının vergi orqanında uçota alınması və onun adına ********** nömrəli VÖEN açılması vergi qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı vergi uçotuna alınaraq adına VÖEN ********** açılması əsassız hesab edilərək, İddiaçı vergi uçotundan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı vergi uçotuna alınaraq adına ********** nömrəli VÖEN-in açılması əsassız hesab edilir və İddiaçı vergi uçotundan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin üzərinə qoyulur. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar