Məhkəmə qərarları › İş №e-2-1(112)-3470/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-3470/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-3470/2022 04.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlu sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “vergi ödəyicisinin ƏDV sub-uçot hesabı üzrə əməliyyatlar aparmasına qoyulmuş məhdudiyyətin aradan qaldırılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabında əməliyyatların aparılmasına (ƏDV məbləğinin sərbəst hərəkətinə və digər şəxslərin sub-uçot hesablarına və ya gömrük orqanlarına ƏDV məbləğinin köçürülməsinə) qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və cəmiyyətin əmtəəsiz və riskli əməliyyat aparan vergi ödəyicisi olması barədə xəbərdarlıq bildirişlərinin ləğv edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 24 may 2022-ci il tarixli qərardadı ilə, İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “məhdudiyyətlərin aradan qaldırılması və s.” tələbinə dair iş - İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “vergi ödəyicisinin ƏDV sub-uçot hesabı üzrə əməliyyatlar aparmasına qoyulmuş məhdudiyyətin aradan qaldırılması” tələbi üzrə icraat e-2-1(112)- 3470/2022 nömrə ilə, - İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xəbərdarlıq bildirişinin ləğv edilməsi” tələbi üzrə icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılması qərara alınmışdır. İşin hallarının araşdırılması məqsədilə xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərə məhkəmə iclasları təyin edilmiş və iddiaçının ərizəsində qeyd etdiyi hər iki (həm hüquqi, həm də faktiki) ünvanına bu barədə bildirişlər göndərilmişdir, lakin iddiaçı tərəf (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçıya göndərilmiş bildirişlərdə, o cümlədən sonuncu, xx.xx.2022-ci il tarixli bildirişdə və hüquqi yardım məktubunda (poçt xəbərnaməsinə əsasən çatdırılmışdır) məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən artıq müddət ərzində məhkəmə icraatından yayındığı halda iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmiş və bu barədə qanunvericiliyin tələbləri izah edilmişdir. Göründüyü kimi, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-də iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İPM-in 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3, 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “vergi ödəyicisinin ƏDV sub-uçot hesabı üzrə əməliyyatlar aparmasına qoyulmuş məhdudiyyətin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar