Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3488/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi və s” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi və s” tələbinə dair iddiası üzrə inzibati işə 20 may 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci ilin 4-cü rübündən 2023-cü ilin 4-cü rübünədək olan dövrdə onun Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyində gömrük nümayəndəsi (gömrük attaşesi) vəzifəsi üzrə aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının hesablanaraq Dövlət Vergi Xidmətinə köçürülməsi və 2021-ci ilin 4-cü rübündən 2023-cü ilin 4-cü rübünədək olan dövr üzrə əldə etdiyi gəlirlər (əmək haqqı və s.) barədə dəqiqləşdirilmiş bəyannamələrin Dövlət Vergi Xidmətinə təqdim olunması öhdəliyinin və xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilədək xidmət müddətində məcburi dövlət sosial sığorta haqqı tutulmuş pul təminatına dair (təminat xərcliyi) yeni məlumat vərəqinin hazırlanaraq DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdeh Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2021-ci ilin 4-cü rübündən 2023-cü ilin 4-cü rübünədək olan dövrdə iddiaçının Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyində gömrük nümayəndəsi (gömrük attaşesi) vəzifəsi üzrə aldığı əmək haqqından (aylıq altı min doqquz yüz iyirmi dörd manat pul təminatı) məcburi dövlət sosial sığorta haqlarının hesablanaraq Dövlət Vergi Xidmətinə köçürülməsi və 2021-ci ilin 4-cü rübündən 2023-cü ilin 4-cü rübünədək olan dövr üzrə əldə etdiyi gəlirlər (əmək haqqı və s. pul təminatı) barədə dəqiqləşdirilmiş bəyannamələrin Dövlət Vergi Xidmətinə təqdim olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1996-cı ildən 2012-ci ilədək keçmiş MTN orqanlarında müxtəlif vəzifələrdə, xx.xx.2012-ci ildən tarixdən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə, 2018-ci ildən 20 noyabr 2023-cü il tarixinədək DGK-nın Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində xidmət etmişdir. Gömrük xidməti polkovniki xüsusi rütbəsi vardır. xx.xx.2021-ci ildə DGK sədrinin müvafiq əmri ilə (№1000/678Ş) DTİ-nin rəis müavini vəzifəsində saxlanılmaqla Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində DGK-nın nümayəndəsi (gömrük attaşesi) təyin edilmişdir. xx.xx.2023-cü il tarixdən DGK sədrinin əmri ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120.1.3-cü bəndi ilə “pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə” tutduğum vəzifədən azad olunmuşdur. Pensiyaya çıxmağı ilə əlaqədar, müvafiq qaydada məlumat vərəqi aidiyyəti üzrə göndərilmiş, ona pensiya hesablandıqdan sonra məlum olmuşdur ki, xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilədək olan dövr üzrə mənə ödənilən əmək haqqının bir qismi sosial sığorta haqlarına cəlb edilmiş, digər hissəsindən isə DGK tərəfindən sosial sığorta haqları ödənilməmiş, ona ödənilmiş əmək haqqının həmin hissəsi onun gəliri kimi bəyan edilməmiş, məlumat vərəqinə daxil edilsə də, pensiya orqanı sosial sığorta ödənilməyən əmək haqqı məbləğini nəzərə almamışdır. Məlum olmuşdur ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində gömrük attaşesi kimi fəaliyyət göstərdiyi dövrdə (xx.xx.2023-xx.xx.2023) “ezamiyyətdə olmağı əsası” ilə gömrük attaşesi kimi aldığı əmək haqqından sosial sığorta haqqı ödənilməmişdir. Belə vəziyyət yaranmışdır ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində DGKnın nümayəndəsi (gömrük attaşesi) kimi ona ödənilən əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi hazırda ona pensiya təyin olunması zamanı əmək haqqımın həmin hissəsinin nəzərə alınmaması ilə nəticələnmişdir. Bununla əlaqədar olaraq, müvafiq dövlət orqanlarına tərəfindən müraciətlər göndərilmiş, ona ödənilmiş əmək haqqından sosial sığorta haqlarının ödənilməli olub-olmadığı soruşulmuşdur. Aidiyyəti dövlət orqanlarından alınan rəsmi cavablardan müəyyən olunur ki, “gömrük attaşesi” diplomatik vəzifə hesab olunmur, bu vəzifədə mənə ödənilən əmək haqqı dövlət büdcəsi hesabına ödənilmişdir və ödənilən əmək haqqı məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməlidir. Lakin DGK-nın vəzifəli şəxslərinin qanunsuz hərəkəti (hərəkətsizliyi) səbəbindən “gömrük attaşesi” kimi ona ödənilən əmək haqqından dövlət sosial sığorta haqları hesablanaraq müvafiq qaydada köçürülməmiş, bunun nəticəsində isə ona təyin olunan pensiya məbləğində əhəmiyyətli dərəcədə fərq yaranmışdır. Belə ki, müraciətlərinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən verilən xx.xx.2024-cü il tarixli rəsmi cavab məktubunda, Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialından verilən xx.xx.2024-cü il tarixli rəsmi cavab məktubunda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən xx.xx.2024-cü il tarixli rəsmi cavab məktubunda ona verilən əmək haqqından dövlət sosial sığorta haqqının ödənilməli olması, belə ödəmənin DGK tərəfindən icra edilməli olduğu göstərilmişdir. Həmçinin, ona pensiya təyin oldunduqdan sonra məlum olmuşdur ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində gömrük nümayəndəsi (gömrük attaşesi) vəzifəsində işlədiyi xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilədək olan dövrdə DGK-da tutduğu vəzifə üzrə almalı olduğum əmək haqqımın (pul təminatının) 50% məbləğində az ödənilmiş, bu da ona daha az pensiya hesablanmasına səbəb olmuşdur. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi və onların fəaliyyətinin təmin edilməsi haqqında xx.xx.2005-ci il tarixli 331 nömrəli Fərmanının (xx.xx.2024-cü il tarixədək olan redaksiya) 2-ci bəndindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələri (gömrük attaşeləri) Azərbaycan Respublikasının həmin xarici dövlətlərdəki səfirliklərinə, onların bu səfirliklərin strukturlarına və ştat cədvəllərinə daxil edilməməsi şərti ilə ezam olunduqları qeyd olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici ölkələrdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərində fəaliyyət göstərən gömrük attaşelərinin saxlanması xərclərinin icmal bölgüsü”ndən müəyyən edilir ki, iddiaçının gömrük attaşesi olaraq xidmət etdiyi dövrdə onun əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi hər il dövlət büdcəsindən onun üçün ayrılan qanunla müəyyən edilmiş məbləğ hesabına maliyyələşdirilir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının gömrük attaşesi olaraq xidmət etdiyi dövrdə onun əmək haqqından məcburi dövlət sosial sığorta haqqları tutulmamış və bunun üçün vəsait ayrılmamışdır. “Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi və onların fəaliyyətinin təmin edilməsi haqqında xx.xx.2005-ci il tarixli 331 nömrəli Fərmanına xx.xx.2024-cü il tarixdə 2.2-ci yarımbəndinə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələri (gömrük attaşeləri) öz funksiyalarını təyin olunduqları xarici dövlətlərdə və ya beynəlxalq təşkilatlarda akkreditə olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin tərkibində həyata keçirirlər və öz fəaliyyətlərini həmin nümayəndəliklərin fəaliyyəti ilə əlaqələndirirlər”, dəyişiklik edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, etirazın dəlillərinə uyğun izahat vermiş, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli, 1000/678ş nömrəli əmrinə əsasən Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini Cəfərov X2 Respublikasının Türkiyə Respublikasındakı səfirliyində Komitənin nümayəndəsi (gömrük attaşesi) təyin edilmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli, 1000/1389ş nömrəli əmrinə əsasən İddiaçı gömrük orqanlarında xidmətinə xitam verilmişdir; Dövlət Vergi Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2005-ci il tarixli 331 nömrəli “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi və onların fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanının 1-ci bəndinə əsasən Dövlət Gömrük Komitəsinin sədrinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin funksiyalarının həyata keçirilməsinin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edən dövlətlərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələrini (gömrük attaşelərini) təyin etmək səlahiyyəti verilmişdir. Fərmanın 2-ci bəndinin müddəalarına əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələri (gömrük attaşeləri) Azərbaycan Respublikasının xarici dövlətlərdəki səfirliklərinə ezam olunurlar və onların strukturlarına və ştat cədvəllərinə daxil edilmirlər. Həmçinin, Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələri (gömrük attaşeləri) Komitəyə ayrılmış dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli 1000/678ş nömrəli Əmrinin 3-cü bəndində gömrük attaşeləri kimi təyin olunan şəxslərin əməyinin ödənilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-33/3-4- 196/2023 nömrəli arayışda onun Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində gömrük nümayəndəsi (gömrük attaşesi) vəzifəsində xidmət etdiyi dövrdə aldığı əmək haqqı məbləği əks etdirilmişdir. Qeyd olunanlardan göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları Komitədəki ştatları saxlanılmaqla Azərbaycan Respublikasının xarici dövlətlərdəki səfirliklərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndələri (gömrük attaşeləri) təyin olunurlar və onların əmək haqları Komitəyə ayrılmış dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının xarici dövlətlərdəki səfirliklərinə təyin olunmuş nümayəndələrinə (gömrük attaşelərinə) ödənilən əmək haqları ümumi qaydada məcburi dövlət sosial sığorta haqlarına cəlb olunur. Əlavə olaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 2021-ci ilin 4-cü rübündən 2023-cü ilin 4-cü rübünədək olan dövrə dair təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli 3-33/3-4-196/2023 nömrəli arayışında göstərilən əmək haqqı məbləği qeyd olunmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 2021-ci ilin 4-cü rübündən 2023-cü ilin 4-cü rübünədək olan dövrə dair gömrük nümayəndəsi (gömrük attaşesi) vəzifəsi üzrə əldə etdiyi gəlirləri barədə dəqiqləşdirilmiş bəyannamələr təqdim edildiyi təqdirdə həmin məlumatların Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ötürülməsi təmin olunacaqdır; Dövlət Sosial Müdafiə X6 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının iddiaçının vəkilinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi və onların fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 331 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələri (gömrük attaşeləri) Azərbaycan Respublikasının həmin xarici dövlətlərdəki səfirliklərinə, onların bu səfirliklərin strukturlarına və ştat cədvəllərinə daxil edilməməsi şərti ilə ezam olunurlar. Həmin Fərmanın 3-cü bəndinə uyğun olaraq xarici dövlətlərdəki nümayəndələr (gömrük attaşeləri) Dövlət Gömrük Komitəsinə ayrılmış dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunur. Adıçəkilən Qanunun 15-ci maddəsinə əsasən Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki səfirliklərə təyin olunmuş nümayəndələrinə (gömrük attaşelərinə) ödənilən əmək haqlarının məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilməsi nəzərdə tutulmamışdır; Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Xarici Dövlətlərdəki Səfirliklərinə təyin edilmiş gömrük nümayəndələrinin xarici dövlətlərdə aldıqları əmək haqlarından 1 may 2024-cü il tarixdən etibarən sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə 3 faiz, sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə 22 faiz dövlət sosial sığorta haqqı tutulmaqdadır. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; ... 22.4. hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə:
113. Gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailə üzvlərinin pensiya təminatının təşkili müvafiq icra hakimiyyəti tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir;
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: İlk növbədə qeyd edilməlidir ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə ilə gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilməsi təsbit edilmişdir. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə xidmət keçmiş şəxslərin pensiya təminatı üçün müstəqil əsaslar nəzərdə tutulmamışdır. Belə olan halda, həmin Qanunun 3.3-cü maddəsinə əsasən hərbi qulluqçuların pensiya təminatı ilə bağlı müddəalar şamil edilməlidir. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində gömrük attaşesi kimi fəaliyyət göstərmişdir. Həmin dövr onun barəsində tərtib edilmiş məlumat vərəqində yer alsa da, sığorta haqqı ödənilmədiyindən pensiyanın hesablanmasında nəzərə alınmamışdır. Cavabdeh bunun səbəbini həmin dövrdə iddiaçının “ezamiyyətdə olmağı əsası” ilə gömrük attaşesi kimi aldığı əmək haqqından sosial sığorta haqqı ödənilməməsi ilə əlaqələndirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növləri sadalanmışdır ki, burada Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki səfirliklərə təyin olunmuş nümayəndələrinə (gömrük attaşelərinə) ödənilən əmək haqlarının məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilməsi nəzərdə tutulmamışdır. Həmin qanunun 12-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunur. Gömrük nümayəndələri ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi və onların fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanının 1-ci bəndinə əsasən Dövlət Gömrük Komitəsinin sədrinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin funksiyalarının həyata keçirilməsinin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edən dövlətlərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələrini (gömrük attaşelərini) təyin etmək səlahiyyəti verilmişdir. Fərmanın 2-ci bəndinin müddəalarına əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələri (gömrük attaşeləri) Azərbaycan Respublikasının xarici dövlətlərdəki səfirliklərinə ezam olunurlar və onların strukturlarına və ştat cədvəllərinə daxil edilmirlər. Həmçinin, Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələri (gömrük attaşeləri) Komitəyə ayrılmış dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Cavabdeh etirazında qeyd etmişdir ki, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi və onların fəaliyyətinin təmin edilməsi haqqında xx.xx.2005-ci il tarixli 331 nömrəli Fərmanına xx.xx.2024-cü il tarixdə 2.2-ci yarımbəndinə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələri (gömrük attaşeləri) öz funksiyalarını təyin olunduqları xarici dövlətlərdə və ya beynəlxalq təşkilatlarda akkreditə olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin tərkibində həyata keçirirlər və öz fəaliyyətlərini həmin nümayəndəliklərin fəaliyyəti ilə əlaqələndirirlər”, dəyişiklik edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, əvvəla, sözügedən dəyişiklik iddiaçının xidmətinə xitam verildikdən sonra edilmişdir. Əlavə olaraq, xx.xx.2024-cü il tarixdən sonra gömrük attaşelərinin funksiyalarını diplomatik nümayəndəliklərin tərkibində həyata keçirmələri onların sosial təminat hüquqlarının məhdudlaşdırılması mənasına gəlmir. Funksiyalarını diplomatik nümayəndəliklərin tərkibində həyata keçirən şəxslərin sosial təminatının həyata keçirilməsi hazırkı iddianın araşdırma predmetinə aid olmadığından məhkəmə bununla bağlı mövqe bildirmir. Lakin məhkəmə iddiaçı ilə bağlı o məsələni nəzərə çatdırır ki, əgər cavabdehin qeyd etdiyi kimi xx.xx.2024-cü il dəyişikliyi iddiaçıya şamil edilsə idi, onun əmək haqqının və ondan tutulmaların aparılması həmin dövrə və şəxslərə aid şərtlərlə tənzimlənməli idi. Çünki, hər bir halda, Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələri (gömrük attaşeləri) Komitəyə ayrılmış dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Hazırkı halda cavabdehin mövqeyinin haqlı hesab edilməsi iddiaçının həm özünün işlədiyi dövrdə qüvvədə olan, həm də daha sonra edilmiş dəyişikliklər əsasında ona şamil edilməli olan sosial təminatlardan məhrum edilməsi mənasına gəlir. Bu da şəxsin konstitusion hüquqlarının pozulmasına gətirib çıxarır. Eyni zamanda məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının xarici dövlətlərdəki səfirliklərinə təyin edilmiş gömrük nümayəndələrinin xarici dövlətlərdə aldıqları əmək haqqlarından xx.xx.2024-cü il tarixdən etibarən sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə 3 faiz, sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə 22 faiz dövlət sosial sığorta haqqı tutulmaqdadır. Eyni zamanda, cavabdeh bunu qeyd edərkən sığorta haqqı tutulmasının nəyə görə məhz xx.xx.2024-cü il tarixdən etibarən həyata keçirildiyini göstərməmişdir. Bu da cavabdehin fərqli dövrlərdə heç bir hüquqi əsas olmadan fərqli yanaşma tətbiq etdiyini göstərir. Qeyd edilənlər onu göstərir ki, iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gömrük attaşesi kimi fəaliyyət göstərdiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməsi cavabdehin vəzifəsi olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, 2021-ci ilin 4-cü rübündən 2023-cü ilin 4-cü rübünədək (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək) olan dövrdə İddiaçı Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyində gömrük nümayəndəsi (gömrük attaşesi) vəzifəsi üzrə aldığı əmək haqqından (aylıq altı min doqquz yüz iyirmi dörd manat pul təminatı) məcburi dövlət sosial sığorta haqlarının hesablanaraq Dövlət Vergi Xidmətinə köçürülməsi və 2021-ci ilin 4-cü rübündən 2023-cü ilin 4-cü rübünədək (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək) olan dövr üzrə əldə etdiyi gəlirlər (əmək haqqı və s. pul təminatı) barədə dəqiqləşdirilmiş bəyannamələrin Dövlət Vergi Xidmətinə təqdim olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. 2021-ci ilin 4-cü rübündən 2023-cü ilin 4-cü rübünədək (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək) olan dövrdə İddiaçı Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyində gömrük nümayəndəsi (gömrük attaşesi) vəzifəsi üzrə aldığı əmək haqqından (aylıq altı min doqquz yüz iyirmi dörd manat pul təminatı) məcburi dövlət sosial sığorta haqlarının hesablanaraq Dövlət Vergi Xidmətinə köçürülməsi və 2021-ci ilin 4-cü rübündən 2023-cü ilin 4-cü rübünədək (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək) olan dövr üzrə əldə etdiyi gəlirlər (əmək haqqı və s. pul təminatı) barədə dəqiqləşdirilmiş bəyannamələrin Dövlət Vergi Xidmətinə təqdim olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov