Məhkəmə qərarları › İş №e-2-1(112)-3510/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3510/2022

01.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3510/2022 01.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı cavabdehin 3 avqust 2021-ci il tarixli **********910700 saylı qərarının ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində qeyd edilir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 3 avqust 2021-ci il tarixli **********910700 nömrəli qərarına əsasən İddiaçı kameral qaydada qanunsuz vergi məbləği hesablanmışdır. Qanunsuz vergi məbləğinin hesablanmasına səbəb olaraq, iddiaçının topladığı metal tullantıları və məmulatlarının alış aktları əsasında vergi ödəyicilərinə təhvil verilməsi faktına istinad edilmişdir. Nəticədə bəhs edilən qərardan yuxarı inzibati orqana inzibati şikayət göndərilmişdir. Dövlət Vergi Xidmətinin 27 oktyabr 2021-ci il tarixli **********241900 nömrəli qərarına əsasən iddiaçının inzibati şikayəti təmin edilməmişdir. İddiaçı hesablanmış vergi məbləği qanunsuzdur və bu səbəbdən 3 avqust 2021-ci il tarixli **********910700 nömrəli qərar ləğv edilməlidir. Belə ki, ayrı-ayrı fiziki şəxslər tərəfindən gündəlik fəaliyyət nəticəsində əmələ gələn məişət tullantıları qismində metal tullantı, məmulatları və qırıntıları (metal qazanlar, samavarlar, elektrik motorlar, onların çərçivələri, naqillər, məişət avadanlıqları, onların daxili elementləri, metaldan olan ev əşyaları, yararsız məişət tullantıları, aşınmaya məruz qalan metal məmulatları, atış poliqonlarındandan yığılan metal giliz qalıqları, zibil qutularından və zibil poliqonlarından toplanılan metal məmulatlar və s.) iddiaçı tərəfindən hər hansı ödəmə həyata keçirilmədən əvəzsiz qaydada poliqonlardan və müxtəlif sahibsiz ərazilərdən toplanılmış və Vergi Məcəlləsinin 71-2 və 130.1-1-ci maddələrinə olaraq alış aktı əsasında təhvil müəssisələrinə təqdim edilmişdir. Hazırda ölkədə davam edən işsizlik və aşağı sosial təminat şəraitində əhalinin sağlamlığına zərər vuran bu sahə iddiaçının ailəsinin yeganə gəlir mənbəyidir. Ailə üzvlərinin hər biri fərdi yetkinlik yaşına çatıbçatamamasından asılı olmayaraq, gündəlik primitiv tələbatını ödəməyi üçün bu işlə məşğul olmağa məcburdur. Bununla belə qeyd edir ki, hazırki fəaliyyət vergiyə cəlb edilməyən fəaliyyətdir. Vegi orqanının qənaətinə əsasən iddiaçının təhvil verdiyi metal tullantı və məmulatlara görə ödənilən məbləğlər onun gəliri hesab edilir və belə fəaliyyət həm də sahibkarlıq fəaliyyəti hesab edildiyindən, bu məbləğlərdən vergi tutulmalıdır. İlk növbədə qeyd edir ki, Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən,əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir vergidən azad edilən gəlirlər kateqoriyasına daxil edilmişdir. Aydın olduğu kimi, bu maddənin tələbinə əsasən yalnız qiymətli daş və metalların, habelə onların məmulatlarının təqdim edilməsindən əldə edilən gəlir vergiyə cəlb edilə bilər. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. Bu baxımdan qiymətli metal və daşınan əmlak anlayışları Vergi Məcəlləsində nəzərdə tutulmadığına görə müvafiq qanunvericilik aktlarına müraciət edilməlidir. Belə ki, «Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan Respublikası Qanunun 1.1.1ci maddəsinə əsasən qiymətli metallar – istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, arımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallarıdır (palladium, iridium, osmium, rodium və rutenum). Həmin Qanunun 1.1.3-cü maddəsinə əsasən qiymətli metallardan və qiymətli daşlardan məmulatlar – qiymətli metallardan və onların əlvan metallarla ərintilərindən, qiymətli daşlardan xüsusi emal edilmiş qiymətli və ya yarımqiymətli və bəzək daşları ilə cəzədilmiş və ya bəzədilməmiş bədii-estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii-incəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyalarıdır. Həmin Qanunun 1.1.4-cü maddəsinə əsasən qiymətli metalların və qiymətli daşlarım tullantıları – fiziki, kimyəvi, mexaniki və sair təsir nəticəsində əsas hissədən bir qayda olaraq öz ilkin təyinatında istifadə edilə bilinməyən qiymətli daşların hissələridir. Mülki Məcəlləsinin 135-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Belə olan halda iddiaçı tərəfindən əvəzsiz qaydada toplanılan metal tullantıları vergi qanunvericiliyinin tələbinə əsasən daşınan əmlak hesab edilir və onların təqdim edilməsindən əldə edilən gəlir vergidən azad olunmuşdur. Bu baxımdan vergi orqanı tərəfindən iddiaçıya hesablanmış vergi məbləği tamamilə qanunsuzdur və ləğv edilməlidir. Digər tərəfdən, iddiaçının topladığı metal tullantı və məmulatlarını təhvil verdiyi şirkətlər barəsində vergi orqanı tərəfindən əlavə vergi məbləğlərinin hesablanması barədə qərarlar qəbul edilmiş və iddiaçıya ödənilən məbləğlərdən ödəmə mənbəyindən verginin tutulması onlardan tələb edilməkdədir (məsələn, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin "xxxx" MMC barədə qəbul etdiyi 9 aprel 2020-ci il tarixli **********198840 nömrəli qərarı, "xxxx" MMC barədə qəbul etdiyi 27 yanvar 2021-ci il tarixli **********725300 nömrəli qərarı və s.). Belə ki, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 101.6-cı maddəsinə və «Nağdsız hesablaşmalar haqqında» Qanunun 3.5-ci maddəsinə istinad edilməklə müxtəlif şirkətlərdən vergi ödəyicisi olmayan fiziki şəxlərə ödənilən məbləğlərdə 2 faiz ödəmə mənbəyində verginin ödənilməsi tələb edilir. Bu səbəbdən onlar barəsində qərarlar qəbul edilir. Metal tullantı təhvil verən şəxs kimi iddiaçıdan ÖMV tutulması ilə də razı deyildir. Bu baxımdan ilk öncə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinin dispozisiyasında “(bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla)” şərti qeyd edilmiş və «Nağdsız hesablaşmalar haqqında» Qanunun 3.5-ci maddəsində nəzərdə Vergi Məcəlləsi ilə vergidən azad edilən gəlirlərin 2 faiz məbləğində cəlb edilməsi məhdudlaşdırılmışdır. Həmin maddəyə əsasən Məcəllə ilə vergidən azad olunan gəlirlərin, o cümlədən Məcəllənin 102.1.7-ci maddəsi ilə müəyyən edilmiş gəlirlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi istisna edilmişdir. Eyni zamanda, iddiaçıya ödənilən məbləğlərə görə onun metal məmulatları və tullantıları təhvil verdiyi şirkətlər barəsində əlavə vergi məbləğləri hesablandığı təqdirdə – gəlirin yenidən gəlir vergisinə cəlb edilməsi və verginin iddiaçıdan təkrarən tələb edilməsi qanunvericiliyin tələbinə tamamilə ziddir. Belə ki, Vergi Məcəlləsinin 3.5-cı maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Bu baxımdan da iddiaçıya hesablanmış vergi məbləği tamamilə qanunsuzdur. Bununla yanaşı, Vergi Məcəlləsinin 15.1.2, 24.0.3-cü maddələrinə və «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 8.4-cü maddələrinin vəhdət halında tələbinə əsasən yoxlayıcı orqan olan vergi orqanı vergilərin hesablanması və ödənilməsi barədə izahatlar verməyə, vergi ödəyicilərinin onların hüquq və vəzifələrini izah etməyə və qanunvericiliyin tətbiqi ilə bağlı köməklik göstərməyə borcludur. Qeyd edilən normaların tələbinə uyğun olaraq əhalidən yığılan metal qırıntı və tullantıya görə gəlirlərin vergiyə cəlb edilib-edilməməsi məsələlərinə, dair daha əvvəlki tarixlərdə vergi orqanı tərəfindən 7 noyabr 2017-ci il tarixli **********851400 nömrəli, habelə 7 fevral 2018-ci il tarixli **********959800 nömrəli məktublarla hüquqi münasibət bildirilmiş və qimətli metal olmayan metalların və onların tullantılarının fiziki şəxslər tərəfindən təqdim edilməsi zamanı əldə edilən gəlirin vergidən azad edildiyi bir daha təsdiqlənmişdir. Hazırkı rəsmi məkublar da öz növbəsində inzibati şikayətin əsaslı olduğunu göstərir. Bununla yanaşı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 45.2.5-ci maddəsinə əsasən ekspert rəyləri inzibati icraat zamanı sübutetmə vasitələrindən biri hesab edilir. Bu baxımdan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mühasibatlıq ekspertizasının təqdim etdiyi 19 mart 2020-ci il tarixli 214 nömrəli və 30 iyun 2021-ci il tarixli 9/3252 nömrəli eskpert rəylərində Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə istinad edilərək fiziki şəxslər tərəfindən metal tullantı və məmulatların təqdim edilməsindən əldə edilən gəlirin vergidən (gəlir vergisi və ya ödəmə mənbəyində vergi) azad edildiyi bir daha təsdiqlənmişdir. Bəhs edilən sübutetmə vasitələri də hazırkı şikayətin əsaslı olduğunu təsdiq edir. Tələbin obyektiv araşdırılması məqsədilə İPM-in 12.2, 46.2.3 və 48-ci maddələrinə uyğun olaraq iş üzrə məhkəmə mühasibatlıq ekspertizasmın keçirilməsi barədə vəsatətin təmin edilməsi zəruridir. Göstərilənlərə və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.2, 67-ci maddələrinə, Vergi Məcəlləsinin 3.11, 36.2, 53.3-cü maddələrinə, İPM-nin 2.2.1, 8.1.2, 32.1, 35.1, 38.1, 70.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli «Məhkəmə qətnaməsi haqqında» Qərarının 2.2-ci və 2.4-cü bəndlərinə əsaslanaraq, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzərə Baş İdarəsinin 3 avqust 2021-ci il tarixli **********910700 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 23 noyabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi iddia tələbinə etiraz edir. Aparılmış araşdırma nəticəsində vergi ödəyicisi fiziki şəxsin 2020-ci il ərzində müxtəlif adda, ölçüdə və 1.718.665,78 manat dəyərində mallar (metal tullantıları) təqdim etdiyi müəyyən edilmişdir. Malların alış aktı ilə təqdim edilməsinə baxmayaraq, təqdim edilmiş malların həcmi, dövriliyi, məbləği nəzərə alınmaqla fəaliyyətin xarakterinin bu sahədə sahibkarlıq fəaliyyəti göstərməsi qənaətinə gəlməyə kifayət qədər əsas vermişdir. Vergi Məcəlləsinin 33.3-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya 23 dekabr 2020-ci il tarixli **********326100 nömrəli “Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında” bildiriş göndərilməsinə baxmayaraq vergi uçotuna alınma ilə bağlı hər hansı izahat məktubu, təsdiqedici sənəd və sair vergi orqanına təqdim edilməmişdir. Bu səbəbdən fiziki şəxs Vergi Məcəlləsinin 33.3 və 33.5-ci maddələrinə uyğun olaraq 8 yanvar 2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2020-ci il ərzində "xxxx" MMC-yə (VÖEN **********) 1.466.623 manat dəyərində və “Metalçılar-2" MMC-yə (VÖEN **********) 252.042,77 manat dəyərində malların alış aktları əsasında müxtəlif növ metal tullantılarını satması və 2020-ci il üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsi vergidən yayınma kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar fərdi sahibkara “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 11 iyun 2021-ci il tarixli **********438700 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması üçün zəruri sənədlər və müvafiq vergi bəyannaməsi təqdim edilmədiyindən, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən analoji qaydada 2020-ci il üçün 57.288,86 manat gəlir vergisi hesablanmış, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3 avqust 2021-ci il tarixli **********910700 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi qeyd olunan qərar ilə əlaqədar inzibati şikayət etmiş, malları alış aktına əsasən təqdim etdiyini və buna görə ödəniş edilən zaman ödəmə mənbəyində verginin tutulduğunu bildirərək hesablanmış vergi məbləğinin ləğv edilməsini xahiş etmişdir. 27 oktyabr 2021-ci il tarixli **********241900 nömrəli Qərarla vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. İnzibati araşdırma zamanı fərdi sahibkar tərəfindən "xxxx" MMC-yə 30 sayda malların elektron alış aktına əsasən çəkisi 277.781,05 kq, ümumi dəyəri 1.466.623 manat, "xxxx" MMC-yə isə 7 sayda malların elektron alış aktına əsasən çəkisi 54.777,63 kq, ümumi dəyəri 252.042,77 manat olan müxtəlif növ metal tullantılarının təqdim edildiyi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən sahibkar İddiaçı müxtəlif tarixlərdə metal məmulatlarının alışı və satışı fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-də, "xxxx" MMC-də, “Xəzər-2019" MMC-də və "xxxx" MMC-də əmək müqaviləsi əsasında tədarükçü, dəzgahda işləyən fəhlə vəzifələrində işlədiyi müəyyən olunmuşdur. Fərdi sahibkarın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə araşdırmaya təqdim etdiyi izahatında 332.558,68 kq olan müxtəlif növ metal tullantılarını təmsil etdiyi şəxsin yaşadığı inzibati ərazidən (yaxın kənd və qəsəbələrdən) fiziki olaraq topladığını (yəni pul ilə almadığını) və fərdi sahibkara məxsus Hyundai H65 markalı nəqliyyat vasitəsilə tədarük etdiyi metal tullantılarını “metal qəbulu məntəqələrinə” daşındığını bildirmişdir. Vergi ödəyicisi böyük mal partiyaları ilə metal tullantılarını təqdim etmiş, toplanmış metal tullantılarının qısa müddətdə yığılmasını əlavə resurslar (münbit ərazi, işçi qüvvəsi, cəlb olunmuş texniki və nəqliyyat vasitələri) olmadan fiziki olaraq yığılmasının səlahiyyətli nümayəndəsinin iddia etməsinə baxmayaraq qeyd olunanların mümkünlüyünü əsaslandıra bilməmiş, qeyd olunanların fiziki şəxsin metal tullantıların qəbulu (tədarükü) ilə məşğul olmasını şərtləndirmiş, habelə metal tullantıların qəbulunun «İstehsalat və məişət tullantıları haqqında» Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununda sahibkarlıq subyektlərinin həyata keçirə bilməsi qeyd olunmuşdur ki, alış aktları ilə iri həcmdə mal partiyası şəklində təqdim olunmuş metal qırıntılarına görə fiziki şəxs əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməli idi. Həmin Qanunun 12-2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən əlvan və qara metal tullantılarının idarə olunması və onların özgəninkiləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə bilər. Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi qaydaları və onların əldə edilmə mənbəyinə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən, fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan, habelə radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsi, həmçinin qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsi məsuliyyətə səbəb olur. Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Vergi Məcəlləsinin 101.6-cı maddəsi sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin vergi uçotuna alınmasını istisna etmir. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti – şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Beləliklə, vergi ödəyicisi tərəfindən təqdim edilən malların həcmi, tərtib olunmuş elektron alış aktlarının sayı da sübut edir ki, iddiaçı mütəmadi olaraq metal tullantılarının satışı üzrə fəaliyyət göstərir. Göstərilənlərə və Vergi Məcəlləsinin 16.1.3, 23.1.1, 37.1, 37.3, 67.1-ci maddələrinə, İPM-in 32.1, 68.1-ci maddələrinə əsslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində bildirilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 16.2-ci maddəsinə görə hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 13.1-ci maddəsinə görə bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. Həmin Məcəllənin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti – şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 71-2-ci maddəsinə görə bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: - (102.1.7) qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir. «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsinə görə vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: (3.5.1) kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; (3.5.2) əlvan və qara metal qırıntılarının qəbulu; (3.5.3) utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; (3.5.4) utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; (3.5.5) xam dərinin tədarükü (alışı). «Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə əsasən qiymətli metallar – istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallarıdır (palladium, iridium, osmium, rodium və rutenum). Həmin Qanunun 1.1.3-cü maddəsinə əsasən qiymətli metallardan və qiymətli daşlardan məmulatlar – qiymətli metallardan və onların əlvan metallarla ərintilərindən, qiymətli daşlardan xüsusi emal edilmiş qiymətlİ və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii-estetik, məişət məqsədləri üçün istifadə edilən, bədiiincəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyalarıdır. Həmin Qanunun 1.1.4-cü maddəsinə əsasən qiymətli metalların və qiymətli daşların qırıntıları və tullantıları – fiziki, kimyəvi, mexaniki və sair təsir nəticəsində əsas hissədən ayrılmış və bir qayda olaraq öz ilkin təyinatında istifadə edilə bilinməyən qiymətli metalların və qiymətli daşların hissələridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, mövcud qanunvericilik gəlir vergisindən fiziki şəxslərin yalnız “qiymətli daşlar və metallar, qiymətli daşlar və metalların məmulatları, incəsənət əsərləri, əntiq əşyalar və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlak”ın təqdim edilməsindən əldə edilən gəlirini azad etmir, digər daşınan maddi əmlakın təqdim edilməsindən gəliri isə həmin verginin vergitutma obyekti heab etmir. Hazırkı işin hallarına görə, İddiaçı topladığı metal tullantıları və məmulatlarını təqdim etdiyi halda, hansı ki, «Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə görə qiymətli metal, qiymətli metal məmulatı və qırıntısı sayılmır, vergi orqanı tərəfindən həmin əməliyyatdan gəlirinə münasibətdə ona gəlir vergisi hesablanmışdır. Məhkəmənin qənaətinə görə iddiaçıya qeyd olunan malların təqdim edilməsindən əldə olunan gəlirə gəlir vergisinin hesablanması «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1, 16, 58-ci maddələrinin, eləcə də Vergi Məcəlləsinin 3.8 və 102.1.7-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, cavabdehin kameral vergi yoxlaması üzrə yuxarıda qeyd olunan əsaslarla əlavə vergi məbləğinin hesablanması barədə 3 avqust 2021-ci il tarixli **********910700 nömrəli qərarı – əlverişsiz inzibati aktı qanunsuz sayılmalıdır. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativhüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (maddə 61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; (maddə 61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; (maddə 61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; (maddə 61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Məhkəmə xüsusilə vurğulayır ki, inzibati orqanın (vergi orqanının) 3 avqust 2021-ci il tarixli **********910700 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Həmin inzibati aktın özündə inzibati orqan yalnız Vergi Məcəlləsinin 59.1, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergi borcu üzrə faizlərin hesablanması və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad etməklə kifayətlənmiş, inzibati icraatda vergi borcuya dair qərar qərar qəbul olunarkən hesablamanın səbəblərini və düstürunu aydın şəkildə göstərməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallar isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə uzlaşmır. Həmçinin məhkəmənin qənaətinə görə cavabdehin 3 avqust 2021-ci il tarixli **********910700 nömrəli qərarı qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və faiz məbləği) ödəmək öhdəliyi yaradır. Halbuki, belə hal Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3 avqust 2021-ci il tarixli **********910700 nömrəli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3 avqust 2021-ci il tarixli **********910700 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar