Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3523/2021 08.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli 558 nömrəli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı xx.xx.2011-ci il tarixində Dövlət Miqrasiya Xidmətinə işə qəbulla əlaqədar keçirilmiş imtahandan müvəffəqiyyətlə keçərək xx.xx.2011-ci il tarixindən miqrasiya orqanlarında qulluğa qəbul edilmişdir. İddiaçı işlədiyi müddət ərzində öz vəzifə öhdəliklərini qanunvericiliyin tələblərinə uyğun olaraq vicdanla icra etmişdir. İddiaçı barəsində heç vaxt intizam tənbehi tətbiq edilməmişdir. İddiaçı müxtəlif vaxtlarda 14 dəfə təlimlərdə iştirak etmiş və ona müvafiq sertifikatlar təqdim edilmişdir. xx.xx.2016-cı il tarixində Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaranmasının doqquzuncu ildönümü və “X4” bayramı münasibəti ilə, həmçinin xidməti vəzifələrinin icrasına nümunəvi və məsuliyyətlə yanaşdığına görə iddiaçı Fəxri fərmanla təltif olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin xx.xx.2017-cı il tarixli 89 nömrəli əmri ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” yubiley medalı ilə təltif edilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi dəyişdikdən sonra iddiaçıya qarşı olan münasibət qərəzli olaraq dəyişmişdir. İddiaçının öz vəzifə öhdəliklərini qanunvericiliyin tələblərinə uyğun olaraq vicdanla icra etməsinə baxmayaraq, heç bir səbəb və əsas olmadan ona işdən çıxma barədə ərizə yazmalı olduğunu bildirmişlər. İddiaçının işdən çıxma barədə ərizəni yazmayacağı təqdirdə onu şərləyərək intizam tənbehi qaydasında işdən çıxaracaqlarını bildirmişlər. İddiaçı şər və böhtandan qorxduğu üçün məcbur qalıb xx.xx.2020-ci il tarixində işdən çıxma barədə ərizə yazmışdır. İddiaçının Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli 558 nömrəli əmrinə əsasən miqrasiya orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Pandemiya səbəbindən dünyada və ölkədə vəziyyətin ağır olduğu bir dövrdə hansısa işçinin yeni iş tapmadan könüllü olaraq öz ərizəsi əsasında işdən çıxması heç bir məntiqə sığmır. Həmçinin iddiaçının atası da ağır xəstədir. Atasının ağır xəstə olması və onun da işdən çıxarılması onların ailəsinin maddi vəziyyətini olduqca çətinləşdirmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçı ərizə ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə müraciət edərək öz arzusu ilə işdən azad edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 558 saylı xx.xx.2020-ci il tarixli əmri ilə iddiaçı xx xxxxxx 2020-ci il tarixdən (öz arzusu ilə) işdən azad edilərək miqrasiya orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçı ərizəni könüllü olaraq yazmışdır, ona qarşı hər hansı təsir olmamışdır. Əmr verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan iddiaçıya məxsus 094736 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 558 saylı xx.xx.2020-ci il tarixli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 111.1-ci (öz arzusu ilə) maddəsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci və 4-cü hissələri və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 16.5-ci bəndi rəhbər tutularaq, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Aparatının Təşkilat-nəzarət baş idarəsi, Nəzarət idarəsinin inspektoru, İ dərəcəli miqrasiya xidməti qulluqçusu İddiaçı xx xxxxxx 2020-ci il tarixdən (öz arzusu ilə) işdən azad edilərək miqrasiya orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İş materiallarında olan ərizənin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Aparatının Təşkilat-nəzarət baş idarəsi, Nəzarət idarəsinin inspektoru İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisinə ərizə ilə müraciət edərək onun xx.xx.2020-ci il tarixdən öz arzusu ilə işdən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin: 1-ci maddəsinə əsasən miqrasiya orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür; 3-cü maddəsinə əsasən miqrasiya orqanlarında qulluq keçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Əsasnamə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir; 111-ci maddəsinə əsasən aşağıdakı əsaslar olduqda miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilir: 111.1. öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdikdə. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisinə ərizə ilə müraciət edərək onun öz arzusu ilə işdən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 558 saylı xx.xx.2020-ci il tarixli əmri ilə “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 111.1-ci (öz arzusu ilə) maddəsinə əsasən iddiaçı xx xxxxxx 2020-ci il tarixdən (öz arzusu ilə) işdən azad edilərək miqrasiya orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçı cavabdeh tərəfindən onun işdən çıxma barədə ərizə yazmağa məcbur edildiyini, əks təqdirdə onun intizam tənbehi qaydasında işdən çıxarılacağı ilə hədələndiyini, ona görə də məcbur olub işdən çıxma barədə ərizə yazdığını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının miqrasiya orqanlarında qulluq keçməsinə qanunvericiliyin tələblərinə əməl olunmaqla xitam verilmişdir. Bu səbəbdən iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(112)-3523/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3523/2021
08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver