Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3553/2022 04.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun ümidsiz borc kimi silinməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının şəxsi hesab vərəqəsində olan 1116238,83 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı MMC barəsində cavabdeh tərəfindən noyabr 2011- sentyabr 2014 dövrlərini əhatə edən səyyar vergi yoxlaması həyata keçirilmiş və nəticəsi barədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2015-ci il tarixli **********936154 nömrəli qərarı ilə 1491860,62 manat məbləğində vergilər, 566171,87 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Şəxsi hesab vərəqəsindən göründüyü kimi, xx.xx.2019-cu il tarixdə maliyyə sanksiyası üzrə 566171,87 manat məbləğ Vergi Məcəlləsinin 85.4-cü və 93.1.1-ci maddələrinə uyğun olaraq ümidsiz borc kimi silinmişdir. Lakin cavabdeh tərəfindən vergi məbləği ilə maliyyə sanksiyası arasında ayrıseçkiliyə yol verilmiş və vergilər üzrə hesablanmış məbləğ ümidsiz borc kimi silinməmişdir. Bu qanunsuzluğu həyata keçirmək üçün isə xx.xx.2019-cu il tarixdə hesablanmış vergilərin 1116238,83 manat hissəsinə azalma verilərək yeni vərəqə açılmış və “AR-nın CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi” adlı hissəyə hesablama şəklində işlənmişdir. Qeyd olunan qanunsuz əməliyyatın baş verməsinə səbəb isə ondan ibarətdir ki, əgər həmin məbləğ xx.xx.2019-cu il tarixədək vergilər üzrə vərəqə hissəsində qalsaydı, vergi orqanı həmin məbləği ümidsiz borc kimi silməyə məcbur olacaqdı. Lakin həmin tarix başa çatmadan belə bir əməliyyat aparmaqla məbləğin silinməsinin qarşısı alınmış və vergi ödəyicisinin bu günədək ümidsiz vergi borcunun qalmasına şərait yaradılmışdır. Şəxsi hesab vərəqəsindən göründüyü kimi, cavabdeh tərəfindən məhz bu səbəbdən xx.xx.2019-cu il tarixdə hesablanmış 566171,87 manat məbləğində maliyyə sanksiyası ümidsiz borc kimi silinmişdir. Vergilər üzrə hesablanmış məbləğdən isə 1116238,83 manat hissəsi tələbetmə müddəti başa çatmasına baxmayaraq hazıradək silinməmişdir. Həmin məbləğin tələbetmə müddətinin keçməsi şəxsi hesab vərəqəsində olan vərəqənin adından da müəyyən edilir. Qanunvericilikdə cinayət-mühakimə icraatının aparılmasına görə vergi borcunun ümidsiz borc kimi silinməsinə dair məhdudiyyət nəzərdə tutulmamışdır. Çünki cinayət-mühakimə icraatı məhz hesablanmış vergi borcuna görə fakt üzrə aparılır. Həmçinin artıq başlanmış cinayət işi üzrə də AR Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsi ilə müəyyən olunan cinayət məsuliyyətinə cəlbetmə müddəti də başa çatmışdır. Bu isə o deməkdir ki, cavabdehin cinayət işinə istinad edərək tələbetmə müddəti bitmiş məbləği silməkdən imtina edə bilməzdi. Lakin xx.xx.2021-ci il tarixdə cavabdehə ünvanladığımız müraciətə məhz yuxarıda qeyd edilən cinayət işinə görə imtina verilmiş, guya müaciətlərinə həmin iş üzrə qərar qəbul edildikdən sonra baxıla biləcəyi qeyd olunmuşdur. Halbuki tələbetmə müddəti başa çatmış vergi borcunun silinməsinin cinayət işindən aslı olması qanunvericiliklə nəzərdə tutulmamışdır. Eyni zamanda, həmin iş üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti başa çatdığı üçün mövcud vergi borcu əhəmiyyətini itirmişdir. Yəni vergi orqanının qanunla müəyyən olunmuş qaydada həmin borca dair hər hansı tədbir görmək imkanı artıq mövcud deyildir. Odur ki, həmin məbləğin ümidsiz borc kimi silinməsi mütləq qaydada həyata keçirilməlidir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 1191987,26 manat, faizlər üzrə 27136,18 manat, ümumilikdə 1219123,44 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, əlavə olunan iddiaçının 1 nömrəli şəxsi hesab vərəqəsinin müvafiq işarələnmiş göstəricilərindən göründüyü kimi, Cəmiyyətin xx.xx.2022ci il tarixə vaxtı ötmüş ümidsiz borc məbləği 1421119,03 manat təşkil edir. Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xx.xx.2017 - xx.xx.2022-ci il tarixləri aralığında aparılmış 229131,77 manat ödənişlər (2 nömrəli şəxsi hesab vərəqəsində işarələnmiş formada əlavə olunur) çıxılmaqla Cəmiyyətin vaxtı ötmüş ümidsiz borc məbləği vergilər üzrə 1191987,26 manat təşkil edir. Bundan əlavə, 1 nömrəli şəxsi hesab vərəqəsinin faiz üzrə qalıq xanasının xx.xx.2017-ci il tarixə olan göstəricisinə əsasən Cəmiyyətin faizlər üzrə 27136,18 manat vaxtı ötmüş ümidsiz borc məbləği mövcuddur. Bununla da, silinməli olan ümidsiz borc məbləği ümumilikdə 1219123,44 manat təşkil edir. Məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixdə iddiaya yazılı etirazı məhkəməyə təqdim edərək göstərmişdir ki, vergi orqanı tərəfindən İddiaçı MMC-də aparılmış səyyar vergi yoxlamasının (noyabr 2011-oktyabr 2014) nəticələri üzrə tərtib edilmiş xx.xx.2015-ci il tarixli **********847953 nömrəli səyyar vergi yoxlaması aktı əsasında xx.xx.2015-ci il tarixli **********936154 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar” qəbul edilmişdir. Qeyd edilən yoxlama nəticəsində müəssisənin 1427527.37 manat məbləğində vergiləri yayındırması aşkar edilmiş və 18 sentyabr 2015-ci il tarixdə İddiaçı MMC-də qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq külli miqdarda - 793745,82 manat gəlir əldə edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 192.2.2-ci maddəsi və külli miqdar təşkil edən 1427527,37 manat məbləğində vergilərin (MV 2011, MV 2012, MV 2013, ƏDV 2011, ƏDV 2012, ƏDV 2013, ƏDV 2014, SV 2011, SV 2013, MTFSV 2011, MTFSV 2012, MTFSV 2013, MTFSV 2014, ÖMV 2011, ÖMV 2012 ,ÖMV 2013, ÖMV 2014) dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. Eyni zamanda vergi ödəyicisində 173808,92 manat məbləğində, yəni külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. ********* nömrəli cinayət işi istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Sonuncu cinayət işinin icraatı xx.xx.2020-ci il tarixdə CPM-nin 53.1.1-ci maddəsi ilə dayandırılmışdır. Həmçinin “Vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” qaydalarının 13.8-ci bəndinə əsasən Vergidən yayınma faktı üzrə cinayət işinin başlanılmasına dair qərar qəbul edilmişdirsə, iş üzrə yekun qərar qəbul edilənədək tələbetmə hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsi həyata keçirilməməlidir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Vergi Məcəlləsinin 85.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir. Vergi Məcəlləsinin 85.5-2-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. İddiaçı “R+R company” MMC cavabdeh ləğv edilmiş Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 avqust 2015-ci il tarixli **********936154 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia vergi borcunun ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Belə ki, işdən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə 1116238,83 manat məbləğində borcun şəxsi hesab vərəqəsindən silinməsini xahiş etmiş, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərək vergi orqanı tərəfindən iddiaçıda külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2018-ci il tarixdə CM-in 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlandığını, həmin cinayət işinin xx.xx.2020-ci il tarixdə CMP-in 53.1.1-ci maddəsi ilə dayandırıldığını, bununla əlaqədar vergi borcunun silinməsi barədə müraciətə qeyd olunan cinayət işi üzrə yekun qərar qəbul edildikdən sonra baxılmasının mümkün olduğunu bildirmiş, bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə icraatı gedişində iddia tələbinin həcmini artırmış, artırılmış iddia tələbinə münasibətdə isə xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək, iddiaçının şəxsi hesab vərəqəsi göstəricilərinə əsasən müəssisənin 119928,98 manat vergilər üzrə, 27139,18 manat isə faizlər üzrə ümidsiz borc məbləği mövcud olduğunu bildirərək 119928,98 manat vergilərin, 27139,18 manat faizlərin ümidsiz borc kimi silinməsinin təmin edilməsini xahiş etmiş, cavabdeh iddiaçının bu müraciətini təmin etməkdən imtina edərək vergidən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən cinayət işinin başlanılmasına dair qərar qəbul edildiyi halda, iş üzrə yekun qərar qəbul edilənədək tələbetmə hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsinin həyata keçirilmədiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı artırılmış tələblə məhkəmə icraatı gedişində cavabdehə müraciət etsə də, cavabdeh artıq iddiaçının həmin tələbinə öz münasibətini bildirdiyindən məhkəmə prosessual qənaət prinsipinin tələbini nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə də mümkünlük şərtlərinə cavab verir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli **********847953 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin xx.xx.2014 tarixli **********837179 saylı qərarına əsasən İddiaçı üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) növbəti səyyar vergi yoxlaması aparılmışdır: 1.Mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi - 4-cü Rüb 2011 - 3-cü Rüb 2014; 2. Aksiz vergisi noyabr 2011 – oktyabr 2014; 3. Ödəmə mənbəyində tutulan vergi 4-cü Rüb 2011 -3-cü Rüb 2014; 4. Torpaq vergisi 2012-ci il -2014-cü il; 5. Yol vergisi 2011-ci il - 2013-cü il; 6. Əlavə dəyər vergisi noyabr 2011 - Sentyabr 2014; 7. Sadələşdirilmiş vergi 4-cü Rüb 2011 -3-cü Rüb 2014; 8. Mədən vergisi Noyabr 2011 - Oktyabr 2014; 9. Əmlak vergisi 2011-ci il-2013-cü il;
10. Mənfəət vergisi 2011-ci il-2013-cü il; 11. Muzdlu işlə ələqədar ödəmə mənbəyində tutulan vergi 2011-ci il - 2013-cü il. Akta əsasən yoxlama zamanı müəssisə tərəfindən mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin 155974.08 manat, ödəmə mənbəyində tutulan verginin 152602.47 manat, əlavə dəyər vergisinin 1168775.68 manat, mənfəət vergisinin 14508.39 manat azaldılması və əlavə dəyər vergisinin 1553.49 manat, sadələşdirilmiş verginin 8360.0 manat, mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin 54419.76 manat artıq hesablanılması müəyyən olunmuşdur. Departamentin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********936154 saylı, xx.xx.2015-ci il tarixli qərarından görünür ki, həmin qərarla vergi ödəyicisinə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 23 iyul 2015-ci il tarixli **********847953 saylı akta əsasən müəssisə tərəfindən mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi 155974.08 manat, ödəmə mənbəyindən tutulan vergi 152602.47 manat, əlavə dəyər vergisi 1168775.68 manat, mənfəət vergisi 14508.39 manat azaldılmış və əlavə dəyər vergisi 1553.49 manat, sadələşdirilmiş vergi 8360.0 manat, mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi 54419.76 manat artıq hesablanılmış və Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən ƏDV üzrə qeydiyyatın Vergi Məcəlləsinə əsasən məcburi olduğu halda bu cür qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İşdə olan “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********082500 nömrəli tələbnamədən görünür ki, xx.xx.2015-ci il tarixli qərara əsasən iddiaçının əlavə hesablanmış vergilər 1427527.37 manat, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası 566171.87 manat olmaqla büdcəyə ödənilməli olan cəmi məbləğ 1993699.24 manat olmaqla 5 gün müddətində yerli xəzinə orqanlarının hesabına ödənilməsi tələb olunmuşdur. İddiaçı hazırda həmin səyyar vergi yoxlamasına əsasən ona hesablanmış xx.xx.2019-cu il tarixə olan 1116238.83 manat vergi borcunun, habelə xx.xx.2017-ci il tarixə olan və hazırda şəxsi hesab vərəqsində əks olunan əlavə 119928,98 manat vergi borcunun və 27139,18 manat fazi borcunun, cəmi 1219123,44 manat vergi borcunun ümidsiz borc kimi silinməsini xahiş edir. Məhkəmə bu tələblərlə bağlı aşağıdakıları qeyd edir. a) xx.xx.2019-cu il tarixə olan səyyar vergi yoxlamasına əsasən hesablanmış və cinayət işi başlanmış 1116238.83 manat vergi borcunun ümidsiz borc kimi silinməsi tələbinə münasibətdə: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.5-1-ci maddəsinə görə həmin Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqlarına, habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir. Vergi Məcəlləsinin 85.5-2-ci maddəsinə görə vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. İş materialları ilə müəyyən olunur ki: - iddiaçı xx.xx.2015-ci il tarixdə cavabdeh Vergilər Nazirliyi yanında Bakı Vergilər Departametinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakıİnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin xx.xx.2015-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi” **********936154 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-266/2016 saylı iş üzrə 27 sentyabr 2016-cı il tarixli qərarı ilə iddia qismən təmin olunmuş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2015-ci il tarixli, **********9536154 saylı qərarı mənfəət vergisi üzrə 13199,49 manat və ona hesablanmış maliyyə sanksiyası hissəsində, əlavə dəyər vergisi üzrə 687106,32 manat və ona hesablanmış maliyyə sanksiyası hissəsində və mənzil tikintisi üzrə 54419,76 manat və hesablanmış maliyyə sanksiyası hissəsində və ödəmə mənbəyi və ona hesablanmış maliyyə sanksiyası hissəsində ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir - Qərardan narazı qalan cavabdeh şikayət verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 aprel 2018-ci il tarixli qərarı ilə cavabdeh Departamentin apellyasiya şikayətinin təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsi; həmin hissədə iş üzrə yeni qərar qəbul edilməsi; iddia tələbinin həmin hissədə də təmin edilməməsi; qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş, şikayətdə qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması xahiş edilmişdir. - Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102)- 1978/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. - Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-13/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 fevral 2020-ci il tarixli 2-1(103)-22/2020 saylı qərarı mübahisələndirilən hissədə ləğv edilmiş, eyni hissədə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. - Təkrar apellyasiya baxışı zaman iş apellyasiya instansiya məhkəməsinin icraatında olarkən iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etmiş və iş üzrə icraata xitam verilməsni xahiş etmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(103)-124/2022 saylı qərardadı ilə İddiaçı MMC-nin iddiadan imtinası qəbul edilmiş və İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Beləliklə, işin istinad olunan hallarına əsasən müəyyən olunur ki, iddiaçı hazırda ümidsiz borc kimi silinməsini xahiş etdiyi 1219123,44 manat məbləğin 1116238.83 manat hissəsi (şəxsi hesab vərəqəsinə əsasən səyyar vergi yoxlaması ilə hesablanmış 1427527.37 manat borcun xx.xx.2019-cu il tarixə olan məbləği) “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2015-ci il tarixli, **********9536154 saylı qərarı əsasında hesablanmış, iddiaçı həmin qərarı mübahisələndirmiş, bununla bağlı məhkəmə mübahisəsi təxminən 7 il davam etmişdir. Göründüyü kimi, cavabdehin xx.xx.2015-ci il tarixli qərarla 2011-2014-cü illər üzrə iddiaçıya hesabladığı vergi borcu 2015-ci ildən etibarən məhkəmə araşdırmalarının predmeti olmuş və bu dövrdə cavabdeh obyektiv səbəblərdən həmin borcun tutulmasını tələb edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli qərardan məhkəməyə şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət Vergi Məcəlləsinin 85.4-cü maddəsində müəyyən olunmuş müddətə daxil edilməməli, Vergi Məcəlləsinin 85.4-cü maddəsi hazırkı halda tətbiq olunmamalıdır. Məhkəmə bu qənaətə gələrkən həmçinin “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarında ifadə olunan hüquqi mövqeyini əsas götürür. Belə ki, həmin qərarda Konstitusiya Məhkəməsi göstərmişdir ki, “1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 24 iyul 2014-cü il tarixli qərarı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – "xxxx" ASC) Azərbaycan Respublikası Vegilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinə (bundan sonra – Xüsusi Rejimli Vergi Xidməti Departamenti) qarşı 2008-ci il üçün mənfəət vergisi üzrə hesablanmış 39.671.81 manat əsas borcun, 19.835.890 manat məbləğində maliyyə sanksiyasının və həmin borca görə hesablanmış faizlərin ümidsiz borc hesab edilərək iddiaçının şəxsi hesabından silinməsinin cavabdehə həvalə edilməsinə dair iddiası təmin edilmiş, iddiaçıya hesablanmış əsas borc, maliyyə sanksiyası və faizlər ümidsiz borc hesab edilərək onun şəxsi vərəqəsindən silinməsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 fevral 2015-ci il tarixli qərarı ilə Xüsusi Rejimli Vergi Xidməti Departamentinin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) 15 sentyabr 2015-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, Xüsusi Rejimli Vergi Xidməti Departamenti tərəfindən 2008-ci il üçün mənfəət vergisi üzrə hesablanmış əsas borcun, maliyyə sanksiyasının və həmin borca görə hesablanmış faizlərin ümidsiz borc hesab edilərək silinməsinin cavabdehə həvalə edilməsinə dair "xxxx" ASC-nin iddiası təmin olunmamışdır. ... Beləliklə, göstərilənlərdən müəyyən olunur ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2013-cü il tarixli qərarı ilə vergi orqanının "xxxx" ASC-nin məsuliyyətə cəlb edilməsi haqqında qərarı qismən əsaslı hesab edilərək, 2008-ci il üçün mənfəət vergisi üzrə hesablanmış vergi məbləği qüvvədə saxlanılmışdır. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinin tələblərinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhz bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 2008-ci il üçün mənfəət vergisi üzrə hesablanmış əsas borcun, maliyyə sanksiyasının və faizlərin ümidsiz hesab edilməsinə dair işə baxarkən düzgün nəticəyə gəlmişdir ki, mübahisə olunan dövrlə bağlı 2013-cü ildə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmuş və onun nəticələri şübhə altına alına bilməz. ... Göründüyü kimi, 2012-ci ildən 2015-ci ilin sentyabr ayına qədər 2008-ci il üçün hesablanmış vergi məbləği üzrə ərizəçinin ayrı-ayrı tələbləri məhkəmə araşdırmalarının predmeti olmuş və bu dövrdə cavabdeh obyektiv səbəblərdən həmin borcun tutulmasını tələb edə bilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Vergi Məcəlləsinin 85.4cü maddəsində nəzərdə tutulmuş 5 illik müddətin keçməsinə dair ərizəçinin dəlilləri əsaslı sayıla bilməz.” X2 Məhkəməsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Vegilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinə qarşı 2008-ci il üçün mənfəət vergisi üzrə hesablanmış əsas borcun, maliyyə sanksiyasının və faizlərin ümidsiz hesab edilməsinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2015-ci il tarixli qərarını Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 420-ci maddələrinə uyğun hesab etmişdir. Məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini qoyduğu adıçəkilən işin faktiki halları ilə hazırkı işin faktiki halları eynilik təşkil etdiyindən həmin iş üzrə Konstitusiya Məhkəməsinin gəldiyi nəticə hazırkı iş üzrə də keçərlidir. O da qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçıya hesablanmış vergi borcu ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmaması iddiaçının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan vergi orqanının xx.xx.2015-ci il tarixli qərarın mübahisələndirilməsi ilə bağlı 2-1(103)-124/2022 saylı iş üzrə iddiadan imtina etməsi ilə bağlı olmuşdur. Lakin bu hal iddiaçının hazırda ümidsiz borc hesab edilməsi üçün iddia qaldırdığı vergi borcunu 7 il ərzində mübahisələndirməsi, cavabdehin isə həmin müddət ərzində vegi borcunu tələb edə bilməməsi halını dəyişdirmir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi 1116238.83 manat vergi borcunun ümidsiz borc kimi silinməsi hissəsində əsaslı olmamışdır, bu səbəbdən həmin hissədə iddia təmin edilməməlidir. b) xx.xx.2017-ci il tarixə iddiaçının şəxsi hesab vərəqəsində əks olunan 27136,18 manat faiz borcunun və 75748,43 manat əsas vergi borcunun ümidsiz borc kimi silinməsinə münasibətdə İddia tələbinin 102884.61 manat borcun ümidsiz borc kimi silinməsi hissəsinə gəldikdə, məhkəmə qeyd edir ki, işdən görünür ki, cavabdeh iddiaçıya 2016-cı ilin birinci rübü üzrə 161926,09 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi hesablamış, həmin vergi borcu Vergi Məcəlləsinin 221.5-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 10 faizi olmaqla bərabər hissələrə bölünmüş və iddiaçının şəxsi hesab vərəqəsinə daxil edilmişdir. Şəxsi hesab vərəqəsindən həmçinin o da məlum olur ki, iddiaçının xx.xx.2017-ci il tarixə 1421119.03 manat vergi borcu olmuş, iddiaçı xx.xx.2017-xx.xx.2022-ci il tarixlərində 229131,77 manat ödəniş etmiş, nəticədə iddiaçının xx.xx.2017-ci il tarixə olan 1421119.03 manat vergi borcundan 1191987,26 manat ödənilməmiş vergi borcu qalmışdır. Həmin vergi borcunun 1116238,83 manat hissəsini vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlamasına əsasən hesablanmış vergi borcu təşkil etdiyindən aydın olur ki, cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdə iddiaçıya hesablanmış 2016-cı ilin birinci rübü üzrə 161926,09 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi borcunun 75748,43 manat hissəsi hazırkı tarixə ödənilməmiş qalmışdır. Həmçinin iddiaçının şəxsi hesab vərəqəsinə əsasən onun xx.xx.2017-ci il tarixə 27136,18 manat faiz borcu olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 59.2-ci maddəsinə görə həmin Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. İşdə olan şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh iddiaçıya xx.xx.2015-ci il tarixli qərarla 1386.034,63 manat əlavə vergi hesablamış, həmin vergi borcuna əsasən iddiaçının xx.xx.2015-ci il tarixə 13860,35 manat faiz borcu yaranmışdır. Həmin vergi və faiz borcu üzrə ödəniş edilmədiyindən iddiaçının xx.xx.2017-ci il tarixə faiz borcu 508047,7 manat təşkil etmişdir. xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Həmin Qanunun 3-cü maddəsinə görə Vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Cavabdeh həmin Qanunu iddiaçıya tətbiq edərək xx.xx.2017-ci il tarixdə iddiaçının 490058,15 manat faiz borcunu silmiş, nəticədə iddiaçının həmin tarixə xx.xx.2016-cı il tarixdə iddiaçıya hesablanmış 2016-cı ilin birinci rübü üzrə 161926,09 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi borcunun ödənilməməsi ilə bağlı 17989,55 manat faiz borcu qalmış, iddiaçı tərəfindən faiz borcu üzrə ödəniş edilmədiyindən həmin məbləğ xx.xx.2017-ci il tarixə 27136,18 manat təşkil etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2016-ci il tarixdə 2016-cı ilin birinci rübü üzrə 161926,09 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi hesablanmış, həmin borcun 75748,43 manat hissəsi, habelə ona hesablanmış 27136,18 manat faiz borcu hazırkı tarixədək ödənilməmişdir. Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. Həmin Məcəllənin 93.2-ci maddəsinə görə digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi öhdəliyinin yerinə yetirilməsi müddəti həmin borcun hesablandığı tarixdən 5 il təşkil etdiyindən və 102884,61 manat borca münasibətdə (borc xx.xx.2016-cı il tarixdə hesablanmışdır) həmin müddət artıq bitdiyindən, cavabdeh isə bu müddət ərzində vergi borcunu iddiaçıdan tutmadığından iddiaçının 102884,61 manat vergi və faiz borcunun ümidsiz borc kimi silinməsi barədə tələbi əsaslı olmuşdur. Buna görə də iddia tələbi həmin hissədə təmin olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia qismən təmin edilsin. İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində xx.xx.2017-ci il tarixə mövcud olan 75748,43 manat əsas vergi borcu və 27136,18 manat faiz borcu olmaqla, ümumilikdə 102884,61 manat məbləğində borcun ümidsiz borc kimi silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Səlma Salahova