Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3563/2022 13.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim: Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili): Nümayəndə Cavabdehin nümayəndəsi: X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı «22.07.2021-ci il tarixli **********557800 nömrəli vergilərin, sosial sığorta və işsizlik sıgortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 22.07.2021-ci il tarixli **********557800 nömrəli vergilərin, sosial sığorta və işsizlik sıgortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı mis qırıntı satdığına görə məcburi şəkildə uçota alınmış və adına ********** nömrəli vergi uçotu haqqında şəhadətnamə açılmışdır. Bununla cavabdeh vergi orqan onun barəsində 22.07.2021-ci il tarixli **********557800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar tərtib etmiş və ona 9583.05 manat dəyərində əlavə vergi məbləği hesablamışdır. İddiaçı hesab edir ki, onun məcburi şəkildə uçota alınması və metal qıtıntısı satdığına görə gəlir vergisinin hesablanması tamamilə əsassız və qanunsuzdur. Belə ki, məcburi şəkildə vergi uçotuna alınmasına səbəb olan və cavabdeh vergi orqanı tərəfindən sahibkarlıq fəaliyyəti kimi adlandırılan fəaliyyətim sadəcə olaraq mis tullantıları və metal qırıntıları satması olmuşdur. Hansı ki vergi qanunvericiliyinə əsasən metal qırıntılarını satmaq vergi orqanında uçotda alımayan şəxs tərəfindən də həyata keçirilə bilər. Başqa sözlə metal qırıntısı satdığı və hər hansı vergidən yayındırdığı, gizli əməliyyat nəticəsində deyil, məhz qanuni şəkildə tərtib edilmiş elektron alış aktı əsasında aşkar edilmişdir. Bu isə həm də o deməkdir ki, həmin elektron alış aktı əsasında mal alan şəxsin məndən ödəmə mənbəyində 2 % vergi tutulmuşdur. İddiaçı və metal qırıntısını ondan alan vergi ödəyicisi arasında baş vermiş əməliyyatı Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən elektron alış aktı ilə rəsmiləşdirmiş və həmin vergi ödəyicisi Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən ona ödənilən məbləğdən 2 faiz dərəcə ilə vergini tutmuşdur. Bütün bunlara əsasən hesab edirəm ki, mən və məndən metal qırıntısı alan şəxs Vergi Məcəlləsinin hər hansı müddəasını pozmamışıqMənim metal qırıntısı satmaqla sahibkarlıq fəaliyyəti göstərməyimə və bu səbəbdən vergi uçotuna alınmağıma münasibətdə isə qeyd etmək istəyirəm ki, Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Həmin maddədən aydın olduğu kimi, vergi orqanında uçotda olmayan hər hansı fiziki şəxs topladığı metal qırıntılarını hansısa vergi ödəyicisinə satırsa, bu zaman malı alan tərəf bununla bağlı elektron alış aktı tərtib edir və malları qəbul edir. Qeyd olunan normadan aydın olduğu kimi, yalnız qiymətli daş və metalların satışı gəlir vergisi məqsədləri üçün vergitutma obyekti hesab edilir. Satdığı metal qırıntısı qiymətli metal olmadığından, həmin malların satışından əldə etdiyi gəlir, gəlir vergisi məqsədləri üçün vergitutma obyekti ola bilməz. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə 13.01.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı 02.12.2021-ci il tarixli **********947000 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 03.03.2022-ci il tarixli, 2-1(112)-3563/2022 nömrəli qərardadı ilə iddaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 13.04. 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura təqdim edilməli olduğu halda vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti göstərməklə 2020-ci il ərzində elektron alış aktları əsasında 191660,96 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə baxmayaraq 2020-ci il gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" 25.06.2021-ci il tarixli **********948400 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2020-ci il üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2020-ci ilin gəlir vergisi üzrə 9583,05 manat (191660,96x5%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə 22.07.2021-ci il tarixli **********557800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı göndərilmişdir. İddiaçı öz ərizəsində əsassız olaraq “Nağdsız hesablaşmalar haqqında" AR Qanunun 3.5.2-ci maddəsinə “Əlvan və qara metal qırıntıları vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər” istinad edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu pərdələməyə çalışmış və bu yolla külli miqdarda verginin dövlət büdcəsindən yayındırılmasına səbəb olmuşdur. Məlum olduğu kimi,1 yanvar 2020ci il tarixdən qüvvəyə minmiş olan Vergi Məcəlləsinin 16.1.11-10-ci maddəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Məlumat üçün bildiririk ki, fiziki şəxs alış aktı əsasında 2020-ci il ərzində elektron alış aktları əsasında 191660,96 manat dəyərində mal (metal qırıntısı) təqdim etməsinə baxmayaraq, vergi uçotuna durmamış və bəyannamə təqdim etməmişdir. Həmçinin Vergi Məcəlləsinin 71-2-ci maddəsinə əsasən Məcəllənin 130.1-1-cimaddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediliriddiaçı iddia ərizəsində əsassız olaraq bildirir ki, metalları satın alan tərəf ÖMV bəyannaməsində aldığı malların vergisini hesablayıb ödəməli olduğu üçün onun heç bir vergi öhdəliyi yoxdur. Lakin iddiaçı tərəfindən təqdim edilmiş malların məbləğinin yüksək olduğunu nəzərə alsaq bəlli olur ki, iddiaçı tərəfindən təkbaşına həmin miqdarda metal qırıntısı yığa bilməz. Belə ki, həmin işin görülməsi üçün iddiaçının işçisi və yaxud hər hansı bir texniki avadanlığı, maşını olmalıdır. Həmçinin metalların yığılmasına da müəyyən xərclər çəkilmişdir ki, bu da öz növbəsində iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunun sübutudur . Məlumat üçün bildirilmişdir ki, elektron alış aktı ilə mal alan şəxslərin xərclərinin araşdırılması zamanı bir sıra hallarda vergi ödəyiciləri tərəfindən saxta formada əməliyyatlar yaradılaraq müxtəlif vergi üstünlüyü əldə edilməsi halları müşahidə edilmişdir. Belə ki, vergi orqanında uçotda olmayan bir fiziki şəxsin adına müxtəlif çeşidli kənd təsərrüfatı mallarının alış aktları tərtib edilməklə sənədləşdirilməsi, bir sıra şəxslərin vergi ödəyicisi olan hüquqi şəxsin rəhbəri, təsisçisi və ya həmin hüquqi və ya fiziki şəxsin muzdlu işçisi olduğu, habelə malların vergi ödəyicilərindən alış aktları ilə alındığı və ya öz-özünə elektron alış aktı ilə mal təqdim edən fiziki şəxs olduğu, bundan başqa adına alış aktı tərtib edilmiş şəxsin malların təqdim edilməsi ilə əlaqəsi olmayan kənar şəxslərin olduğu müəyyən edilmişdir. Bununla yanaşı, təhlil zamanı bir sıra vergi orqanında uçotda olmayan şəxslər tərəfindən müxtəlif sayda elektron alış aktı ilə mütəmadi olaraq müxtəlif adda mallar təqdim etdikləri müəyyən edilmişdir ki, həmin şəxslərin təqdim etdikləri malların sahibkarlıq məqsədləri üçün təqdim edilib-edilməməsi hallarının araşdırılmış və sahibkarlıq məqsədləri üçün təqdim edilməsi halları aşkar edilərək qanunamüvafiq tədbirlərin görülməsi təmin edilmişdir. Qeyd olunnlara əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq iddiaçının iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22.07.2021-ci il tarixli **********557800 nömrəli Qərar qəbul olunmuşdur, - cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin 13.12.2021-ci il tarixli **********252600 nömrəli etiraz məktubu.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisəlndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının hüquqi ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mümkün iddiadır, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Məhkəmə cavabdeh orqanın göstərdiyi arqument ilə razılaşmayaraq hesab edir ki, vergi orqanı əsassız olaraq mübahisələndirilən inzibati aktla iddiaçıya müvafiq vergi hesablamışdır. Belə ki, "Nağdsız hesablaşmalar haqqında" AR Qanunun 3.5.2-ci maddəsinə əsasən əlvan və qara metal qırıntıları vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər. Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir vergisindən azaddır. Məcəllənin 150.1.14-cü maddəsinin tələblərinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinə görə (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Sadalanan normalardan aşağıdakı nəticələr əldə olunur:
1. Metal qırıntısı satan səxslər həmin malları vergi orqanında uçota durmadan, yəni VÖEN almadan sata bilər “Nağdsız hesablaşmalar haqqında” AR Qanunun 3.5.2-ci maddə)
2. Metal qırıntısı satan şəxslərdən qanunvericiliyin tələbinə alıcı tərəfindən əsasən yalnız ödəmə mənbəyində vergi tutulur (VM 150.1.14-cü maddə).
3. Satılan metal qırıntılarının həcmi və dəyəri ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.
4. Metal qırıntısı satan və vergi orqanında uçotda olmayan fiziki şəxs malın alıcısına elektron qaimə faktura və ya hər hansı digər sənəd təqdim etməyə borclu deyil və təqdim edə də bilməz. Həmin əməliyyat malın alıcısı tərəfindən tərtib edilən elektron alış aktı ilə rəsmiləşdirilir.
5. Vergi orqanında uçotda olmayan şəxs tərəfindən satılan metal qırıntısına görə həmin şəxsdən malın dəyərinin 2 faizi həcmində vergi, malın alıcısı tərəfindən ödəmə mənbəyində tutulub dövlət büdcəsinə ödənilir (VM 101.6-cı maddə).
6. Vergi orqanının yanaşmasına əsasən metal qırıntısı satan şəxslər ikiqat vergi tutmaya məruz qalırlar, belə ki, bir dəfə alıcı tərəfindən 2% məbləğində ödəmə mənbəyində vergi tutulub, həmin məbləğə isə vergi orqanı tərəfindən yenidən 5 % məbləğində gəlir vergisi hesablayırlar ki, bu da Konstitusiyanın 73.2-ci və Vergi Məcəlləsinin 3.5-ci və 5-ci maddələrinin tələbinə ziddir. Qanunvericiliyin tələbindən göründüyü kimi, metal qırıntısı satan şəxslərin sahibkarlıq subyekti kimi uçota alınması ilə bağlı qanunvericilikdə hər hansı norma nəzərdə tutulmamışdır. Əksinə, həmin şəxslərin vergi orqanında uçotda olmadan elektron alış aktı əsasında nağd qaydada satış həyat keçirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. - 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitulma obyektləridir. - 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. - 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. - 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardır. - 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. - 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, mövcud qanunvericilikdə metal qırıntısı satan şəxslərin sahibkarlıq subyekti kimi uçota alınması ilə bağlı qanunvericilikdə hər hansı norma nəzərdə tutulmadığından, iddiaçı 10.09.2021-ci il tarixli **********364600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla vergi məsuliyyətinə cəlb edilə bilməz “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. - 70.1-ci maddəsinə əsasən İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinənin 22.07.2021-ci il tarixli **********557800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinənin 22.07.2021-ci il tarixli **********557800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sıgortası haqlarının hesablanması barədə” qərar ləğv edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev