Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3566/2025 22.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iddiası üzrə inzibati işə 22 yanvar 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək Nardaran qəsəbəsi, “Ləhiş” bağ massivi 1200 kv.metr torpaq sahəsi olan 4807 nömrəli bağ sahəsi hüquqların dövlət reyestində qeydə alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “...təqdim edilən Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 02/861 nömrəli qərarından çıxarış xx.xx.2005-ci il tarixlidir (2001-ci il yanvarın 1-dən sonrakı tarixə aiddir). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsasdır”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2005-ci il tarixli, 02/861 nömrəli qərarı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsi, ləhiş bağ massivi, sahə 4807 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının, eyni zamanda Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli 14-655 saylı qərarına əsasən kənd təsərrüfatı məhsullarının əkilməsinin genişləndirməsi, ərzaq bolluğu yaratmaq məqsədi ilə istifadə olunmaq üçün Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2004-cü il tarixli, 16 saylı qərarı ilə 30 il müddətinə Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 11, yer 13 ünvanında yerləşən 5000 kv.m əlavə yardımçı torpaq sahəsinin üzərində yaranmış istifadə hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrdən çıxarışın və plan sxemin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqan əsassız olaraq formal mülahizələrə istinad edərək iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də iddiaçının pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Əlavə olaraq qeyd edilmişdir ki, torpaq sahəsinə baxış keçirmək üçün İdarənin mütəxəssislərinə şərati yaradılmamışdır. Belə ki, iddiaçı torpaq sahəsinin yerini tanımır. Tərəflərin iştirakı və izahatları: Cavabdehin nümayəndəsi iddiaya qarşı etirazı müdafiə edərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəəm İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2004-cü il tarixli, 16 saylı qərarı ilə 30 il müddətinə Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 11, yer 13 ünvanında yerləşən 5000 kv.m əlavə yardımçı torpaq sahəsinin üzərində yaranmış istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdehə müraciətinin olmaması, həmin hissədə iddianın mümkün sayılmaması üçün əsas deyildir. Belə ki, öhdəliyin icrası haqqında iddialarda iddia verməzdən əvvəl iddiaçının ilk növbədə inzibati orqana müraciət etməyinin əhəmiyyəti ondan ibarətdir ki, iddiaçının tələbinin inzibati orqan tərəfindən təmin olunma ehtimalı vardır. Əks halda inzibati mübahisə də mövcud olmayacaqdır. Hazırkı halda isə, cavabdehin imtinasının məzmunu və mahiyyəti iddiaçının hər iki torpaq sahəsinə aid etmək mümkündür. Çünki cavabdehin imtinasının əsası odur ki, iddiaçının təqdim etdiyi sənəd olan Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin qərarı xx.xx.2005-ci il tarixlidir (2001-ci il yanvarın 1-dən sonrakı tarixə aiddir). İddiaçının digər torpaq sahəsi ilə bağlı təqdim etdiyi Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin qərarı xx.xx.2004-cü il tarixlidir və cavabdehin imtina ilə bağlı mövqeyi həmin sənədi də ehtiva edir. Odur ki, məhkəmə hər iki torpaq sahəsi ilə bağlı tələb baxmağı mümkün hesab edir və prosessual qənatə baxımından iddiaçıya Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2004-cü il tarixli qərar üzrə torpaq sahəsinə dair cavabdehə müraciət etməyi tövsiyyə etməyə və iddia tələbinin həmin hissədə mümkün saymamağa zərurət görmür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarından görünür ki, iddiaçı torpaq sahələrinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçı eyni tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddia tələbini əsassız, cavabdehin imtinasını isə əsaslı hesab edir. İddiaçı hüquqmüəyyənedici sənəd kimi Sabunçu rayon İcra hakimiyyəti Nardaran Qəsəbəsi üzrə Nümayəndəliyin Aparatının xx.xx.2004-cü il tarixli, 16 sayıl qərarına və xx.xx.2005-ci il tarixli, 02/861 №-li qərarına istinad edir. Nardaran Qəsəbə inzibati Ərazi Dairə üzrə Nümayəndəlikdən məhkəməyə təqdim edilmiş, xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, vətəndaş İddiaçı adına torpaq sahəsinin ayrılması haqqında nümayəndəlikdə heç bir məlumat yoxdur. Bakı şəhər Sabunuçu rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, sorğuda qeyd edilmiş Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyin xx.xx.2005-ci il tarixli, 02/681 saylı və Bakı şəhər XDS İK-nın 13/713 saylı, xx.xx.1989-cu il tarixli qərar və onların verilməsinə əsas olmuş sənədlər barədə RİH-də məlumat yoxdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından məhkəməyə təqdim edilmiş, xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “Nardaran Qəsəbə nümayəndəliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Təqdim edilən sənədlərdən göründüyü kimi, iddiaçının iddia tələbinin faktiki əsası kimi istinad etdiyi sənədlərin mötəbərliliyi şübhə doğurur. Həmin sənədlərin verilməsinə dair səlahiyyətli orqanlarda hər hansı bir məlumat yoxdur. Bundan başqa, qeyd edilən sənədlər mövcud olsa belə, iddia tələbinin faktiki əsası kimi istinad etdiyi sənəd üzrə torpaq sahəsində mülkiyyət hüququnun qeydə alınması barədə tələbin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0. və 8.0.8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təşkil edir. Həmin normalara görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Siyahının 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunur. Göründüyü kimi Fərmanda inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunur. İddiaçının təqdim etdiyi və iddia tələbində istinad etdiyi qərarlar xx.xx.2004 və xx.xx.2005-ci il tarixlidir. Həmin dövrlərdə isə, qəsəbə nümayəndəliyinin torpaq ayırmaq səlahiyyəti olmamışdır. Göründüyü kimi, iddiaçı iddia etdiyi torpaq sahəsinə hüququn qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən hər hansı hüquqmüəyyənedici sənədlərə malik deyil. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə ... Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sahibliyində olduğunu iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən mötəbər sənəd təqdim edilmədiyindən, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-3566/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3566/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver