Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3569/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə ona məxsus əmək kitabçasında göstərilən, Daxili işlər orqanlarında xidmət keçdiyi 15 il 04 ay 09 gün və məhkəmədə işlədiyi 06 il 03 ay 23 gün, cəmi 21 il 08 ay dövrün dövlət qulluğu vəzifəsi kimi nəzərə alınaraq, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının 03 iyul 2024-cü il tarixdən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1977-ci ildən 1979-cu ilin dekabr ayına qədər SSRİ silahlı qüvvələrində (h/h 21535) xidmət etmişdir. Sonradan, yəni 01 sentyabr 1981-ci il tarixdən 12 iyul 1985-ci il tarixə qədər SSRİ Daxili İşlər Nazirliyinin Ryazan Ali Məktəbində təhsil aldıqdan sonra, əvvəllər Rusiyada, 1991-ci il tarixdən 25 may 1992-ci il tarixə qədər Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmişdir. Bundan başqa 09 yanvar 2012-ci il tarixdən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində, 02 may 2016-cı il tarixdən 02 may 2018-ci il tarixə qədər 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində dövlət qulluqçusu kimi işləmişdir. Göstərilənlərdən və əmək kitabçalarından göründüyü kimi Daxili işlər orqanlarında xidmət müddəti 15 il 04 ay 09 gün, məhkəmədə xidmət müddəti isə 06 il 03 ay 23 gün təşkil etmişdir. 03 iyul 2024-cü il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun qulluq stajı 15 ilə qarşı 21 il 08 ay təşkil edir. Dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə bütün lazımi sənədlərin əlavə edilməsinə baxmayaraq, cavabdeh onun xahişini təmin etməyərək, dövlət qulluğu stajının 15 ildən az olduğunu bəhanə gətirməklə, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasını əsassız və qeyri obyektiv hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılmış və dövlət qulluğu stajı qanunvericiliklə tələb edilən 15 ildən az olduğundan ona sabiq dövlət qulluqçusu kimi əmək pensiya təyinatı mümkün hesab edilməmiş və bu barədə iddiaçıya xx.xx.2024-cü il tarixli məktub ünvanlanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az - 06 il 03 ay 23 gün (xx.xx.2012- xx.xx.2018-ci il tarixləri arasındakı dövr) təşkil edir. Bu səbəbdən də iddiaçıya sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. 0477330 nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Daxili işlər orqanlarında xidmət müddəti: təqvimi hesablama ilə - 10 il 08 ay 24 gün, imtiyazlı hesablama ilə - 15 il 04 ay 09 gün təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin sabiq hakim köməkçisi İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək əməkhaqqı 21006,68 manat təşkil etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 16 dekabr 2013-cü il tarixli əmrindən çıxarışdan görünür ki, keçmiş X1 İşlər İdarəsinin Hadrud RDİŞ-nin Dolanlar xətt milis bölməsinin milis sahə inspektoru vəzifəsində xidmət etmiş İddiaçı 25 may 1992-ci il tarixdən ştatların ixtisarı ilə əlaqədar daxili işlər orqanlarından xaric edilmişdir. 25 may 1992-ci il tarixə xidmət müddəti: təqvimi hesablama ilə - 12 il, 08 ay, 24 gün, imtiyazlı hesablama ilə - 15 il, 04 ay, 09 gün. İddiaçının AT-V seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək SSR Daxili İşlər Nazirliyinin Rəzan ali məktəbində təhsil almışdır. xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək “Tyajpresmat” Səhmdar Cəmiyyətində kommersiya agenti, xx.xx.1995-xx.xx.1995-ci illərdə “Tyajpresmat” Səhmdar Cəmiyyəti "xxxx" MMC-də kommersiya agenti, xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “Rəzanaqrovod” Açıq tipli səhdar cəmiyyətində hüquq şöbəsinin müdiri, xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək “S və R” şirkətində hüquq məsləhətçisi, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Azdövyerqurlayihə” institutunda hüquq məsləhətçisi, xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsində hüquq məsləhətçisi, xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Abşeron Ərazi İdarəsinin hüquq şöbəsində hüquq məsləhətçisi, xx.xx.2012-ci il tarixdən xx.xx.2016cı il tarixədək Sumqayıt İnzibati-İqtisadi məhkəməsində hakim köməkçisi, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 02 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində hakim köməkçisi, xx.xx.2018-xx.xx.2019-cu illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Akkreditasiya Mərkəzində hüquq məsləhətçisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1981-ci il tarixdə daxili işlər orqanlarında xidmət qəbul edilmiş, xx.xx.1992-ci il tarixdə isə ştatların ixtisarı ilə əlaqədar xidmətdən xaric olunmuşdur. Daxili işlər orqanlarında xidmət müddəti təqvimi hesablama ilə 12 il, 08 ay, 24 gün, imtiyazlı hesablama ilə isə 15 il, 04 ay, 09 gün təşkil edir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının 03 iyul 2024-cü il tarixdən yenidən hesablanmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə müraciət etmiş və imtina cavabını almışdır. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Dövlət qulluğu haqqında” Qanuna əsasən dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmədir (1.1.1.). Dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir (1.1.2.). Dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir (1.1.3.). Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir (2.1.). Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir (2.3.). İşdən göründüyü kimi iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Daxili işlər orqanlarında xidmət etmiş, xidmət müddəti təqvimi hesablama ilə 10 il 08 ay 24 gün, imtiyazlı hesablama ilə 15 il 04 ay 09 gün təşkil etmişdir. Həmçinin o, xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Sumqayıt İnzibati-İqtisadi məhkəməsində hakim köməkçisi, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 02 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində hakim köməkçisi vəzifəsində çalışmış və dövlət qulluğunda iş stajı 06 il 03 ay 23 gün təşkil etmişdir. O, həm Daxili işlər orqanlarında, həm də dövlət qulluğunda stajının nəzərə alınaraq ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Daxili işlər orqanlarında xidmət etdiyi dövrü nəzərə almayaraq, dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi üçün zəruri olan stajı toplamadığı üçün, ona həmin qaydada pensiya təyin etməkdən imtina etmişdir. “Dövlət qulluğu haqqında” Qanunda həmçinin göstərilmişdir ki, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (23.1.). Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur (23.2.). Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir (22.7-1.). Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir (22.7-2.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”ndə göstərilmişdir ki, dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə aşağıdakı qulluq (xidmət) müddətləri nəzərə alınır: rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti; Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində, SSRİ Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifələrdə həqiqi hərbi xidmət müddəti, habelə dövlət qulluğunun xüsusi növünü tənzimləyən normativ hüquqi aktlarda müvafiq xüsusi növ dövlət orqanında qulluq (xidmət) illərinə daxil edilməsi nəzərdə tutulduğu halda, müddətli həqiqi hərbi xidmət müddəti; dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifə üzrə stajorluq və sınaq müddəti; vəzifəsinin və əməkhaqqının saxlanılması şərtilə qulluqdan (xidmətdən) ayrıldığı müddət, o cümlədən əlavə təhsilə cəlb edildiyi müddət; ödənişli məzuniyyət dövrləri, o cümlədən uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət müddəti; əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət; sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddət; qulluq (xidmət) keçdiyi dövlət orqanının xüsusi təyinatlı təhsil müəssisələrində təhsil aldığı müddət; qulluq (xidmət) keçdiyi dövlət orqanının göndərişinə əsasən xidməti fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının və xarici dövlətlərin təhsil müəssisələrində təhsil aldığı müddət; qanuni əsas olmadan qulluqdan (xidmətdən) xaric olunmuş, sonradan isə qulluğa (xidmətə) bərpa edilmiş şəxsin xaric olunduğu gündən qulluğa (xidmətə) bərpa olunma haqqında əmrin imzalandığı günədək olan müddət; dövlət qulluğunun xüsusi növünü tənzimləyən normativ hüquqi aktlarda müvafiq xüsusi növ dövlət orqanında qulluq (xidmət) illərinə daxil edilməsi nəzərdə tutulduğu halda, hakim vəzifəsində iş müddəti (2.1.). Qeyd edilən hüquq normalarından göründüyü kimi dövlət qulluqçusunun əmək stajına onun rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti nəzərə alınır. Bu səbəbdən məhkəmə iddiaçının daxili işlər orqanları əməkdaşı kimi dövlət qulluğunun xüsusi növündə xidmət illərinin ona pensiya təyini zamanı dövlət qulluğu stajına əlavə edilməsində hər hansı maneə görmür. İddiaya etirazın dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, dövlət qulluqçularına və xüsusi rütbəli şəxslərə əmək pensiyasının hesablanması qaydalarının fərqli olması mübahisənin mahiyyətinə hər hansı təsir göstərə bilməz. Belə ki, iddiaçı dövlət qulluğunun xüsusi növündə olan stajını nəzərə alaraq ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsini xahiş edir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2024cü il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus əmək kitabçasında göstərilən, Daxili işlər orqanlarında xidmət keçdiyi 15 il 04 ay 09 gün və məhkəmədə işlədiyi 06 il 03 ay 23 gün, cəmi 21 il 8 ay dövr dövlət qulluğu vəzifəsi kimi nəzərə alınaraq, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının 03 iyul 2024-cü il tarixdən yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-3569/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3569/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver