Məhkəmə qərarları › İş №e-2-1(112)-3591/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-3591/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-3591/2023 18.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı qarşı “siyahıya alınmış əmlakın satılması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdehin xx.xx.2022-ci il tarixinə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 3519,95 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 4500 manat məbləğində siyahıya alınmış (ünvan 1 ünvanındakı mağazada olan Türkiyə istehsalı 150 ədəd dəmir dam örtüyü) əmlakının vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 3939,95 manat borcuna görə 4500 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********4 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın bir vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixinə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 3519,95 manat ödənilməmiş borcu qalmışdır. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Hazırkı mübahisə üzrə iddiaçı inzibati orqan, mübahisənin predmeti dövlətin müstəsna maraq və nəzarətində olan vergi-hüquq münasibətləri ilə bağlı, iddia tələbi vergi borclarının ödənilməsi məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması, mübahisəyə tətbiq olunan hüquq ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Qeyd olunmalıdır ki, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəmədə iddianın qaldırılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi də formalaşmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 10.4-cü bəndində Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qaldıra biləcəyi, həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu qeyd edilməklə, mübahisənin maddi hüquqi əsasının ümumi hüquq normaları təşkil etdiyi halına da işin inzibati məhkəməyə aidliyinin göstəricisi kimi hüquqi qiymət verilmiş, bununla da hətta vergi ödəyicisi olmayan hüquqi və fiziki şəxslərin də cavabdeh qismində inzibati mübahisəyə cəlb edilməsinin mümkünlüyü müzakirələri yekunlaşmış olmuşdur. Ali Məhkəmənin respublikanın məhkəmələrinə ünvanlanmış xx.xx.2016-cı il tarixli 2-388 nömrəli metodiki məktubunda isə məhkəmələrə tövsiyə olunmuşdu ki, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna tabe olan struktur qurumlar tərəfindən məcburi sosial sığorta haqları üzrə yaranmış borcun tutulmasına dair qaldırılmış iddialara məhkəmə təcrübəsində hələ də məhkəmə aidiyyəti qaydalarına zidd olaraq mülki mühakimə icraatı qaydasında iqtisadi mübahisə kimi baxılmaqda davam edilir. Halbuki, İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinin tələbinə əsasən həmin mübahisələrə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, "Sosial sığorta haqqında" Qanunla tənzimlənən mübahisə tərəfləri arasındakı münasibətlər ümumi (publik) hüququn nizamasalma predmetinə aiddir və həmin münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur.

3. İddiaçının məhkəməyə təqdim etdiyi vergi borcunun ödənilməsinə dair 26 yanvar 2022-ci il tarixli bildirişdə qeyd edilir ki, cavabdehin xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 3.719,70 manat, o cümlədən:”vergilər üzrə-3.708,57 manat, maliyyə sanksiyaları üzrə-0,00 manat, faizlər üzrə-11,13 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə-0,00 manat” borcu mövcuddur.

4. Fiziki şəxs haqqında məlumat vərəqəsinə görə əsas fəaliyyət növü “tikinti materiallarının pərakəndə satışı” ilə məşğul olan Cavabdeh VÖEN vəziyyəti aktivdir.

5. İddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli alınmalı sərəncamda qeyd edilir ki, büdcəyə alınması nəzərdə tutulan məbləğ 3789,86 manat olmuşdur.

6. xx.xx.2022-ci il tarixli “Əmlakın siyahıya alınması haqqında” Qərarda bildirilir ki, Cavabdeh əmlakları siyahıya alınması tapşırılmışdır.

7. xx.xx.2022-ci il tarixli “Əmlakın siyahıya alınması haqqında” Protokolda qeyd edilmişdir ki, Cavabdeh Beyləqan rayonu 20 Yanvar küçəsində yerləşən əmlak siyahıya alınmışdır.

8. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqda bildirilir ki, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən 8 saylı Ərazi Vergi İdarəsinin xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərarına əsasən xx.xx.2022-ci il tarixində 4500 AZN manat dəyərində əmlak siyahıya alınmışdır. Əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı qeyd edilmişdir.

9. İddiaçı məhkəməyə ərizə ilə (elektron məhkəmə sistemi vasitəsilə) məhkəməyə müraciət edərək, əmlakın siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərar üzrə vergi ödəyicisinin dövlət büdcəsinə borcu olmadığı bildirilir, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.

10. Məhkəmə iclasında tərəflər iştirak etmir.

II. İddianın geri götürülmüş sayılması

11. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

12. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

13. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).

14. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

15. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

16. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

17. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

18. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

19. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

20. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

21. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

22. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

23. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) və ya iddianın baxılmamış saxlanmasına dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

24. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.

25. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

26. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar