Məhkəmə qərarları › İş №e-2-1(112)-3626/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3626/2025

31.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3626/2025 31.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı firması (bundan sonra–İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra–cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 09 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-50913/2024 saylı qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə”xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-849720/2025 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı Firması 16 sentyabr 1997-ci il tarixində VÖEN ********** ilə dövlət qeydiyyatına alınmışdır. Həmin dövrdən başlayaraq bu günə kimi müxtəlif təyinatlı elektrik mallarını respublikaya ixrac etmiş, digər müəssisələrdən o tipli məhsulları almış və həmin məhsulların sifarişçilərə satışını həyata keçirir. Vicdanlı vergi ödəyicisi olaraq İddiaçı Firması tərəfindən vergilər düzgün hesablanmış və onların qanunvericiliklə nəzərdə tutulmuş müddətdə dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Növbəti dəfə sifarişçinin sifarişi əsasında digər elektrik malları ilə yanaşı 500 ədəd 150 W-lıq led işıqlandırıcılarının əldə edilməsinə zərurət yaranmışdır. Həmin led işıqlandırıcılarının "xxxx" MMC-də olduğunu bildikdən sonra, müqavilə bağlamamışdan əvvəl İddiaçı Firması tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) “Riskli vegi ödəyicilərinin siyahıs”ında olmadığı müəyyən edilmiş və bundan sonra həmin müəssisə ilə İddiaçı Firması arasında 08 iyun 2023-cü il tarixli “Alqı satqı Müqaviləsi № 0543MA2023” bağlanmışdır. 03 iyul 2023-cü il tarixində Seriya EBDJ № 090342 saylı “Elektron qaimə-faktura” ilə hər birinin qiyməti (ƏDV-siz) 582,00 manat olmaqla cəmi 291 000,00 (iki yüz doxsan bir min) manat dəyərində 500 ədəd ********** – led işiqlandırıcı 150 W (FERMADA markalı led işığı – Leninqrad versiyası) "xxxx" MMC tərəfindən İddiaçı Firmasına təhvil verilmişdir. Sonradan "xxxx" MMC və İddiaçı Firması arasında imzalanmış “Qiymətlərin razılaşdırma protokolu”na əsasən 500 ədəd ********** – 150 W-lıq led işiqlandırıcının (FERMADA markalı led işığı – Leninqrad versiyası) hər birinin qiyməti (ƏDV-siz) 420,00 manat müəyyən edilmişdir və malların qaytarılması istisna olmaqla AR VM-nin 163. maddəsinin tələbləri nəzərə alınaraq “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadə Qaydaları”-na 3 nömrəli əlavədə nəzərdə tutulmuş 03 iyul 2023-cü il tarixli Seriya EBDJ № 090342 saylı “Elektron qaimə-faktura” qiymət fərqi ilə əvəzinə dəqiqləşdirilmiş 15 dekabr 2023-cü il tarixli Seriya QD2312 №00140858 saylı “Elektron qaimə-faktura” ilə hər birinin qiyməti (ƏDV-siz) 420,00 manat olmaqla cəmi 210 000,00 (iki yüz on min) manat dəyərində 500 ədəd ********** – led işıqlandırıcı 150 W (FERMADA markalı led işığı – Leninqrad versiyası) "xxxx" MMC tərəfindən İddiaçı Firmasına satılmışdır. 03 iyul 2023-cü il tarixli, “Ödəniş tapşırığı № OD1” ilə 11 300,00 manat, 03 iyul 2023-cü il tarixli, “Ödəniş tapşırığı № OD1” ilə 101 700,00 manat və 20 dekabr 2023-cü il tarixli, “Ödəniş tapşırığı № OD4” ilə 97 000,00 manat olmaqla cəmi 210 000,00 (iki yüz on min) manat məbləğində pul vəsaiti İddiaçı Firması tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-nin Memar Əcəmi filialında olan hesablaşma hesabına köçürülmüşdür. 03 iyul 2023-cü il tarixində **********283121 saylı “Köçürmənin aparılması haqqında bildiriş”-lə 20 340,00 manat və 20 dekabr 2023-cü il tarixində **********449062 saylı “Köçürmənin aparılması haqqında bildiriş” ilə 17 460,00 manat manat olmaqla cəmi 37 800,00 (otuz yeddi min səkkiz yüz) manat ƏDV məbləği İddiaçı Firması tərəfindən "xxxx" MMC-nin ƏDV sub-uçot hesabına köçürülmüşdür. Məhz bu səbəblərə görədə İddiaçı Firması tərəfindən 2023-cü il üzrə “Mənfəət vergisinin bəyannaməsi” vergi orqanına təqdim edilərkən 210 000,00 (iki yüz on min) manat müəssisənin xərci olaraq gəlirlərdən çıxılmışdır. Lakin Seriya EBDJ № 090342 saylı “Elektron qaimə-faktura”-ya qiymət dəyişiklikləri ilə əlaqədar dəqiqlədirmə verildiyi üçün həmin qaimə-fakturada nəzərdə tutlmuş 291 000,00 (iki yüz doxsan bir min) İddiaçı Firması tərəfindən 2023-cü il üzrə “Mənfəət vergisinin bəyannaməsi”-ndə xərclərdən çıxılmamışdır. 17 may 2024-cü il tarixində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra mətndə cavabdeh vergi orqanı adlandırılacaqdır) tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar № **********180000” ilə İddiaçı Firmasına “Əlavə dəyər vergisi” üzrə 37 800,00 manat həcmində əlavə vergi məbləği hesablamış və həmin məbləği müəssisənin “Şəxs hesab vərəqəsi”-nə işləmişdir. Bundan sonra cavabdeh vergi orqanı tərəfindən “Əlavə dəyər vergisi” üzrə əlavə hesablanmış 37 800,00 manat həcmində vergi məbləği İddiaçı Firmasının hesablaşma hesabından silinmişdir. Daha sonra cavabdeh vergi orqanı İddiaçı Firmasına məktub ünvanlayaraq dəqiqləşdirilmiş “Mənfəət vergisinin bəyannaməsi” verilməsini və 210 000,00 manatın müəssisənin xərclərinə daxil edilməməsini təklif etmişdir. İddiaçı Firması həmin təklifi qəbul etmiş və dəqiqləşdirilmiş “Mənfəət vergisinin bəyannaməsi”-ni vergi orqanına təqdim etmişdir. Hesablanmış vergi məbləğini araşdırarkən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 15 aprel 2024-cü il tarixli, **********695900 saylı qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) riskli vergi ödəyicisi hesab edildiyi müəyyən olunmuşdur. Göstərilənlərə əsasən müəyyən edilir ki, nə "xxxx" MMC ilə İddiaçı Firması arasında 08 iyun 2023-cü il tarixli “Alqı satqı Müqaviləsi № 0543MA2023” bağlanarkən, nə də həmin müqavilə üzrə 15 dekabr 2023-cü il tarixli Seriya QD2312 №00140858 “Elektron qaimə faktura” ilə hər birinin qiyməti (ƏDV-siz) 420,00 manat olmaqla cəmi 210 000,00 (iki yüz on min) manat dəyərində 500 ədəd ********** – 150 W-lıq led işiqlandırıcının (FERMADA markalı led işığı – Leninqrad versiyası) alınması, nə də həmin malların haqqının ödənildiyi zaman "xxxx" MMC “Riskli vergi ödəyicisi” olmamışdır. Vergi orqanı ilə münaqişəli münasibət yaratmamaq məqsədi ilə 17 may 2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar № **********180000” İddiaçı Firması tərəfindən mübahisələndirilməmişdir. Bununla da kifayətlənməyən cavabdeh vergi orqanı 09 avqust 2024-cü il tarixində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar № 3-21-2-3/2-50913/2024” qəbul etmiş və İddiaçı Firmasına 2023-cü ilin “Mənfəət vergisi” üzrə 58 200,20 (əlli səkkiz min iki yüz.20) manat həcmində əlavə vergi məbləği hesablamışdır. Həmin məbləğ də cavabdeh vergi orqanı tərəfindən İddiaçı Firmasının hesablaşma hesabından silinmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 104., 108. və 166. maddələrinin tələblərini rəhbər tutaraq İddiaçı Firmasına 58 200,20 (əlli səkkiz min iki yüz.20) manat həcmində əlavə vergi məbləğinin hesablanmasına dair qəbul edilmiş Qərarın ləğv edilməsi xahişi ilə həmin müəssisə tərəfindən 12 avqust 2024-cü il tarixində cavabdeh vergi orqanına şikayətlə müraciət olunmuşdur. Həmin şikayətin cavabı olaraq cavabdeh vergi orqanı tərəfindən İddiaçı Firmasına ünvanlanmış 17 sentyabr 2024-cü il tarixli, 3-21-2-3/2-B-13xx-xx/2024 saylı məktubda bildirilmişdir ki, “əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-cü il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 291 000,00 manat tərəfinizdən təqdim edilmiş 2023cü il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, uçot-baza məlumatlarına əsasən cəmiyyətin xx.xx.1997-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, ərizəsinə əsasən əsas fəaliyyət növünün "Digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış topdansatış”dan ibarət olduğu və ünvan 1 ünvanında ofis və Binəqədi ŞTQ, (dəmir yolunun yanında) ünvanında yerləşən “Anbar” adlı təsərrüfat subyektinin (obyektinin) vergi orqanında xx.xx.2015-ci il tarixdən qeydiyyatda olduğu müəyyən edilmişdir. Mübahisələndirilən qərar, iddiaçının xx.xx.2025-ci il tarixdə təqdim etmiş olduğu 2023 cü il üzrə mənfəət vergisinin kameral yoxlanılması nəticəsində qəbul edilmişdir. Belə ki, iddiaçının həmin bəyannamə üzrə göstəriciləri aşağıdakı kimi olmuşdur:. -Gəlir 29 111 545,98 manat -Xərclər 20 042 758,05 manat - Mənfəət 8 711 793,17 manat - Mənfəət vergisinin məbləği 1 742 358,63 manat olaraq bəyan edilmişdir. Lakin, vergi orqanı tərəfindən kameral vergi yoxlaması aparılan zaman 2023-cü il üzrə iddiaçının riskli əməliyyatlar aparması aşkar edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN **********) tərəfindən "Led işıqlandırıcı 150 W (Fermada markalı led işığı - Leningrad versiyası)" adlı mallar iddiaçıya təqdim edilmiş, lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı həmin əməliyyatların şübhəli, əmtəəsiz olduğu müəyyən edilmişdir. Odur ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-ci il ərzində əldə edilmiş elektron qaimə faktura üzrə 291 000,00 manat xərc nəzərə alınmamışdır. Obyektə baxış zamanı həmin müəssisənin orada fəaliyyət göstərmədiyi aşkarlanmış və bununla bağlı təsərrüfat subyektini icarəyə verən şəxdən izahat alınmışdır. Qeyd olunanları nəzərə alaraq vergi ödəyicisinin təqdimetmə əməliyyatları riskli hesab edilmişdir. Belə ki, "xxxx" MMC-yə məxsus təsərrüfat subyektində keçirilmiş vergi nəzarəti tədbirləri və icarədarın verdiyi izahatdan, foto şəkillərdən müəyyən olunur ki, müəssisə həm ünvanda fəaliyyət göstərməmişdir. (akt və foto əlavə olunur) Həmçinin, iddiaçıya malların təqdim edilməsi əməliyyatı "xxxx" MMC-nin fəaliyyətinə uyğun olmamışdır. Belə ki, uçot-baza məlumatlarına əsasən "xxxx" MMC-nin tək bir ünvan üzrə “icarə obyekti” müəyyən edilmişdir. Bundan başqa "xxxx" MMC-nin fəaliyyəti üzrə Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin olduğu və borc materiallarının icrası ilə əlaqədar rəhbər və ya səlahiyyətli şəxsləri tapmaq mümkün olmadığı üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət edilmişdir. Əlavə olaraq, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli EBDJ seryalı 090342 saylı elektron qaimə-faktura üzrə xx.xx.2023-cü il tarixli QD2312 seryalı 00140858 saylı dəqiqləşdirilmiş e-qaimə tərtib edilmiş və bu zaman əvvəlki e-qaimədə göstərilən malın məbləği dəyişdirilmiş, lakin bununla bağlı vergi orqanına müvafiq dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir. Həmçinin, həmin əməliyyat üzrə vergi orqanı tərəfindən 2024-cü ilin mart ayının ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması aparılmış, əlavə 37 800,0 manat vergi məbləği hesablanması barədə xx.xx.2024 cü il tarixli **********180000 saylı qərar qəbul edilmişdir. Həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmiş və hal hazırda qüvvədədir. Bundan başqa iddiaçı ilə satıcı arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin tələblərinə əsasən malların çatdırılması satıcının vəzifəsi olaraq müəyyən edilmişdir. Odur ki, satıcının bu öhdəliklərini yerinə yetirməsi üçün malların daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi olmalıdır. Lakin, vergi orqanın uçot-baza məlumatlarına əsasən riskli vergi ödəyicisi olan "xxxx" MMC-nin balansında nəqliyyat vasitəsi aşkar olunmamışdır. (məlumat əlavə olunur) Həmçinin, məhkəmədə olan iş materiallarında iddiaçının istifadəsində nəqliyyat vasitələrinin olmasına dair qeydiyyat sənədləri və ya yol vərəqələri barədə sənədlər aşkar edilməmişdir. Xüsusi olaraq qeyd edilməlidir ki, riskli əməliyyatlara münasibətdə qanunvericiliyin tələbi həmin riskli qaimələrin əvəzləşdirilməməsi və xərc kimi tanınmaması şəklindədir. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmin məcəllənin 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Bundan başqa, 2023-cü il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin bank xidməti üzrə xərclərin 98 830,36 manat bəyan edilməsinə baxmayaraq, bank məlumatlarınıa əsasən qeyd olunan xərclərin yalnız 62 439,37 manat hissəsi öz təsdiqini tapmışdır. Həmçinin, bəyannamənin mənfi məzənnə fərqi üzrə 15 179,44 manat xərc bəyan edilməsinə baxmayaraq, müvafiq izahat məktubu vergi orqanına təqdim edilməmişdir. Yuxarda qeyd olunanları nəzərə alaraq, iddiaçıya xx.xx.2024-cü il tarixli **********397300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədlər təqdim etməmişdir. Beləliklə vergi orqanı tərəfindən 2023-cü il mənfəət vergi bəyannaməsi üzrə: -Gəlir 29 111 545,98 manat -Xərclər 19 832 758,05 manat - Mənfəət 8 921 793,17 manat - Mənfəət vergisinin məbləği 1 784 358,63 manat olaraq hesablanmışdır. Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin mənfəət vergisi bəyannaməsi üzrə 42 000,40 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 3.xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-50913/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Yuxarıda göstərilən faktlar, yəni malların daşınması, saxlanması üçün anbar, nəqliyyat vasitəsinin olmaması, malların digər ödəyici tərəfindən daşınması ilə bağlı yol nəqliyyat vərəqəsi və elektron qaimə fakturanın təqdim etməməsi, iddiaçı ilə yuxarıda göstərilən hüquqi şəxs arasında satışın aparılmadığını, ümumiyyətlə belə əməliyyatın mövcud olmadığını, yalnız iddiaçı üçün vergitutulan mənfəətin azaldılması məqsədilə xərc sənədinin rəsmiləşdirilməsi üçün saxta e-qaimə fakturanın əldə edilməsi məqsədi daşıdığını sübuta yetirir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş qərarların ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərarlar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38). İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli 0543MA2023 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokollarında göstərilən razılaşdırılmış miqdarda müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcı İddiaçı firmasına satmağı, alıcı isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq protokolda müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - Müqaviləyə əlavə edilmiş 1 nömrəli Əlavə olan qiymətlərin razılaşdırma protokoluna əsasən 1 ədədin dəyəri 420 manat olmaqla, 500 ədəd Led işıqlandırıcı 150 W (fermada markalı led işığı-Leningrad versiyası) 247800 (ƏDV 37800 manat) manata iddiaçıya satılmışdır. - İşdə olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, məhsullar həmin tarixdə təhvil-təslim edilmişdir. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********180000 nömrəli qərarından görünür ki, cavabdeh İddiaçı firmasına 2024-cü il mart ayı hesabat dövrü üzrə 37800 manat əlavə dəyər vergisi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği") sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 37800.0 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-50913/2024 nömrəli qərardan görünür ki, cavabdeh iddiaçıya 2023-cü il hesabat dövrü üzrə 58200,02 manat əlavə mənfəət vergisi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 291000.00 manat tərəfinizdən təqdim edilmiş 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 291000,00 manat tərəfinizdən təqdim edilmiş 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. - Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə 28 iyul 2025-ci il tarixli 3-21- 2-3/2-849720/2025 saylı qərardan görünür ki, cavabdeh iddiaçıya 2023-cü il hesabat dövrü üzrə 42000 manat əlavə mənfəət vergisi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi (********.75 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə tərəfinizdən idxal edilmiş ( ********.01 manat), elektronqaimə fakturalar (riskli e-qaimə fakturalar üzrə alınmış mallar (291000.00 manat) istisna olmaqla) 2532833.05 manat) və alış aktları (0.00 manat) əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan cəmi (********.07 manat) məbləğdən -523970.68 manat fərqli olduğu üçün kənarlaşma yaranmışdır. Mənfəət vergisi bəyannaməsinin hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.5.1.1-ci (İcarə haqqı hüquqi şəxslər üzrə) sətrindəki 74400.00 manat məbləğ, Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin (təqvim ili üzrə 4 rübün cəmi) 1607.1.1-ci (Hesabat ilinə aid olan hüquqi şəxslər üzrə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı) sətirlərindəki cəmi 0.00 manat məbləğdən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir. İddiaçı hazırda cavabdehin sonuncu qərarını mübahisələndirir. Məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, cavabdehin iddiaçıya əlavə mənfəət vergisi hesablamasına əsas iddiaçının riskli vergi ödəyicisi hesab edilən "xxxx" MMC ilə apardığı əməliyyatlar üzrə təqdim etdiyi sənədi (xx.xx.2023-cü il tarixli 090342 nömrəli elektron qaimə-faktura) xərc sənədi kimi qəbul etməməsi, buna görə də həmin məbələğə vergi hesablanması təşkil etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin bu hesablaması qanunsuzdur. Belə ki, vergi hesablanmış hesabat dövründə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin əlavə vergi hesablanan hesabat dövründə qüvvədə olan 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İşin hallarından müəyyən olunur ki, cavabdeh iddiaçıya 2023-cü il üzrə əlavə mənfəət vergisi hesablayarkən riskli hesab edilən e-qaiməyə istinad etsə də, iddiaçı "xxxx" MMC ilə əməliyyat apardığı dövrdə həmin hüquqi şəxs riskli vergi ödəyicisi olmamışlar. Çünki əməliyyatlar 2023-cü ilin iyun ayında aparılmış, "xxxx" MMC isə xx.xx.2024-cü ildə riskli vergi ödəyicisi hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, qanunvericiliyə əsasən vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair mübahisəli elektron qaimə-fakturalar tərtib edilən zaman onun əməliyyat apardığı hüquqi şəxslər riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı da həmin əməliyyatlar üzrə e-qaimələri xərc sənədi kimi nəzərə almış, bu hal vergi qanunvericiliyinə uyğun olmuşdur. VM-in 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Cavabdeh iddiaçı ilə "xxxx" MMC arasında əmtəəsiz əməliyyat olduğunu iddia etsə də, bu halı da sübuta yetirə bilməmişdir. Bunun əksinə, iddiaçı həmin hüquqi şəxsdən aldığı məhsulların təqdim edilməsinə dair bütün sənədləri (müqavilə, e-qaimə və sair) məhkəməyə təqdim etmişdir. Həmçinin, cavabdeh əməliyyatı əmtəəsiz hesab edərək xərcini qəbul etməsə də, həmin hissəyə mütənasib olan gəlir hissəsini bəyannamədə saxlamışdır. Belə ki, əgər əməliyyat əmtəəsizdirsə, onda gəlirin də formalaşmadığı nəzərə alınmalıdır. Bundan əlavə, işdən iddiaçının apardığı əməliyyatın əmtəəsiz olması müəyyən edilmir. Belə ki, vergi ödəyicisinin əmtəəsiz əməliyyat aparması inzibati orqan tərəfindən sübut edilməlidir. Lakin inzibati orqan iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bunun əksinə, işdə olan sənədlərdən müəyyən edilir ki, "xxxx" MMC Türkiyə Respublikasından xx.xx.2023-cü il tarixdə 500 ədəd Fermada markalı işıqlandırma avadanlığı idxal etmiş, xx.xx.2023-cü il tarixdə həmin məhsulları "xxxx" MMC-yə təqdim etmişdir. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləlikə, göstərilənlərə əsasən cavabdehin qəbul etdiyi qərarın əsaslandığı hallar iş materialları ilə təsdiq edilmədiyindən, cavabdeh bununla bağlı konkret faktları və bu faktları təsdiq edən sübutları təqdim etmədiyindən məhkəmə hesab edir ki, mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” 28 iyul 2025-ci il tarixli 3-21-2-3/2-849720/2025 saylı qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar