Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3628/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-162349/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı aidiyyəti üzrə vergi ödəyicisi kimi xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. İddiaçının Azərbaycan Respublikasının xəzinadarlığında büdcə hesabı var. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlıvaxtında aparılmışdır. İddiaçı eyni analoji iş və xidmətlərin aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. İddiaçının şəxsi hesab vərəqəsinə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 162349/2024 nömrəli qərarla 2024-cü ilin iyul ayı üçün 23400 manat ƏDV hesablanmışdır və şəxsi hesab vərəqəsinə işlənmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli "xxxx" MMC ilə müqavilələr bağlanmış və müvafiq olaraq müqavilələrə aid Cəlilabad rayonu ərazisində işıqlandırma işləri görülərək "xxxx" MMC-yə müvafiq qaydada təhvil verilmişdir. Bütün əməliyyatlar vergi qanunvericiliyinə və ciddi mühasibat sənədlərinə tam riayət edilərək həyata keçirilmişdir. Göstərilən MMC iddiaçı ilə əməliyyat aparıldığı tarixdən sonra, yəni xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə "xxxx" MMC-nin riskli vergi ödəyicisi olmayan müəssisə kimi aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş (əməliyat aparılarkən elektron xəbardarlığın verilməməsi və riskli vergi ödəyicilərinin reyestrinə daxil edilməməsi), müəssisənin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisənin riskli vergi ödəyicisi olmasından öncə aparılması işin mübahisəsiz halıdır. Qeyd edilənlərə əsasən də iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixdə təqdim edilmiş 2024-cü ilin iyul ayı ƏDV bəyannaməsi üzrə (05.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDG seriyalı 425104 və (04.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDE seriyalı 237724 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə ƏDV məbləğlərinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 23 400 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********484500 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü il iyul ayı ƏDV bəyannaməsi üzrə 23 400 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-162349/2024 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. EBDG seriyalı 425104 və EBDE seriyalı 237724 nömrəli elektron qaimə-fakturalar üzrə əməliyyatlar riskli vergi ödəyicisi "xxxx" MMC ilə aparılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2022-2024-cü illər ərzində 14 323,4 min manat satışı olmuşdur ki, bunun da 10 379,6 min manatını iş və xidmət təşkil edir. Araşdırmada iştirak üçün vergi ödəyicisi Baş idarəyə dəvət edilməsinə baxmayaraq, araşdırmada iştirak etməmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən əldə edilən xammal və ya materialın təqdim edilmiş iş və xidmətlərə uyğun olmaması, uçot-baza məlumatlarına əsasən görülmüş işlərin həcminə uyğun sayda işçilərin olmaması, bank hesabı məlumatlarına əsasən işçilərə əmək haqqı ödənişinin edilməməsi, bank hesablarına daxil olmuş vəsaitlərin bəzi hallarda «Plastik kartlar üzrə» təyinatı üzrə məxaric edilməsi müəyyən edilmişdir. Bundan başqa, "xxxx" MMC-dən (VÖEN: **********) 1 616.4 min manat və "xxxx" MMC-dən (VÖEN: **********) 728.1 min manat dəyərində polietilen boru və "xxxx" MMC-dən (VÖEN: **********) 385.6 min manat dəyərində yastı prokat alışı olmasına baxmayaraq, həmin vergi ödəyicilərinin rəhbərləri izahatlarında qeyd olunan əməliyyatlardan məlumatları olmadığını bildirmişdir. Eyni zamanda, ÇİRAQQALA MMC-dən (VÖEN: **********) 227.4 min manat dəyəridə polietilen boru və aksesuarları alışı olmasına baxmayaraq, araşdırma zamanı ÇİRAQQALA MMC-nin faktiki olaraq həmin malların istehsalı fəaliyyəti ilə məşğul olmadığı müəyyən olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-162349/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 23 400 manat vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində (04.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDE seriyalı, 237724 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 9900 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 9900 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində (05.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDG seriyalı, 425104 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 13500 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 13500 manat kənarlaşma yaranmışdır. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, MT/X 23/021 saylı, xx.xx.2023-cü il tarixli, MT/X 23/025 saylı xidmət müqavilələri bağlanmışdır. Müqavilə şərtlərinə əsasən icraçı "xxxx" MMC Cəlilabad rayonu ərazisində işıqlandırma işlərinin aparılması işlərini, iddiaçı isə görülmüş xidmətlər üçün müəyyən edimiş məbləğin ödənilməsini öhdəsinə götürmüşdür. EBDE seriyalı, 237724 nömrəli, xx.xx.2023-cü il tarixli e-qaimə fakturaya əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə 64900 manat pul məbləği ödənilmişdir. EBDE seriyalı, 425104 nömrəli, xx.xx.2023-cü il tarixli e-qaimə fakturaya əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə 75000 manat pul məbləği ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsi sistemindən elektron çıxarışa əsasən "xxxx" MMC cavabdehin xx.xx.2024-cü il tarixli, **********631700 nömrəli Qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin xx.xx.2024-cü il tarixli 3- 21-2-3/2-162349/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi xahiş edir. Həmin qərarla iddiaçıya əlavə vergi məbləği hesablanmış və iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən iddia mahiyyətcə mübahisələndirmə barədə iddiadır. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmiş və qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra – Vergi Məcəlləsi) göstərilmişdir ki, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir (103.1.). Fiziki şəxs olmayan hər hansı xarici şəxs bu Məcəllənin 137-ci maddəsinə uyğun olaraq birgə sahibkarlıq fəaliyyətinin obyekti kimi baxılmalı olmadığını sübut etməyincə, bu fəsilin məqsədləri üçün ona müəssisə kimi baxılır (103.2.). Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir (104.1.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, MT/X 23/021 saylı və xx.xx.2023-cü il tarixli, MT/X 23/025 saylı xidmət müqavilələri bağlanmışdır. Müqavilə şərtlərinə əsasən "xxxx" MMC Cəlilabad rayonu ərazisində işıqlandırma işlərinin aparılması, iddiaçı isə görülmüş xidmətlər üçün müəyyən edimiş məbləğin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilələrə əsasən "xxxx" MMC tərəfindən EBDE seriyalı, 237724 nömrəli, xx.xx.2023-cü il tarixli və EBDE seriyalı, 425104 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimələr verilmişdir. Lakin, sonradan "xxxx" MMC cavabdeh tərəfindən riskli vergi ödəyiciləri siyahısına salınmışdır. İddiaçı ilə "xxxx" MMC arasında aparılmış həmin əməliyyatlar isə riskli əməliyyat hesab edilərək, bununla bağlı qaimələr xərc sənədi kimi nəzərə alınmamış və iddiaçı barəsində hazırkı mübahisələndirilən qərar qəbul edilərək, əlavə vergi borcu hesablanmışdır. Vergi Məcəlləsində göstərilmişdir ki, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir (108.1. ). Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (109.9.). Vergi Məcəlləsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir(13.2.82.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda göstərilmişdir ki, bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir (1.1). Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər (2.1.). İddiaçı bildirir ki, o "xxxx" MMC ilə qeyd edilən əməliyyatları apardığı vaxt "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçı ilə "xxxx" MMC arasında aparılan həmin əməliyyat əmtəəsiz olmuş və bu səbəbdən "xxxx" MMC riskli vergi ödəyiciləri siyahısına salınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı ilə "xxxx" MMC arasında müqavilələr xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində bağlanmış və bununla bağlı qaimələr xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində verilmişdir. "xxxx" MMC isə xx.xx.2024-cü il tarixində riskli vergi ödəyiciləri siyahısına salınmışdır. Yəni, iddiaçı ilə müqavilə bağladığı və müvafiq xidmətlərə görə qaimələrin verildiyi vaxt "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Həmin əməliyyatların riskli olması ilə bağlı cavabdehin dəlillərinə gəldikdə qeyd edilməlidir ki, "xxxx" MMC-nin göstərdiyi xidmətlərə görə müvafiq mal və materialların onun alışında müəyyən edilməməsi, həmçinin zəruri işçi qüvvəsinə malik olmaması iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, həmin hüquqi şəxs tərəfindən müvafiq rəsmiləşdirilmələrin aparılmaması iddiaçının təqsiri deyildir və iddiaçı ilə həmin vergi ödəyicisi arasında aparılmış əməliyyatların birmənalı olaraq riskli əməliyyat olduğunu tsdiq edən sübut kimi nəzərə alına bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 162349/2024 nömrəli qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 162349/2024 saylı qərar ləğv edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-3628/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3628/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver