Məhkəmə qərarları › İş №e-2-1(112)-3629/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3629/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3629/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı “atasının doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək soyad qrafasında “Əliyev” yazılmaqla X7 doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum atası X12 xx.xx.1959-cu il tarixdə Ermənistan SSR, Krasnoselo rayonu, Gölkənd kəndində anadan olmuş, xx.xx.2024-cü il tarixdə isə vəfat etmişdir. Atası vəfat etdikdən sonra doğum haqqında akt qeydinin bərpası ilə bağlı Nəsimi Rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi müraciətinə imtina cavabı verməklə mərhum atasına məxsus Ermənistan SSR Krasnoselo rayonu kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə atası X1 “Alıyev” yazıldığını əsas gətirərək, doğum akt qeydinin bərpasından imtina etmişdir. Cavabdeh orqan tərəfindən edilən imtina qanunsuzdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 №-li Qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 16-1-ci bəndinə əsasən xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. Beləliklə, qeydiyyat şöbəsi qanunvericiliyin tələblərini pozaraq, qanuni tələbini yerinə yetirməmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə edilən sübutlardan göründüyü kimi, mərhumun şəxsən özünə və ailə üzvlərinə aid bütün hüquq müəyyənedici sənədlərdə mərhumun soyadı “Alıyev” deyil, “Əliyev” yazılmışdır. Bundan əlavə mərhum atası Mehman Əliyev xx.xx.1959-cu il tarixdə Ermənistan SSR, Krasnoselo rayonunun Gölkənd kəndində doğulduğundan onun barəsində tərtib edilmiş doğum akt qeydinin əldə edilməsi və doğum haqqında şəhadətnamədə düzəlişin edilməsi mümkün deyildir. Yuxarıda qeyd olunan səbəblərdən, hüquqlarının müdafiəsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı münasibət təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi bildirdi ki, iddiaçının atasının sənədlərində onun ad və soyadı ilə fərqlilik olduğu üçün doğum akt qeydinin bərpa edilməsi mümkün olmamışdır. Lakin, məhkəmə tərəfindən iddia təmin ediləcəyi təqdirdə məhkəmə aktı icra ediləcəkdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. ЗЖ seriyalı, 267655 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X13 20 oktyabr 1959-cu il tarixdə, Ermənistan SSR Krasnoselo rayonunda anadan olmuşdur. Onun atası X8, anası X5r. Məhkəmə sorğusu əsasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən məhkəməyə göndərilmiş 2215 saylı xx.xx.2018-ci il tarixli ölüm haqqında akt qeydində ölən şəxs haqqında məlumatda adın “Möhsüm”, soyadın “Əliyev”, ata adının “Bayraməli”, doğum tarixinin 12 mart 1930-cu il olması, doğulduğu yerin Ermənistan, Krasnoselsk rayonu olması, öldüyü tarixin xx.xx.2018-ci il olması qeyd olunmuşdur. Vİİ-АТ seriyalı, 298404 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən iddiaçı xx.xx.1986-cı il tarixdə Rusiya Federasiyası, Krasnodar vilayəti, Maykopski rayonu, Ust- Saxray kəndində anadan olmuşdur. İddiaçının atası X14, anası X10r. AZ-İİ seriyalı, 441775 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X12 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, atası X7 doğumu haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı Nəsimi rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizənizə baxılmışdır. Təqdim etdiyi sənədlər nəzərdən keçirilərkən Ermənistan, Krasnoselo rayon kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə soyadını “X20” yazıldığı halda, Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib edilmiş 809 saylı ölüm haqqında akt qeydində soyadı ’’X12”, 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci ildə tərtib edilmiş 2215 saylı ölüm haqqında akt qeydində “X9” qeyd edildiyi məlum olmuşdur. Təqdim edilən sənədlər arasında ziddiyyət olduğundan akt qeydinin bərpası qeydiyyat şöbəsində mümkün olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Əliyev Möysüm (Möhsüm) Bayraməli oğlu ilə X3 birgə nikahından olan övladlarının doğumunun qeydiyyatı haqqında məlumat aşkar edilməmişdir. Bununla yanaşı M.Əliyevin ölümü haqqında 4 saylı Bakı "ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci ildə, habelə S.Əliyevanın ölümü haqqında Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2007-ci ildə tərtib edilmiş akt qeydləri nəzərdən keçirilərkən onların müvafiq olaraq 1930-cu və 1935-ci ildə Ermənistan Respublikasının ərazisində doğulduğu məlum olmuş, bu isə onların nikahının və övladlarının doğumunun qeydiyyatının da həmin dövlətin ərazisində qeydə alındığını güman etməyə əsas vermişdir. Ermənistan Respublikasının ərazisində tərtib edilmiş vətəndaşlıq vəziyyəti haqqında akt qeydləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində mühafizə edilmir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində soyad qrafasında Əliyev yazılmaqla X7 doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır (159.1.). Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər (159.2.). Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (160.1.). Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir (162.1.). İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir (162.2.). Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür (162.3.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər (1.4). Doğumun dövlət qeydiyyatı üçün bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdən sonra və uşaq 16 yaşına çatanadək müraciət edildikdə qeydiyyat ərizəçinin seçdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında ümumi qaydalarla ilkin qeydiyyat kimi aparılır, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Bu halda ərizəçi uşağın doğulduğu, habelə qeydiyyatda olduğu tibb müəssisələrindən arayış təqdim edir. Müəyyən olunmuş müddətdə qeydə alınmamış 16 yaşından yuxarı şəxslərin doğumunun dövlət qeydiyyatı Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında bərpa akt qeydi kitabında, itmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası üçün müəyyən olunmuş qaydada, sıra nömrəsindən sonra "vaxtı keçmiş qeydiyyat" sözləri yazılmaqla aparılır (2.23.). Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasının düzgünlüyünə nəzarət baxımından, Qeydiyyat şöbəsinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinin, icra hakimiyyəti nümayəndəliyinin fəaliyyətinin yoxlanılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən, konsulluq idarəsinin fəaliyyətinin yoxlanılması ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir (13.1.). Bu məqsədlə qeyd olunan orqanlar aidiyyəti üzrə: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarına, habelə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarına düzgün əməl olunmasına; vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələri blanklarının müəyyən olunmuş uçot və saxlanılma qaydalarına əməl olunmasına; Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə təhvil verilməli olan sənədlərinşəxsiyyəti təsdiq edən sənədlərin, hərbi biletlərin, qeyd edilmiş şəhadətnamələrin alınması, uçotu, təhvil verilməsi və ləğv edilməsi qaydalarına riayət edilməsinə; vətəndaşların ərizələrinin və digər müraciətlərinin uçotu qaydalarına və icra müddətinə riayət edilməsinə; vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair metodiki təlimat və vətəndaşlıq vəziyyəti aktlarının elektron məlumat bankının (arxivinin) aparılması ilə bağlı Qeydiyyat şöbələrinın və icra hakimiyyəti nümayəndəliklərinin fəaliyyətinin təşkili qaydalarına riayət edilməsinə nəzarət edirlər (13.2.). Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti akt qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər (1.14.). Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir (9.1). Təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur (9.2.). Təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: ərizəçinin adı, soyadı və atasının adı; ünvanı; haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; təkrar tələb olunan şəhadətnamənin növü; vətəndaşlıq vəziyyəti akt qeydini tərtib edən Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə tərtib edilmə tarixi və yerli barədə məlumatlar (9.3.). Əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur (9.4). Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər (9.7). Göründüyü kimi iddiaçı atasına məxsus doğum akt qeydinin bərpa edilməsini istəyir. O, həmin tələblə cavabdehə müraciət etmiş, lakin cavabdeh tələbin təmin edilməsindən imtina etmişdir. Buna əsas kimi isə iddiaçının atası X11 Ermənistan, Krasnoselo rayon kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə soyadının “X20” yazıldığı halda, Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib edilmiş 809 saylı ölüm haqqında akt qeydində soyadının ’’X12” kimi yazıldığını və sənədlər arasında ziddiyyət olduğunu göstərmişdir. Qeyd edilməlidir ki, X11 məxsus ЗЖ seriyalı, 267655 nömrəli doğum haqqında şəhadətnamədə adı “X13” yazılsa da, atasının adı “X8” kimi göstərilmişdir. 2215 saylı xx.xx.2018-ci il tarixli ölüm haqqında akt qeydində şəxsin adı “Möhsüm”, soyadı “Əliyev”, ata adı “Bayraməli”, doğum tarixinin 12 mart 1930-cu il olması, doğulduğu yerin Ermənistan, Krasnoselsk rayonu olması, öldüyü tarixin xx.xx.2018-ci il olması qeyd olunmuşdur. Beləliklə iddiaçının atasının da soyadının “Əliyev” olması nəzərə alınaraq onun doğum haqqında şəhadətnaməsində soyadının “Alıyev” kimi göstərilməsi doğumun başqa ölkə ərazisində baş verməsi, ölkələr arasında dil və əlifba fərqinin mövcudluğu səbəbindən texniki səhv kimi qiymətləndirilməlidir. Bu səbəbdən iddia təmin edilməli, iddiaçının atasının doğum akt qeydinin soyadının “Əliyev”, adının “Mehman” ata adının “Möysüm”, doğum tarixinin 20 oktyabr 1959-cu il, doğum yerinin Ermənistan SSR Krasnoselo rayonu, valideynlərinin X8 və X2 göstərilməklə bərpa edilməsi və yeni doğum haqqında şəhadətnamənin iddiaçıya verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçının atası X7 doğum akt qeydinin soyadının “Əliyev”, adının “Mehman”, ata adının “Möysüm”, doğum tarixinin “20 oktyabr 1959-cu il”, doğum yerinin “Ermənistan SSR Krasnoselo rayonu”, valideynlərinin “X8” və “X6” kimi göstərilməklə bərpa edilməsi və yeni doğum haqqında şəhadətnamənin İddiaçı verilməsi vəzifəsi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar