Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3638/2024 26.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin Şimal-Qərb hissəsində 145 saylı sahədətorpaq sahəsinə İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 629\611 saylı sərəncamına əsasən Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının Zirə qəsəbəsindəki nümayindəliyinin 3\145 saylı, 16 noyabr 1992-ci il tarixli sərəncamına əsasən, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 22\45 saylı qərarını rəhbər tutaraq, Zirə qəsəbəsi C.Məmmədqulizadə küçəsi 11 saylı evdə yaşayan ailə tərkibi tək özü olan, Bakı Texnaloji Nəqliyyat İdarəsində sürücü vəzifəsində işləyən İddiaçı Zirə qəsəbəsinin Şimal-Qərb hissəsində 145 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılması, tikinti təsdiq edilmiş 145-000-19 c tipli layihə üzrə aparılması qərara alınmışdır. O, Əzizbəyov rayon İcra Hakimiyyətinin sərəncamına əlavə edilmiş layihə əsasında qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi tikib. 2021-ci ildə Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 629\611 saylı sərəncamında nəzərdə tutulmuş torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyster xidmətində qeydiyyata alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə müraciət etmişdir. İdarə tərəfindən torpaq sahəsinə dair İcra Hakimiyyətindən cizgi və xəritədən çıxarışın təqdim ediləcəyi halda, çıxarışın verilməsi mümükün olduğu bildirilmişdir. Sonradan aidiyyatı üzrə Xəzər rayon İcra hakimiyyətinə müraciət etmiş, sonuncu cizgi və xəritədən çıxarışın verilməsindən imtina etmişdir. İddiaçı imtinanı məhkəmə qaydasında mübahisələndirmiş və qəbul edilmiş məhkəmə qərarlarına əsasən cizginin verilməsi öhdəliyi Xəzər rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyster xidmətində qeydiyyata alınması ilə bağlı Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 629\611 saylı sərəncamını, arxiv arayışını və torpağın yerləşmə sxemini Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə müraciət edib. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi Bakı şəhəri, Xəzər rayonu (əvvəlki Əzizbəyov) Zirə qəsəbəsində İddiaçı yarılmış 145 saylı torpaq sahəsinin üzərində mülkiyyət hüquqularının Daşınmaz Əmlakın Dövlət Reyster xidmətində qeydiyyata alınmasından imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********79 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Zirə Tərəvəzçilik-Südçülük Sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Belə ki, həmin vaxt göstərilən torpaq sahəsinin ayrılması Bakı Şəhər Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olmuşdur. Həmçinin sahənin sənəd üzrə ölçüsü 0,12 ha qeyd edilsə də, faktiki 0,11 ha təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin Şimal-Qərb hissəsində 145 saylı sahədə yerləşən 1100 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 5-12/2-2661/2023 nömrəli məktubu ilə göndərilmiş Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 629/611 nömrəli Sərəncamı ilə vətəndaş İddiaçı ayrılmış Zirə qəsəbəsinin Şimal-Qərb hissəsində yerləşən 145 saylı torpaq sahəsinə dair tərtib edilmiş yerləşmə sxeminin (cizgisinin) təsdiq edilmiş surəti və ona əsas olmuş sənədin surətindən görünür ki: -Əzizbəyov RİHB-nın 629/611 saylı xx.xx.1993-cü il tarixli sərəncamı ilə Zirə qəsəbəsində vətəndaş İddiaçı ayrılmış 145 saylı torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, mövcud torpaq sahəsinin koordinatları X= 438842.53, Y=4469887.40. Sahəsi= 1100 kv.m. Torpaq sahəsinin yerləşmə sxemi Xəzər Rayon İcra Hakimiyyəti Təsərrüfat şöbəsinin memarı C.Ələkbərli və Xəzər RİHB-nin Zirə İƏD üzrə nümayəndəsi R.Hüseynov tərəfindən imzalanmış və Xəzər Rayon İcra Hakimiyyəti Başçısının möhrü ilə təsdiqlənmişdir. -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7626/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair cizginin verilməsi vəzifəsinin qoyulması” iddia tələbi təmin edilmiş, keçmiş Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 629/611 nömrəli sərəncamına əsasən İddiaçı Zirə qəsəbəsinin şimal-qərb hissəsində 145 nömrəli sahədə 1200 kv.m torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-09115/2023 nömrəli məktubu ilə göndərilmiş keçmiş Əzizbəyov rayon İH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.1993cü il tarixli, 629/611 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1993-cü il tarixli vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında Sərəncamına əsasən İddiaçı Zirə qəsəbəsinin şimal-qərb hissəsində 145 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********82 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin Şimal qərb hissəsində yerləşən 145 saylı torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə(baxış) aktı, koordinatlar qeyd olunmuş sxemi və elektron kadastr baza çıxarışını (ortofoto) surətindən görünür ki, torpaq sahəsinin 3 hissəsi qonşu, 1 hissəsi isə yola düşür. Fakiki sahə-1100.0 kv.m. X=438851.0400 Y=4469866.0119 X=438826.0421 Y=4469866.3374 X=438833.2307 Y=4469908.8337 X=438859.8276 Y=4469908.4326 Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********65 nömrəli məktubu ilə göndərilmiş Xəzər rayonu, Zirə qəsəbəsinin Şimal-Qərb hissəsində yerləşən 145 saylı torpaq sahəsinin ortofoto görüntüsündən görünür ki, mübahisələndirilən torpaq sahəsinin ətrafında **********92, **********93, **********82-10301 reyestr nömrəli daşınmaz əmlaklar yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********58 nömrəli məktubunda qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 1200.0 kv.m olsa da, faktiki olaraq hasar daxili 1100.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili mövcuddur. Sahənin koordinatlarını əks etdirən sxemi Sizə göndəririk. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Zirə-Südçülük Tərəvəzçilik sovxozunun Bakı Şəhər İcra Hakimiyyəti idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sahə "Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin hər hansı mühafizəyə düşməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Sözügedən sahənin qeydiyyatı ilə bağlı məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********80 nömrəli məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi mişar daş hasar daxilindədir. Sənəd üzrə sahəsi 1200.0 kv.m, faktiki isə 1100.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Zirə-Südçülük Tərəvəzçilik sovxozunun Bakı Şəhər İcra Hakimiyyəti idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. İş materiallarına əlavə edilmiş torpaq sahəsinin yerləşmə cizgisi faktiki sahəyə uyğun tərtib olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********11 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: - Əzizbəyov r-nu İcra Hakimiyyəti 629/501 say. sər. xx.xx.1993-cü il tarixli sərəncamı ilə Zirə qəsəbəsində vətəndaş X4 ayrılan 157 saylı torpaq sahəsinin sxemi Xəzər RİHB-nın Zirə qəsəbə nümayəndəsi Əliyev T.-nın, Xəzər RİHB-nın Rayon Təsərrüfatı şöbəsinin memarı Zeynalov T.-nın imzası və möhürü ilə təsdiqlənmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 157 saylı sahənin bir hissəsi 0.056535 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X3 adına xx.xx.2014-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - Əzizbəyov rayonu İHB-nın 211 saylı 17.03.200-ci il tarixli sərəncamı ilə Zirə qəsəbəsində mərhum X2 ayrılmış 134 saylı sahənin cizgisi və xəritədən çıxarış Xəzər RİHB-nın Zirə qəsəbə nümayəndəsi R.Hüseynovun, Xəzər RİHB-nın Rayon Təsərrüfatı şöbəsinin memarı Zeynalov T.-nın imzası və möhürü ilə təsdiqlənmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Ş/h 134 saylı sahə 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X1 adına xx.xx.2022-ci il tarixdə **********2 nömrəsi ilə qeydiyyata alınmışdır. - Əzizbəyov İHB-nın 629/538 saylı xx.xx.1993-cü il sərəncamı ilə Zirə qəsəbəsində vətəndaş X9 ayrılan 172 saylı sahənin cizgisi və xəritədən çıxarışı Xəzər RİHB-nın Zirə İƏD üzrə nümayəndəsinin vəzifəsini müvəqqəti icra edən R.Quliyevin, Xəzər RİH-nın Rayon Təsərrüfatı şöbəsinin memarı T.Zeynalovun imzası və möhürü ilə təsdiqlənmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 172B saylı sahə 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X6 adına xx.xx.2017-ci il ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, **********79 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən “145” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Zirə Tərəvəzçilik- Südçülük Sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Həmçinin sahənin sənəd üzrə ölçüsü 0,12 ha, faktiki ölçüsü isə 0,11 ha təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısımın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı keçmiş Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 629/611 nömrəli sərəncamı ilə ona ayrılmış Zirə qəsəbəsinin Şimal-Qərb hissəsində yerləşən 145 saylı torpaq sahəsinə hüquqların qeydiyyatı ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan iddia olunan torpaq sahəsinin Zirə Tərəvəzçilik-Südçülük Sovxozunun ərazisi olduğu, bu əsasdan sovxoz torpağının ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini əsas gətirərək müraciəti təmin etməmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının əsasızlığını iddia edərək sözügedən torpaq sahəsinə hüquqların mərhum X7 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina dəlillərini əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə sərəncamları torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə məhkəmə icraatında tədqiq olunmuş materiallardan görünür ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1993-cü il tarixli 629/611 nömrəli sərəncamı ilə İddiaçı Zirə qəsəbəsinin şimal-qərb hissəsində 145 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7626/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə qeyd edilən Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 629/611 nömrəli sərəncamına əsasən İddiaçı Zirə qəsəbəsinin şimal-qərb hissəsində 145 nömrəli sahədə 1200 kv.m torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuş, məhkəmənin qanuni qüvvəsini almış qərarı cavabdeh tərəfindən icra edilmiş, sərəncamla ayrılmış torpaq sahəsinin naturada koordinatları müəyyən edilmiş, yerləşmə cizgisi hazırkı yerli icra hakimiyyəti tərəfindən tərtib edilmiş və cizgi Xəzər Rayon İcra Hakimiyyəti Təsərrüfat şöbəsinin memarı C.Ələkbərli və Xəzər RİHB-nin Zirə İƏD üzrə nümayəndəsi R.Hüseynov tərəfindən təsdiq edilmişdir. Cavabdeh hazırkı iş üzrə iddia olunan torpaq sahəsinin Zirə Tərəvəzçilik-Südçülük sovxozunun ərazisinə aid olduğunu qeyd etsə də həmin torpaq sahəsinin yerli icra hakimiyyətinin idarəçiliyinə qaytarılmış torpaq sahəsi olmaması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, hazırkı halda Xəzər rayon İcra Hakimiyyəti iddiaçıya məhz Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 629/611 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin cizgisini tərtib etməklə həm adıçəkilən sərəncamın hüquqi qüvvəsini, həm də ayrılmış torpaq sahəsinin naturada sovxoz torpağı deyil, məhz yerli icra hakimiyyətinin idarəçiliyində olmuş torpaq sahəsi olduğunu qəbul etmişdir. Əksini iddia edən hal isə cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Cavabdehin mütəxəsissləri tərəfindən yerində baxış edilərək torpaq sahəsinin faktiki ölçüləri, yerləşmə koordinatları müəyyən edilmiş, göstərilən sahənin “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətində olduğu, torpaq sahəsinin xüsusi mülkiyyət kimi qeydiyyata alınmadığı, sahənin hər hansı mühafizəyə düşmədiyi, torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki torpaq shaəsinin yerləşmə vəziyyətinin eyni olduğu bildirilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin yaxınlığında ən yaxın məsafədə qeydiyyatdan keçmiş torpaq sahələrinə dair ilkin hüquqmüəyyənedici sənədlərdən görünür ki, Əzizbəyov r-nu İcra Hakimiyyəti 629/501 say. sər. xx.xx.1993-cü il tarixli sərəncamı ilə Zirə qəsəbəsində vətəndaş N.M.Feyziyevə torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin yerləşmə cizgisi hazırkı Xəzər rayon İcra Hakimiyyəti tərəfindən tərtib və təsdiq edilmiş və xx.xx.2014-cü il tarixdə N.M.Feyziyevin adına xüsusi müliyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, Əzizbəyov rayonu İHB-nın 211 saylı 17.03.200-ci il tarixli sərəncamı ilə F.M.Heybətova Zirə qəsəbəsində mərhum ayrılmış 134 saylı sahədə torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin yerləşmə cizgisi hazırkı Xəzər rayon İcra Hakimiyyəti tərəfindən tərtib və təsdiq edilmiş və xx.xx.2022-ci il tarixdə F.M.Heybətovanın adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əzizbəyov İHB-nın 629/538 saylı xx.xx.1993-cü il sərəncamı ilə Zirə qəsəbəsində vətəndaş Q.M.Quliyevə 172 saylı sahədə torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin yerləşmə cizgisi hazırkı Xəzər rayon İcra Hakimiyyəti tərəfindən tərtib və təsdiq edilmiş və xx.xx.2017-ci il tarixdə Q.M.Quliyevin adına xüsusi müliyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçı ilə qonşu olan torpaq sahələri də yerli icra hakimiyyətinin sərəncamları ilə ayrılmış, həmin torpaq sahələrinin də yerləşmə cizgisi yerli icra hakimiyyəti tərəfindən tərtib edilmiş və cavabdeh orqan həmin qonşu torpaq sahəsinin Zirə Tərəvzçilik-Südçülük sovxoz ərazisinə aid olması ilə bağlı dəlil irəli sürmədən təqidm olunan yerli icra hakimiyyətinin sənədlərinə əsasən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını aparmışdır. Belə olan halda cavabdehin hazırkı iddiaçıya münasibətdə hüququ qeydiyyata almaqdan imtina əsası öz təsdiqini tapmır və bu hal ən azı iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsi ilə nəzərdə tutulmuş (İİQnun 12.2-ci maddəsi: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.) bərabərlik prinsipini pozduğunu deməyə əsas verir. Beləliklə, iddiaçının təqdim etdiyi torpaqayırma sənədləri (sərəncam və yerləşmə cizgisi) qüvvədə olmaqla həmin sənədlərin məhkəmə icraatında mötbərliliyini istisna edəcək hər hansı hala rast gəlinməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyətinin 629/611 saylı xx.xx.1993-cü il tarixli sərəncamı ilə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin Şimal-Qərb hissəsində 145 saylı sahədə yerləşən ümumi sahəsi 1100 kv.m olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə ediıməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyətinin 629/611 saylı xx.xx.1993-cü il tarixli sərəncamı ilə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin şimal-qərb hissəsində 145 saylı sahədə yerləşən ümumi sahəsi 1100 kv.m olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-3638/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3638/2024
26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver