Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3653/2022 14.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı hərbi xidmət müddəti nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək sığorta stajı 26 il təşkil edir. Bu səbəbdən o, əmək pensiyası təyinatı ilə bağlı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh orqan ona əmək pensiyası təyinatından imtina etmişdir. Cavabdehin 14 oktyabr 2021-ci il tarixli məktubuna əsasən əmək kitabçasına görə hərbi xidmət müddəti nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək sığorta stajı 24 il 3 ay təşkil etməklə qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı sığorta stajına (24 il 3 aya) uyğun olaraq 18.337,30 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 9 aprel 2021-ci il tarixli məktubuna əsasən 6 may 1996-cı il tarixdən 16 oktyabr 1998-ci il tarixədək olan dövrün 1 il 7 ay müddətində əmək haqqı alınması barədə hec bir məlumat olmadığından, həmin dövrlərin sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən ona (iddiaçıya) yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası tam əsassızdır. Çünki, o, 6 may 1996-cı il tarixdən 16 oktyabr 1998-ci il tarixinədək Bakı Zərif Mahud Kombinatında baş mühafizəçi vəzifəsində çalışmış və əmək haqqı almışdır. Orada çalışmağını da əmək kitabçası təsdiq edir. Bundan başqa, Dövlət Arxivinn Bakı Filialında Bakı Zərif Mahud Kombinatının sənədləri natamam şəkildə saxlanılır. Belə olan təqdirdə, onun hənin kombinatda işləyib əmək haqqı almağı barədə qeydlər olamaya da bilər, lakin əmək kitabçası bunu təsdiq edir. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2, 7-ci maddələrinə, İPMin 2.1, 2.2, 32, 33-cü maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 149, 150, 155-ci maddələrinə əsaslanaraq, iddiaçıya əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı məhkəməyə İPM-in 47-ci maddəsinə müvafiq olaraq iddia ilə bağlı aşağıdakı məzmunda yazılı etiraz təqdim etmişdir: - İddiaçı iddiasına etiraz olunur və hesab olunur ki, iddia əsassızdır və təmin edilməməlidir. İddiaçı 3 mart 2021-ci il tarixdə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona 65 yaşdan, yəni 03 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin iddiaçının hərbi xidmət müddəti nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək sosial sığorta stajının 24 il 03 ay olması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində əmək kitabçasında qeyd edilən bütün dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafaiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövr əmək kitabçasında qeyd edilən dövrləri əhatə edir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 2 sentyabr 1985-ci il tarixli əmək kitabçasına əsasən o, 6 may 1996-cı il tarixdən 16 oktyabr 1998-ci il tarixədək Bakı Zərif Mahud Kombinatında baş mühafizəçi vəzifəsində çalışmışdır. Lakin Bakı Zərif Mahud Kombinatının faktiki və arxiv sənədlərinin (əmrlər kitabı, əməkhaqqı cədvəlləri) saxlanıldığı ünvan məlum olmadığından, müvafiq illər iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. Eyni zamanda, DSMF tərəfindən Bakı Zərif Mahud Kombinatının 6 may 1996-cı il tarixdən 16 oktyabr 1998-ci il tarixədək mövcud olub-olmadığını araşdırmaq məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanan 22 dekabr 2021-ci il tarixli **********79 nömrəli məktuba gələn cavabda Bakı Zərif Mahud Kombinatının dövlət reyestrində 29 mart 1995-ci il tarixdə D-442 nömrə ilə dövlət geydiyyatından keçməsi, kombinatın 22 avqust 1998-ci il tarixdə ləğv edilməsi barədə məlumat verilmişdir. İddiaçının 22 avqust 1998-ci il tarixdə ləğv edilmiş Bakı Zərif Mahud Kombinatından 16 oktyabr 1998-ci il tarixdə işdən azad edilməsi onun 2 sentyabr 1985-ci il tarixdə tərtib edilmiş əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına alır. Bundan əlavə 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının mübahisələndirilməyən 24 il 03 ay sosial sığorta stajının nəzərə alındığı təqdirdə qanunla tələb edilən 25 il sosial sığorta stajı və ya pensiya kapitalı tələbi (28.800 manat) ödənilmir. 24 il x 306 = 7.344 manat; 1) 2007-ci il üzrə: 7.344 + 8,3% = 7.953 manat; 2) 2008-ci il üzrə: 7.953 + 16,7% = 9.281 manat; 3) 2009-cu il üzrə: 9.281 + 20,8% = 11.212 manat; 4) 2010-cu il üzrə: 11.212 + 1,5% = 11.380 manat; 5) 2011-ci il üzrə: 11.380 + 5,7% = 12.029 manat; 6) 2012-ci il üzrə: 12.029 + 7,9% = 12.979 manat; 7) 2013-cü il üzrə: 12.979 + 1,1% = 13.122 manat; 8) 2014-cü il üzrə: 13.122 + 2,4% = 13.437 manat; 9) 2015-ci il üzrə: 13.437 + 1,4% = 13.625 manat; 10) 2016-cı il üzrə: 13.625 + 4% = 14.170 manat; 11) 2017-ci üzrə: 14.170 + 12,4% = 15.927 manat; 12) 2018-ci il üzrə: 15.927 + 5,7% = 16.835 manat; 13) 2019-cu il üzrə: 16.835 + 3% = 17.340 manat; 14) 2020-ci il üzrə: 17.340 + 16.6 % = 20.219 manat; 15) 2021-ci il üzrə: 20.219 + 5.7 %= 22.524 manat. Qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin olunmaması məhkəmədən xahiş edilir. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə əlavə ərizə təqdim etmiş və ona 65 yaşdan yaşa görə əmək pensiyasının təuyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda (İPM-in 8.1.1 – 8.1.3-1-ci maddələrində göstərilən hallardan başqa) iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İnzibati orqan iddiaçının müvafiq müraciəti üzrə qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Məhkəmə hazırkı mübahisənin ərazi aidiyyəti ilə bağlı Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, işə İPM-in 8.1.4-cü maddəsinə uyğun olaraq cavabdehin olduğu yer, yəni Bakı şəhərinin Nərimanov rayonu üzrə müvafiq inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması qanunauyğundur. İş materialları Bakı İnzibati Məhkəməsinin icraatına 1 oktyabr 2021-ci il tarixdən əvvəlki dövrdə daxil olduğundan, mübahisənin ərazi aidiyyəti İPM-in 8.1.2-ci maddəsinin həmin tarixdən sonra qüvvədə olan tələblərinin təsiri altına düşmür. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanunvericiliyinin qüvvədə olan tələbləri müvafq yaş həddinə çatmış kişilər yaşa görə əmək pensiyasının təyin olunmasını aşağıdakı hallardan hər hansı birinin mövcud olması ilə şərtləndirir: sığorta stajından asılı olmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; 25 il sığorta stajının olması. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmasını onun 24 il 3 ay sosial sığorta stajının toplandığını, əmək kitabçasında qeyd olunan 1996-cı ilin may ayından 1998-ci ilin oktyabr ayınadək Bakı Zərif Mahud Kombinatında işlədiyi müddətin əmək haqqı alması barədə sənədlərin əldə olunmaması səbəbindən sığorta stajı kimi nəzərə alınmaması, 1 yanvar 2006-cı il tarixdən sonrakı dövrdə pensiya kapitalı qeydə alınmamaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 22.524 manat həcmində, yəni əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına (28.800 manat tələb olunur) imkan verməməsi ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır və vurğulayır ki, İddiaçı 1996-cı ilin noyabr və dekabr ayları üzrə və 1997-ci ili bütövülükdə (12 ay) Bakı Zərif Mahud Kombinatında əmək haqqı alması iş materiallarında olan 9 aprel 2021-ci il tarixli artix arayışında təsdiqini tapır. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh həmin Kombinatın 1995-ci ildə müvafiq qaydada qeydiyyat alındığını və 22 avqust 1998-ci il tarixdə ləğv edildiyini bildirir, lakin iddiaçınəın əmək kitabçasında onun həmin qurumda 16 oktyabr 1998-ci il tarixədək işləməsinin göstərilməsi, 22 avqust 1998-ci il tarixədək iş fəaliyyətinin mötəbərliyini təkzib etmir. Bundan başqa, iddiaçının arxiv arayışına əsasən əmək haqqı aldığı 14 aylıq müddət (1996 – 1997-ci illər üzrə) cavabdeh tərəfində mübahisələndirilməyən 24 il 3 aylıq sığorta stajı ilə birlikdə onun 25 il 5 ay sosial sığorta stajına malik olmasını isbat edir ki, bu da müvafiq yaşda yaşa görə əmək pensiyası hüququ yaradır. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçası və 9 aprel 2021-ci il tarixli arxiv arayışı həmin sənədlərdə göstərilən məlumatların həqiqətə uyğun olmadığını cavabdeh tərəf sübuta yetirmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən bu məlumatları daşıyan sənəd kimi mötəbər hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin səkkizinci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikasının 1 fevral 1999-cu il 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 1996 – 1997-ci illər üzrə məbləğlərinin araşdırılması zərurəti yaranmadığından, məhkəmə icraatında həmin xüsusatlara toxunulmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafisə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-3653/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3653/2022
14.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver