Məhkəmə qərarları › İş №e-2-1(112)-3653/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3653/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3653/2025 02.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5 cəlb edilməklə) “çıxarışın ləğv edilməsi və yeni çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 2 saylı evin 48 saylı mənzilinin iddiaçı adına mülkiyyət kimi qeydiyyat alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməklə həmin əmlakın əvvəlki mülkiyyətçisi X2 mülkiyyətinə qaytarılması, bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması, eyni zamanda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 2 saylı evin 48 saylı mənzilinin üzərində İddiaçı QSC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində bərpa edilməklə həmin əmlak üzərində İddiaçı QSC-nin xeyrinə ipoteka yüklülüyünün qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağayev Rauf Səlim oğlu ilə AccessBank QSC arasında xx.xx.2008-ci il tarixli 02L000002764 saylı kredit xətti müqaviləsi bağlanmış, kredit xətti müqaviləsi çərçivəsində tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli 02R000016263 saylı kredit razılaşmasına əsasən Rauf Ağayevə bank tərəfindən 36 ay müddətinə 200000 ABŞ Dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə Ağayev Rauf Səlim oğlunun öhdəliklərinin icrasının təminatı məqsədi ilə X5 ilə AccessBank QSC arasında xx.xx.2008-ci il tarixli 02M000000494 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən Vüqar Ağayev mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi, 2 saylı evin 48 saylı mənzilini Rauf Ağayevin AccessBank QSC qarşısındakı kredit öhdəliklərinin icrasının təminatı üçün yüklü etmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən bank tərəfindən ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün icra qeydinin verilməsi üçün notariat ofisinə müraciət edilmişdir. Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2014-cü il tarixli 7E-8099 saylı icra qeydi verilərək əmlaka tutma yönəldilmişdir. Notarius tərəfindən icra qeydi verildikdən sonra icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmiş, icra şöbəsi tərəfindən əmlakın açıq hərracdan satılaraq realizə olunması üçün hərrac mərkəzinə sifariş verilmişdir. Hərrac mərkəzi tərəfindən hərrac prosesi həyata keçirilmiş, yekunda əmlak hərracda satılmadığından ipoteka saxlayan banka təklif edilmişdir. Bank tərəfindən təklif qəbul edilərək əmlakın borcun müəyyən hissəsinin qarşılığında bankın mülkiyyətinə götürülməsinə razılıq verilmişdir. Bundan sonra xx.xx.2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Bakışəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi 2 saylıevin 48 saylı mənzilinin AccessBank QSC-nin mülkiyyətinə götürülməsini təsdiq edən RX № ******* saylı çıxarış verilmişdir. Həmçinin bank tərəfindən cavabdehlərə qarşı kredit borcunun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)-124/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Ağayev Rauf Səlim oğlu, X5 və X1 müştərək qaydada 125904.66 ABŞ dolları əsas, 22215.53 ABŞ dolları faiz və 5000 ABŞ dolları cərimə olmaqla cəmi 153120.19 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla manatla, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" QSC-nin tutulması qət edilmişdir. Bundan sonra X5 tərəfindən hərrac prosesi və notariusun icra qeydi mübahisələndirilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-214/2016 saylı qətnaməsinə əsasən iddiaçı X2 cavabdehlər Bakı şəhəri 53 saylı Notariat Kontoruna, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-yə və AccessBank QSC-yə qarşı hərracın nəticələrinin ləğv edilməsi və icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016cı il tarixli 2(103)-5548/2016 saylı qətnaməsinə əsasən AccessBank QSC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakışəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-214/2016 saylı qətnaməsi qüvvəsində saxlanmışdır. Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli 2(102)-211/2017 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-5548/2016 saylı qətnaməsi qüvvəsində saxlanmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi, 2 saylı evin 48 saylı mənzili hazırda AccessBank QSC-nin mülkiyyətindədir. Lakin mənzilin İddiaçı QSC-nin adına mülkiyyət kimi qeydə alınmasına, DƏDRX-dən çıxarış verilməsinə, həmin əmlakın ipoteka yüklülüyünə xitam verilməsinə əsas olmuş notariusun icra qeydi ləğv edilmişdir. AccessBank QSC tərəfindən icrada dönüş edilməsinə dair ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edilsə də, ərizə təmin edilməmiş və qeyd olunan məsələ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi tövsiyə edilmişdir. Bundan sonra bank tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi, 2 saylı evin 48 saylı mənzilinin İddiaçı QSCnin adına mülkiyyət kimi qeyd alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməklə həmin əmlakın əvvəlki mülkiyyətçi X2 mülkiyyətinə qaytarılması, bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması, eyni zamanda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi, 2 saylı evin 48 saylı mənzilinin üzərində İddiaçı QSC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində bərpa edilməklə həmin əmlakın üzərində İddiaçı QSC-nin xeyrinə əvvəlki ipoteka yüklülüyünün qeydiyyatının aparılmasını xahiş edilsə də, həmin idarə tərəfindən bundan imtina edilmiş və sözügedən məsələyə DƏDRX-ə ünvanlanacaq yekun məhkəmə qərarına uyğun olaraq baxıla biləcəyi bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı inzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X5 iddiaçı AccessBank” QSC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi və s.” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********30 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma ilə əlaqədar bildiririk ki, qeyd olunan ünvanda yerləşən mənzil hazırda İddiaçı QSC-nin mülkiyyətindədir. Həmin əmlakın əvvəlki mülkiyyətçi X2 mülkiyyətinə qaytarılması ilə bağlı müraciətə sözügedən məsələyə dair idarəyə ünvanlanacaq yekun məhkəmə qərarına uyğun olaraq baxıla biləcəyi barədə iddiaçıya cavab məktubu ünvanlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini olduğu kimi müdafiə edərək iddianın tam şəkildə təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə iddiaya münasibətdə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı hazırkı tələbi ilə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etdiyinə görə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov küçəsində yerləşən 2 saylı, 5 mərtəbəli binada yerləşən, 52.33 kv.m. ümumi yaşayış sahəsindən ibarət 2 otaqlı 48 saylı mənzil üzərində X2 mülkiyyət hüquqları qeydə alınmışdır. -02L000002764 nömrəli kredit xətti müqaviləsindən görünür ki, həmin müqavilə Ağayev Rauf Səlim oğlu ilə “AccessBank" QSC arasında xx.xx.2008-ci il tarixdə bağlanmış, kredit xətti müqaviləsi çərçivəsində tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli 02R000016263 nömrəli kredit razılaşmasına əsasən Rauf Ağayevə bank tərəfindən 36 ay müddətinə 200000 ABŞ Dolları məbləğində kredit verilmişdir. -İddiaçı QSC ilə X5 arasında bağlanmış 13 iyun 2008-ci il tarixli 02M000000494 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, X5 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov küçəsində yerləşən 2 saylı, 5 mərtəbəli binada yerləşən, 52.33 kv.m. ümumi yaşayış sahəsindən ibarət 2 otaqlı 48 saylı mənzili Ağayev Rauf Səlim oğlu ilə bağlanmış həmin tarixli 02R0000İ6263 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı məqsədilə ipoteka ilə yüklü etmişdir -xx.xx.2014-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, «Notariat Haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən həmin sənədlər üzrə ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (ümumilikdə cəmi 375764,19 ABŞ dolları məbləğində borc, 31 manat xidmət haqqı və 10 manat dövlət rüsumu) tələbi, ipoteka qoyan X4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində istifadədə olan 0,078 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binada yerləşən 52,3 kvm. ümumi, 35,5 kvm. yaşayış sahəsindən ibarət 2 otaqlı 48 nömrəli mənzilə tutma yönəldilmişdir. -Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun və “İpoteka haqqında” Qanununun tələbləri qaydasında, Dövlət Notariat Kontorunun 7E-8099 saylı, xx.xx.2014-cü il tarixli icra qeydinin, Sabunçu rayon icra şöbəsinin 20737-4667/12 saylı, xx.xx.2015-ci il tarixli məktubunun və İddiaçı QSC-nin müvafiq məktubunun icrasına əsasən bağlanmışdır. -Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov küçəsi, ev 2, mənzil 48 üzərində İddiaçı QSC-nin mülkiyyət hüquqları qeydə alınmışdır. -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-214/2016 nömrəli, xx.xx.2016cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən 53 saylı Dövlət Notariat Kontorunun 10 iyun 2014-cü il tarixli 7 E-8099 saylı icra qeydi üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov küçəsində yerləşən 2 saylı, 5 mərtəbəli binada yerləşən 52.33 kv.metr ümumi sahəsindən ibarət 2 otaqlı 48 saylı mənzilin açıq hərracda satılması üçün 11 noyabr 2015-ci il tarixdə saat 11:00-da keçirilmiş açıq hərracın nəticələri ləğv edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov küçəsində yerləşən 2 saylı, 5 mərtəbəli binada yerləşən, 52.33 kv.metr ümumi sahəsindən ibarət 2 otaqlı 48 saylı mənzilin ilkin qiyməti müəyyən edilməsi barədə “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında akt” etibarsız hesab edilmiş və Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 10 iyun 2024-cü il tarixli, 7E-8099 saylı icra qeydi ləğv edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5548/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə ilə üçüncü şəxs “AccessBank" QSC tərəfindən verilmiş apellyasiva şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-214/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi üçüncü şəxs “AccessBank" QSC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-211/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 16 avqust 2016-cı il tarixli, 2(103)-5548/16 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(008)- 353/2024 nömrəli qərardadından görünür ki, “AccessBank QSC-nin nümayəndəsi Nümayəndə məhkəməyə icrada dönüş edilməsi barədə ərizə ilə müraciət edək, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi 2 nömrəli evin 48 nömrəli mənzilinin “AccessBank" QSC- nin adına mülkiyyət kimi qeyd alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməklə həmin əmlakın əvvəlki mülkiyyətçi X2 mülkiyyətinə qaytarılması, bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması, eyni zamanda Bakı şəhəri, Sabunçu rayonu. Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 2 nömrəli evin 48 nömrəli mənzilinin üzərində "xxxx" QSC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində bərpa edilməklə həmin əmlakın üzərində “AccessBank' QSC-nin xeyrinə əvvəlki ipoteka yüklülüyünün qeydiyyatının aparılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmin qərardad ilə ərizə təmin edilməmiş və Azərbaycan Respublikası DƏDRX-nə müraciət edilməsi tövsiyə olunmuşdur. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 8(103)-255/2024 nömrəli qərardadı ilə İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(008)-353/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsindən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqlarının qeydiyyatı əmlak üzərində hüquqların dövlət tərəfindən tanınmasını və qorunmasını təmin edən hüquqi mexanizmdir. Bu proses xüsusilə daşınmaz əmlakla bağlı hüquqların rəsmiləşdirilməsi üçün tətbiq olunur. Qeydiyyat nəticəsində mülkiyyət hüququ dövlət tərəfindən rəsmən tanınır və üçüncü şəxslərə qarşı müdafiə olunur (erga omnes prinsipi). Nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun dövlət qeydiyyatının həyata keçirilməsi, yalnız həmin hüququn yaranmasını və qanunvericilikdə nəzərdə tutulan əsasların mövcudluğunu təsdiq edən hüquqi sənədlərin təqdim edilməsi şərti ilə mümkün olur və bu halda hüquq sahibinin mülkiyyət hüququnun tanınmasını, rəsmiləşdirilməsini və üçüncü şəxslərə qarşı müdafiəsini təmin etmək məqsədilə dövlət qeydiyyatını tələb etmək hüquqi imkanı yaranır. Burada xüsusi ilə diqqətə çatdırılmalıdır ki, qanunvericilik mülkiyyət hüququnun qeydiyyatı üçün əsas olan sənədlərin əhatə dairəsini dəqiq olaraq təsbit etmişdir. Əgər şəxs qanunla müəyyən olunmuş hər hansı bir sənədə malik olarsa onun həmin əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirilir. Lakin bəzi hallarda mülkiyyət hüquqlarının qeydiyyatının düzgün həyata keçirilmədiyinidə rast gəlmək olur. Bu cür hallarda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.3-cü və 2.4-cü bəndinə əsasən şəxsin həmin hüquqları məhkəmə qaydasında mübahisələndirmək imkanı verilir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi iki hissədən ibarətdir:

1. Mübahisə predmeti olan mənzil üzərində İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququna dair qeydiyyatın və çıxarışın ləğv edilərək həmin mənzil üzərində əvvəlki hüquqi vəziyyətin bərpa edilməsi, yəni X2 adına mülkiyyət hüququ ilə qeydiyyata alınması,

2. Eyni mənzil üzərində İddiaçı QSC-nin ipoteka yüklülüyünün yenidən qeydiyyatı. İşin müəyən edilmiş hallarına görə, mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 2 saylı, 5 mərtəbəli yaşayış binasının 48 saylı mənzili əvvəllər üçüncü şəxs X4 mülkiyyətində olmuş, üçüncü şəxsin qardaşı ilə iddiaçı arasında kredit xətti üzrə müqavilə bağlanmış, həmin müqavilə zənnində üçüncü şəxsin qardaşı Ağayev Rauf Səlim oğlunun kredit borcunun ödənilməsinin təminatı olaraq mənzil ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi mübahisəli mənzil Ağayev Rauf Səlim oğlunun kredit öhdəliklərinin təminatı məqsədilə İddiaçı QSC-nin xeyrinə ipoteka predmetinə çevrilmişdir ki, kreditin ödənilməməsi nəticəsində mənzilə yönəlmiş tutma əsasında açıq hərrac keçirilmiş və həmin hərracın nəticəsi üzrə mülkiyyət hüququ iddiaçının adına rəsmiləşdirilmişdir. Lakin bu qeydiyyata əsas verən 53 saylı Dövlət Notariat Kontorunun xx.xx.2014-cü il tarixli, 7E-8099 saylı icra qeydi və Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən xx.xx.2015-ci il tarixdə keçirilmiş açıq hərracın nəticələri, sonradan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında ləğv olunmuşdur. Göründüyü kimi, mənzil üzərində qeydiyyatın aparılmasına və çıxarışın verilməsinə əsas olan sənədlər ləğv edildiyindən, cavabdeh tərəfindən iddiaçının adına aparılmış qeydiyyatın hüquqi əsası öz əhəmiyyətini itirmişdir. Odur ki, həmin sənədlər əsasında mənzil üzərində iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat da əsassız sayılmalıdır. Tələbin digər hissələri ilə bağlı məhkəmə qeyd edir ki, daşınmaz əmlaka dair aparılmış qeydiyyatın ləğv olunması və əvvəlki mülkiyyətçi X2 adına yenidən qeydiyyatın aparılması cavabdeh tərəfindən həyata keçirilməli olan inzibati hüquqi hərəkətdir. İddiaçı QSC ilə X5 arasında bağlanmış 13 iyun 2008-ci il tarixli 02M000000494 saylı ipoteka müqaviləsi qüvvədədir və xarakter baxımından kredit borcunun təminatı kimi çıxış edir. İpoteka yüklülüyünün dövlət qeydiyyatı daşınmaz əmlak hüquqlarının publik hüquqi müdafiə mexanizmidir və hüquqi aktın (ipoteka müqaviləsinin) qüvvədə olması şərtilə bu qeydiyyat da hüquqi dövriyyədə mövcud olmalıdır. Hazırkı iddia üzrə mülkiyyət əvvəlki hüquq sahibinə X2 adına bərpa edildiyindən, bu halda, əmlak üzərində əvvəl mövcud olmuş ipoteka yüklülüyünün də hüquqi statusu bərpa olunmalıdır. Cavabdeh orqan bu qeydiyyatı həyata keçirməkdən imtina edirsə, bu, qanuni ipoteka hüququnun pozulmasıdır və iddiaçının qanunla qorunan maraqlarına zərər yetirir. Bu baxımdan, cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 2 saylı evin 48 saylı mənzilin İddiaçı QSC-nin adına mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeyidyyat əsasında iddiaçının adına verilmiş çıxarış ləğv edilməklə, qeyd olunan mənzil üzərində əvvəlki mülkiyyətçisi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, eyni zamanda mənzilin üzərində İddiaçı QSC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində bərpa edilməklə, həmin əmlak üzərində İddiaçı QSC-nin xeyrinə ipoteka yüklülüyünün qeydiyyatının aparılması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar