Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3694/2025 08.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1964-cü il təvəllüdlür. İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək hərbi xidmət keçmişdir (02 il 01 ay 18 gün). xx.xx.1982-ci il tarixli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Tovuz konserv zavodunda müvəqqəti fəhlə (11 ay 09 gün); - xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Tovuz konserv zavodunda müvəqqəti fəhlə (05 ay 16 gün); - xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək “Azərkoop” inşaat tresti Tovuz 7 nömrəli tikinti sahəsində fəhlə (01 ay 28 gün); - xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək çilingər və usta (06 il 06 ay 04 gün); - xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Bakı XTQİ 2 nömrəli tikinti sahəsində sahə rəisi (01 il 04 ay 27 gün); - xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək X7, Tovuz karxanasında təmir üzrə çilingər (1 il 11 gün); - xx.xx.1994-cü il tarixdən xx.xx.2014-cü il tarixədək X7, Tovuz mineral əlavələr karxanasında usta, karxana sex rəisi və daö işləri üzrə mühəndis (19 il 09 ay 15 gün); - xx.xx.2014-cü il tarixdən hal-hazıradək "xxxx" QSC Tikinti Departamentinin Mexanika-Energetika şöbəsində mexanizmlər üzrə böyük mütəxəsis (xx.xx.2014xx.xx.2016 mütəxəssis) vəzifəsində işləyir (xx.xx.2024-cü il tarixədək 09 il 06 ay 09 gün). İddiaçı ilk dəfə xx.xx.2024-cü il tarixdə, daha sonra xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli imtina məktubları əsasında iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir: “...Mərkəzə təqdim etdiyiniz “Bakısementtəmiri” kollektiv müəssisəsinin sizə dair 20 avqust 2024-cü il tarixli 48 nömrəli arayışında xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə çilingər və usta vəzifələrində işlədiyiniz qeyd olunub. Lakin sözügedən arayışda gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyiniz müəssisələrin fəaliyyət istiqaməti və s.) barədə hər hansı məlumat göstərilməyib. Eyni zamanda, çilingər vəzifəsində işlədiyiniz “Bakısementtəmiri” kollektiv müəssisəsinin fəaliyyət sahəsi yuxarıda qeyd olunan metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə aid deyil, həmçinin sözügedən arayışda usta vəzifəsində işlədiyiniz müddətdə tikinti və quraşdırma işləri üzrə məşğul olub-olmamağınız barədə də hər hansı məlumat qeyd olunmayıb. Bundan başqa, "xxxx" ASC-nin Sizə dair 16 avqust 2024-cü il tarixli arayışında xx.xx.2003-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində X4 dağ işləri üzrə mühəndis vəzifəsində işlədiyiniz qeyd olunub. Bununla əlaqədar, həmin dövrə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə adıçəkilən müəssisəyə sorğu göndərilib. Lakin müvafiq sorğumuza cavab olaraq göndərilmiş arayışda mühəndis vəzifəsində işlədiyiniz müddətdə istehsalat sahələrinin növbələrində məşğul olub-olmamağınız barədə hər hansı məlumat qeyd edilməyib. Buna görə də, yuxarıda qeyd olunan dövrləri güzəştli iş stajınıza daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də Sizin güzəştli iş stajınız 12 il 6 aydan az (7 il 4 ay (xx.xx.1994xx.xx.2001-ci il tarixləri arasındakı dövr) təşkil edir.” İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdən etibarən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasiyasının təyin edilməsi üçün ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən verilmiş 12 sentybar 2024-cü il tarixli cavab məktubundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş yaş həddinə çatsa da 12 il 06 aydan az güzəştli iş stajına malik olmasına istinad edilərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. Belə ki, cavab məktubunda qeyd edilmişdir ki, iş yeri tərəfindən verilmiş arayışda "xxxx" ASC-də dağ-mədən işləri üzrə mühəndis vəzifəsində çalışdığı zaman “istehsal sahələrinin növbələrində məşğul olub-olmamadığım barədə hər hansı məlumat qeyd edilmədiyinə” görə həmin dövrün güzəştli iş stajına daxil edilməsi qeyri-mümkündür. Yəni, güzəştli iş stajının 07 il 04 ay olduğu qeyd olunmuş, xx.xx.2003-cü ildən xx.xx.2014-cü il tarixədək dağ işləri üzrə mühəndis vəzifəsində çalışdığı 11 il 4 ay 28 gün müddət güzəştli iş stajı kimi hesablanmamışdır. İddiaçı tələbinin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad etmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallardan da aydın olduğu kimi iddiaçı Ç.Məmmədov güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2024-cü il tarixdə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-219774/2024 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajının tamam anmaması səbəbindən ona əmək pensiyası təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşa çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərə daxildir:
1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə kişilərin 12 il 6 ay güzəştli iş stajı olmalıdır;
2. 25 il ümumi iş stajı və ya tələb olunan pensiya kapitalı olmalıdır. Eyni zamanda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri yarımbölməsinin (1.2) açıqda dağ-mədən işləri və yer səthində işlər bəndinin (1.2.1) fəhlələr yarımbəndində (a) istehsalat sahələrinin növbələrində məşğul olan mühəndislər, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndinin fəhlələr yarımbəndində (a) avadanlıqların təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər) vəzifəsi, polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar və mütəxəssislər yarımbəndində (b) tikinti və quraşdırma işləri üzrə ustalar vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi filiala təqdim etdiyi “Bakısementtəmiri” kollektiv müəssisəsinin ona dair 20 avqust 2024-cü il tarixli 48 nömrəli arayışında xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə çilingər və usta vəzifələrində işlədiyi geyd olunub. Lakin sözügedən arayışda iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hügugu verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisələrin fəaliyyət istiqaməti və s.) barədə hər hansı məlumat göstərilməmişdir. Eyni zamanda, iddiaçı Ç.Məmmədovun çilingər vəzifəsində işlədiyi “Bakısementtəmiri” kollektiv müəssisəsinin fəaliyyət sahəsi yuxarıda qeyd olunan metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə aid deyil, həmçinin sözügedən arayışda iddiaçının usta vəzifəsində işlədiyi müddətdə tikinti və quraşdırma işləri üzrə məşğul olub-olmamağı barədə də hər hansı məlumat qeyd olunmamışdır. Bundan başqa, "xxxx" ASC-nin iddiaçıya dair 16 avqust 2024-cü il tarixli arayışında xx.xx.2003-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində X4 dağ işləri üzrə mühəndis vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, həmin dövrə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə adıçəkilən müəssisəyə sorğu göndərilmişdir. Lakin müvafiq sorğuya cavab olaraq göndərilmiş arayışda iddiaçının mühəndis vəzifəsində işlədiyi müddətdə istehsalat sahələrinin növbələrində məşğul olub-olmamağı barədə hər hansı məlumat qeyd edilməmişdir. Buna görə də, yuxarıda qeyd olunan dövrləri iddiaçının güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 4 ay (xx.xx.1994-xx.xx.2001-ci il tarixləri arasındakı dövr) təşkil edir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat. vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Analoji iş üzrə Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-482/2024 nömrəli qərarında qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə kollegiyası nəzərə almışdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə kollegiyası, həmçinin oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır (2-1 (102)-1410/2021, 2-1(102)-131/2022, 2-1(102)- 1399/2023 №-li işlər üzrə qərarlar). Nəticədə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin iddianın təmin edilməsinə dair qərarı ləğv edilmişdir. Analoji iş üzrə Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-669/2024 nömrəli qərarında bildirilmişdir ki, apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmişdir. Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda geyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafig icra hakimiyyətinin təsdig etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təgdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olarag, işə baxılarkən həmin arayışın məzmunu diggətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən edilməlidir. Nəticə olaraq cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2-1(107)-430/2023 nömrəli qərarı ləğv edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
Tərəflərin iştirakı və izahatları:
İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının güzəştli iş stajı kifayət etdiyi üçün “Bakısementtəmiri” kollektiv müəssisəsi tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli 48 nömrəli arayış güzəştli iş stajını sübut edən sənəd kimi iddia ərizəsinə əlavə edilməmişdir. Sonda Vəkil iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkünlük şərtlərinə cavab verir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1.Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;[140] .... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sı:
1. Dağ-mədən işləri 1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər a) fəhlələr: növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri (çilingərlər) b) rəhbərlər və mütəxəssislər dağ-mədən ustaları, istehsalat sahələrinin növbələrində məşğul olan mühəndislər sex (dağ-mədən) rəisləri, onların müavinləri (köməkçiləri) Qanunvericiliyin tələbinə görə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı, o cümlədən bu müddətin axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmalı İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Belə ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair ilk dəfə xx.xx.2024-cü ildə müraciət etmişdir. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixə iddiaçının ümumi sığorta stajı ən azı 25 ildir (xx.xx.2024-cü il tarixədək 41 ildən çoxdur). Mübahisə cavabdehin mövqeyinə görə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının 12 il 6 ay olmaması ilə bağlıdır. Cavabdeh orqan iddiaçının güzəştli iş stajı kimi 7 il 4 ayı (xx.xx.1994-xx.xx.2001-ci il tarixləri arasındakı dövr) nəzərə alır. Məhkəmə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə qeyd edir ki, “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyət tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli güzəştli arayışda göstərilir “...X1 - 3.05.1964-cü il təvəllüdlü ona görə ki, O, həqiqətən X4 əmək şəraiti zərərli olan iş şəraitində tam iş günü ərzində aşağıdakı vəzifələrdə çalışmışdır:
1. Avadanlığın təmiri üzrə çilingər - 1.08.1993-cü il tarixdən - xx.xx.1994-cü il tarixinədək - 1.08.1993-cü il tarixli 100 К saylı əmr.
2. Dağ mədən ustası -xx.xx.1994-cü il tarixdən - xx.xx.2000-ci il tarixinədək xx.xx.1994-cü il tarixli 1 К saylı və xx.xx.1995-ci il tarixli 45 К saylı əmr.
3. Karxana sexi rəisi - 1.05.2000-ci il tarixindən - xx.xx.2001-ci il tarixədək - 1.05.2000-ci il tarixli 157 К saylı əmr.
4. Dağ işləri üzrə mühəndis - 2.01.2003-cü il tarixindən - xx.xx.2014-cü il tarixədək - 2.01.2003-cü il tarixli 30 К saylı əmr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarının “1. Dağ-mədən işləri bölməsinin, 1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər maddəsinin a) fəhlələr” bəndinə əsasən “növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri (çilingərlər)” və “b) rəhbərlər və mütəxəssislər” bəndinə əsasən “dağ-mədən ustaları”, “sex (dağ-mədən) rəisləri, onların müavinləri (köməkçiləri)” və “istehsalat sahələrinin növbələrində məşğul olan mühəndislər” peşələri güzəştli şərtlərlə pensiyaya gedir. Qeyd: Dag işləri üzrə mühəndis işlədiyi dövrdə mütəxəssis çatışmamazlığı səbəbindən işlərin təşkilində növbələr tətbiq etmək mümkün olmamışdır və bu səbəbdən göstərilən müddət ərzində istehsalat sahəsində tək olaraq (gərgin iş yükü ilə) növbəsiz əmək funksiyalarını yerinə yetirmişdir. Lakin zərurət yarandığı hallarda digər nöbələrdə də öz əmək fəaliyyətini davam etdirmişdir. Güzəştli stajın müddəti 19 il 9 ay 10 gündür.” Məhkəmə sorğusuna əsasən “Holcim (Azərbaycan)” ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda göstərilir: “...Sement istehsalında istifadə edilən əsas xammal əhəng daşıdır ki, bu sementin 80-85%-ni təşkil edir. Keçmiş X7na (hazırki Holcim (Azərbaycan) ASC) məxsus və 15-16 km məsafəsində yerləşən “əhəng daşı” karxanası mövcuddur. Həmçinin, sement istehsalında mineral əlavə kimi istifadə olunmuş və Tovuz rayonunda yerləşən “trass” karxanası mövcud olmuşdur. İddiaçı işlədiyi həm əhəndaşı karxanası, həm də trass karxanası açıqda dağ-mədən işləri və yer səthində işlər sahəsinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarının “1. Dağ-mədən işləri bölməsinin, 1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər maddəsinin, b) “rəhbərlər və mütəxəssislər” bəndinə əsasən “istehsalat sahələrinin növbələrində məşğul olan mühəndislər” peşələri güzəştli şərtlərlə pensiyaya gedir. Qeyd: Dağ işləri üzrə mühəndis işlədiyi dövrdə mütəxəssis çatışmamazlığı səbəbindən işlərin təşkilində növbələr tətbiq etmək mümkün olmamışdır və bu səbəbdən göstərilən müddət ərzində istehsalat sahəsində tək olaraq (gərgin iş yükü ilə) növbəsiz əmək funksiyalarını yerinə yetirmişdir. Lakin zərurət yarandığı hallarda digər nöbələrdə də öz əmək fəaliyyətini davam etdirmişdir. Dağ işləri üzrə mühəndis kimi əmək funksiysasına aşağıdakılar daxil edilmişdir: • Karxana obyektlərinin müayinəsi • Baş verə biləcək risklərin təhlili • Əhənd daşı və gil karxanasının texniki-iqtisadi əsaslandırmasının hazırlanması • Keyfiyyətli trass və gips yataqlarının seçilməsini təşkil edir. • Zavod mülkiyyətində olan binaların və avadanlıqların, trass yatağının mühafizə olunmasını həyata keçirir. • Zavod fasiləsiz olaraq gips və aktiv mineral əlavələrə olan tələbatını təmin edir. • Layihə-smeta sənədlərinin yaradılması • Mədən əməliyyatlarının dəyərinin və müddətinin hesablanması • Material nəqliyyat sistemlərinin inkişafı • Avadanlıqların istismara verilməsinin həyata keçirilməsi • Texnoloji avadanlıqlara texniki qulluq və təmir işlərinin yerinə yetirilməsi • Sahədə təhlükəsizlik standartlarına və qaydalarına riayət olunmasını təmin edilməsi”. Məhkəmə cavabdehin iddiaçının - xx.xx.2003-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində X4 dağ işləri üzrə mühəndis vəzifəsində işlədiyi müddətdə istehsalat sahələrinin növbələrində məşğul olub-olmaması ilə bağı mövqeyə münasibətdə bildirir ki, qanunvericilik həmin vəzifənin xüsusiyyətlərini nəzərə alaraq həmin istehsalat vəzifələrində növbələr əsasında işləyən şəxslərin iş stajını güzəştli iş stajı kimi nəzərə alımış, iddiaçı isə özündən asılı olmayan səbəbdən nəinki növbəlik, işlədiyi qrumun bildirməsinə görə mütəxəssis çatışmamazlığı səbəbindən işlərin təşkilində növbələr tətbiq etmək mümkün olmdığından istehsalat sahəsində tək olaraq (gərgin iş yükü ilə) növbəsiz əmək funksiyalarını yerinə yetirmiş, zərurət yarandığı hallarda digər nöbələrdə də öz əmək fəaliyyətini davam etdirmişdir. Məntiqi baxımından qanunvericilklə istehsalat vəzifələrində növbələr əsasında işləyən şəxslərin iş stajı güzəştli iş stajı kimi nəzərə alınırsa, növbələr tətbiq etmədən (daha artıq) işləyən şəxslərin də iş stajı mübahisəsiz nəzərə alınmalıdır. İşin araşdırılması zamanı iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının 12 il 6 aydan artıq olması işdə olan sübutlarla təsdiqini tapır. İddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2154/2023, xx.xx.2024-cü il tarixli 2-1(102)-90/2024 saylı qərarlarında mövqe eyni olmuşdur. Hətta, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2962/2024 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2- 1(103)- 1779/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmiş, məhkəmə kollegiyası qərarın 11-ci bəndində göstərmişdir ki, “...Həmçinin oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə görə, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-90/2024 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1844/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)- 945/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 954/2023 nömrəli və xx.xx.2023-cü il, 2-1(102)-1551/2023 nömrəli).” Odur ki, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X9