Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3696/2025 03.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəcəbli Hüseyn İlham oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli 3-21-2-3/2-197016/2024 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 197016/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ilə iddiaçı barəsində 2024-cü ilin avqust ayı üzrə 30841,70 manat ƏDV məbləği hesablanmışdır. İşin mahiyyəti ilə bağlı bildirilir ki, cavabdehin riskli kimi hesab etdiyi əməliyyatlar 2023-cü ilin iyul, avqust, oktyabr, dekabr və 2024-cü ilin may aylarında aparılmasına baxmayaraq, cavabdeh "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli **********193500 nömrəli qərarla riskli vergi ödəyicisi hesab olunmasını əsas gətirərək iddiaçının əvəzləşmələrini bir hesabat dövründə əsassız şəkildə ləğv etmişdir. Cavabdeh iddiaçıya təqdim etdiyi uyğunsuzluq məktubunda əməliyyatların riskli hesab olunmasına istinad etməklə alınan malların mövcudluğunu şübhə altına almışdır. Halbuki, təqdim olunan sənədlərdən göründüyü kimi, aparılan əməliyyatlar tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında malların (işlərin, xidmətlərin) təqdim olunmasına dair müqavilə bağlanmış və müvafiq protokollara əsasən razılaşdırılmış mallar əldə edilmişdir. Sonradan malları satan "xxxx" MMC vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınmış və iddiaçı ilə həmin şəxs arasında aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşmələr nəzərə alınmamışdır. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə, əmtəəsiz əməliyyat – verginəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Lakin cavabdeh iddiaçının mal aldığı şəxslə arasında aparılan əməliyyatın əmtəəsiz olmasını heç bir nəzarət tədbiri zamanı aşkar etməmiş, həmçinin başqa əməliyyatın pərdələnməsinə dair hər hansı əsas göstərilməmiş, faktiki malların təqdim edilmədiyini müəyyən etməmişdir. Vergi orqanı yalnız malsatanı riskli vergi ödəyicisi qrupuna salmaqla kifayətlənmiş, bundan sonra həmin riskliqərardan əvvəlki əməliyyatları “əmtəəsiz” hesab etmişdir. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçının elə bir səlahiyyəti yoxdur ki, mal aldığı şəxslərin həqiqətən də həmin malı rəsmi aldığını müəyyən edə bilsin. Bununla bağlı qanunvericiliyə dəyişiklik xx.xx.2024-cü ildən qüvvəyə minsə də, faktiki olaraq müvafiq proqram təminatı işləmədiyindən alıcı vergi ödəyicisinin satıcıdan malların onun mülkiyyətində olmasına dair təsdiqedici sənədləri istəməsi imkan xaricindədir. Həmçinin, hazırki mübahisə üzrə əvəzləşdirmə əməliyyatları 2023-cü ili, yəni hazırki dəyişiklik qanunvericiliyə ediləndən əvvəlki dövrü əhatə edir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-314037/2024 nömrəli məktubuna əlavə olunmuş yazılı etirazda qeyd etmişdir ki, 2024-cü ilin avqust ayında vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla avqust ayı üzrə 30841.7 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********454500 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin avqust ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 30841.7 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə müvafiq olaraq xx.xx.2024-cü il tarixli 3-21-2- 3/2-197016/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də (VÖEN: **********) əraziyə, binalara, avadanlıqlara baxış keçirilmişdir. Müşahidə baxış zamanı işlək vəziyətdə olmayan 2 ədəd boru istehsal edən avadanlıq aşkar edilmişdir. Həmçinin səyyar vergi yoxlaması zamanı xx.xx.2024-cü il tarixdə istehsal həcminin müəyyən edilməsi üçün mütəxəssis dəvət olunan anda da, həmin avadanlığın işlək vəziyətdə olmadığı müəyyən edilmişdir. Qeyd olunan məsələlərlə bağlı MMC-nin rəhbəri xx.xx.2024-cü il tarixdə baş idarəyə dəvət olunmuş və cəmiyyətin rəhbərindən qeyd olunan məsələlərlə bağlı izahat alınmışdır. (İzahat əlavə olunur) MMC-nin rəhbəri İzahatında boru istehsalı ekstruder avadanlığı ilə həyata keçirildiyini, 2023-cü ilə qədər 2 kustar üsulla quraşdırılmış boru istehsal edən avadanlığın olduğunu, 2023-cü ilin may ayında Dərnəgül boru zavodundan e-qaimə ilə 2 (iki) ədəd dəzgah aldıqlarının və yenisini aldıqdan sonra köhnə avadanlığı bugünki standartlara cavab vermədiyi üçün sökdüklərini və qalıqlarının sexin həyətində olduğunu bildirmişdir. Vergi ödəyicisi həmçinin 20-110 mm, 250-500 mm diametrli borular istehsal etdiyini bildirsə də, həmin boruların istehsalı üçün lazımi qəliblər aşkar edilməmişdir. Qeyd olunan xüsusatlar nəzərə alınmaqla, müəssisənin təqdim etdiyi bütün diametrdə boruların istehsalının faktiki olaraq, həyata keçirməsinin imkan xaricində olması və apardığı boru satışı ilə bağlı əməliyyatların, əmtəəsiz əməliyyat olması qənaətinə gəlinmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası mübahisələndirmə haqqında iddia (İPM-in 2.2.1 və 32.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli qərarı aldıqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş müddəti buraxmadan xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Beləliklə, o, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən tələb edilən 30 gün müddəti ötürməmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-21-2-9/2-6780/2024 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, “xx.xx.2024-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********)-də əraziyə, binalara, avadanlıqlara tərəfimizdən baxış keçirilmişdir. Müşahidə baxış zamanı işlək vəziyətdə olmayan 2 ədəd boru istehsal edən avadanlıq aşkar edilmişdir. Həmçinin səyyar vergi yoxlaması zamanı xx.xx.2024-cü il tarixdə istehsal həcminin müəyyən edilməsi üçün mütəxəssis dəvət olunan anda da, həmin avadanlığın işlək vəziyətdə olmadığı müəyyən edilmişdir. Qeyd olunan məsələlərlə bağlı MMC-nin rəhbəri xx.xx.2024-cü il tarixdə baş idarəyə dəvət olunmuş və cəmiyyətin rəhbərindən qeyd olunan məsələlərlə bağlı izahat alınmışdır. (İzahat əlavə olunur) MMC-nin rəhbəri İzahatında boru istehsalı ekstruder avadanlığı ilə həyata keçirildiyini, 2023-cü ilə qədər 2 kustar üsulla quraşdırılmış boru istehsal edən avadanlıqlarının olduğunu, 2023-cü ilin may ayında Dərnəgül boru zavodundan e-qaimə ilə 2(iki) ədəd dəzgah aldıqlarının və yenisini aldıqdan sonra köhnə avadanlığı bugünki standartlara cavab vermədiyi üçün sökdüklərini və qalıqlarının sexin həyətində olduğunu bildirmişdir. Vergi ödəyicisi həmçinin 20-110 mm, 250-500 mm diametrli borular istehsal etdiyini bildirsə də, həmin boruların istehsalı üçün lazımı qəliblər tərəfimizdən aşkar edilməmişdir. Qeyd olunan xüsusatlar nəzərə alınmaqla, müəssisənin təqdim etdiyi bütün diametrdə boruların istehsalının faktiki olaraq, həyata keçirməsinin imkan xaricində olması və apardığı boru satışı ilə bağlı əməliyyatlarının, əmtəəsiz əməliyyat olması qənaətinə gəlinmişdir.” Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubdan görünür ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla 30841.7 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində müəyyən olunmuş risklərlə bağlı ətraflı izahat məktubunun, müvafiq təsdiqedici sənədlərin və dəqiqləşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi iddiaçıdan tələb edilmişdir. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-197016/2024 nömrəli qərarına əsasən iddiaçıya 2024-cü ilin avqust ayı ƏDV üzrə 30.841,70 manat vergi hesablanmışdır. Səbəb olaraq qeyd olunmuşdur ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla 30841.7 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarına aşağıda göstərilən qanunvericilik normalarının tərbiqi baxımından hüquqi qiymət verərək iddia tələbinin əsaslı olduğunu hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Məhkəmə qeyd edir ki, vergi orqanının iddiaçının riskli vergi ödəyicisi hesab olunan şəxslə aparılmış əməliyyatlar və riskli hesab edilən e-qaimə fakturaların göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə ƏDV əvəzləşməsinin bərpa edildiyi əsası ilə qəbul etdiyi qərarının qəbul edilməsinə əsas olmuş əməliyyat qismindı iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış münasibətlər zənnində 2023-cü ilin müxtəlif tarixləri üzrə tərtib olunmuş e-qaimə fakturalar çıxış etmişdir. Nəzərə alınmalıdır ki, "xxxx" MMC e-qaimə fakturalar tərtib olunduqdan sonra vergi orqanının xx.xx.2024-cü il tarixli **********193500 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. Göründüyü kimi, iddiaçının vergi ödəyicisi ilə əməliyyatlar apardığı vaxt həmin hüquqi şəxs qanunvericiliyin tələblərinə müvafiq olaraq riskli vergi ödəyicisi olmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 83.7-cü maddəsinə görə vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nə əsasən: 1.3. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) rəsmi internet saytında yerləşdirilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaiməfaktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaiməfaktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs. 4.1. Bu Sənədin 2.1-ci bəndində nəzərdə tutulan meyarlardan ən azı birinə cavab verən əməliyyat üzrə vergi ödəyicisinə, habelə müvafiq əməliyyat üzrə həmin şəxsin təqdim etdiyi elektron qaimə-faktura üzrə malların (iş və xidmətlərin) alıcısına əməliyyatın aparıldığı (elektron qaimə-fakturanın təsdiq edildiyi) tarixdən 15 iş günü ərzində aparılmış əməliyyatın riskli olması barədə bildiriş-xəbərdarlıq göndərilir. Bildirişxəbərdarlıq elektron üsulla həmin şəxslərin elektron kabinetinə göndərilir. Bildirişxəbərdarlıqda əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halların aradan qaldırılması, əməliyyat üzrə təqdim edilmiş elektron qaimə-fakturanın ləğv edilməsi, əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlərin təqdim edilməsi tələb olunur. 4.2. Bildiriş-xəbərdarlıq göndərildikdən sonra 5 (beş) iş günü ərzində qeyd olunan hallar bütövlükdə aradan qaldırılmadıqda, əməliyyat üzrə təqdim edilmiş elektron qaiməfaktura ləğv edilmədikdə, habelə tələb olunan əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər təqdim edilmədikdə Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilərək 1 (bir) iş günü ərzində elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilir və əmtəəsiz əməliyyatla bağlı Vergi Məcəlləsinin 58.15-1-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar həmin qərarın qəbul edilməsinə əsas olan əməliyyatın aparıldığı tarixdən qüvvəyə minir. 4.3. Bu Sənədin 2.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicisinin mövcud resurslarının müvafiq işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün yetərli olmaması halı üzrə vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi bu Sənədin 4.1-ci bəndi ilə müəyyən edilmiş müddətdə vergi orqanı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən cəlb edilmiş mütəxəssisin yazılı şəkildə bildirdiyi fikri və ya ekspertin rəyi əsasında həyata keçirilir. 4.4. Aparılmış əməliyyat üzrə barəsində riskli vergi ödəyicisi elan edilməsi ilə bağlı qərar qəbul edilmiş vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması bu Sənədin 4.5-ci bəndində nəzərdə tutulan tələblər nəzərə alınmaqla, vergi ödəyicisinin elektron qaydada təqdim etdiyi ərizəsi əsasında həyata keçirilir. Vergi ödəyicisinin ərizəsinə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halların aradan qaldırılması ilə bağlı və ya əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər əlavə edilir. Digər dövlət orqanından (qurumundan) daxil olan məlumata və ya vergi nəzarəti tədbirinin nəticəsinə əsasən riskli vergi ödəyicisi elan edilməsi ilə bağlı qərar qəbul edilmiş vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vergi orqanının təşəbbüsü ilə həyata keçirilə bilər. Qanunvericiliyin tələblərinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmə hesab edir ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında müvafiq əməliyyatlarının aparılmasına dair xx.xx.2023-cü il tarixli EBDJ 15861 nömrəli, xx.xx.2023-cü il tarixli EBDK 483811 nömrəli, xx.xx.2023-cü il tarixli EBDM 709730 nömrəli, xx.xx.2023-cü il tarixli EBDR 441597 nömrəli, xx.xx.2023-cü il tarixli EBDV 833966 nömrəli, xx.xx.2024-cü il tarixli EBED 386564 nömrəli elektron qaimə-fakturalar tərtib edilən zaman "xxxx" MMC riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır. Belə ki, İnternet Vergi İdarəsinin portalındakı məlumatdan da görünür ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixli, **********193500 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. Beləliklə, məhkəmə işin hallarının qanunvericilik normaları ilə qarşılıqlı təhlili nəticəsində bu qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur. Cavabdehin mübahisələndirilən qərarı əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmiş, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamışdır. İPM-in: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır; 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Şərh olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən qəbul edilmiş mübahisəli qanunsuz inzibati akt ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı MMC-nin iddiası təmin edilsin. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-197016/2024 nömrəli qərarı ləğv edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3.
Məhkəmə qərarları › İş №e-2-1(112)-3696/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3696/2025
03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver