Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3758/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndə-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məhdudiyyətin götürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu Bülbül prospekti, ev 40, giriş 1-A, mənzil 21, Bakı şəhər, Nəsimi rayonu, Bülbül prospekti, ev 40, giriş 2B, mənzil 72, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1331 saylı bağ sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1331 a saylı bağ sahəsi, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1328 saylı bağ sahəsi üzərinə qoyulmuş məhdudiyyətlərin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunan daşınmaz əmlaklar İddiaçı İmdatovanın mülkiyyətindədir. Bu barədə müvafiq reyesrdən çıxarışlar mövcuddur. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən əsassız olaraq iddiaçıya məxsus olan yuxarıdakı əmlaklar üzərinə 1/113m nömrəli, xx.xx.2015-ci il tarixli məktubla məhdudiyyət qoyulmuşdur. Bildirilmişdir ki, İddiaçı İmdatovanın bu vaxta qədər heç bir bank və ya kredit təşkilatına borcu yoxdur. Heç bir mülki iş üzrə cavabdeh və ya iddiaçı deyil, heç bir cinayət işi üzrə təqsirləndirilən, zərərçəkmiş, şübhəli şəxs qismində istintaqa cəlb edilməmiş, barəsində qanuni qüvvəsini almış məhkəmə hökmü, qərarı və qətnaməsi yoxdur. Lakin iddiaçı müxtəlif vaxtlarda məhdudiyyətin götürülməsi üçün cavabdeh qeydiyyat orqanına rəsmi müraciət etsə də, cavabında sözügedən əmlaklar üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 1/113m nömrəli, xx.xx.2015-ci il tarixli məktubu ilə məhdudiyyətin qoyulduğu və həmin məhdudiyyətin götürülməsi üçün Daxili İşlər Nazirliyindən müraciətin tələb olunduğu qeyd edilmişdir. İddiaçı hesab edir ki, Daxili İşlər Nazirliyi tərəfindən ona məxsus olan yuxarıda sadalanan əmlaklar üzərinə məhdudiyyətin qoyulması qanunsuz və əsassızdır. Belə ki, bu faktiki olaraq adı məhdudiyyət olsa da, iddiaçının mülkiyyət hüquqlarını pozmuş, onun mülkiyyəti üzərində sərəncam vermək hüququnu məhdudlaşdırılaraq həbsin qoyulmasıdır. Ona görə də Daxili İşlər Nazirliyinin məktubu əsasında Azərbaycan Respublkası İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərədindən iddiaçıya məxsus olan əmlaklar üzərinə qoyulmuş məhdudiyyətlər götürülməlidir. Qanunvericilikdə istintaq hərəkəti kimi hər hansı məktub əsasında şəxsin əmlakı üzərində məhdudiyyətin qoyulması proseduru nəzərdə tutulmamışdır. Bundan başqa iddiaçı özü heç bir iş üzrə istintaqa cəlb edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üçüncü şəxs qismində işə cəlb edilmişdir. Cavabdeh DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixinə olan məlumata əsasən qeyd olunan ünvanlarda yerləşən daşınmaz əmlaklar üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 1/113m nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuş, lakin qeyd olunan məhdudiyyətin götürülməsi ilə bağlı hər hansı müraciət İdarəyə daxil olmamışdır. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə də istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 saylı evin 72 saylı mənzilin üzərinə AR Daxili İşlər Nazirliyinin 1/113m nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuş, lakin qeyd olunan məhdudiyyətin götürülməsi ilə bağlı hər hansı müraciət idarəyə daxil olmamışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş: xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 1331 a saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 1331 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 72 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 40, giriş 1 ünvanında yerləşən 21 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0.12 hektar torpaq sahəsindən ibarət 1328 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Azərbaycan Kredit Bürosu MMC tərəfindən İddiaçı borclarının şəxsi məlumatları barəsində olan xx.xx.2025-ci il tarixli, ST2446 saylı çıxarışdan görünür ki, İddiaçı aktiv öhdəlikləri mövcud deyil. -Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10 mart 2025-ci il tarixdə verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, İddiaçı məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkarlanmamışdır. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konsititusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.3-cü maddəsinə əsasən, hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə)- qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə); Həmin Qanunun 14-cü maddəsində hüquqların dövlət qeydiyyatının dayandırılması əsasları öz əksini tapmışdır: -14.1. Qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. -14.2. Qeydiyyatın dayandırılması əsaslandırılmalı və 48 saat ərzində ərizəçiyə yazılı şəkildə bildirilməlidir. Bu halda vəzifəli şəxs şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına sorğular göndərməli və həmin sorğulara cavab 7 gün müddətində verilməlidir. Bu cür sorğulara vaxtında cavab verməyən vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. Sorğuların forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -14.3. Hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -14.4. Qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir. -14.5. Bu Qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. -14.6-cı maddəsinə əsasən, ərizə jurnalında hüquqların dövlət qeydiyyatının dayandırılması barədə qeydlər edilməlidir. Məhkəmə qeyd edir ki, cinayət işinin icraatı zamanı əmlak üzərində həbsin qoyulması CPM-in 249-cu maddəsinə uyğun olaraq məhkəmə və ya müstəntiqin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 251.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs qoyulması haqqında qərar cinayət işi üzrə məhkəməyədək icraat zamanı müstəntiq, məhkəmə icraatı zamanı isə icra məmuru tərəfindən icra olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 138.1-ci maddəsinə əsasən əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır. Qanunvericilikdə əşyanın yüklülüyü dedikdə qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması nəzərdə tutulur. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılması (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) olduqda arayışda məhdudlaşdırılma (yüklülük) və buna əsas olan sənədlər haqqında məlumat (hüququ məhdudlaşdırılan şəxs, onun payı, məhdudlaşdırılmanın tarixi və növü, yüklü olan hissə, pay və ya paylar, yüklü edən şəxs, yüklülüyün müddəti, yüklülüyün qeydə alınma tarixi və s.) qeyd edilir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya məxsus, tələbdə qeyd edilmiş daşınmaz əmlaklar üzərində hər hansı məhdudiyyət və yüklülük olmamış, həmin əmlaklar üzərinə həbs qoyulmamışdır. İnzibati işin məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan iddiaçıya məxsus daşınmaz əmlaklar üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) qanun və ya əqd əsasında mövcud olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş və bu halı sübut edə bilməmişdir. Təqdim edilən yeganə məhdudlaşma əsası isə qanuna və əqdə əsaslanmayan AR Daxili İşlər Nazirliyi tərəfindən cavabdeh qeydiyyat orqanına ünvanlanan xx.xx.2015-ci il tarixli məktub olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin etirazının dəlilini əsasını təşkil edən AR Daxili İşlər Nazirliyi tərəfindən ünvanlanan məktub əmlak üzərində qanun və ya əqd əsasında yüklülük yaradan hal kimi qiymətləndirilə bilməzdi. Yəni qeyd edilən məktub iddiaçıya məxsus əmlak üzərinə məhdudiyyətin qoyulmasına heç bir hüquqi əsas yaratmır. Odur ki, hazırkı iş üzrə cavabdeh orqanın iddiaçıya məxsus əmlaklar üzərinə məhdudiyyət qoyulmasını bildirməsi iddiaçının əmlak hüquqlarını pozulmasına səbəb olmuşdur. Odur ki, məhkəmə hesab edir ki,cavabdeh inzibati orqan iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd olunanları, o cümlədən qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlak üzərindən məhdudiyyətin götürülməsindən imtina edilməsinin qanuni əsaslarının mövcud olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanunzidd qiymətləndirilməli və iddia təmin edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/113m saylı, xx.xx.2015-ci il tarixli məktub əsasında İddiaçı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən 21 saylı mənzilin, ünvan 1 ünvanında yerləşən 72 saylı mənzilin, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 1331 saylı bağ sahəsinin, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 1331 a saylı bağ sahəsinin, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 1328 saylı bağ sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən 21 saylı mənzilin, ünvan 1 ünvanında yerləşən 72 saylı mənzilin, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1331 saylı bağ sahəsinin, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1331 a saylı bağ sahəsinin və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1328 saylı bağ sahəsinin üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/113m saylı, xx.xx.2015-ci il tarixli məktubu əsasında qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-3758/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3758/2025
07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver