Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-3772/2025 12.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli 3-21-2-3/2-151479/2024 nömrəli Qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-151479/2024 nömrəli Qərara əsasən 2023-cü ilin Gəlir vergisi üzrə 33539,65 manat əlavə vergi məbləği hesablanmışdır. O, xərclərə dair təsdiqedici sənədi olmadığından 2023-cü il üzrə gəlir vergisini məcbur qalaraq Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabelik normasına əsasən hesablamışdır. Lakin vergi orqanı həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirmiş və onun 2023-cü il üzrə gəlirlərini 229530,00 manat, xərclərini 23726,75 manat, vergiyə cəlb olunan gəliri 205803,25 manat, gəlir vergisini isə 41160,65 manat müəyyən etmişdir. Başqa sözlə vergi orqanı onun xidmətlərin göstərilməsinə dair xərci olduğunu nəzərə almadan, ümumi gəlirinə birbaşa 20 faiz dərəcə ilə gəlir vergisi hesablamışdır. Halbuki, onun xərclərə dair sənədi olmadığından 2023-cü il üzrə Gəlir vergisi AR Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmalı idi. Belə ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M = G : ( 100 + R) x R burada: M — vergi ödəyicinin mənfəəti; G — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. Qaydaların 6.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Sadalanan normalardan aydın olur ki, vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergi orqanı ödənilməli olan gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1-ci bəndində müəyyən edilmiş düstür əsasında hesablayır. Odur ki, vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitəsindən istifadə etmirsə, onun xərclərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirin (ƏDV nəzərə alınmadan) müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarxili 55 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə ediyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Qaydalarına istinad etmək hüququndan imtina oluna bilməz. Qeyd edilənlərə əsasən 2023-cü ilin Gəlir vergisi Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.1-ci bəndinə əsasən aşağıdakı qaydada hesablanmalıdır: M = G : ( 100 + R) x R burada: M — vergi ödəyicinin mənfəəti; 1 1 1 1 1 1 1 Ərizəni imzalayan şəxs haqqında məlumat: G — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R — şərti rentabellik norması (20 faiz) 2023-cü il: Vergiyə cəlb edilən gəlir = 229530,00:(100 + 20) x 20 = 38.255,00 manat Mənfəət vergisi: 38255,00 * 20% = 7651,00. Göründüyü kimi, vergi ödəyicisinin xərclərə dair təsdiqedici sənədi olmadığına görə, onun ödəməli olduğu gəlir vergisi AR Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şərti rentabellik normasını tətbiq edərək hesablanmalı idi. Belə ki, iddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun göstərdiyi xidmətlərə hər hansı xərc çəkmədiyini göstərmir. Lakin vergi orqanı onun xidmətlərin göstərilməsindən əldə edilən gəlirinin olduğunu qəbul etsə də, hər hansı olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Beləliklə, onun ödəməli olduğu gəlir vergisi 2023-cü il üzrə 7651,00 manat ola bilcəyi halda, vergi orqanı tərəfindən iddiaçıya əsassız olaraq ümumilikdə 33539,65 manat əlavə vergi məbləği hesablanmışdır. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-292029/2024 №-li iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 292029/2024 №-li iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün "Səhiyyə sahəsində sair fəaliyyət” olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olmuş kameral vergi yoxlaması ilə bağlı bildiririk ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş 2023-cü ilin dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində əks etdirilmiş 50000,00 manat borca görə faiz xərci, 30000,00 manat ezamiyyə xərci və 20000,00 manat bank xərci məbləğləri ilə bağlı baza üzrə məlumat müəyyən edilməmiş, eyni zamanda təqdim edilmiş bəyannamənin “Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7-ci), "Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), "Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11-ci), “Mühafizə xərcləri” (1226.12-ci), "Reklam xərcləri" (1226.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (1230-cu) , "Nəqliyyat xərcləri" (1233-cü) , “Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (68366.40 manat), əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya "Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin "Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0.00 manat) cari il ərzində əldə edilmiş e- qaimə-fakturaların (rislki e-qaimə-fakturaların məbləği (0.00) istisna olmaqla) və alış aktlarının məbləği (497.17 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal- materialların (0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3- cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən (497.17 manat) bəyannamənin 1 N°-li Əlavəsinin "Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 0 manat) çıxılması nəticəsində yaranan (497.17 manat) məbləğin müqayisəsi nəticəsində 67.869,23 manat məbləğdə sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunan hallar kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bununla əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli uyğunsuzluq məktubu göndərilmişdir. Həmin məktub ilə uyğunsuzluq məktubunda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü il gəlir vergisi bəyannaməsi üzrə 33 539,65 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral yoxlamasının nəticəsi üzrə qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024- cü il tarixli 3-21-2-3/2-151479/2024 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edirlər ki, İddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-151479/2024 nömrəli qərar qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri həmin qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Lakin, vergi ödəyicisi müxtəlif üsul və vasitələrdən istifadə etməklə həmin qərarın ləğv olunmasına cəhd göstərir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən və nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılıb qərar çıxarılmasını xahiş etdiyindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş edi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: … Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. … Maddə 150. İddia ərizəsinə əlavə edilən sənədlər 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: ... 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Əsas anlayışlar 1.1 Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilmişdir: ... 1.1.5.Gücləndirilmiş elektron imza (bundan sonra - gücləndirilmiş imza) - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; ... 1.1.15. Elektron sənəd – elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audio-görüntü formasında saxlanılan kontent; ... 1.1.18. Sertifikatlaşdırılmış elektron imza vasitələri - müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron imza vasitələri; ... Maddə 6. Elektron imzanın dövlət idarəçiliyi sahəsində istifadəsi 6.1. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. İnzibati Prosessual Məcəllə. ... Maddə 9-1. İnzibati məhkəmə icraatının elektron qaydada aparılması. 9-1.1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 26. Prosessual fəaliyyət qabiliyyəti 26.1. İnzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: 26.1.1. mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; 26.1.2. mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. 26.2. Dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. ... Maddə 31. Prosessual nümayəndəlik 31.1. İnzibati məhkəmə icraatında inzibati məhkəmə icraatı iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. 31.2. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. ... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
İDDİANİN NÖVÜ VƏ MÜMKÜNLÜYÜ VƏ BUNA DAİR MƏHKƏMƏNİN MÖVQEYİ
Məhkəmə ilk öncə iddia tələbinə münasibətdə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi) İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Gəlmiş olduğu nəticə ilə bağlı məhkəmə bildirir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəməyə daxil olmuş iddia ərizəsi məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə iddiaçının nümayəndəsi və vəkili qismində Vəkil tərəfindən elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməklə təqdim edilmişdir. Bununla bağlı ilkin olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.7-ci maddəsinin tələbləri ondan ibarətdir ki, “Elektron Məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 1.1.5, 1.1.15 və 1.1.18-ci maddələrində verilmiş anlayışlara uyğun olaraq gücləndirilmiş elektron imza - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; elektron sənəd informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd; sertifikatlaşdırılmış elektron imza vasitələri isə - müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron imza vasitələridir. Həmin Qanunun 6.1-ci maddəsinin tələblərinə görə, dövlət hakimiyyəti orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. Göründüyü kimi, qanunverici dövlət hakimiyyəti orqanlarının informasiya sistemlərində, o cümlədən onun tərkib hissəsi kimi “Elektron Məhkəmə” informasiya sistemində elektron sənəd kimi istisnasız olaraq sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə gücləndirilmiş elektron imza ilə rəsmiləşdirilmiş sənəd hesab etmişdir. Məhkəmə qeyd edir ki, elektron məhkəmə informasiya sistemi vasitəsilə verilmiş iddia ərizələri onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi və ya vəkil) tərəfindən elektron imza ilə təsdiq edilməsi üçün sistemdə müvafiq funksionallıq mövcuddur. Hazırkı iş üzrə isə EMİS-dən görünür ki, iddiaçı ərizəsi xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaçının vəkili Vəkil tərəfindən ona məxsus elektron kabinet vasitəsilə elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə məhkəməyə təqdim edilməsinə baxmayaraq, iddia ərizəsinə əlavə olunmuş sənədlərə İddiaçı adından hər hansı hərəkətin edilməsi ilə bağlı müvafiq səlahiyyətə malik olmasını təsdiq edən etibarnamə əlavə edilməmişdir. Başqa sözlə desək, iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Vəkil tərəfindən ona məxsus elektron kabinet vasitəsilə elektron imza vasitəsilə imzalanmaqla məhkəməyə təqdim edilən zaman iddia ərizəsini imzalamaq səlahiyyətinin olmasını təsdiqedən sənəd (etibarnamə) təqdim edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, səlahiyyətli nümayəndə iddia tələbini imzalamaq, vətəndaşı təmsil etmək hüququna malikdir. Səlahiyyətli şəxs dedikdə, iddiaçının özü, nümayəndəsi başa düşülür. Səlahiyyətli şəxs anlayışı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 74.2-ci maddəsindən əlavə, MPM-in 69.2-ci maddəsi ilə də tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 73.2-ci maddəsinə əsasən, fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, sosial xidmət müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir. 73.5-ci maddəsinə əsasən, vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. 74.1-ci maddəsinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi,məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Yuxarıda istinad olunmuş maddə və bəndlərin mahiyyətindən aydın olur ki, səlahiyyətli nümayəndə o şəxs hesab olunur ki, iddia tələbini imzalamaq və məhkəmədə iddiaçının pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək hüququ qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə xüsusi göstərilməlidir. Eyni zamanda AR İPM-nin 31-ci maddəsinə görə inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Göründüyü kimi iddiaçını məhkəmə iclasında etibarnamə ilə ya vəkil, ya da yaxın qohumluq statusunda olan şəxs təmsil etmək hüququna malikdir ki, onun adından hər hansı hərəkətin edilməsi ilə bağlı müvafiq səlahiyyətə malik olmuş olsun. İş materiallarında olan etibarnamədən isə görünür ki, iddiaçı tərəfindən “iddia ərizəsini imzalamaq” səlahiyyəti də daxil olmaqla digər səlahiyyətlərin iddia ərizəsini imzalamış şəxsə ötürülməsi barədə etibarnamə yalnız xx.xx.2025-ci il tarixdə, yəni iddia ərizəsi məhkəməyə daxil olduğu gündən 7 (yeddi) aydan artıq bir müddət keçdikdən sonra təsdiq olunmuşdur. Beləliklə, iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə iddiaçının vəkili tərəfindən elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə məhkəməyə təqdim edildiyi zaman vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir ki, hazırki işdə sadalanan hallar öz əksini tapmır. Odur ki, ərizədə yazılanlar hazırki iş üzrə İddiaçı iradə ifadəsi kimi qiymətləndirilə bilməz. Belə ki, iddia mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev