Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3776/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 18 oktyabr 2024-cü il tarixli xx/xx-1030 saylı qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ,18 sentyabr 2024-cü il tarixdə +994 77 *** ** ** nömrəli telefondan zəng gələrək yaşadığı Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli 26 ünvanındakımənzillə bağlı əmlak vergisi öhdəliyinin yarandığı bildirilmiş və “whatsapp” vasitəsilə 16 sentyabr 2024-cü il tarixli tədiyyə bildirişi göndərilmişdir. Tədiyyə bildirişində isə ötən dövrlər üzrə 85.6 manat və əlavə olaraq isə 24.55 manat faiz borcu olduğu göstərilmişdir. İddiaçı “whatsapp” vasitəsilə göndərilən bildirişlə tanış olduqdan sonra bələdiyyənin +994 77 *** ** ** nömrəsinə geri yığaraq nəyə görə vaxtında ona bu barədə məlumat verilmədiyini soruşsa da onu qane edən cavab verilməmişdir. Bütün bunlara baxmayaraq ölkənin vətəndaşı olaraq 2024-cü il üzrə yaranmış vergi öhdəliyini 01 oktyabr 2024-cü il tarixdə ödəmişdir. Ötən dövrlə bağlı yazılan faiz borcunu isə bələdiyyə nümayəndələrinin səhlənkarlığı ilə bağlı olaraq ona vaxtında məlumat verilmədiyinə görə ödəməmişdir. 18 oktyabr 2024-cü il tarixdə yenidən qeyri-rəsmi şəkildə “whatsapp” vasitəsilə ona ödənilməyən borca görə bələdiyyə daxilində qərar çıxarıldığını və borcun ödənilməyəcəyi təqdirdə icra şöbəsinə yönləndiriləcəyi bildirilmişdir. Vergi Məcəlləsinin 200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyiərazinin bələdiyyəsi tərəfindən hesablanır. Vergi Məcəlləsinin 200.4-cü maddəsinə əsasən bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Vergi Məcəlləsinin 200.5-ci maddəsinə əsasən cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15dək və noyabrın 15-dək ödənilir. Vergi Məcəlləsindən də məlum olduğu kimi bələdiyyələrə həvalə olunan fiziki şəxslərin əmlak verigisi ilə bağlı tədiyyə bildirişləri hər il üçün avqustun 1-dən gec olmayaraq vətəndaşlara verilməlidir.Buna baxmayaraq yuxarıda da qeyd etdiyi kimi Nəsimi Bələdiyyəsi tədiyyə bildirişini 16 sentyabr 2024-cü il tarixdə qeyri-rəsmi şəkildə “whatsapp” vasitəsilə göndərmiş, daha sonra isə ötən dövrlər üzrə hesabladığı faizi ödətdirmək üçün 18 oktyabr 2024-cü il tarxidə xx/xx-1030 saylı qərar çıxarmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Cavabdeh təəindən təqdim edilmiş icraat materiallarından görünür ki: -Vergi ödəyicisi olan fizik şəxs İddiaçı mülkiyyətlərində olan əmlak sahəsinə görə, əmlak vergisinin ödənilməsi üçün ən son 2024-cü il tarixli tədiyyə bildirişi ünvanına göndərilmiş, lakin həmin şəxs qanunla müəyyən edilmiş müddət ərzində Nəsimi rayonu, X1, 26, M.42 ünvanında yerləşən 111,17 kv,m əmlak sahəsinə görə cari il üçün 34,24 manat əmlak, o cümlədən 2023-cü il tarixdən başlayaraq ötən dövrlər üzrə 51,36 manat, faiz üzrə 25,13 manat, ümumilikdə isə 93,61 manat ümumi borcunu ödəməmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Nəsimi Bələdiyyəsinin xx/xx-1030 nömrəli, 18 oktyabr 2024-cü il tarixli qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən vergi ödəyicisi olan fiziki şəxs İddiaçı barəsində vergi borcunun tutulması haqqında qəbul edilmiş qərar Nəsimi rayon İcra şöbəsinə göndərilməsi, ümumilikdə hesablanmış 93,61 manat borc məbləği vergi ödəyicisindən tutulub, Nəsimi rayonunun Nəsimi Bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlər görülməsi qərara alınmışdır. -**********6283 nömrəli, xx.xx.2024-cü il tarixli tədiyyə bildirişinə əsasən İddiaçı 2024-cü il üçün əmlak vergisi 34.24 manat, verginin ödənilmə müddəti xx.xx.2024-cü ilədək 17.12 manat, xx.xx.2024-cü ilədək 17.12 manat müəyyən edilmişdir. Ötən dövrlər üzrə vergi borcu 51.36 manat, faiz məbləği 25.13 manat, ödəniləcək məbləğ 93.61 manat təşkil edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Cavabdeh mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarın iddiaçıya təqdim edilməsini təsdiq edən sənədi təqdim etmədiyindən məhkəmə hesab edir ki, qeyd edilən qərardan iddiaçının daha əvvəl məlumatlı olduğu sübuta yetirilmir və bu halda iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsini məhkəməyə təqdim etməklə mübahisələndirdiyi inzibati akta münasibətdə iddia müddətini ötürmüş hesab edilmir. Beləliklə, iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə cavabdeh iddiaçının mülkiyyətində olan əmlak sahəsinə görə 93.61 manat əmlak vergisinin Nəsimi Bələdiyyəsinin büdcəsinə ödənilməsini təmin etmək məqsədilə xx.xx.2024-cü il tarixli, xx/xx-1030 nömrəli qərar qəbul etmiş və icra olunması üçün İcra Şöbəsinə göndərmişdir. İddiaçının mövqeyinə görə sözügedən qərar iddiaçının iştirakı ilə tərtib olunmamış, ona vergi hesablanması ilə bağlı rəsmi şəkildə tədiyyə bildirişi göndərilməmiş, telefon vasitəsilə qeyri-rəsmi təqdim edilmiş tədiyyə bildirişində cari il üçün əmlak vergi ilə yanaşı ötən dövrər üzrə faiz borcu hesablandığı, həmin faiz borcu isə əvvəlki dövlər üzrə tədiyyə bildirişlərinin təqdim edilmədən hesablanmışdır. Məhkəmə hazırkı mübahisə prdemeti olan bələdiyyə qərarının qanuniliyini ilk növbədə həmin qərarın “İnzibati icraat haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunun, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanuni ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə” ilə nəzərdə tutulmuş prosessual normalarının tələbləri baxımından yoxlayır. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanunun 7.1-ci maddəsinə əsasən yerli büdcənin gəlirlərinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi fiziki şəxslərdən əmlak vergisi; yerli (bələdiyyə) vergilər və ödənişlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış faiz və sanksiyalar aid edilir. Fiziki şəxslərə torpaq və əmlak vergisinin hesablanması isə bələdiyyələrin ərazi vahidlərinə uyğun olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. - 5.0.3-cü maddəsinə əsasən vergi məbləğləri bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi) tutulur. -8.1-ci maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi. -8.2-ci maddəsinə görə yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. -196-cı maddəsinə əsasən bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. -197.1-ci maddəsinə görə aşağıdakılar vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri; 197.1.3. müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla); 197.1.4. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər üçün - yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla). -200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. -200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. -200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. -200.6. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Sadalanan normalardan göründüyü kimi fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak və həmin əmlakların yerləşdiyi istifadədə olan dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə görə yerli inzibati ərazinin bələdiyyəsi tərəfindən yerli vergilər hesablanır və büdcəyə ödənilir. Əmlak və torpaq vergisinin bələdiyyələrin ərazi vahidlərinə, torpaq sahələrinin təyinatına uyğun olaraq müvafiq dərəcələr üzrə hesablanması Azərbaycan Respublikası Vergi Məcəlləsinin normaları ilə tənzimlənir. Nəzərə alınmalıdır ki, bələdiyyələr tərəfindən fiziki şəxslərin əmlak və torpaq vergilərinin ödənilməsi tədiyyə bildirişləri təqdim olunduqdan sonra həyata keçirilir. Tədiyyə bildirişin anlayışı konkret olaraq vergi qanunvericiliyində təsvir olunmasa da, qeyd olunmalıdır ki, həmin anlayış vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləği özündə əks etdirən və verginin ödənilməsi üçün vergi ödəyicisinə təqdim edilən sənəd sayılır. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanuni ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə əsasən bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. - 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. - 5.4-cü bəndinə əsasən ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. - 5.6-cı bəndinə əsasən bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. - 5.7-ci bəndinə əsasən ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. - 5.10-cu bəndinin tələbinə görə Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. İş üzrə məhkəmə araşdırılması zamanı bələdiyyə tərəfindən iddiaçıya münasibətdə yerli vergilərin ödənilməsi ilə bağlı inzibati icraatın qanunvericiliyin tələblərinə uyğun aparılmaması müəyyən edilmişdir. İddiaçıdan əmlak vergisi üzrə borcların və həmin borcun vaxtında ödənilməməsi ilə bağlı faizlərin ödənilməsi tələb edilsə də vergi borcu ilə bağlı tədiyyə bildirişinin, eləcə də borcun ödənilməsinə dair tələbnamə, xəbərdarlığın iddiaçıya çatdırılmasını təsdiq edən sənədlər cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Təqdim edilmiş icraat materiallarından görünür ki, iddiaçıdan 93.61 manat əmlak vergisi borcu tələb edilsə də cavabdeh keçən dövrü əhatə edən borclar ilə bağlı tədiyyə bildirişini təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş tədiyyə bildirişi xx.xx.2024-cü il tarixli olmaqla mübahisələndirilən xx.xx.2024-cü tarixdən 15 gün əvvəl tərtib etmişdir. Halbuki, qanunvericilik tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verilməsini, cari il üçün verginin məbləğinin bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilməsini təsbit etmişdir. Göründüyü kimi inzibati orqan hər cari il üçün ayrı-ayrılıqda əmlak vergisi ilə bağlı borcun ödənilməsi barədə tədiyyə bildirişlərini göndərməmiş, bunu təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, tədiyyə bildirişi ilə yanaşı mübahiələndirilən borcla bağlı xəbərdarlıq məktubu tərtib edilsə də həmin xəbərdarlığın iddiaçıya göndərilməsini təsdiq edən sənəd təqdim etməmişdir. Beləliklə, cavabdeh orqan iddiaçıdan tələb edilən vergi borcunun məbləğinin hansı qaydada hesablandığı, tələb edilən borcun hansı hissəsinin illər üzrə əsas vergi borcu, faiz borcu olduğunu müəyyən etməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, ən əsası hesablanmış vergi borcunun ödənilməsi ilə bağlı istinad etdiyi tələbnamə, tədiyyə bildirişinin iddiaçıya göndərilməsini təsdiq edən sənədi təqdim etməmişdir. Halbuki, inzibati orqan iddiaçını əlavə öhdəliklə yükləyəcək onun üçün əliverişsiz inzibati akt qəbul edəcəyi təqdirdə bunu iddiaçının diqqətinə çatdırmaqla, onun inzibati icraatda dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyə borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İnzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla (bir qayda olaraq əlverişsiz inzibati aktla) bağlı onun mülahizələrini və arqumentlərini dinləmək, dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, sübutların qiymətləndirilməsini təmin etmək vəzifəsi də daşıyır. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində vergi öhdəliklərinin tələb edilməsi ilə bağlı inzibati icraat düzgün aparılmadığından, mübahisələndirilən qərarın qəbul edilməsi zamanı isə yuxarıda qeyd olunun qanunvericiliyin normaları kobud şəkildə pozulduğundan, qəbul edilmiş qərar iddiaçının hüquqlarının pozulması ilə nəticələndiyindən iddia tələbi təmin edilməli, sözügedən bələdiyyə qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri Nəsimi Bələdiyyəsi tərəfindən qəbul edilmiş 18 oktyabr 2024-cü il tarixli xx/xx-1030 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-3776/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3776/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver