Məhkəmə qərarları › İş №e-2-1(112)-378/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-378/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-378/2022 22.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi, pandemiyadan zərərçəkmiş kimi tanınması, mənfəət vergisinin son ödənilmə tarixinin dəyişdirilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi X3 İddiaçının vəkili və nümayəndəsi X2 Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi, pandemiyadan zərərçəkmiş kimi tanınması, mənfəət vergisinin son ödənilmə tarixinin dəyişdirilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, məhkəmə qərara aldı: TƏSVİRİ HİSSƏ: İşin halları İddiaçı MMC (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Vergi Məcəlləsinin 222-ci maddəsinə uyğun olaraq müəssisənin koronovirus pandemiyasından tam və ya qismən zərərçəkmiş sahə kimi tanınması, 2019-cu il üzrə hesablanmış mənfəət vergisinin son ödənilmə tarixinin Vergi Məcəlləsinə uyğun olaraq xx.xx.2020-ci il qəbul edilməsi, 2020-ci il mənfəət vergisi üzrə cari hesablamanın ləğv edilməsi, yuxarıda qeyd olunan əlavə vergi hesablamalarına görə hesablanmış faiz məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi, müəssisənin şəxsi hesab vərəqəsində əks olunan “təsdiqlənməmiş azalma” məbləğinin silinməsi, “İnzibati icraat haqqında” qanunla müəyyən edilmiş müddətdə müraciətlərinə cavab verilməməsinə görə Dövlət Vergi Xidməti əməkdaşlarının cəzalandırılması barədə qətnamə qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2020-ci il tarixli **********341400 saylı “Vergilərin, sosial sığorta və işsizlərin sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi, Vergi Məcəlləsinin 222-ci maddəsinə əsasən Koronovirus pandemiyasından tam və ya qismən zərərçəkmiş sahə kimi tanınması, 2019-cu il üzrə hesablanmış mənfəət vergisinin son ödənilmə tarixinin Vergi Məcəlləsinə uyğun olaraq xx.xx.2020-ci il qəbul edilməsi, 2020-ci il mənfəət vergisi üzrə cari hesablamanın ləğv edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Mübahisələndirilən qərar (inzibati akt) ləğv olunması səbəbindən artıq mövcud olmadığına görə cavabdeh tərəfindən iddianın mümkün sayılmaması barədə xx.xx.2021-ci il tarixli vəsatət məhkəməyə təqdim edildikdən sonra iddiaçı yenidən dəqiqləşdirilmiş ərizə ilə məhkəməyə müraciət etmişdir. İkinci dəfə təqdim edilmiş dəqiqləşdirilmiş ərizədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********341400 saylı “Vergilərin, sosial sığorta və işsizlərin sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi, Vergi Məcəlləsinin XVİİİ fəslinin (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) müddəalarının İddiaçı MMC-yə tətbiq edilməklə fəaliyyət sahəsinin pandemiyadan zərərçəkmiş sahə kimi qəbul edilərək 2019-cu il üzrə hesablanmış mənfəət vergisinin son ödənilmə tarixinin xx.xx.2020-ci il hesab edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-1858/2021 nömrəli qərardadı ilə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********341400 nömrəli qərarın ləğv edilməsi hissəsində iddia tələbi üzrə buraxılmış prossesual müddət bərpa edilmişdir. Məhkəmə iclasında ekspert rəyləri müzakirə olunduqdan sonra iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə üçüncü ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********341400 saylı “Vergilərin, sosial sığorta və işsizlərin sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi, Vergi Məcəlləsinin XVİİİ fəslinin (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) müddəalarının İddiaçı MMC-yə tətbiq edilməklə fəaliyyət sahəsinin pandemiyadan zərərçəkmiş sahə kimi qəbul edilərək 2019-cu il üzrə hesablanmış mənfəət vergisinin son ödənilmə tarixinin xx.xx.2020-ci il hesab edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, dünyada baş vermis məlum COVİD-19 pandemiyası iddiaçıya öz mənfi təsirini göstərmişdir. Belə ki, 2020-ci ilin mart ayının sonlarında Azərbaycanda, xüsusən də Bakı şəhərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən tətbiq edilmiş xüsusi karantin rejimi ilə bağlı olaraq fəaliyyət göstərməyi tam və ya qismən məhdudlaşdırılmışdır. Məlumdur ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi adlı XVİİİ saylı fəsil əlavə edilmişdir. Əlavə edilmiş bu fəsildə məlum koronovirus pandemiyasından tam və ya qismən zərər çəkmiş sahələr üzrə vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müddəalar, tətbiq edilən güzəştlər və vergilərin ödənilmə müddəti müəyyən edilmişdir. Vergi Məcəlləsinin 222.5-ci maddəsində qeyd olunan fəslin müddəalarının hansı şəxslərə şamil edilməsi əks etdirilmişdir. Xüsusi karantin rejimi zamanı iddiaçının da fəaliyyətinə əsasən tam məhdudiyyət qoyulmuşdur. İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2020-ci il tarixdə **********315900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etmişdir. Qərara əsasən 46819.68 manat məbləğində 2019-cu il üzrə mənfəət vergisi hesablanmış, uyğun olaraq 2020-ci ilin 1-ci və 2-ci rübü üzrə Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən hər rüb üzrə 11704.92 manat olmaqla, cəmi 23409.84 manat mənfəət vergisi üzrə cari hesablama aparmışdır. Vergi Məcəlləsinin 223.1-ci maddəsinə əsasən 222.5-ci maddəsində qeyd olunan vergi ödəyicilərinin Məcəllənin 151 və 201-ci maddələrə əsasən cari vergi ödəmələri üzrə hesablamaların və arayışların vergi orqanına təqdim edilməsinə dair müddəalar tətbiq edilmir. Eləcə də, Məcəllənin 223.2-ci maddəsi müvəqqəti vergi rejiminin tətbiq edildiyi mikrosahibkarlıq subyekti olmayan vergi ödəyicilərinə əvvəlki il üzrə mənfəət (gəlir) və əmlak vergisinin cari ilin sentyabr ayının 1 -dək ödəməyi müəyyən edir. Lakin, müəssisənin vergilər üzrə şəxsi hesab vərəqəsinə nəzər yetirdikdə görürük ki, vergi orqanları mənfəət vergisinin son ödənilmə tarixini xx.xx.2020-ci il müəyyən etmiş, 2020-ci il mənfəət vergisi üzrə cari hesablamaları (151.1) vərəqədə əks etdirmişdir. Buna görə də, hal-hazırda müəssisənin dövlət büdcəsinə 59558.89 manat vergi borcu, 9901.88 manat faiz borcu, 8682.75 manat təsdiqlənməmiş azalma (vergi qanunverciliyində və Vergi Məcəlləsində mövcud olmayan, hesablanma qaydası və forması vergi ödəyicilərinə məlum olmayan termin) olmaqla cəmi 78143.52 manat borcu yaranmışdır. Bu məsələ ilə bağlı dəfələrlə etdiyi müraciətlər hələ də cavablandırılmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Cavabdeh inzibati orqanın dəqiqləşdirilmiş iddiaya dair yazılı etirazında bildirilmişdir ki, iddia tələbi təmin edilməməlidir. İddia tələbinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-ci il tarixli **********341400 nömrəli qərarın ləğv edilməsi hissəsinə münasibətdə aşağıdakıları bildiririk. Vergi ödəyicisi tərəfindən 2019-cu il üçün hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci (işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) və 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrlərində göstərilmiş cəmi 0,0 manat gəlir məbləği hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) barədə Vergilər Nazirliyinin (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) məlumat bazasında olan 745542,57 manat məbləğdən az göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********770300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş və müvafiq dövr üzrə kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan müddət ərzində dəqiqləşdirilmiş bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədlər vergi orqanına təqdim edilməmişdir. Bununla əlaqədar Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə baza məlumatlarına əsasən 2019-ci il ərzində ümumi gəliri 745092,57 manat, ümumi xərci isə 510994,17 manat (əmək haqqı xərci, sosial sığorta xərci, icarə xərci, və s.) müəyyən edilmiş və 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi üzrə 46819,66 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-ci il tarixli **********315900 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş və ödənilməli mənfəət vergisinin 34545,72 manat olduğu göstərilmişdir. Dəqiqləşdirilmiş bəyannamə təqdim edilməsinə baxmayaraq, yaranmış kənarlaşma tam aradan qaldırılmadığı, eyni zamanda mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş müvafiq təsdiqedici sənədlər və ya əsaslandırılmış izahat məktubu vergi orqanına təqdim edilmədiyi üçün sonuncu dəqiqləşdirilmiş bəyannaməyə əsasən hesablanmış məbləğ azaldıldıqdan sonra qeyd edilən bəyannamə nəzərə alınmayaraq, kameral vergi yoxlaması ilə sənədlərlə təsdiqini tapmayan məbləğ bərpa edilərək, sonuncu kameral yoxlama ilə yenidən 12273,94 manat (46819,66- 34545,72=12273,94) əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-cı il tarixli **********341400 nömrəli qərar göndərilmişdir. Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəməli vergi ödəyicisinin vəzifəsidir. 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə ajd edilmişdir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Göründüyü kimi vergi ödəyicisi hesablanmış vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmağa cəhd göstərir. Əlavə olaraq bildiririk ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını yə qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-cı il tarixli **********341400 nömrəli qərar ilə hesablanmış vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri həmin qərarın ləğv edilməsi üçün əsas ola bilməz. İddia tələbinin Vergi Məcəlləsinin XVİİİ fəsilinin (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) müddəalarının "xxxx" MMC-yə tətbiq etməklə fəaliyyət sahəsinin pandemiyadan zərərçəkmiş sahə kimi qəbul edilərək, 2019-cu il üzrə hesablanmış mənfəət vergisinin son ödənilmə tarixinin xx.xx.2020-ci il hesab edilməsi hissəsinə münasibətdə isə bildirir ki, iddiaçının bu tələbi tamamilə əsassızdır. Məlum olduğu kimi "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VİQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinə “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişrrləsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi" adlı yeni XVİİİ fəsil əlavə edilmişdir. Vergi Məcəlləsinin 222.5.9-cu maddəsinə əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumlarj) istisna olmaqla) müvəqqəti vergi rejiminin tətbiq edildiyi fəaliyyət növlərinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 90-VİQD nömrəli Qanununun tətbiqi barədə" 2 iyun 2020-ci il 1047 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Vergi Məcəlləsinin 222.5.9-cu maddəsində “orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur. Xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən və fəaliyyəti məhdudlaşdırılan iş və xidmət sahələri Nazirlər Kabinetinin 30 mart 2020-ci il 120, 31 mart 2020-ci il 122, 24 aprel 2020-ci il 147 və 01 may 2020-ci il tarixli 163 saylı Qərarlarında və 2 mart 2020-ci il, 7 mart 2020-ci il, 20 mart 2020-ci il, 18 aprel 2020-ci il, 1 may 2020-ci il tarixli Sərəncamlarında qeyd olunmuşdur. İddiaçı MMC-nin uçot-baza məlumatlarına əsasən fəaliyyət növləri (çap işlərinin hazırlanması, digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi, saxlama və anbarlara yığma və mərkəzi ofislərin fəaliyyəti) və 2020-ci il ərzində təqdim etdiyi elektron qaimə-faktura məlumatlarına əsasən (stiker, logo, broşur, bədc, baner, reklam panelləri, müxtəlif lövhələrin çapı) faktiki fəaliyyət növü olan poliqrafiya məhsullarının istehsalı üzrə fəaliyyət Vergi Məcəlləsinih 222.5-ci maddəsində (o cümlədən, 222.5.9-cü bəndinə əsasən Nazirlər Kabinetinin müvafiq qərarları ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinin siyahısında) qeyd olunan fəaliyyət sahələrinə aid edilmədiyindən cəmiyyətə müvəqqəti vergi rejimi şamil edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarının Əlavəsinin 4.23-cü bəndinə əsasən xüsusi karantin rejimi dövründə poliqrafiya məhsullarının istehsalı fəaliyyəti xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən sahələrə aid edilmjşdir. Həmin Qərarın 1.3-cü hissəsinə əsasən Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və əməkdaşlarının hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Qeyd edək ki, İddiaçı MMC tərifindən xx.xx.2020-ci il tarixdən etibarən bütün işçiləri barədə məlumatlar "icaze.e-gov.az" portalına daxil edilmiş və xüsusi karantin rejimi dövründə maneəsiz hərəkətinə imkan yaradılmışdır. Yuxarıda qeyd olunanları əsas tutaraq hesab edirik ki, "xxxx" MMC-nin fəaliyyət növünün Nazirlər Kabinetinin müvafiq qərarlarında, eyni zamanda Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid olmadığından həmin Məcəlləsinin XVİİİ fəslinin müddəaları iddiaçıya şamil oluna bilməz. Bildirir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020cı il tarixli **********341400 nömrəli qərar əsasında hesablanmış vergilərin qanuni və əsaslı olmasını təsdiq edən sübutlar, İddiaçı MMC-nin fəaliyyət növünün Nazirlər Kabinetimin müvafiq qərarlarında, eyni zamanda Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid olmadığından həmin Məcəllənin XVİİİ fəslinin müddəalarının iddiaçıya şamil olunmaması barədə sübutlar və əlavə məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi üzrə verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2088 nömrəli ekspert rəyinin mötəbər sübut kimi nəzərə alınmaması barədə xx.xx.2022-ci il tarixli **********695600 nömrəli mülahizə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Sübutların qiymətləndirilməsi zamanı həmin sübutların nəzərə alınmasını zəruri hesab edir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uygun izahat verərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materiallarına əlavə edilmiş: - Cavabdehin kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda məktubda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılmasının mümkün olmadıgı nəzərinə çatdırılmışdır. - Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-ci il tarixli **********315900 nömrəli qərarından görünür ki, iddiaçıya 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi üzrə 46819,66 manat əlavə vergi məbləği hesablanmışdır. - Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-cı il tarixli **********341400 nömrəli qərarından görünür ki, 2019-cu il üçün iddiaçıya mənfəət vergisi üzrə 12.273,94 manat məbləğində əlavə vergi hesablanmışdır. - “Pasha Bank” tərəfindən verilmiş iddiaçıya məxsus hesab üzrə əməliyyatlar barədə məlumatlardan görünür ki, iddiaçıya Maliyyə Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahibkarlıq subyekti kimi xx.xx.2020-ci il tarixdə 1.413 manat məbləğində maddi yardım ödənilmişdir. - https://www.taxes.gov.az/files/2/covid19/M2********.pdf elektron saytından məlumatlardan görünür ki, iddiaçı Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısında 4852-ci sırada İddiaçı MMC (VÖEN **********) göstərilmişdir (artan yekunla, xx.xx.2020-ci il tarixə olan məlumat). - İddiaçıya məxsus elektron şəxsi hesabından çıxarışdan görünür ki, iddiaçının əsas fəaliyyət kodu kimi 18130 – çap işlərinin hazırlanması göstərilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2088 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, iş materiallarında olan sənədlərə (kassa sənədləri, avans hesabatları, alış qaimələri, satış qaimələri, bəyannamələr, əmək haqqı hesablama cədvəlləri, bank çıxarışları, material hesabatı, vergi ödəyicisinin təqdim etdiyi bəyannamə və.s) əsasən müəssisə tərəfindən aparılmış əməliyyatlara görə xx.xx.2020-ci il tarixli **********341400 nömrəli qərarla İddiaçı MMC-yə (VÖEN **********) 2019-cu il üzrə hesablanmış mənfəət vergisinin düzgünlüyü müəyyən edilmir. Yəni təqdim edilmiş sənədlərlə vergi ödəyicisinin bəyannamə məlumatı arasında kənarlaşma müəyyən edilmədi. O cümlədən: ümumi gəlir – 745.092,57 manat, xərc – 572.363,87 manat, vergiyə cəlb olunan mənfəət 172.728,70 manat, 34.545,74 manat müəyyən edilmişdir. Tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında İddiaçı MMC-yə dair gəlirin əldə edilməsi ilə bağlı ciddi hesabat sənədi olan xərc sənədləri (elektron qaimə fakturalar, ödəniş sənədləri və s.) mövcuddur. Həmçinin qeyd edilir ki, həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğ, hansı vergi ödəyiciləri tərəfindən təqdim (tərtib) edilməsi və təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Bundan əlavə, qeyd edilir ki, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi metoda və vergi qanunvericiliyinin tələblərinə uyğundur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/7506 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, iş materiallarında olan sənədlərə (kassa sənədləri, avans hesabatları, alış qaimələri, satış qaimələri, bəyannamələr, əmək haqqı hesablama cədvəlləri, bank çıxarışları, material hesabatı, vergi ödəyicisinin təqdim etdiyi bəyannamə və.s) əsasən müəssisə tərəfindən aparılmış əməliyyatlara görə xx.xx.2020-ci il tarixli **********341400 nömrəli qərarla İddiaçı MMC-yə (VÖEN **********) 2019-cu il üzrə hesablanmış mənfəət vergisinin düzgünlüyü müəyyən edilmir. Yəni təqdim edilmiş sənədlərlə vergi ödəyicisinin bəyannamə məlumatı arasında kənarlaşma müəyyən edilmədi.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə və öhdəliyin icrası haqqında iddia növlərinə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsində qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının hazırki tələbi iki hissəsən ibarət olmaqla, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********341400 saylı “Vergilərin, sosial sığorta və işsizlərin sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi hissəsi mübahisələndirmə haqqında iddia növünə, ikinci - Vergi Məcəlləsinin XVİİİ fəslinin (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) müddəalarının İddiaçı MMC-yə tətbiq edilməklə fəaliyyət sahəsinin pandemiyadan zərərçəkmiş sahə kimi qəbul edilərək 2019-cu il üzrə hesablanmış mənfəət vergisinin son ödənilmə tarixinin xx.xx.2020-ci il hesab edilməsi hissəsi isə öhdəliyin icrası haqqında iddia növünə aiddir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 32.1 və 37-ci maddələrinin tələblərindən çıxış edərək hər iki tələbin bir icraatda baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşin sadalanan hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.2-ci maddəsinə görə vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. İş materiallarından görünür ki, kameral vergi yoxlamasının nəticəsi üzrə cavabdehin qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-ci il tarixli **********315900 nömrəli qərarı ilə vergi ödəyicisi olan iddiaçıya baza məlumatlarına əsasən 2019-ci il ərzində ümumi gəliri 745092,57 manat, ümumi xərci isə 510994,17 manat (əmək haqqı xərci, sosial sığorta xərci, icarə xərci, və s.) müəyyən edilərək 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi üzrə 46819,66 manat əlavə vergi məbləği hesablanmışdır. Sonradan cavabdeh xx.xx.2020-ci il tarixli **********315900 nömrəli qərarı ləgv etmiş, qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-cı il tarixli **********341400 nömrəli qərarla iddiaçıya sonuncu kameral yoxlama ilə yenidən 12273,94 manat (46819,66- 34545,72=12273,94) əlavə vergi məbləği hesablanmışdır. Bundan narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi vergi məbləginin hesablanması barədə qərarı əsassızdır və qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə görə: 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3 Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4 Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 72.1. bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər...(72.2-ci maddə). 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Vergi qanunvericiliyi vergi ödəyicisi tərəfindən tərtib edilən bəyannamə vergi orqanına təqdim edildikdən sonra dəqiqləşdirilmiş bəyannamənin verilməsini istisna etməmişdir. Cavabdehin iddiaçı barəsində gördüyü vergiyə cəlb etmə barədə qərarı MV bəyannaməsinin deyil, MV üzrə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsindən sonrakı 30 gündən artıq müddət keçdikdən baş vermişdir. Cavabdeh iddiaçını MV bəyannaməsindəki məlumatlara görə deyil, təqdim edilən dəqiqləşdirilmiş bəyannaməsində olan məlumatlara görə vergiyə cəlb etmişdir. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Göründüyü kimi cavabdeh tərəfindən kameral qaydada vergi məbləğləri müvafiq olaraq həmin dövr üzrə, özü də müvafiq bəyannamənin verilməsinin son tarixindən 30 iş günü müddətində hesablana bilərdi. Odur ki, hazırki işdə 2019-cu il üzrə vergi məbləğlərinin növbəti ilin dekabr ayında hesablanması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2020-cı il tarixli **********341400 nömrəli qərarı ilə iddiaçıya 2019-cu il üçün mənfəət vergisi üzrə 12.273,94 manat məbləğində əlavə vergisi düzgün hesablanmamışdır. Belə ki, işin araşdırılan hallarından göründüyü kimi vergi ödəyicisi olan iddiaçı tərəfindən 2019-cu il üçün hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci (işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) və 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrlərində göstərilmiş cəmi 0,0 manat gəlir məbləği hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) barədə Vergilər Nazirliyinin (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) məlumat bazasında olan 745542,57 manat məbləğdən az göstərilməsini cavabdeh orqan kənarlaşmanın yaranmasına səbəb kimi qəbul etmiş, qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********770300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş və müvafiq dövr üzrə kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin, cavabdehin dəlillərinə görə vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan müddət ərzində dəqiqləşdirilmiş bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədlər vergi orqanına təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsaslanaraq kameral vergi yoxlaması ilə baza məlumatlarına əsasən 2019-ci il ərzində ümumi gəliri 745092,57 manat, ümumi xərci isə 510994,17 manat (əmək haqqı xərci, sosial sığorta xərci, icarə xərci, və s.) müəyyən edilmiş və 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi üzrə iddiaçıya 46819,66 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-ci il tarixli **********315900 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş və ödənilməli mənfəət vergisinin 34545,72 manat olduğu göstərilmişdir. Dəqiqləşdirilmiş bəyannamə təqdim edilməsinə baxmayaraq, yaranmış kənarlaşmanın tam aradan qaldırılmadığını hesab edən cavabdeh sonuncu dəqiqləşdirilmiş bəyannaməyə əsasən hesablanmış məbləğ azaldıldıqdan sonra qeyd edilən bəyannamə nəzərə alınmayaraq, kameral vergi yoxlaması ilə guya sənədlərlə təsdiqini tapmayan məbləğ bərpa edilərək, xx.xx.2020-ci il tarixli **********315900 nömrəli qərarı ləgv etmiş, iddiaçıya sonuncu kameral yoxlama ilə yenidən 12273,94 manat (46819,66-34545,72=12273,94) əlavə vergi məbləği hesablanmışdır. Halbuki məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən göründüyü kimi, iş materiallarında olan sənədlərə (kassa sənədləri, avans hesabatları, alış qaimələri, satış qaimələri, bəyannamələr, əmək haqqı hesablama cədvəlləri, bank çıxarışları, material hesabatı, vergi ödəyicisinin təqdim etdiyi bəyannamə və.s) əsasən iddiaçı tərəfindən aparılmış əməliyyatlara görə xx.xx.2020-ci il tarixli **********341400 nömrəli qərarla 2019-cu il üzrə hesablanmış mənfəət vergisinin düzgünlüyü müəyyən edilməmiş, təqdim edilmiş sənədlərlə vergi ödəyicisinin bəyannamə məlumatı arasında kənarlaşmanın olması müəyyən edilməmişdir. O cümlədən: ümumi gəlir – 745.092,57 manat, xərc – 572.363,87 manat, vergiyə cəlb olunan mənfəət 172.728,70 manat, 34.545,74 manat müəyyən edilmişdir. Həmçinin də təqdim edilmiş iş materiallarında iddiaçıya dair gəlirin əldə edilməsi ilə bağlı ciddi hesabat sənədi olan xərc sənədləri (elektron qaimə fakturalar, ödəniş sənədləri və s.) mövcuddur, həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğ, hansı vergi ödəyiciləri tərəfindən təqdim (tərtib) edilməsi və təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Bundan əlavə, ekspert qeyd etmişdir ki, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi metoda və vergi qanunvericiliyinin tələblərinə uyğundur. Göründüyü kimi, xüsusi biliyə malik ekspert iddiaçının bəyan etdiyi vergi məbləginin düzgünlüyü, bunun əksinə cavabdehin qərarı ilə hesablanmış əlavə verginin səhv olması qənaitinə gəlmişdir. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin normaları ilə birgə təhlil edərək ekspert rəyində əks olunmuş araşdırmanı mötəbər sübut kimi qəbul edir və buna dair cavabdehin ekspert rəyinə mülahizədə qeyd olunanları əsassız hesab edir. Məhkəmə hesab edir ki, verilmiş rəyin mötəbərliyinə şübhə doğuracaq sübutlar yoxdur. Rəydə tədqiqat prosesi ardıclı olaraq şərh olunmuş, gəlinən nəticə əsaslandırılmışdır. Göründüyü kimi cavabdehin qərarı iddiaçının mənafeyinə uyğun olmamış, cavabdeh iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.3.-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.2.-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Bununla baglı olaraq məhkəmə hesab edir ki, sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh orqan mövcud prosessual qanunvericiliyin tələblərinə görə vergi ödəyicisinin təqsirini, habelə öz qərarının qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə borclu olduğu halda cavabdeh inzibati orqanın iddiaçıya faiz borcunun hesablanmalı olduğunu təsdiq edən faktiki şərtlərin mövcudluğunu mötəbər sübutlarla təsdiq edə bilmədiyindən iddia əsaslıdır. Digər tərəfdən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Mübahisələndirilən qərarların inzibati icraat hüququ ilə bağlı olan, yəni formal-hüquqi tərəfinə gəlincə qeyd etmək lazımdır ki, onların qəbulu zamanı icraat qüsurlarına yol verilmişdir. Belə ki, inzibati orqan, xüsusilə inzibati icraatda iştirak edən şəxsləri inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə (“İnzibati icraat haqqında” Qanunun 51.1-ci maddəsi) və onların dinlənilmə hüququnu təmin etməyə (“İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsi) borcludur. Cavabdeh isə baxılan iş üzrə yuxarıda qeyd olunan formal müddəaları pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2ci maddəyə görə, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə, işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1, 67.2 və 67.3-cü maddələrinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda şərh edilən qanunvericiliyin normaları pozulmuş, müvafiq inzibati aktların qəbul edilməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilməmişdir. İddianın ikinci hissəsinə gəlincə məhkəmə hesab edir ki, iddiaçı fəaliyyət sahəsinin pandemiyadan zərərçəkmiş sahə kimi qəbul edilərək 2019-cu il üzrə hesablanmış mənfəət vergisinin son ödənilmə tarixinin xx.xx.2020-ci il hesab edilməsini tələb etməkdə haqlıdır. Belə ki, Vergi Məcəlləsinə görə: 222.1. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. 222.2. Bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 222.3. Bu fəslin müddəaları əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur. 222.4. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. 222.5. Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: (...) 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). 222.6. Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejiminin (bundan sonra – müvəqqəti vergi rejimi) tətbiq edildiyi vergi ödəyicilərinin hüquq və vəzifələri bu fəsildə başqa hal nəzərdə tutulmamışdırsa, bu Məcəllə ilə müəyyən edilən ümumi qaydada həyata keçirilir. 222.7. Koronavirus pandemiyasının yayılması ilə bağlı iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılmış barəsində səyyar vergi yoxlaması davam etdirilən vergi ödəyicilərində 2020-ci il martın 1-dən yoxlamanın həyata keçirilmədiyi müddətlər bu Məcəllənin 38-ci maddəsi ilə müəyyən edilmiş müddətlərə daxil edilmir. 223.1. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə, o cümlədən əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən şəxslərə bu Məcəllənin 151-ci və 201-ci maddələrinə uyğun olaraq cari vergi ödəmələri üzrə hesablamaların və cari vergi ödəmələri ilə bağlı arayışların vergi orqanına təqdim edilməsinə dair müddəalar tətbiq edilmir. 223.2. Müvəqqəti vergi rejiminin tətbiq edildiyi mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri əvvəlki il üzrə mənfəət (gəlir) və əmlak vergisi hesabatlarını müvafiq olaraq bu Məcəllənin 149.2-ci və 201.5-ci maddələrinə əsasən təqdim edir, hesablanmış vergini cari ilin sentyabrın 1-dən gec olmayaraq ödəyirlər. 223.3. Mikro sahibkarlıq subyektləri 2020-ci ilin birinci və ikinci rübləri üzrə bu Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulmuş hesabatı, habelə bu Məcəllənin 149.2ci və 201.5-ci maddələrində nəzərdə tutulmuş hesabatları cari ilin sentyabrın 1-dək vergi orqanına təqdim edir və hesablanmış vergini cari ilin sentyabrın 1-dən gec olmayaraq ödəyirlər. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 90-VİQD nömrəli Qanununun tətbiqi barədə" 2 iyun 2020-ci il 1047 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Vergi Məcəlləsinin 222.5.9-cu maddəsində “orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus” (COVİD19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 1-ci bəndinə əsasən 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların (bundan sonra – pandemiya) Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılmışdır. “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nın 3-cü bəndinə əsasən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə - əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə) 300 mliyon manat vəsait ayrılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 2020-ci il 10 aprel tarixli, **********055600 nömrəli əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş”ə əsasən: 1.2. X8 koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsinin qaydalarını və şərtlərini müəyyən edir. 1.3. X6 məqsədi pandemiyadan zərər çəkmiş muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsini və fərdi (mikro) sahibkarların dövlət maliyyə dəstəyindən yararlana bilmələrini, bu işlərin asan operativ, ünvanlı və şəffaf şəkildə həyata keçirilməsini təmin etməkdir. 3.5. Pandemiyaya ilə bağlı vergi ödəyicisi tərəfindən doldurulan məlumatlar baza məlumatları ilə avtomatik yoxlanılır. 3.6. Məlumatların yoxlanılması zamanı aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər: 3.6.1. Vergi ödəyicisinin seçdiyi vergi rejimi uçot məlumat bazasında mövcud olan vergi rejimi ilə uyğun gəlmir; 3.6.2. Vergi ödəyicisinin fəaliyyəti mart ayından əvvəl dayandırılmışdır; 3.6.3. 2019-cu il ərzində büdcəyə vergi ödəmələri olmamışdır. 3.7. Uçot məlumatları üzrə uyğunsuzluqlar aşkarlandıqda, vergi ödəyicisi tərəfindən müvafiq dəyişikliklər aparılır və şəxsi kabinet vasitəsilə yenidən onlayn qaydada müraciət edilir. 3.8. Məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar edilmədikdə məlumatlar Maliyyə Nazirliyinə göndərilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin XVİİİ fəslinin (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) müddəalarının iddiaçıya tətbiq edilməməsi, iddiaçının pandemiya dövründə fəaliyyət göstərilməsinə icazə verilən sahədə fəaliyyət göstərməsi əsası ilə iddiaçıya vergi borcu hesablanmışdır. Halbuki, Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısında 4852-ci sırada İddiaçı MMC (VÖEN **********). Bu isə o deməkdir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 2020-ci il 10 aprel tarixli, **********055600 nömrəli əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş”ə əsasən iddiaçının fəaliyyət sahəsi vergi orqanı tərəfindən pandemiyadan zərərçəkmiş sahə kimi qəbul edilərək iddiaçı fərdi (mikro) sahibkarların dövlət maliyyə dəstəyindən yararlanaraq pandemiyadan zərər çəkmiş muzdlu işçilərin əmək haqqısının müəyyən hissəsi ödənilmişdir. Bu zaman pandemiya ilə bağlı vergi ödəyicisi tərəfindən doldurulan məlumatlar vergi orqanı tərəfindən baza məlumatları ilə avtomatik yoxlanılmış, məlumatların yoxlanılması zamanı uyğunsuzluqlar aşkar edilmədiyindən iddiaçıya “Paşha Bank”ın hesab üzrə əməliyyatlar barədə məlumatlarından göründüyü kimi Maliyyə Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahibkarlıq subyekti kimi xx.xx.2020-ci il tarixdə 1.413 manat məbləğində maddi yardım ödənilmişdir. Belə olan halda, iddiaçının fəaliyyət sahəsi vergi orqanı tərəfindən pandemiyadan zərərçəkmiş sahə kimi qəbul edildiyi halda, cavabdeh tərəfindən bunun əksinin iddia edilməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VİQD nömrəli Qanunu ilə Vergi Məcəlləsində dəyişikliklər edilərək müvəqqəti vergi rejimi dövründə pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə münasibətdə bir sıra vergi güzəşt və azadolmaları müəyyən olunmuşdur. Güzəşt və azadolmaların qanunda göstərilən pandemiyadan zərər çəkən ayrı-ayrı iqtisadi fəaliyyət sahələri ilə yanaşı, Nazirlər Kabinetinin qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə də (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına “Fəaliyyətinə icazə verilən sahələr” barədə əlavə və Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına əsasən fəaliyyətinə icazə verilən sahələrin fəaliyyət kodlarında iddiaçının fəaliyyət sahəsi – kod 18130 (çap işlərinin hazırlanması) xüsusi karantin rejimində fəaliyyətinin davam etdirilməsinə icazə verilən sahələrə aid edilməmişdir. Lakin vergi orqanı tərəfindən iddiaçının fəaliyyəti əsassız olaraq Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid olmadığını bildirilərək iddiaçıya Vergi Məcəlləsinin XVİİİ fəslinin müddəaları şamil olunmamışdır. Cavabdeh etirazının dəlili olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının fəaliyyət sahəsinin pandemiyadan zərərçəkmiş sahə kimi qəbul edilməsi barədə iddia tələbi əsaslı oldugundan təmin edilməlidir. Eyni zamanda iddiaçının fəaliyyət sahəsinin pandemiyadan zərərçəkmiş sahə kimi qəbul edilməsi barədə məhkəmə nəticəyə gəldiyindən həmin tələbdən dogan digər tələbi - 2019cu il üzrə hesablanmış mənfəət vergisinin son ödənilmə tarixinin xx.xx.2020-ci il hesab edilməsi Vergi Məcəlləsinin 223-cü maddəsinin tələblərinə görə əsaslı oldugundan təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********341400 saylı “Vergilərin, sosial sığorta və işsizlərin sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməli, Vergi Məcəlləsinin XVİİİ fəslinin (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) müddəaları İddiaçı MMC-yə (VÖEN **********) tətbiq edilməklə fəaliyyət sahəsinin pandemiyadan zərərçəkmiş sahə kimi qəbul edilərək 2019cu il üzrə hesablanmış mənfəət vergisinin son ödənilmə tarixi xx.xx.2020-ci il hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

NƏTİCƏVİ HİSSƏ:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********341400 saylı “Vergilərin, sosial sığorta və işsizlərin sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Azərbaycan Respublikası Vergi Məcəlləsinin XVİİİ fəslinin (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) müddəaları İddiaçı MMC-yə (VÖEN **********) tətbiq edilməklə fəaliyyət sahəsi pandemiyadan zərərçəkmiş sahə kimi qəbul edilərək 2019-cu il üzrə hesablanmış mənfəət vergisinin son ödənilmə tarixi xx.xx.2020-ci il hesab edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar