Məhkəmə qərarları › İş №e-2-1(112)-3784/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3784/2024

23.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3784/2024 23.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla, reyestrdən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirak ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla, reyestrdən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən ona ayrılmış 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və müvafiq texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə və xx.xx.2023-cü il tarixdə dəftərxana vasitəsilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən eyni məzmunlu Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə (tələbin dəyişdirilməsi) barədə ərizələr təqdim edərək məhkəmədən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən, İddiaçı ayrılmış 0,07 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla bu barədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə yenidən İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən, İddiaçı ayrılmış 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyluması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 dekabr 1989-cu il tarixli, 521 saylı Qərarına və bu Qərar əsasında Sovxoz Həmkarlar Komitəsi ilə X5 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli, 23 nömrəli qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0.07 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Qərara əlavə edilmiş “adlı” Siyahıda 1263 sıra sayı ilə onun fərdi yaşayış evinin tikintisi üçün 0.07 ha torpaq sahəsi ayrılması qeyd edilmişdir. Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 saylı, xx.xx.1990-cı il tarixli Əmrinə əsasən həmin torpaq sahəsi üzrə ilkin yerquruluşu sənədlərinin düzgünlüyü müəyyən edilərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən koordinatları müəyyənləşdirilmiş 1:1000 miqyasında yerləşmə sxemi göstərilməklə 2006-cı ildə **********1000016 nömrəli “Torpaq sahəsinin kadastr planı” sənədi verilmişdir. Həmin torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin əldə edilməsi məqsədilə cavabdehə və digər səlahiyyətli şəxslərə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə dəfələrlə rəsmi müraciətlər olunmuşdur. DƏDKR 4 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixdə müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixdə 3-21-3-32/2- 4819/2023 saylı məktubla bildirilmişdir ki, aparılan araşdrıma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi idarənin istifadəsində olan elektron baza məlumatlarına əsasən hal-hazırda Bakı şəhərinin inzibati ərazisinin hüdudları daxilində yerləşir. Ona görə də aidiyyət üzrə torpağın yerləşdiyi ərazi Xəzər rayonu, Binə qəsəbəsi 1 saylı Bakı Ərazi idarəsinə aiddir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə 9 dəfə müraciət edilmişdir. İmtina edilən hissədə təkrar müraciət edilərək izahatlar verilmiş, sənədlər təqdim edilmiş sorğular edilərək tələb edilən sənədlər yenidən təqdim edilmiş, bütün çatışmamazlıqlar aradan qaldırılmışdır. Lakin sonuncu xx.xx.2023-cü il tarixli ərizəsinə cavadehə dəfələrlə müraciət edildikdən sonra iki ay sonra 16 oktyabr 2023-cü il tarixdə, 3-21-302/2-7-0017/xx-xx/2013 saylı imtina məktubu idarəyə çağrılılaraq ona şəxsən təqdim edilmişdir. Həmin imtina məktubunda qeyd edilir ki, elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazi yaşayış binalarının ümumi istifadəsi üçün nəzərdə tutulan yol və ətrafı yaşıllıq olan torpaq sahəsidir. Həmçinin.sözügüdən torpaq sahəsi ilə bağlı Abşeron rayonu “Donuzkökəltmə” sovxozu üzrə xx.xx.1990-cı il tarixində verilmiş 135 nömrəli əmrin əsli və yerləşmə sxemi təqdim edilməmişdir. Əslində isə qeyd edilən sənədlər cavabdehə təqdim edilmişdir. İmtina məktubu tam əsassızdır, qəbul etmir. Qeyd edilən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli.439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında' qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədləri Siyahısının 2.5-ci bəndinə uyğun olaraq tələb olunan Əmrdən çıxarış (arxiv arayışına əlavə edilmiş) və müvafiq torpaq sahəsinin yerləşdiyi koordinatları və yerləşməsi, ölçüləri göstərilməklə “Torpaq sahəsinin Kadastr planı" sənədləri təqdim edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin həmin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin etirazları: xx.xx.2023-cü il tarixdə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Elektron məhkəmə sistemi” vasitəsilə məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli **********90 xaricolma nömrəli, xx.xx.2023-cü il tarixli **********75 xaricolma nömrəli, xx.xx.2023-cü il tarixli **********79 xaric olma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, sözügedən torpaq sahəsi ilə bağlı Abşeron rayonu Donuzkökəltmə sovxozu üzrə 135 saylı xx.xx.1990-cı il tarixdə verilmiş əmrin əsli və yerləşmə sxemi sənədlər toplusuna əlavə edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli Torpaq sahəsinin Kadastr planının baza məlumatı İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin, şəxsiyyəti təsdiq edən sənəddə soyad kimi “Zaidov” qeyd edilsə də, təqdim olunmuş sənədlərdə vətəndaşın soyadı “Zahidov” olaraq qeyd olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazi yaşayış binaları, 285 saylı uşaq bağçası, yol və yaşıllıq sahə ilə əhatələnmiş ümumi istifadədə olan torpaq sahəsidir. Həmçinin, təqdim edilmiş yerquruluşu planında heç bir istinad, məsafələr olmadığından mövqeyi müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X3 iddianı qəbul etməyərək, yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1968-сi il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə 12 iyul 1990-cı il tarixli 135 №-li əmrindən çıxarışın surətindən müəyyən olunur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 №-li qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə X5 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 №-li qərarın tələbinə uyğun olaraq X2 (sovxoz fəhlə və ya qulluqçusu kimi) fərdi ev tikmək üçün 0,07 ha həyətyanı torpaq sahəsi ayrılması barədə əmr verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 1998 №-li xx.xx.2006-cı il tarixli rəydə (surətində) qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28.10.89-cu il tarixli, 521 №-li qərarı və Abşeron rayon Dönüz kökəltmə sovxozunun direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmri ilə X2 0,07 hektar olmaqla fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsi qanunamüvafiqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş **********31000016 №-li, xx.xx.2006-cı il tarixli torpaq sahəsinin kadastr planından müəyyən olunur ki, torpaq sahəsinin kadastr planı Abşeron r-n Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli 135 nömrəli və Azərbaycan SSR NS-nin xx.xx.1989-cu il tarixli 521 nömrəli qərarları ilə fərdi mənzil tikintisi üçün 700 kv. m. torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Torpaq sahəsinin kadastr planında torpaq sahəsinin ümumi sahəsi 700 kv. m., qeyd olunmuşdur. Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən X4 ünvanlanmış xx.xx.2021-ci il tarixli F-184 №-li arxiv arayışında qeyd olunmuşdur ki, Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmri Abşeron rayon Dövlət arxivində saxlanılır. 12 iyul 1990-cı il tarixli 135 saylı əmrdə göstərilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 №-li qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X5 birgə ümumi iclasında qəbul edilmiş, 10 iyul 1990-cı il tarixli 23 saylı qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0,07 ha. həyətyanı torpaq sahəsi ayrılır və adlı siyahı əlavə olunur. Adlı siyahıda vətəndaş siyahısında İddiaçı adı 1263 sıra sayı ilə qeyd olunmuşdur. Abşeron rayon Donuzkökəltmə sovxozunun sabiq rəhbərlərinin barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində cinayət faktı üzrə istintaq işi aparılmışdır. İstintaqla əlaqədar zərurət yarandığından Donuzkökəltmə sovxozuna dair bir çox sənədlər və o cümlədən həmin 12 iyul 1990-cı il tarixli 135 saylı əmri Abşeron rayon Dövlət arxivindən götürülmüşdür. İstintaqın müəyyən mərhələsindən sonra həmin əmr və digər sənədlərin kserosurətləri arxivə qaytarılmışdır. Qaytarılan əmrlərə əlavə olunmuş siyahılardan görünür ki, həmin sənədlər Məhkəmə Ekspertizas Mərkəzi tərəfindən yoxlanılmış və müvafiq ştamplarla tədqiqat obyekti kimi qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin 3-21-3-60/2-Z-0xx-xx/2022 saylı xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 521 nömrəli və Abşeron rayonu Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli 135 nömrəli Qərarları əsasında **********1000016 nömrəli “Torpaq sahəsinin Kadastr planı” ilə vətəndaş İddiaçı ayrılmış 0.07 ha torpaq sahəsinin Abşeron rayonu Donuzkökəltmə sovxozunun ərazisinə aid olubolmaması ilə bağlı məlumatın verilməsi barədə xx.xx.2022-ci il tarixli müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır. Elektron baza və arxiv məlumatlarına əsasən tərəfindən təqdim olunmuş torpaq sahəsinin “Kadastr planı”nda qeyd olunmuş koordinatlarda yerləşən torpaq sahəsi Abşeron rayonu keçmiş Donuzkökəltmə sovxozunun ərazisində yerləşir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 3-21-3-32/2-4819/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən İddiaçı adına olan torpaq sahəsinin elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi ilə bağlı müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları idarənin elektron kadastr xəritəsi əsasında araşdırılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi idarənin istifadəsində olan elektron baza məlumatlarına əsasən hal-hazırda Bakı şəhərinin inzibati ərazisinin hüdudları daxilində yerləşir. "xxxx" MMC-nin **********01 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Abşeron rayonunun keçmiş Donuzkökəltmə sovxozu ərazisində yerləşən torpaq sahəsinə verilmiş **********1000016 nömrəli “Torpaq sahəsinin Kadastr planı” sənədinə aid məlumatın elektron məlumat bazasına yerləşdirilməsi barədə müraciətinə “baxılmışdır. Sözügedən “Torpaq sahəsinin Kadastr planı” sənədinə aid məlumatların elektron bazasına yerləşdirilməsi ilə bağlı tərəflərindən müvafiq tədbir görülmüşdür. Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli F-1002 №-li arxiv arayışında qeyd olunmuşdur ki, Abşeron rayon Dönzukökəltmə sovxozu üzrə 135 №li, xx.xx.1990-cı il tarixli əmrdə Abşeron rayon Dönuzkököəltmə sovxozu direktorunun 12 iyul 190-cı il tarixli 135 saylı əmri Abşeron rayon Dövlət arxivində saxlanılır. 12 iyul 1990-cı il tarixli 135 №-li əmrdə göstərilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktybar 1989cu il tarixli 521 №-li qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X5 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 №-li qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0,07 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Arxiv arayışına əlavə olunmuş adlı siyahıda ...1263. X1 adı qeyd olunmuşdur. Əsas olaraq F.101, s.1a, s.v.69, b.8. Əmrə sxem, ayrıc aktı, təhkim aktı və ilkin baş plan daxil edilməmişdir. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğuya əsasən DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********56 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında (surəti) qeyd olunmuşdur ki, hüquq müəyyənedici sənəd üzrə torpaq sahəsi 700,0 kv.m., faktiki sahə 700 kv.m. təşkil edir, bir mərtəbəli qeyri-yaşayış tikilisi mövcuddur (Market), 5 mərtəbəli yaşayış binasından 6-7 m məsafədə yerləşir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş “Exspert LTD” müəssisəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki: - İddiaçı fərdi ev tikmək üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə 12 iyul 1990-cı il tarixli 135 №-li əmri ilə ayrılmış və hazırda onun faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin faktiki ölçüləri hazırki rəyə əlavə olunmuş lisensiyası olan "xxxx" MMC tərəfindən verilmiş sxemdə göstərildiyi kimi əmrdə göstərilən ölçüyə uyğundur. - İddiaçı fərdi ev tikmək üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə 12 iyul 1990-cı il tarixli 135 №-li əmri ilə ayrılmış və hazırda onun faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin koordinatları (M.N.Zaidov tərəfindən təqdim edilən-Bakı şəhəri 1 saylı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”) Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş **********31000016 №-li xx.xx.2006-cı il tarixli torpaq sahəsinin kadastr planında qeyd olunmuş koordinatlarla eynidir. - İddiaçı fərdi ev tikmək üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə 12 iyul 1990-cı il tarixli 135 №-li əmri ilə ayrılmış və hazırda onun faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi yaşayış binalarının ümumi istifadəsi üçün nəzərdə tutulan yol, uşaq bağçasının və ya ətrafı yaşıllıq olan ərazilərə düşmür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2157/2024 saylı iş üzrə çıxartdığı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş ərizə təmin olunaraq, Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə verilmiş xx.xx.1990-cı il tarixli, 135 saylı əmrin, Azərbaycan Respublikası DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 2006-cı il tarixli **********1000016 nömrəli torpaq sahəsinin kadastr planının xx.xx.1968-ci il təvəllüdlü İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-302/2-7-0017/xx-xx/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə müraciətlərinə aidiyyəti üzrə baxılmışdır. Elektron kadastr baza məlumatına əsasən tərəfindən göstərilən ərazi yaşayış binalarının ümumi istifadəsi üçün nəzərdə tutulan yol və ətrafı yaşıllıq olan torpaq sahəsidir. Həmçinin, sözügedən torpaq sahəsi ilə bağlı Abşeron rayonu Donuzkökəltmə sovxozu üzrə xx.xx.1990-cı il tarixində verilmiş 135 nömrəli əmrin əsli və yerləşmə sxemi təqdim edilməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Topaq Məcəlləsi: - 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. - 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. - 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. - 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublika Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın: 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.8-ci maddəsinə görə Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər əsas hesab olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Göründüyü kimi, mövcud qanunvericilik (Azərbaycan Respublika Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Cavabdeh inzibati orqanın imtinada və iddiaya dair etirazda göstərdiyi dəlillərə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmışdır və cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətindən imtina olunması üçün istinad əsaslar məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın dəlilləri hazırki qərarın “Faktiki hallar və sübutlar” bölməsində istinad olunmuş sübutlarla tam təkzib olunmuşdur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliklə daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq cavabdeh inzibati orqanın vəzifələrinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayon Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı il tarixli 135 №-li əmri ilə İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən, 0,07 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar