Məhkəmə qərarları › İş №e-2-1(112)-3785/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3785/2024

16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3785/2024 16.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının vəkili və nümayənəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, A. Rəhimov küçəsi, 15 saylı evin 53 saylı mənzili üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan ölçünün (texniki passport) verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin sədri R.İ.Mehralıyev tərəfindən xx.xx.2022-ci il tarixli, 10/1 saylı sərəncamına əsasən Bakı şəhəri Xətai rayonu, Abdulla Rəhimov küçəsi, 15 saylı evin 53 saylı mənzilinin kirayə müqaviləsinin dəyişdirilməsi barədə sərəncam verilmişdir. Həmin sərəncamdan görünür ki, Bakı şəhəri Xətai rayonu, Abdulla Rəhimov küçəsi, 15 saylı evin, yaşayış sahəsi 46,73 kv. metr olan 3 otaqlı 53 saylı mənzilinin kirayəçisi X4 3 nəfər ailə üzvü ilə (özü, arvadı İddiaçı və oğlu Məmmədli Ayxan) həmin mənzildə qeydiyyatda olmaqla faktiki yaşayırlar. Vətəndaş İddiaçı Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək mənzilin əsas kirayəçisi E.M.Məmmədovun yazılı razılığını nəzərə alaraq, göstərilən mənzilin kirayə müqaviləsini öz adına dəyişdirilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mənzil qanunvericiliyinə əsaslanaraq Bakı şəhəri Xətai rayonu, Abdulla Rəhimov küçəsi, 15 saylı evin, yaşayış sahəsi 46,73 kv. metr olan 3 otaqlı 53 saylı mənzilinin kirayə müqaviləsi 3 nəfərə ailə üzvü ilə (özü, əri və oğlu) İddiaçı adına dəyişdirilmiş və o, həmin mənzilin daimi kirayəçisi hesab olunmuşdur. Qeyd olunan mənzilə İddiaçı adına kirayə müqaviləsi bağlanması və yeni şəxsi maliyyə hesabının açılması Xətai rayon ÇKTB-nin 29 saylı Mənzil Kommunal İstismar Sahəsinə tapşırılmışdır. Sərəncamış surətinin Xətai rayon MKTB-nin 29 saylı MKİS-nə və vətandaş K,M,Məmmədovaya göndərilməsi Departamentin Ümumi şöbəsinə tapşırılmışdır. Bundan sonra Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli, 10/1 saylı Sərəncamına əsasən vətəndaş İddiaçı adına ümumi sahəsi 66.33 kv. Metr Bakı şəhəri, Xətai rayonu, A. Rəhimov küçəsi, 15 saylı evin 53 saylı mənzilinə istifadə hüququna dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9i tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra iddiaçı Bakı şəhəri, Xətai rayonu, A.Rəhimov küçəsi, 15 saylı evin 53 saylı mənzili üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli müraciət etsə də, cavabdeh X9 xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-141463-8/2023- **********07 saylı imtina məktubu verərək məsələni müsbət həll etməmişdir. Cavabdehin imtinası əsassızdır. Odur ki mübahisənin məhkəmə qaydasında həll edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********07 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, A.Rəhimov küçəsi, 15 saylı evin, 53 saylı mənzili üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 10/1 saylı, xx.xx.2022-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Xətai rayonu, A.Rəhimov küçəsi, 15 saylı evin, 53 saylı mənzilinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizə icra olunaraq, qeyd olunan mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində istifadə hüquqlarının qeydiyyatı aparılmış və elektron çıxarışla rəsmiləşdirilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 10/1 nömrəli xx.xx.2022-ci il tarixli sərəncamına, Xətai rayon MKTB-nın 29 nömrəli MKİS ilə bağlanmış dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqaviləsinə, X1 razılıq ərizəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Bakı şəhəri, Xətai rayonu, A.Rəhimov küçəsi, ev 15, 53 saylı mənzil İddiaçı adına istifadə hüququ ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda istifadəsindədir. Həmin məktubla göndərilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki, -Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2021-ci il tarixli 39 nömrəli sərəncamında qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Abdulla Rəhimov (keçmiş ünvan 1 ünvanında onmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 53 saylı mənzil Bakı şəhər XDS İK-nin xx.xx.1989-ci il tarixli, 6/215 saylı qərarı ilə Bakı Metropolitenin lokomotiv briqadaları işçilərinə xidməti istifadə üçün ayrılmış və Xətai rayonu keçmiş XDS İK-nin «Xidməti yaşayış sahələrinə daxil edilməsi haqqında» xx.xx.1989-cu il tarixli, 84/3.14 saylı qərarına əsasən qeyd edilən mənzil xidməti yaşayış sahələrinin siyahısına daxil edilmişdir. Hal-hazırda yaşayış sahəsi 46,73 kv.metr olan 3 otaqdan ibarət 53 saylı mənzildə Cəmiyyətdə hərəkət xidmətinin rəisi vəzifəsində işləyən X4 3 nəfər ailə üzvü ilə (özü, arvadı və oğlu) birlikdə faktiki olaraq yaşayır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi xx.xx.2021-ci il tarixli, 4ON-10/3- 698 saylı məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, Bakı Metropolitenində 1985-ci ildən işləyən X1 mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olduğunu nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Abdulla Rəhimov küçəsi, 15 saylı evin 53 saylı mənzilinin onun adına sənədləşdirilməsinə köməklik göstərilməsini xahiş etmiş, həmin məktub Bakı Şəhər İcra Hakimiyyətinin 09.072021-ci il tarixli, 7-2168/17 saylı dərkənarı ilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə daxil olmuşdur. Vətəndaş E.M.Məmmədov Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, yaşadığı mənzili xidməti mənzillər siyahısından çıxarmaqla yaşayış sahəsinə öz adına kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Sərəncamla Bakı şəhəri, Xətai rayonu, Abdulla Rəhimov küçəsində yerləşən 15 saylı evin 53 saylı mənzili xidməti mənzillərin siyahısından çıxarılması, Bakı şəhəri, Xətai rayonu, Abdulla Rəhimov küçəsi, 15 saylı evin, yaşayış sahəsi 46,73 kv.metr olan 3 otaqlı 53 saylı mənzilinin daimi kirayə müqaviləsinin 3 nəfər ailə üzvü ilə (özü, arvadı və oğlu) X2 adına bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. -Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli 10/1 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, A.Rəhimov küçəsində yerləşən 15 saylı evin yaşayış sahəsi 46.73 kv.m olan 3 otaqlı 53 saylı mənzilinin kirayə müqaviləsinin 3 nəfər ailə üzvü ilə (özü, əri və oğlu) İddiaçı adına dəyişdirilməsi və onun həmin mənzilin daimi kirayəçisi hesab olunması qərara alınmışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən sahəsi 69.33 kv.m olan ünvan 5 üzərində istifadə hüququ xx.xx.2022-ci il tarixdə, ********** qydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna əsasən 29 sayklı MKİS-nin məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş məlumatında qeyd edilmişdir ki, ünvan 4 dövlət fonduna aiddir və mənzilin orderi 29 saylı MKİS-nə əvvəldən təhvil verilmədiyi üçün MKİS-də yoxdur. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" QSC tərəfindən xx.xx.2024-cü il tarixli məktubla təqdim edilmiş sənədlərdən görünür ki: -keçmiş Şaumyan RXDS İK-nin ( Xətai RİH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli, 84/3.14 saylı qərarına əsasən (....) və Babək küçəsində 15 saylı evin, yaşayış sahəsi 46,73 kv.metr olan 3 otaqlı 53 saylı mənzilin Bakımetropliteni lokolmotiv maşinistlərin istirahəti üçün xidməti mənzillər siyahısına daxil edilməsi qərara alınmışdır. -Bakı Metropliteni QSC-nin Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 289 nömrəli Sərəncamına əsasən Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Həmin Sərəncama uyğun olaraq, Səhmdar Cəmiyyət Bakı Metropoliteninin və "Azərtunelmetrötikinti" Səhmdar Cəmiyyətinin hüquqi varisi olmaqla onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin qeyd edilən müəssisələrin hüquqi varisi olduğunu, onların bütün hüquq və öhdəliklərinin, habelə əmlakın Cəmiyyətə keçdiyini nəzərə alaraq, Bakı Şəhər Şoveti İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 6/215 saylı qərarı ilə Bakı şəhəri, Xətai rayonu, Abdulla Rəhimov (keçmiş ünvan 1 ünvanında onmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 34 və 53 saylı mənzillər Bakı Metropolitenin lokomotiv briqadaları işçilərinə xidməti istifadələri üçün ayrılmış və Xətai rayonu keçmiş X6 İcraiyyə Komtəsinin "Xidməti yaşayış sahələrinə daxil edilməsi haqqında" xx.xx.1989-cu il tarixli, 84/3.14 saylı qərarına əsasən qeyd edilən mənzillər xidməti yaşayış sahələrinin siyahısına daxil edilmişdir. Hal-hazırda 34 saylı mənzildə Cəbrayıl rayonundan məcburi köçkün ailəsi məskunlaşmış, yaşayış sahəsi 46,73 kv. metr olan 3 otaqdan ibarət 53 saylı mənzildə isə Cəmiyyətdə Hərəkət-xidmətinin rəisi vəzifəsində işləyən X4 ailə üzvləri ilə birlikdə faktiki olaraq yaşayır. Yuxarıda göstərilənlərə əsasən, Bakı Metropolitenində 1985-ci ildən işləyən X1 mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olduğunu nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Abdulla Rəhimov küçəsi, 15 saylı evin 53 saylı mənzilinin saylı mənzilinin onun adına sənədləşdirilməsi məsələsinin həllinə köməklik göstərilməsi xahiş edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sorğu edilən xx.xx.1969-cu il təvəllüdlü İddiaçı xx.xx.1998-ci ildən xx.xx.2019-cu ilədək ünvan 3 ünvanında, xx.xx.2019cu ildən isə ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə sorğusuna cavab olaraq Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 5 ünvanında xx.xx.1965-ci il təvəllüdlü X4, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı və xx.xx.2004-cü il təvəllüdlü X5 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli **********07 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli 10/1 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Xətai rayonu, A.Rəhimov küçəsində yerləşən 15 saylı evin yaşayış sahəsi 46.73 kv.m olan 3 otaqlı 53 saylı mənzilinə dair ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli ərizə icra olunaraq qeyd olunan mənzil üzərində daşınma zəmlakın dövlət reyestrində istifadə hüquqlarının qeydiyyatı aparılmış və elektron çıxarışla rəsmiləşdirilmişdir. Əlavə olaraq bildiririk ki, Bakı şəhəri, Xətai rayonu, A.Rəhimov küçəsində yerləşən 15 saylı evin 53 saylı mənzili üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. -146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. -146.3-cü maddəsinə görə bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. -146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü madddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. -mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. İddiaçı hazırkı iddia üzrə mənzili özəlləşdirmək hüququnun olduğunu iddia edir və həmin mənzilə mülkiyyət hüquqlarının qeydiyyatını mübahisələndirir. Məhkəmə hesab edir ki, işin hazırkı vəziyyətində araşdırılmalı olan hal iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun ilə mənzil hüquq münasibətlərinin iştirakçısı kimi mənzili özəlləşdirmək hüququnun olubolmadığının müəyyən edilməsindən ibarətdir. İşin hallarından müəyyən olur ki, Bakı şəhəri, Xətai rayonu, Abdulla Rəhimov (keçmiş ünvan 1 ünvanında onmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 53 saylı mənzil Bakı şəhər XDS İK-nin xx.xx.1989-ci il tarixli, 6/215 saylı qərarı ilə Bakı Metropolitenin lokomotiv briqadaları işçilərinə xidməti istifadə üçün ayrılmış və Xətai rayonu keçmiş XDS İK-nin «Xidməti yaşayış sahələrinə daxil edilməsi haqqında» xx.xx.1989-cu il tarixli, 84/3.14 saylı qərarına əsasən qeyd edilən mənzil xidməti yaşayış sahələrinin siyahısına daxil edilmişdir. Sözügedən mənzil Cəmiyyətdə Hərəkət-xidmətinin işçisi X1 faktiki istifadəsinə verilmiş, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2021-ci il tarixli 39 nömrəli sərəncamı ilə mənzil xidməti mənzillərin siyahısından çıxarılmış və həmin sərəncamla X3 mənzilin kirayəçisi hesab olunmuşdur. Daha sonra X2 razılığı ilə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli 10/1 nömrəli sərəncamına əsasən həmin mənzilə kirayə müqaviləsi sonuncunun ailə üzvü olan İddiaçı adına dəyişdirilmiş və xx.xx.2022-ci il tarixdə mənzilə istifadə hüququ İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzili özəlləşdirmək hüququ yaranmamışdır. İddiaçının 2022-ci ildə icra hakimiyyətinin sərəncamı ilə mənzilin kirayəçisi hesab edilməsi onun sözügedən mənzilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş özəlləşmə hüququnun həyata keçirilməsini istisna edir. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X6nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. İddiaçı ilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi vaxtdan keçmiş Mənzil Məcəlləsinin qüvvəyə olduğu müddətdə (xx.xx.2009-cu il tarixədək) yazılı kirayə müqaviləsi, order, sərəncam olmamış, ilkin olaraq iddiaçının əri E.Məmmədovun adına kirayə müqaviləsi 2021-ci ildə, iddiaçının adına yalnız 2022-ci ildə şəxsi hesab vərəqəsi açılmış, həmin tarixdə mənzilə dair kirayə müqaviləsi bağlanmaqla mənzilin kirayəçisi hesab edilmiş, iddiaçı həmin mənzilə yalnız 2019-cu ildən pasport qeydiyyatına düşmüşdür. Hazırki iddia tələbinə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanunun normaları tətbiq edilə bilməz, belə ki, iddiaçı müvafiq mənzilin iddia etdiyi xx.xx.2009-cu il tarixədək onun istifadəsinə hansı əsasla verildiyini sübuta yetirməmiş, bununla bağlı mənzilə dair hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. İddia olunan mənzilə dair kirayə müqaviləsinin bağlanması sərəncamı 2022-ci ildə, yəni 2009-cu ilin oktyabrın 1-dən Mənzil Məcəlləsinin qüvvəyə minməsindən sonra verilmişdir ki, yeni Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələrinin mülkiyyətə deyil, yalnız istifadəyə verilməsi nəzərdə tutulmuş və bu da Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanunla nəzərdə tutulmuş mənzili xüsusi mülkiyyətə özəlləşdirmək hüququnu istisna edir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə yeni Mənzil Məcəlləsi qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 26 yanvar 1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin qeyd olunan tələblərində də, məhz, mənzilin mülkiyyət hüququ ilə qeydə alınması üçün əsas olan sənədlər sadalanmışdır. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinin tələbindən də görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindiyi 2009-cu il oktyabrın 1-dək dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin reyestrdə qeydə alınmasına əsas verən sənədlər sayılır. Beləliklə, dövlət mənzil fondunda olan mənzil iddiaçının istifadəsinə Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 1 oktyabr 2009-cu ildən sonra verildiyindən həmin Məcəllənin 146.2-ci maddəsinin tələbinə əsasən iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna istinadla özəlləşdirmə qaydasında mənzilə mülkiyyət hüququna dair çıxarış almaq hüququ olmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, 12 iyul 2019-cu il tarixdə Mənzil Məcəlləsinə əlavə edilmiş 146.4-cü maddəyə əsasən, dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Mənzil Məcəlləsinin 146.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti həyata keçirir və Prezident tərəfindən rayon icra hakimiyyətinin başçılarına dövlət mənzil fondunun Mənzil Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin özəlləşdirilməsinə yol verməsi barədə səlahiyyət verməmişdir. Qeyd edilən xx.xx.2022-ci il tarixli 10/1 nömrəli sərəncamla iddiaçının mənzilin kirayəçisi hesab edildiyindən cavabdeh orqan onun mənzilə dair mülkiyyət hüququnu deyil, istifadə hüququnu qeydiyyata almaqla kifayətlənməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş üzrə müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini məhkəməyə təqdim etməmiş, beləliklə, cavabdehin mülkiyyət hüququnun qeydiyyatından imtinası qanuni və əsaslı olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması”tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar