Məhkəmə qərarları › İş №e-2-1(112)-3786/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3786/2024

24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3786/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinə texniki pasportun tərtib edilməsi və hüquqların daşınmaz əmlakın reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi dəqiqləşmə ərizəsi nəzərə alaraq iddia tələbi ünvan 1 ünvanında yerləşən 0,380 ha bağ sahəsinin vəfat etmiş X3 məxsusluğu barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi dəyişdirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Tresti ilə iddaçının qaynatası Əzizağa Əlibala oğlu arasında bağlanmış 08 yanvar 1970-ci il tarixli 5279 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində 0,15 hektardan ibarət olan 200 saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. Əzizağa Əlibala oğlu 10 iyul 1998-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən 0,15 hektar torpaq sahəsi olan 200 nömrəli bağ sahəsi övladları X4, X5 və X6 arasında vərəsəlik qaydasında bölünərək hər biri ilə ayrı-ayrılıqda 0,05 ha torpaq sahəsi olmaqla 11 noyabr 2005-ci ildə X1 və Departamenti ilə icarə müqaviləsi bağlanmışdır. O cümlədən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən 200 "b” saylı 0,05 ha torpaq sahəsi də 11 noyabr 2005-ci il tarixli 36388 saylı icarə müqaviləsi əsasında istifadə etmək üçün həyat yoldaşı X3 icarəyə verilmişdir. Həyat yoldaşı X6 xx.xx.2016-cı ildə vəfat etmişdir. Onun vəfatından sonra vərəsəlik qaydasında miras əmlakı adına rəsmiləşdirilmək üçün 39 saylı notariat ofisinə müraciət etmiş, müraciəti əsasında vərəsəlik işi açılaraq Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən 200 "b” saylı torpaq sahəsinə dair çıxarış verilməsi barədə notariat ofisi tərəfindən inzibati orqana 398 saylı xx.xx.2022-ci il tarixli məktub ünvanlamışdır. Eyni zamanda Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən istifadəsində olan 200 "b” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə ərizə ilə müraciət olunmuş, sonuncu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-578/2023, **********578 saylı bildiriş məktubunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, inzibati orqanın imtina məktubu aşağıda göstərilən əsaslara görə qanunsuzdur. 2007-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edildikdən sonra, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi həvalə edilmişdir. X7 ləğv olunduqdan sonra bütün sənədlər inzibati oqrana təhvil verildiyindən İnzibati orqan həmin sənədi hüquqi sənəd olaraq qəbul etmiş arxivdə qeydə alınmışdır. Məhz həmin sənəd inzibati orqan tərəfindən verilməklə həqiqiliyini öz mühürü ilə təsdiq etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, inventarlaşdırma işləri aparılan zaman qeyd edilən torpaq sahəsinin digər torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bundan əlavə, torpaq sahəsinin ayrılmasına dair xx.xx.2005-ci il tarixli, 36388 nömrəli icarə müqaviləsi (keçmiş “X1 və İstismarı Birliyi”) səlahiyyətli qurumun möhürü və imzası ilə təsdiq olunmamışdır. Təqdim olunan icarə müqaviləsi keçmiş X1 və İstismarı Birliyi ilə iddiaçı arasında deyil, mərhum X6 arasında bağlanılmışdır. Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 0.05 ha qeyd edilsə də, faktiki 0.0380 ha təşkil edir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh inzibati orqanın nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın dəqiqləşdirilməsinə dair ərizəni müdafiə edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin və xx.xx.2023-cü il tarixli **********78 saylı bildirişdən görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda cavab verilmişdir. -Bakı şəhəri Nəsmi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, V-ЖГ seriyalı 339561 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əzizağa Əlibala oğlu xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. -“Bağın istifadəyə verilməsi haqqında” X1 və istismarı birliyi ilə X6 arasında bağlanmış 11 noyabr 2005-ci il tarixli, 36388 №li müqavilədən görünür ki, Sabunçu rayonu, Vişnyovka-İİ ərazisində 0,05 ha sahəsi olan 200 “b” saylı bağ sahəsi X2 istifadəsinə verilmişdir. -Nizami rayon VVAQ İdarəsi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X9 arasında xx.xx.1987-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlanandan sonra arvada “Mirzəyeva” soyadı verilmişdir. -4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, AZ-İ seriyalı 797484 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. -Bakı şəhər 39 saylı Notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda vərəsələrinin müraciəti əsasında xx.xx.2016-cı il tarixdə vəfat etmiş X2 vərəsəlik işinin açıldığı və İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilmişdir. -X5 tərəfindən Bağlar İdarəsinə ünvanlanmış xx.xx.2005-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, o, Vişnyovka-İİ bağ sahəsində olan atasının adına olan 1200 nömrəli bağın 1/3 hissəsinin qardaşı X2 adına keçirilməsinə etiraz etməmişdir. -X4 tərəfindən Bağlar İdarəsinə ünvanlanan xx.xx.2005-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, o, Vişnyovka-İİ bağ sahəsində olan atasının adına olan 1200 nömrəli bağın 1/3 hissəsinin qardaşı X2 adına keçirilməsinə etiraz etməmişdir. Beləliklə, işin faktiki hallarından müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixli, 36388 nömrəli müqavilə əsasında iddiaçının mərhum ərinin adına Vişnyovka İİ ərazisində 0,05 ha torpaq sahəsindən ibarət 200 “b” saylı bağ sahəsi ayrılmışdır. Lakin cavabdeh inzibati orqan qeyd edilən torpaq sahəsinin digər torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşdiyini, torpaq sahəsinin ayrılmasına dair xx.xx.2005-ci il tarixli, 36388 nömrəli icarə müqaviləsinin səlahiyyətli qurumun möhürü ilə təsdiq olunmadığını, həmçinin torpaq sahəsinin ölçüsünün faktiki 0.0380 ha təşkil etdiyini əsas gətirərək məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin: -3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; -3.0.50-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifələrinə aiddir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənədləri yuxarıda istinad “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci bəndindəki aktlara uyğun gəlir. Belə ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Vişnyovka-İİ bağ massivində yerləşən sahəsi 0,05 ha olan 200 “b” saylı bağ sahəsinin onun mərhum əri X3 ayrılmasına dair X1 və istismarı birliyi ilə bağlanmış xx.xx.2005-ci il tarixli müqaviləni cavabdehə təqdim etmişdir. Cavabdeh tərəfindən qeyd olunan müqavilənin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənəd ləğv edilməmiş və ya etibarsız hesab edilməmiş, hazırda qüvvədədir. Məhkəmə cavabdehin imtina dəlillərini hüquqların qeydiyyata alınmasından imtina edilməsi üçün əsaslı hesab etməyərək qeyd edir ki, bağ sahəsinin icarəyə verilməsinə dair müqavilənin möhürlə təsdiq edilməməsi torpaq ayıran qurumun məsuliyyətinə aid olduğundan iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Digər tərəfdən iddiaçının istinad etdiyi müqavilə cavabdeh inzibati orqanın arxivində saxlanılır. Cavabdeh qeydiyyat orqanı sözügedən sənədi arxivinə götürməklə həmin sənədi onda göstərilmiş daşınmaz əmlak obyektinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul etmişdir. Qeyd olunan müqaviləninin qüvvədən düşməsi, etibarsız sayılması, yaxud həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Mübahisə predmeti bağ sahəsinin ayrılması haqqında müqavilə mövcuddur və qanunun müddəasına görə həmin müqavilə iddiaçının iddia etdiyi torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. Göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşməsi qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilə bilməz. Belə ki, yuxarıda istinad olunan Əsasnamədən də göründüyü kimi, Xidmətin müvafiq torpaq sahəsinin plan və ölçüsünü tərtib etmək vəzifəsi müəyyən edilmişdir. Həmçinin, “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 7.2-ci bəndinə görə torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq struktur bölməsinin mütəxəssisinin, Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinin nümayəndəsinin və torpaq mülkiyyətçisinin (istifadəçisinin) iştirakı ilə aparılır. Torpaq sahəsi iddiaçının mübahisəsiz istifadəsindədir, digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə hər hansı mübahisə mövcud deyil. Odur ki, sözügedən çatışmazlıqlar iddiaçının ziyanına şərh edilə və onun hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilməz. Torpaq sahəsinin sənəd üzrə ölçüsü ilə bağlı dəlilə gəldikdə isə iddiaçı iddia tələbinin həcmini azaltmaqla 388 kv.m torpaq sahəsi üzərində hüquqlara iddia etdiyindən bununla bağlı mübahisə aradan qalxmışdır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, göstərilən dəlillər qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli və Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən, sahəsi 0,380 ha olan 200 "b” saylı bağ sahəsi üzərində hüquqların vəfat etmiş X3 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən, sahəsi 0,380 ha olan 200 "b” saylı bağ sahəsi üzərində hüquqların vəfat etmiş X3 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar